Güney Azərbaycanda mətbuatın
yaranması və inkişafı
V yazı
Avropa dövlətlərində olduğu kimi İranda
xüsusi mətbəə və təhsil ocaqlarında
yarım rəsmi qəzetlər görünməyə
başlayırdı. Bu mətbu orqanları çox
ehtiyatlı şəkildə ölkədə bir çox zəruriyyətləri,
xüsusi ilə sosial islahatlar keçirilməsinin ətrafında
fikirlərini bəyan edirdilər. Ümumiyyətlə o
dövrdə ölkədə çıxan mətbu nümunələrini
(şərti olaraq) 3 yerə bölmək olar:
1. Rəsmi;
2. Qeyri-rəsmi,
açıq nəşr olunan özəl mətbu
orqanları;
3. Gizli
çap olunan qəzet vərəqə, bəyannamə,
kitabça və s. ibarət nəşriyyələr.
Özəl mətbu orqanlarını təsis və idarə
edənlər dövrün mütərəqqi şəxsləri
və görkəmli adamları olurdu. Onların nəşr etdikləri mətbu
orqanları «Nasiri», «Təbriz», «Əlhədid», «Kamal», «Ehtiyac»
və s. qəzetlər idi. Hakim təbəqənin
mənafeyini qoruyan rəsmi mətbuat orqanlarından fərqli
olaraq qeyri-rəsmi orqanlar mütərəqqi şəxslər
və gizli cəmiyyətlər tərəfindən
hazırlanır. Xalqa yaxın olub
azadlıq ideyalarını yayır, ölkədəki
çatışmamazlıqlardan yazır, hakim təbəqələrin
cinayətlərini ifşa edirdi. Gizli mətbuata gəlincə
isə müxtəlif mənbələrə görə
onların sırasına «Şəbnamə», «Lisanül-qeyb»,
«Şahsevən» və s. daxil etmək olar. Vərəqə
və qəzetlər əlyazma və ya jelatin üsulu ilə
çap edilib yayınlanırdı.
Aşkar
çıxan mütərəqqi mətbuatın çoxu
senzura tərəfindən təzyiq və təqibə məruz
qaldığına görə az
ömürlü olurdu. Qeyri-rəsmi və gizli
çap olunan qəzetlər ölkənin ictimai-sosial problemlərini
işıqlandırır, yeni mütərəqqi fikirləri
yayır və çox ehtiyatla mövcud vəziyyəti tənqid
edirdilər. Bu mətbu orqanları o birilərindən
fərqli olaraq oxucularına məcburi göndərilmirdi.
Məsələn, Təbrizdə çıxan «Nasiri» qəzeti
isə yazaraq bildirirdi: «Bu qəzet mütləq rəsmiyyətdən
kənardadır və abunəçilər onu rədd və
ya qəbul etmək ixtiyarına malikdir». Tehranda çıxan
«Tərbiyyət» qəzeti isə yazırdı: «Bu qəzet
könüllüdür. Nə hökm əsasında,
nə də müftə olaraq bir adama verilir». O dövrdə
çap olunan qəzetlərin senzuradan yayınmaq
üçün nələrdən keçdiyini «Tərbiyət»
qəzetinin timsalında görmək olar. Bununla bağlı qəzetin
naşiri 1897-ci ildə çıxan saylarından birində
yazırdı: «Mən qorxmadan qəzetdə gah teatr
çıxardıram, gah zarafat və məsxərəyə əl
atıram, gecə yuxu görürəm, gündüz
uzun-uzadı xəyal səfərinə gedirəm. Fikrimdən dünyaya bir eybəcər övlad gətirmək
üçün həm behişti, həm də cəhənnəmi
qarşımda görürəm».
Güney Azərbaycanda ictimai fikri əks etdirməyə
çalışan ilk özəl qəzet 1887-ci ildə
işıq üzü gördü. «Təbriz» qəzetindən 4 il sonra «Mədəniyyət» qəzeti də
onun yolunu tutdu. «Təbriz» və «Mədəniyyət»
qəzetləri əsas diqqəti yeni maarif və mədəniyyət
ideyalarını yaymağa, əhalini kitab, qəzeti mətbuat
oxumağa yönəldir, ölkənin mədəni və
iqtisadi həyatında dəyişikliklər yaratmağa, sənaye
və əkinçiliyi inkişaf etdirməyə
çağırırdı. Ölkədə
mətbuat Nəsrəddin şahın yaratdığı
senzurasının möhkəm təzyiqi altında idi. «Qeyri-dövlət qəzetlərinin müdirləri
qəzetin mündəricəsini nəşrə və mətbəyə
göndərməzdən əvvəl mətbuat naziri və ya
onu əvəz edən şəxsə göstərmək məcburiyyətində
idilər. Bu qəzetlər çox təzyiq
və sıxıntı altında saxlanılırdı».
Qəzet redaktorları, yeni tipli üsuli-cədid
məktəblərinin baniləri və digər mütərəqqi
düşüncəli şəxsiyyətlər hər
cür təzyiqlərə məruz qalsalar da, o zamanlar yeni
yaranan maarif və mədəniyyət ocaqlarının ətrafında
toplanır və gizli fəaliyyətlərini davam etdirirdilər.
Vətənə xidmət edən, onun tərəqqisinə
çalışan ziyalılar, naşir və redaktorlar,
ölkədə söz və mətbuat azadlığına
imkan və şərait olmadığı üçün
öz qəzetlərini xaricdə çap edib İranda
yayırdılar. Ölkədən xaricdə nəşr
olunan bu qəzetlər xalqın oyanmasında, kütlələrin
dövrün mütərəqqi ideyaları ilə tanış edilməsində mühüm rol
oynayırdılar. Bu qəzetlərdə qoyulan əsas məsələlər
bunlar idi: mövcud rejimin ifşası, mütləqiyyət
rejiminin konstitutsiya rejimi ilə əvəz olunması, ölkədə
yeni islahatların keçirilməsi (xüsusilə maarif sahəsində).
Bu qəzetlər dövlət qəzetlərindən
fərqli olaraq İranın mövcud vəziyyətini tənqid
edir və əfkari – ümumiyyəyə güclü təsir
göstərirdi. Belə mətbu
orqanların ən birincisi 1875-ci ildə İstanbulda
çıxan «Əxtər» qəzeti idi.
Türkiyədə «Əxtər»lə yanaşı
«Şahsevən» də çap olunurdu. Bunlardan
başqa Misirin Qahirə şəhərində «Hikmət»
(1892-1906), «Kəmal» (1905-1906), Hindistanın Kəlküttə
şəhərində «Həblülmətin» (1893-1906)
çap olunurdu. Bu qəzetlərdə
İranın ictimai həyatında olan bir sıra həqiqətlərin
üstü açılıb, İrandakı yaramazlıqlar
haqqında ibrətli tənqidi məqalələlər
yazıldığına görə hakim dairələrin qəzəbinə
səbəb olur və onların İranda yayılmasına
süni maneələr yaradılırdı. Ancaq xalq içərisində mütərəqqi qəzetlərə
rəğbətin çoxalması ilə əlaqədar
olaraq həmin mətbu orqanları müxtəlif yollarla
İrana gətirilib əldən-ələ keçir, oxunurdu.
«Əxtər»in ilk nömrələri gündəlik
nəşr olunurdu. Nəşrin
üçüncü ilindən həftədə iki dəfə
çıxmış, birinci ilindən sonra isə həftəlik
olmuşdur. Qəzetin naşiri – imtiyaz
sahibi Ağa Məhəmməd Tahir, katibi isə Mirzə Mehdi
idi. «Əxtər»in ətrafında
İstanbulda yaşayan nüfuzlu mühacirlər
toplaşmışdılar. Qəzet vətənpərvər
ziyalılar tərəfindən hazırlanırdı (adətən
İranın siyasi sosial məsələləri ilə
bağlı yazıların müəlliflərinin adı ya
verilmir, ya da şərti və ya baş hərflərlə
verilirdi). Çoxlarının şəxsiyyətini
müəyyən etmək çətin idi. Belə ki,
«M.Müştəri», «M.Ə», «Vətən və azadlıq
sevən», «Əxtər» və s. imzalarla müxtəlif iqtisadi,
siyasi, mədəni, tarixi məsələlərin qoyuluşu
və şərh olunması cəhətdən «Əxtər»
o zamankı «Qərb» qəzetlərin nümunəsinə
yaxınlaşırdı.
«Əxtər» bir mətbu orqanı kimi İranda
mövcud quruluşu tənqid edərək bu quruluşda nə
kimi dəyişiklik aparmaq fikrini irəli sürən ilk qəzet
olub. «Əxtər» tək İranda deyil, Qafqazda, Yaxın
Şərq ölkələrində yayılaraq maraqlı və
məzmunlu yazılarına görə öz oxucuları
arasında şöhrət tapmışdı. Onun səhifələrində
dövrün tanınmış azərbay-canlı
ziyalıları Əbdürrəhim Talıbov, Şeyx Əhməd
Ruhi, Məhəmməd Tofiq Xəbirülmülk, Mirzə Həbib
İsfahani, Mirzə Rza xan Vəkeşlu yaxından iştirak
edirlər. «Əxtər»in ən görkəmli
cəhətlərindən biri bundan ibarət idi ki, o iqtisadi məsələlərə
fikir verir, elmi dəlil və izahatla İranın bu nöqteyi
nəzərdən dirçəlməsinin lazım olduğunu
təbliğ edirdi. «Əxtər» eyni
zamanda Avropa dövlətlərinin müstəmləkəçilik
siyasətini təkcə İran miqyasında deyil,
bütün Şərqdə ifşa edən bir qəzet idi».
Qəzetin səhifələrinə müraciət
edək. Qəzet xarici siyasət məsələsində
İran dövlətinin müstəqil bir xarici siyasət
proqramını qəbul edərək bitərəflik siyasəti
(İngilis və ya Rus meyilli yox) aparmağa
çağırır, yazırdı ki, xarici dövlətlər
İranda ancaq mənfəət güdür və müstəmləkəçi
dövlətə yaxınlaşmaq İrana heç bir fayda gətirməz.
«Əxtər»
1880-ci il (1298) 9-cu sayında yazırdı:
«Biz xarici siyasi xətti hərəkətimizi möhkəm bir
bünövrə üzərində qurmadıqca
ümüdümüzü onlara dikib, xaricilərin
«xeyirxahlığından» imtina etməyincə, bizim tərəqqi
və inkişafımız qeyri-mümkündür. Xaricdən isə qarətçi və tamahkarlardan
başqa kimsə bizim tərəfimizə gəlməyəcəkdir.
Biganələr bizim səadət və xoşbəxtliyimizi
özlərinin mənafeyi alətinə çevirməkdə
görürlər». Qəzet başqa bir məqaləsində
bu məsələyə toxunaraq xarici siyasətçilərin
İrana verdiyi boş vədləri axmaqları aldadan boş
söz adlandırırdı. Avropa ölkələrinin
Şərq ölkələri ilə münasibətdə
heç zaman beynəlxalq hüquqlara riayət etməyəcəyini
qeyd edən «Əxtər» qəzeti 1880-ci il
33-cü sayında yazırdı: «Öz mənafeyimiz
üçün gördüyümüz tədbirlər
onların xoşuna gəlmədikdə əvvəl gizli şəkildə
tədbirlərin əleyhinə mübarizə aparırlar. Bu metod nəticə vermədikdə isə son vasitəni
işə salıb bizim əleyhimizə cəbr
(zorakılıq) tədbirlərinə əl atırlar. Onlar müdaxilə üçün heç bir
haqlı dəlil və ya bəhanə tapmadıqda
açıqcasına beynəlxalq hüquq
qayda-qanunlarını pozub (bizim burada mənfəətimiz)
işi yenə də öz xeyirlərinə həll edirlər».
«Hikmət» qəzeti 1310-1892-ci ildə Qahirədə Təbrizli
Məhəmməd Mehdi xan tərəfindən təsis
edilmişdi.
Qəzet qeyri-müəyyən fasilələrlə ayda 3,2,1 dəfə çıxa bilirdi. Qəzetin səhifələrində siyasət, elm, təbabət,
ədəbiyyata aid yazılar dərc olunurdu. «Hikmət» qəzeti öz oxucularına vətənpərvərlik
ruhu aşılayırdı. «Yalnız bu qəzetin
vətənpərvərlik təbliğatını və bu təbliğatın
xüsusi yüksək bədii səviyyədə verilməsini
nəzərə alsaq etiraf etməliyik ki, həmin qəzet o
dövrdə İran Cənubi Azərbaycan xalqı
üçün çox təsirli bir vasitəyə əl
atılmışdı. Qəzetdə dərc
olunmuş bəzi vətənpərvərlik ruhunda olan
yazılar doğrudan da o dövr ədəbiyyatının
şah əsərlərindən sayıla bilər». «Hikmət» beynəlxalq aləmdə baş verən
hadisələri şərh edib onların siyasi təhlilini
verir müstəmləkəçilərin Şərq ölkələrindəki
törətdiyi cinayətləri ifşa edərək, İran
xalqını səfərbərliyə
çağırırdı.
«Kamal» qəzetinin
redaktoru qəzetin 1905-ci ildə çıxan birinci sayında
yazırdı: «15 il bundan əvvəl Təbrizin
darülfununda dərs oxuduğum zaman başıma vətənə
xidmət hissi düşdü. Mənim aləmimdə,
qəzet vətəni ayıltmaq və onu xilas etmək
üçün yeganə vasitə idi. Qəzetdən
yaxşı yol göstərən tapmırdım, bu doğrudan
da belədir. Əgər qəzet, qəzet olub
nağıl və rəvayətlərin məcmuəsi olmasa,
o əxlaq qaydalarının əsasında elm və siyasəti
incə təbliğ etmək yolu ilə şirin və
yumşaq yazılan, qardaşcasına və dostcasına təsirli
nəsihət verməklə bütün çətinlikləri
aradan götürməyə qadir ola bilər».
«Şahsevən» 1898-ci ildə İstanbul şəhərində
qabaqcıl Azərbaycan maarifpərvərləri
Ə.Talıbov və S.M.Şəbüstərinin rəhbərliyi
ilə çıxıb. İranın
avtoritar quruluşunun, cəmiyyətdəki eybəcərlikləri
satirik və yumor dili ilə tənqid edirdi. Digər mühacir qəzetlər kimi dərc etdiyi
yazılarla İranda inqilabın hazırlanmasına zəmin
yaratmışdı. Jelatin üsulu ilə
300 nüsxədə çap olunurdu. Məxfi
nəşr olunan bu qəzet gizli surətdə tək İrana
deyil, Avropanın Paris, London kimi iri şəhərlərinə
göndərilirdi.
«Şahsevən» Azərbaycanın və İranın
burjua-demokratik istiqamətli satirik mətbuatının
rüşeymi və sələfi olub İranda bu yöndə
çıxan ilk qəzet idi. Öz kəskin
yazıları ilə qədim şah hökümətini
çox təşvişə salmışdı. Buna görə də İran və Türkiyə
polisinin ciddi təqibləri üzündən «Şahsevən»in
nəşri uzun müddət davam edə bilmədi». Beləliklə,
o dövrün mütərəqqi qəzetləri (ölkənin
daxilindəki yerli, xaricindəki mühacir qəzetlər)
ölkənin ictimai-siyasi vəziyyətini doğru əks
etdirməklə, əhalinin müxtəlif təbəqələrinin
zehninə təsir edir, onların içərisində,
ictimaiyyətə, ölkəyə və xalq kütlələrinə
əvəzsiz xidmətlər göstərən şəxslərin
meydana gəlməsinə də səbəb olurdu.
Pərvanə Məmmədli
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2016.- 3 sentyabr.-
S.14.