Qədim
Naxçıvan – folklor beşiyi
II yazı
«Nuhun tufanı» adlı bu əfsanəvi – mifik mətndə
də kosmik məkandan xaotik duruma keçid və oradan da yeni
kosmik məkanın yenidən yaradılıb
formalaşdırılması əksini tapıb. Əgər
yuxarıdakı birinci mətndə kosmik zamanın bərpası
məsələsi dayanırdısa, bu mətndə kosmik məkan
problemi kosmik zamanla birlikdə öz həllini tapıb. Burada kosmosun pozulması – dünyanın
üzünü su alacağı ilə baş verir. Eyni zamanda mətndə antikosmosun əlamətləri
digər nüanslarda da özünü göstərir və
kosmik nizamın bərpası isə məhz xaosun
özünü təşkil edən ünsürlərin
hesabına təşkil olunub. Belə ki,
meşə özü günbatanda yerləşməklə həm
də öz kölgəsi ilə «günçıxanı
tutur» - günün (işığın)
qarşısını kəsən bir maneə – qüvvə
rolunu oynayır. Gövdəsinə 40 arşın ip-kəndir
dolana bilən meşədəki ağacların biləyində
öküz gücü olan Ac pəhləvan tərəfindən
kəsilib doğranılması amili bir tərəfdən
işığın qarşısını kəsən
meşənin ağaclarının azaldılması sayəsində
meşənin qaranlığa səbəb olan əzəmətini
sarsıtmağa səbəb olursa (bunun nəticəsində də
xaotik formayaradan meşə zərərsizləşdirilir),
başqa tərəfdən bu meşə materialından
hazırlanacaq gəmi xaosa səbəb olacaq insan (ümumiyyətlə,
bütün canlıların) məhvini daşqından
(Dünya daşqınından) qorumaqla təzədən kosmik
bir durumun yaranacağına zəmin yaradır. Bu, məsələnin
bir tərəfi! İkinci məqam isə «Mən
nə qədər yesəm də, yenə elə acam» deyən,
doymaq bilməyən və adı da bu əlaməti
daşıyan Ac pəhləvanla bağlıdır. Bu, Nuh peyğəmbərin ona «sənə doyunca yemək
verərəm» deyib şərt bağlaması ilə və nəticədə
onu doydura bilməsi ilə reallaşan cəhətdir. Yeməkdən doya bilməmək (aclıq)
özü də – el-obanın ilxısına, naxırına zərər
vurmaqla hər öynədə bir öküz yeyib canlılar
aləmini bir ucdan məhv etməsi də özlüyündə
xaosu işarələyir. Onun kosmik düzəni
bərpa edən Nuhun təklifinə boyun qoyması və
bundan sonra qızardılmış öküzün bir budunu
yeyib bir tuluq su ilə doyması özü bəri başdan
xaosun təmsilçisinin mahiyyətcə antixaosla əvəzlənməsinin
göstəricisidir. Nuh peyğəmbərin
yeməkdən doymasına rəğmən ona tövsiyəsi
və bildirişi kimi deyilən «Pəhləvan, bu halal zəhmətin
qazancıdır, onun üçün də doydun. Haram yemək səni doyurmaz» fikirdə haramxorluqla –
haram yeməklə doymağın mümkün
olmadığı söylənilir. Əslində
haramlığı da, yeməkdən doymamağı da mahiyyətcə
bir-birinin məntiqi eyni kimi götürməklə hər
ikisi xaosu ifadə edir. Haram-halal,
doymamaq-doymaq bir-birlərinin əksi olan anlayışlar
olduğu kimi, biri nizamsızlığı, digəri isə
nizamlılığı əks etdirirlər. İslam
dinində buna adekvat kimi yeməyə «bismillah»la başlamaq, «əlhəmdülillah»la
qurtarmaq inancı var ki, yeməyə oturanda qayibdən cinlər-şeytanlar
yeməyə şərik olmasınlar və yeməkdən
doya biləsən. Cin-şeytan islamiyyətdə
xaotik qüvvə kimi çıxış etdikləri halda,
elə haramlıq-oğruluq da cin-şeytanın adamı yoldan
çıxarması kimi qəbul edilir. Demək,
mifoloji təlqin vasitəsi olan haramxorluqdan çəkinib
halal zəhmət hesabına – halallıqla çörək
qazanmaqla islamiyyətdəki bu məqam üst-üstə
düşür və hər ikisi
dağıdıcılıqdan (xaotik durumdan) xilas olub nizamlı
(halal) bir yaşayış yolu seçməyi təbliğ
edir.
Beləcə,
yer üzünü su almamışdan – xaos baş verməmişdən
öncə xaosa xidmət edən bir sıra vasitələr
nizamlı bir məcraya yönəldilir, daşqından sonra
isə Nuhun gəmisindəki canlıların yeni məkana –
yeni dünyaya qədəm basmaları da bir daha dünya
durumunda yeni bir məkanın – kosmik məkanın bərpa
olunduğunu göstərir. Bu yerin baş vermə
məkanı – canlıların su basmış dünya
üzündən xilas olmaları isə məhz Nuhun
adının daşındığı Naxçıvan
torpağında baş tutur. Bundan başqa,
Nuhun adı ilə tanınan bu qədim məkan həm də
yeni kosmik zamanı özündə simvollaşdırır.
Belə ki, hər hansı bir qədim zamanı bildirmək
üçün «Nuhnəbidən qalma», «Nuh əyyamında
baş verən» və s. tipli el sözləri də işlənilir
ki, bu da bir daha Nuh Nəbinin adı ilə bağlı olan
yerin həm kosmik məkanın başlanğıcı, elə
həm də həmin kosmik məkana uyğun kosmik zamanın
da başlanğıcı olduğunu deməyə əsas
verir.
Mətndən
bir parçaya diqqət edək: «Su qalxdı, dünyanın
üzünü almağa başladı. Gəmi
də suyun üzünə qalxdı. Uca
dağlar görünməz oldu. Axırı-sonu
görünməyən bir dərya yarandı. Nə qədər canlı vardısa tələf
oldu. Gəmi Məğribdən Məşriğə
üz qoydu. Günlər, həftələr
dolandı. Gəmi bir gün nəyəsə
toxunub keçdi. Gövdəsi bərk
yırğalandı. Nuh Nəbi bildi ki, gəmi
dağa toxundu.
- Pəh,
nə ağır dağdı! – dedi. Başından
heç qarın əskik olmasın.
Odu, budu, dağın adı «Ağrıdağ» qaldı
– başından da qar əskik olmadı.
Bir həftə də keçdi. Gəmi yenə silkələndi.
Nuh Nəbi gəmidəkilərə:
- Bu da
inan dağdı, - dedi.
Bu dağın da adı «İnandağ» oldu. Zirvəsi də
zərbədən iki yerə haçalandı.
Gəmi səfərə davam etdi. Bir az
getmişdilər ki, təkrar silkələndi. Nuh gəmidəkilərdən
soruşdu:
- Bu
dağ o dağdan kəm ki deyil?!
Dağın
adına «Kəmki» dedilər...…
...Gəmi
bir dağa yan alıb ehmalca qayaya toxundu.
Nuh buna «Gəmiqaya»
adı verdi. Gəmidəkilər
quruya çıxdılar».
Burada Naxçıvan və Naxçıvanətrafı
ərazilər olan Ağrıdağı, İnandağ, Kəmki
qayası, Gəmiqaya kimi yerlərin adları Nuh tufanı ilə
bağlı olaraq çəkilir və bunlara etimoloji yorum
verilir. Eyni zamanda bununla həm də Naxçıvan
torpağının Dünya daşqınından sonra ilk insan
məskənlərindən olması fikri özünü diqtə
edir. Ordubaddan yazıya alınmış «Nuhdaban» əfsanəsi
də bu qədim yurdun folklor yaddaşında əbədiləşməsindən
xəbər verir: «Rəvayətə görə, Nuhun gəmisi
Gəmiqayada, quruya oturmuşdular. Oğlanları bir gün
gördülər ki, uca dağlar od tutub
yanır. Gəmi oturan dağ da
tüstüsüz alova bürünüb. Özləri
də od-alovun içindədilər. Qorxudan
bilmədilər neynəsinlər. Haray-həşir
salıb bağırdılar:
- Aman
tanrı! Günahımız nədi ki, indiyədək
tufanda qaldıq, indi də od-alova düşmüşük.
Amma bu qorxu çox çəkmədi; gördülər
ki, od-alov onları yandırmır. Yaşıl çəmənə,
gülə-çiçəyə də toxunmur.
- Bu nə
sirdir? – dedilər. – Dağ da yanar?
Onlar atalarının yanına gedib bu sirri soruşdular.
Nuh Nəbi
dedi: - Gördüyünüz elə-belə od
deyil. Sirli-möcüzəli oddur. Bu torpağın mayası oddan yoğrulub. Burda hər şey öz qidasını oddan-alovdan
alır. Yanan dağların biri Gəmiqaya,
biri İlandağ, biri Ağrı dağıdır. Bu arada yurd salın. Dediyim
üç dağ sizə qüvvət, bərəkət verəcək.
Bərkdə şərdən, yağıdan
qoruyacaq. Nuh Nəbi sözünü
qurtardı. Dayandığı yerdən
bir addım irəli atdı, ayağı torpağa gələndə
pəncəsi yox, dabanı yerə dəydi. Oğulları həmin yerdə yurd saldılar,
adına da Nuhdaban dedilər».
Burada da yer-yurd adları, “Nuhdaban” toponimi özü həm
Nuh Nəbinin adı ilə əlaqələndirilməklə,
həm də torpağın mayasının oddan-alovdan
yoğrulduğu deyilməklə qədim bir tarixə
şahidlik etdiyi göstərilir. Tufan da, od-alov da
dağıdıcı qüvvəni – xaosu təmsil etsələr
də, axırda bu xaosdan qurtulan əhali həmin məkanı
özünə yurd-yuva edib yaşayır. Bu da bir daha
folklor yaddaşı ilə tarixi yaddaşın bir-birini təsdiqlədiyini
göstərir: «Naxçıvan təkcə Azərbaycanın
və Qafqazın deyil, həmçinin dünyanın ən qədim
şəhərlərindəndir. Qədim yunan, ərəb,
İran tarixçiləri, coğrafiyaşünasları,
yazıçıları və səyyahları
Naxçıvan şəhərinin əsasının
qoyulmasını bizim eradan əvvəl ikinci minilliyə aid
edirlər» (Təhmasib Fərzəliyev).
Bəli, tarixi sinədəftər edən
naxçıvanlılar onu bədii söz-sənət şəklində
– folklor örnəkləri kimi qoruyub yaşadırlar və bu
kimi mətnlərdə əks etdirirlər. Adı Nuhun tufanı ilə
qoşa çəkilən, yaşı Nuhnəbi əyyamı
ilə ölçülən qədim Naxçıvan
torpağı!.. Ünvanı Nuhun adı
ilə, əməli ilə tanınan qədim diyar... Tarixin
yaddaşı folklor yaddaşına ötürülərək
bu qədim məkanı təqdim edir, tanıdır, nişan verir. Nuhun gəmisinin sudan
xilas olub quruya oturduğu yeni kosmik dünya məkanı həm
də özü ilə yeni bir kosmik zamanın – Nuh əyyamı
dövrünün bünövrəsini qoyur ki, bütün
bunlar da bir folklor hadisəsi olaraq Naxçıvan
torpağı və onun toponimlərinin ünvanında əbədiləşib
yaşayır.
Şakir Albalıyev
fəlsəfə doktoru, dosent
Xalq Cəbhəsi.- 2016.- 7 sentyabr.-
S.14.