“Azərbaycanın yerli sakinləri olan
etnik qruplar ikiləşmə faktı ilə
qarşılaşmırlar”
“Onlar həm coğrafi məkan
baxımından, həm tarixi, həm milli-siyasi, həm də
milli-mənəvi baxımdan azərbaycanlıdırlar”
Əvvəli
ötən saylarımızda
“Yeni əsr və yeni minillikdə, bəşəriyyət
özünüdərk məqamının astanasında
olduğu bir vaxtda, qloballaşma şəraitində millət
daha bir sınaq qarşısındadır. Daha
böyük miqyaslı, mütəşəkkil ictimai sistemin
özünüdərk səviyyəsindən baxdıqda bəşəriyyətin
tarixən keçmiş olduğu yola bir işıq
düşür, ayrı-ayrı xalqların, məmləkətlərin
bəlkə də özünü dərk etmədən
keçdikləri yollar indi artıq ilkin bir ideyanın
reallaşması prosesi kimi, ictimai-tarixi zərurət kimi nəzərimizdə
canlanır. Böyük mütəfəkkir Kantın bəşəriyyətin
inkişaf tarixinə təbiətin özünüdərk və
özünütəsdiq prosesi kimi yanaşması, Hegelin
ictimai inkişafı mütləq ideyanın reallaşma
aspektlərindən biri kimi təqdim etməsi, Herderin
ümumdünya tarixinin vahid konseptual sistemini yaratmaq cəhdləri
ona görə real, pozitiv nəticələrə gətirə
bilmirdi ki, bəşəriyyət hələ
özünüdərk üçün yetişməmişdi.
Bu təfəkkür nəhəngləri sadəcə
olaraq zamanı qabaqlamağa çalışırdılar.
Zaman isə öz ritmindən kənara
çıxmırdı. Lakin bu gün o
vaxt artıq gəlib çatıb”. ”. Bu fikirləri
filosof, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
müxbir üzvü, professor Səlahəddin
Xəlilov səsləndirib. O deyib ki, indi hər bir millət,
hər bir xalq, hər bir məmləkət özünün ən
böyük fikir sahiblərinin simasında bir tərəfdən
bəşəriyyətdə, planetdə gedən proseslərin
anlaşılmasına çalışır, digər tərəfdən
öz millətinin, öz xalqının, öz dövlətinin
bu yeni mənzərədə, planetin bu yeni coğrafi- iqtisadi,
siyasi xəritəsində, fəlsəfi fikrin yeni zirvəsindən
düşən işıq fonunda nəzər salır: “Lakin
kimlərsə bu yeni şansı vaxtında dərk edir və
qloballaşan cəmiyyətə şüurlu surətdə,
ağlı başında, özünü dərk etmiş
halda daxil olmağa çalışır. Kimlərsə
hələ də qəflət yuxusundadır. Böyük miqyaslı inteqrasiya prosesləri,
qloballaşma dalğaları özünü dərk etməyənləri,
hətta böyük xalqları belə qarşısına
alıb aparmaq, içərisində əritmək əzmindədir.
Belə tarixi sınaq məqamında əhalinin
çoxluğu, məmləkətin böyüklüyü
deyil, onun sükanı arxasında kimin dayanması daha önəmlidir.
Əsas məsələ həmin tarixi sınaq
məqamında xalqın içərisindən
çıxmış və onun milli mənafeyini dərk etmək
və qoruyub saxlamaq iqtidarında olan mütəfəkkir
liderin mövcudluğudur. Planetin
bugünkü mənzərəsi heç də yalnız
siyasi və iqtisadi maraqların kəsişdiyi bir meydanı
xatırlatmır. Bu meydanda həm də
milli ideyalar qarşılaşır. Ən
böyük qabiliyyət də siyasi, iqtisadi maraqlarla
yanaşı milli maraqların da qorunub saxlanmasına nail olmaq
və millətlər birliyinə öz simasını itirmədən
daxil olmağı bacarmaqdır. Düzdür,
bunu əngəlləyən qüvvələr çoxdur.
Lakin şəxsiyyətin
böyüklüyü də özünü məhz belə
çətin vəzifələrin həllində göstərir.
Heydər Əliyev ilk dəfə azərbaycançılıq
ideyasını dövlətin strateji xətti kimi irəli
sürəndə bu ideyanın həqiqi böyük mənası
çoxları üçün anlaşılmaz idi. Bu gün də qismən belədir. Çünki bu ideya adi şüur səviyyəsində
üzə çıxmayıb, yaxud deklarativ bir şüar
olmayıb, çox dərin köklərə malik olan mükəmməl
bir fəlsəfi konseptual sistemin ifadəsidir. Məqsəd bu ideyanı açmaq və
bütün xalqın, bütün dünyada yaşayan azərbaycanlıların
bu ideyaya yiyələnməsinə çalışmaqdır”.
Onun
fikrincə, milli ideologiyamızın tərkib hissələri
olan bir sıra mühüm cəhətlər; mədəni-mənəvi
amillər, adət-ənənə, mentalitet, dini dəyərlər
və s. vahid blok halında – azərbaycançılıq
adı altında birləşdirildikdə milli ideologiya
özünün daha yığcam və konkret ifadəsini
tapmış olur: “Azərbaycançılığın məzmununa
daxil edilən müxtəlif amillər üçün birləşdirici,
inteqrativ rol oynayan ən mühüm amillərdən biri
dildir. Azərbaycançılığın əsasında
Azərbaycan dili dayanır.
Poeziya da, şifahi xalq ədəbiyyatı da,
mahnılarımız da, epik düşüncə və siyasi
təfəkkür də – dillə sıx surətdə
bağlıdır. Dil ümumiliyi həmin dildə
yaradılmış mədəni sərvətlərin də
ümumiliyinə, bədii-estetik düşüncənin də
vəhdətinə səbəb olur. Təsadüfi
deyildir ki, türk xalqları öz mədəniyyətləri,
ədəbiyyatları ilə də sıx surətdə
bağlıdırlar. Bir sıra hallarda
eyni bədii-estetik abidələrə malikdirlər. “Dədə
Qorqud”, “Koroğlu”, aşıq ədəbiyyatı və s.
buna misal ola bilər.
Lakin bununla belə, əvvəla, dillərin hər halda
fərqlənməsi, qarşılıqlı təsir və ənənəvi
dinamik əlaqələrin müəyyən sərhədlər
daxilində daha güclü olduğunu göstərir. Türk dili
qollara ayrıldığı kimi, türk mədəniyyəti
də bölgələr üzrə özünəməxsus
cəhətlərə görə seçilir. Dil nə qədər böyük rol oynasa da, milli
birliyin yeganə göstəricisi deyil. Burada
təfəkkür tərzi, ictimai şüurun səviyyəsi,
adət-ənənə, dini etiqad, həyat tərzi mədəni-mənəvi
abidələrin, xüsusən yazılı ədəbiyyatın,
fəlsəfi fikrin siyasi və iqtisadi təfəkkür mədəniyyətlərinin
də nəzərə alınması lazımdır.
Coğrafi şərait, iqlim və relyeflə bağlı həyat
tərzində özünü göstərən xüsusiyyətlər
və bunlardan irəli gələn rituallar, mərasimlər,
bayramlar və s. də az əhəmiyyətli
deyil. Əslində həyat tərzinin, zövqün, bədii-estetik,
hətta mifik və fantastik düşüncənin, müqəddəslik
duyğusunun, düşüncədə
rasionallığın dərəcəsinin, kütləvi tədbirlərin,
etnik xüsusiyyətlərin, ənənəvi geyimlərin,
musiqilərin, rəqslərin – bütün bunların qərarlaşması,
ənənəviləşməsi və ictimai şüurla vəhdəti
ərazi ilə, iqlim şəraiti ilə, üstün təsərrüfat
növləri ilə, texnoloji inkişaf səviyyəsi ilə
də bağlıdır. Lakin coğrafi amil, ərazi
də, etnogenez də milli müəyyənlik məsələsində
əsas kimi götürülə bilməz. Ziya Göyalpın dediyi kimi, millilik müasir vəziyyətə
görə və ilk növbədə kültür və mədəniyyət
ümumiliyi əsasında təyin edilməlidir”.
Onun
fikrincə, düşüncə tərzi, mənəvi mədəniyyət,
əxlaqi normalar bütövlükdə nisbi müstəqilliyə
malik olduğu üçün bir ərazidən başqa əraziyə
keçdikdə insanlar əvvəlki maddi mühitin təsiri
ilə formalaşmış mənəvi keyfiyyətləri,
bayramları, ritualları və s. özləri ilə
daşıyırlar ki, bu da maddi mühitlə mənəvi
keyfiyyətlər arasında uyğunsuzluqlar yarada bilir: “Din
coğrafi bölgələrdən asılı olmadan
yayılır və hamı üçün eyni olan
ehkamların, ayinlərin ümumiləşdirici rolu
özünü göstərir. Şəriət
də ərazidən asılı olmadan əsasən
saxlanılır. Dil də insanlar bir yerdən
başqa yerə köçərkən o saat yaddan
çıxmır və uzun bir dövr ərzində lokal
mühitlərdə, ailələrdə saxlanmaqda davam edir.
Başqa ölkəyə köçmüş
insanlar üçün rəsmi dil, işlək dil dəyişsə
də, ana dili məhz mədəni-mənəvi irsin
açarı kimi qorunub saxlanılır. Coğrafi
məkan dəyişilir, siyasi məkan dəyişilir, vətəndaşlıq
dəyişilir, ixtisas, təsərrüfat fəaliyyəti,
rasional düşüncə, peşə vərdişləri
və s. – bütün bunlar dəyişilir, mənəviyyat
isə uzun müddət sabit qalır. İnsan
yaşadığı yeni ictimai mühitin əxlaq
normalarına, yeni meyarlara, ilk növbədə hüquq
normalarına riayət etmək məcburiyyətində
qalır. İctimai münasibətlərdə
bir cür, özü ilə ünsiyyətdə isə
başqa cür olur. Qürbət eldə
beyinin tələbləri ilə qəlbin tələbləri,
rasional düşüncə ilə hissiyyat arasında yaranan
uyğunsuzluq, daxili mənəvi mühitlə, xarici ictimai
mühitin tələbləri arasındakı mücadilə
insanın tam xoşbəxt olmasına mane olur. İnsan özü ilə bir nisgil, vətən həsrəti
daşıyır. Hüquqi-siyasi Vətənlə
milli-mənəvi Vətən arasındakı fərq
insanı ikiləşmək, özgələşmək təhlükəsi
qarşısında qoyur. Lakin insan xarici ölkədə
də yaşasa, əgər o, öz daxili mənəvi
mühitini qoruyub saxlayıbsa, bu mühitin böyük
miqyaslı proobrazı ilə – Böyük Vətənlə əlaqə,
Vətənə xidmət etmək imkanı bu faciəni
kompensasiya etməyə, dəf etməyə şərait
yaradır”.
Onun
fikrincə, müstəqil Azərbaycan Respublikasının
mövcudluğu xaricdə yaşayan azərbaycanlılara
öz lokal mədəni-mənəvi mühitlərini
Böyük Vətən hesabına müntəzəm surətdə
akkumuliasiya etmək imkanı verir: “Bunun üçün isə
müntəzəm əlaqələrin yaradılmasına
böyük ehtiyac vardır. Azərbaycanın
paytaxtı Bakı şəhərində keçirilən
Dünya Azərbaycanlılarının I qurultayı məhz
belə bir missiyaya xidmət edirdi.
Almaniyada yaşayan bir azərbaycanlının, o, Almaniya
vətəndaşı olsa belə, ürəyində Azərbaycan
həsrəti, azərbaycanlıya məxsus milli-mənəvi
dəyərlər gəzdirməsi heç də alman
pasportuna xəyanət kimi dəyərləndirilə bilməz. O, bir Almaniya vətəndaşı
kimi üzərinə düşən siyasi-hüquqi vəzifəni
yerinə yetirir və bununla da, öz vətəndaşlıq
borcuna sadiq qalır. Dövlət öz vətəndaşı
qarşısında, konstitusiya və qanunvericiliyə uyğun
olaraq tələblər qoyur. Xüsusən
Avropa ölkələrində, Qərb dünyasında
artıq ictimai şüur nəzəri şüur səviyyəsinə
daha geniş miqyasda qalxmış olduğundan və hüquq əxlaqı
daha çox dərəcədə əvəz etdiyindən
ürəyin başqa bir Vətənlə bağlı
olması məsələsi bir problem kimi ortaya
çıxmır. İkili standartlara yol
verməmək üçün xaricdə yaşayan bir azərbaycanlının
Azərbaycan sevgisindən, həsrətindən bəhs
etdiyimiz və ona haqq qazandırdığımız kimi, Azərbaycanda
yaşayan bir alman və ya rusun da vəziyyətini
düzgün təsəvvür etməyə
çalışmalıyıq. Azərbaycanda yaşayan,
Azərbaycan vətəndaşı olan başqa millətlərin
nümayəndələri: ruslar, ukraynalılar, gürcülər
və s. Azərbaycan qanunlarına əməl etməklə və
öz fəaliyyətlərində Azərbaycanın dövlət
maraqlarına xidmət etməklə yanaşı Rusiyanı,
Ukraynanı, Gürcüstanı da sevirlərsə və bu
ölkələri öz ikinci Vətəni hesab edirlərsə
burada təəccüblü və qorxulu heç nə yoxdur.
Burada sadəcə olaraq, vətən
anlayışının hüquqi-siyasi və hissi-mənəvi
rakursları müxtəlif ünvanlarla üzə
çıxır və buradakı ikiləşmə təhlükəsinin
qarşısını almaq üçün olduqca incə, dəqiq
milli siyasət aparılmalıdır. Azərbaycanın
yerli sakinləri olan etnik qruplar ikiləşmə faktı ilə
qarşılaşmırlar. Onların –
talışlar, kürdlər, tatlar, lahıclar və
başqalarının milli-siyasi Vətəni ilə doğma Vətəni,
mədəni-mənəvi məkanları arasında heç
bir fərq yoxdur. Onlar həm coğrafi məkan
baxımından, həm tarixi, həm milli-siyasi, həm də
milli-mənəvi baxımdan azərbaycanlıdırlar.
Yeni dövrdə azərbaycanlıların bir millət olaraq
formalaşmasında, milli-siyasi özünüdərk prosesində,
türk mənşəli azərbaycanlılarla yanaşı,
talış, kürd və s. müxtəlif mənşəli
azərbaycanlılar da eyni mənəvi hüquqla və eyni əzmlə
iştirak edirlər. Bir daha qeyd etmək istərdik
ki, bu heç də təkcə onunla bağlı deyildir ki,
talışın, kürdün, lahıcın, ləzginin,
avarın öz müstəqil milli dövləti yoxdur. Həm
də ona görə ki, müxtəlif mənşəli azərbaycanlılar
eyni coğrafi ərazidə, eyni mədəni-mənəvi
mühitdə formalaşmaqla yanaşı, həm də
ümumi dil kimi qəbul olunmuş Azərbaycan dilini mükəmməl
bilir, bu dildə təhsil alır, bu dildə elmi əsərlər,
şeirlər yazır, bədii ədəbiyyat nümunələri
yaradırlar. Artıq neçə yüz illik birgə
yaşayış, birgə təsərrüfat fəaliyyəti
Azərbaycan xalqının təkcə milli-siyasi müstəvidə
deyil, həm də milli-etnik müstəvidə bir tam
halında millətləşmə yolunu keçdiyini göstərir”.
Əli
Xalq Cəbhəsi.- 2016.- 7 sentyabr.-
S.9.