“Avropalılar, amerikalılar
tolerantlığı sadəcə, dözmək kimi başa
düşürlər”
“Azərbaycanda etnik və
dini tolerantlıq məsələsi isə xarici ölkələrin
konkret nümunələrdən xeyli dərəcədə fərqlidir”
Əvvəli
ötən sayımızda
“Əgər bir etnik qrup yaşadığı ölkənin
ərazisində özünü həddindən artıq sərbəst,
həddindən artıq özü kimi, öz
torpağındakı kimi hiss edirsə, bu artıq psixologiyada
kök salmağa başlayır. Sonra da ermənilər
kimi deyir ki, elə bura da mənimdir. Ermənilər əvvəlcə
özlərini torpaqlarımızda öz vətənlərindəki
kimi hiss etdilər, sonra özlərini inandırdılar ki,
bura onlarındır. Azərbaycanda tarixən
yaşayan etnik qruplar artıq “azərbaycanlı”
anlayışına daxildirlər”. Bu fikirləri filosof,
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir
üzvü, professor Səlahəddin Xəlilov
səsləndirib. O bildirib ki, onlar yüzillərdən bəri
Azərbaycan türkləri ilə eyni dili və mədəniyyəti
mənimsəyiblər: “Bu eyniyyət məqamı həddindən
artıq çox olduğu üçün ayrılmaq elementləri
nəzərə çarpmır. Amma bir məsələni
vurğulamaq yerinə düşər ki, etnik qruplar həmişə
bədxah xarici qüvvələrin maraq dairəsində olur.
Həmişə böyük ölkələrdə
kiçik etnik qrupları yoldan çıxarmağa cəhd
edirlər, imperialist ölkələr bunun marağında
olurlar ki, millətləri ayırsınlar, xalqlararası təfriqə
salsınlar. Azərbaycanda bu, mümkün
deyil, çünki heç vaxt bizdə bu mövzuda
ayrı-seçkilik olmayıb. İnkişafın yeni Azərbaycan
modelinin əsas komponentlərindən biri də budur: tolerantlıqdan
daha yüksək münasibət”.
Onun
fikrincə, tolerantlıq bizim qanımızdadır: “Bu tarixi
köklərə və ənənələrə malik olan,
artıq psixikamıza keçmiş, oturuşmuş
mentalitetimizin bir komponenti kimi formalaşmış hadisədir.
Avropalılar, amerikalılar tolerantlığı
sadəcə, dözmək kimi başa düşürlər,
hələ bunu da eləyə bilsələr, böyük
şeydir. Lap yaxın vaxtlara qədər,
tutalım, Amerikada başqa millətlərə, irqlərə
qarşı necə bir ayrı-seçkilik var idi. Yəni bu hələ indi-indi aradan qalxır. Amma bizdə yüzillər boyu başqa millətlərə
qarşı ayrı-seçkilik olmayıb. Azərbaycanda etnik və dini tolerantlıq məsələsi
bu məsələnin ənənəvi anlamından və
xarici ölkələrin praktikasından məlum olan konkret
nümunələrdən xeyli dərəcədə fərqlidir.
Biz bu ənənələrdən və
normalardan bəzən tolerantlığın azlığı
üzündən deyil, çoxluğu üzündən kənara
çıxırıq. Belə ki, ənənəvi
olaraq hər bir ölkədə əsas etnos, etnik-milli özək
önə çəkilir, üstün sayılır və
ilk növbədə onun inkişafı üçün hər
cür şərait yaradılır. Başqa
etnik qruplara və başqa dinlərin nümayəndələrinə
isə imkan daxilində dözümlü münasibət bəslənilir
və yerli icmaların öz dinlərini və mədəniyyətlərini
qoruyub saxlamasına maneçilik törədilmir.Yəni məqsəd
bundan ibarətdir. Bizdə isə bu məsələ
bir problem kimi heç vaxt qarşıda durmadığından,
bəlkə də heç bir ölkədə rast gəlinməyən
fərqli bir situasiya mövcuddur. Biz
dünyada qəbul olunmuş bu modeldən fərqli olaraq,
bütün dinlər və bütün etnik mədəniyyətlərə
eyni dərəcədə, eyni meyarlar əsasında
yanaşırıq.Nəinki tolerantlıq təmin edilib, hətta
mədəni plüralizm və multikulturalizm
üstünlük qazanıb. Təkrar edirəm,
bizdə söhbət bir aparıcı etnosun başqalarına
dözməsindən deyil, özünü başqaları ilə
tam bərabər vəziyyətdə qoymasından gedir. Belə bir bərabərliyin dünya miqyasında
indiyədək ancaq insan haqları, söz azadlığı
və sair bu kimi fundamental sahələrdə təmin
olunması uğrunda mübarizə aparılır. Buraya dini və irqi ayrı-seçkiliyi də aid etmək
olar. Amma başqa dillərə, dinlərə
və mədəniyyətlərə dövlət səviyyəsində
qayğı göstərilməsi çox nadir hallarda rast gəlinən
bir hadisədir. Məsələn,
bütün ölkələrdə ancaq dövlət dilində
təhsilin maliyyələşməsi büdcə hesabına
həyata keçirilir. Başqa dillərdə
təhsilə isə ya yol verilmir, ya da, ən yaxşı
halda, icmaların hesabına maliyyələşdirilir. Məsələn,
qonşu İranda dövlət ancaq fars
dilində təhsili maliyyələşdirir, erməni dilində
məktəblər erməni icması tərəfindən
maliyyələşdirilir, əhalinin böyük əksəriyyətini
təşkil edən azərbaycanlıların isə öz
dilində məktəb açmalarına şərait
yaradılmır. Moskvada fəaliyyət göstərən
yeganə Azərbaycan məktəbi də icma tərəfindən
maliyyələşdirilir. Analoji vəziyyət
əksər Avropa ölkələrinə də aiddir.Almaniyada
3 milyondan artıq türk yaşamasına baxmayaraq, dövlət
türk dilində məktəblər açmır. Azərbaycanda isə fərqli bir şərait
vardır. İngilis dilində xeyli məktəblərin
sərbəst fəaliyyət göstərməsi, xarici vətəndaşlar
üçün ərəb, fars, türk dillərində məktəblərə
şərait yaradılması, rus dilində məktəblərin
isə hətta dövlət tərəfindən maliyyələşdirilməsi
Azərbaycanda sadəcə tolerantlığın deyil, ən
yüksək səviyyəli beynəlmiləlçiliyin
mövcud olmasına dəlalət edir”.
O əlavə
edib ki, başqa xalqlara, başqa mədəniyyətlərə
müəyyən bir münasibət bəsləmək, onlarla
dialoqa girməzdən öncə insan öz millətinin
nümayəndələri ilə bir araya gəlməyi, vahid
mövqe nümayiş etdirməyi, yeri gələndə
dialoqa girməyi bacarmalıdır: “Ümumiyyətlə,
dialoq mədəniyyəti olmayan insanlar nə başqa millətlərlə,
nə də öz millətinin nümayəndələri, məsələn,
xaricdə yaşayan azərbaycanlılarla dialoq qura bilməz. Söhbət eyni dildə danışmaqdan getmir.
Söhbət yaşadığı mədəni
mühitdən qaynaqlanan spesifikliyə, düşüncə tərzindəki
fərqlərə baxmayaraq, ümumi maraqlar ətrafında
birləşməkdən, bu istiqamətdə təşkilatlanmaqdan
gedir, məqsədyönlü diaspor fəaliyyətindən
gedir. Heydər Əliyev deyirdi: “Azərbaycanlı hər
yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını,
öz dilini, dinini, milli ənənələrini
unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla
bir vurmalıdır”. Bu çox önəmlidir.
Azərbaycançılıq hər şeydən
əvvəl bir məfkurədir. Demokratik
prinsipləri, insanın hüquq və azadlıqlarını
rəhbər tutan dövlətlər birliyinə qoşulmazdan
əvvəl özünü dərk etməyə
çalışan, Avropa Şurasına, Millətlər Məclisinə
öz simasında daxil olmaq istəyən bir millətin məfkurəsidir.
Bu məfkurə təkcə Azərbaycan
Respublikasında yaşayan azərbaycanlıların, təkcə
Azərbaycan dövlətinin maraqlarını deyil, həm də
bütün dünyada yaşayan azərbaycanlıların
milli-mənəvi maraqlarını ifadə edir. Eyni zamanda, bütün azərbaycanlılar harada
yaşamasından və hansı ölkənin vətəndaşı
olmasından asılı olmayaraq, rəsmi vətənləri
ilə yanaşı, həm də özünün mədəni-mənəvi
Vətəni olan Azərbaycan Respublikasını
düşünür, onun nüfuzunu uca tuturlar. Bundan əlavə, milliyyətcə azərbaycanlı
olmasa da, bir neçə nəsil Azərbaycanda
yaşamış və Azərbaycanı özünün
tarixi vətəni sayan insanlar, xristian və ya yəhudi
olmalarına, başqa millətin nümayəndəsi
olmalarına baxmayaraq, Azərbaycan Respublikasının
maraqlarına xidmət etməklə və ümumi Azərbaycan
mədəniyyətinə qatılmaqla azərbaycançılıq
məfkurəsinin iştirakçısı və təbliğatçısı
olurlar. Azərbaycançılıq
keçən əsrin əvvəllərində Əli bəy
Hüseynzadənin irəli sürdüyü
“türkçülük, islamçılıq, müasirlik”
şüarındakı hər üç istiqaməti əhatə
edən və bu baxımdan nə türkçülüyə,
nə də islamçılığa daxil olmayaraq, daha
geniş və həm də daha konkret məzmun daşıyan
bir məfkurədir. Azərbaycançılıq
milli mündəricədən kənara çıxan, millilik
və ümumbəşəriliyin vəhdətindən
çıxış edən bir məfkurədir. Bu məfkurənin məzmunu Azərbaycanda ilk dəfə
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən
açılmış və bütün dünya azərbaycanlılarına
ərməğan edilmişdir. İndi
bütün dünyada qloballaşma prosesi gedir. İnkişaf etmiş dövlətlər öz həyat
tərzini və sosial-hüquqi normalarını hamıya qəbul
etdirməyə çalışırlar. Biz
də dünyada gedən inteqrasiya proseslərindən kənarda
qala bilmərik. Qərb dünyası bizi
özünə qatmaq üçün əvvəlcə
özü kimi etməyə çalışır. Biz isə özünəməxsusluğumuzu saxlamaq
istəyirik. Bax, belə çətin bir
seçim məqamında millət üzünü
başçıya, milli-siyasi liderə, özünün ən
böyük mütəfəkkirinə tutur. Heydər Əliyevin böyüklüyü
ondadır ki, o fərqli proseslərin kəsişmə xəttini,
vəhdət məqamını tapmağı bacarıb.
Azərbaycanlılar bundan sonrakı inkişaf
yolunu necə seçməlidirlər? Gələcəkdə
öz həyatlarını hansı istiqamətdə dəyişmək
istəyirlər? Bizim milli və sosial
idealımız nədən ibarətdir? Azərbaycanın
Avropa Şurasına daxil olması, gələcəkdə
Avropa Birliyinin üzvü olmaq istəyi, bütün bunlar
heç şübhəsiz, Avropada meyar kimi
formalaşmış dəyərlər sisteminin də qəbul
edilməsini nəzərdə tutur. Həyat
tərzində, düşüncə tərzində,
normaların, meyarların və etalonların seçilməsində,
bizim daxil olduğumuz yeni hüquqi-siyasi məkanın təsirləri
hələ özünü göstərəcəkdir. Lakin biz bunu çoxmu istəyirik? Yaxud istəyimizin motivlərini kifayət dərəcədə
dərk edirikmi? Biz hələ böyük
bir seçim qarşısında ikən, qarşıda hələ
böyük mücadilələr dururkən bütün
milli-tarixi keçmişimizə qələm çəkərək
kəmhövsələ halda gələcəyi qabaqlamaq
lazımdırmı? Bizcə, Avropaya
qatılmazdan əvvəl və ya bu proseslə paralel olaraq
özümüzü dərk etməli, özümüzü
təsdiq etməliyik. Əvvəlcə
“biz kimik?” sualının cavabını tapmalıyıq,
invariantlarımızı müəyyənləşdirməliyik.
Nə qədər ki, öz əlimiz öz
başımız idi, özünüdərkə və
özünütəsdiqə bəlkə də böyük
ehtiyac yox idi. Biz onsuz də öz
mühitimizdə idik. Başqa mühitə
daxil olarkən isə nisbi bütövlüyü saxlamaq da
mümkündür, tamamilə əriyib itmək də. Bütöv olaraq qalmaq, öz nisbi müstəqilliyini
qorumaq üçün ancaq duyğular səviyyəsində
özünüdərk kifayət deyil. Bunun
üçün nəzəri və ideoloji səviyyədə,
rasional idrak səviyyəsində müəyyənləşmə
getməlidir. Bütöv bir strategiya
hazırlanmalıdır. Təhsil də,
KİV də bu istiqamətdə fəaliyyətə hazır
olmalıdır. Bax, azərbaycançılıq
konsepsiyası həm də buna görə lazımdır…”.
Əli
Ardı var…
Xalq Cəbhəsi.- 2016.- 6 sentyabr.-
S.9.