“Dinin elmi və obyektiv əsaslarda öyrənilməməsi...”
Hikmət Babaoğlu:
“Dindən başqa məqsədlər üçün istifadə
etmək istəyən ayrı-ayrı siyasi-ideoloji mərkəzlərin
fəaliyyətini asanlaşdırır”
“Bildiyimiz kimi, müstəqillik əldə etdikdən
sonra qəbul edilmiş Azərbaycan Respublikasının
Konstitusiyasının 18-ci maddəsinin I bəndində
göstərilir ki, respublikamızda din dövlətdən
ayrıdır.
Bütün dini etiqadlar qanun
qarşısında bərabərdir. Vicdan
azadlığı ilə bağlı müddəaların əksini
tapdığı 48-ci maddədə isə hər bir kəsin
dini etiqad azadlığı, dinə münasibətini müstəqil
formalaşdırmaq və ifadə etmək hüququ təsbit
edilib”. Bunu millət vəkili, "Yeni Azərbaycan"
qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib. O
bildirib ki, eyni zamanda, din əsrlərdən bəri
insanların ictimai həyatında, mənəviyyatında, ailə münasibətlərində əhəmiyyətli
yer tutan xüsusi faktordur: “Din kütləvi vasitə olduğu
üçün insanların davranışlarına,
onların şəxsiyyət kimi formalaşmasına təsir
göstərən əsas amillərdən biridir. Dini
dünyagörüş bütün cəmiyyətlərdə
total əsaslara söykəndiyi üçün hər bir cəmiyyətdə
fərdin şəxsiyyətinin formalaşmasında müstəsna
rol oynayır. Nəticə etibarilə, hər
hansı bir cəmiyyətdə yetişən fərd gələcəkdəki
siyasi mövqeyindən, cəmiyyətin sosial piramidasında
tutduğu yerindən asılı olmayaraq, istər-istəməz
mənsub olduğu dinin daşıyıcısına
çevrilir. İnsan istər yaxın ətrafında
baş verən prosesləri, istərsə də qlobal mənada
dünyada baş verən prosesləri məhz dini
dünyagörüşünün də
formalaşdırdığı təfəkkürü vasitəsilə
qavrayır. Beləliklə, insan fərqində
olmadan, bu və ya digər şəkildə dinin təsiri
altında olur və bu sosioloji təsbit bir reallıqdır,
gerçəklikdir.
Məsələ ondadır ki, insanın şəxsiyyət
kimi formalaşması prosesində çox maraqlı mərhələlər
var. Bu mərhələlərdən biri dinin elmi və ilkin mənbə
əsaslarında deyil, sadəcə ümumi mərasim və
rituallar vasitəsilə mənimsənilməsidir. Hər bir vətəndaş,
cəmiyyətin hər bir fərdi, heç şübhəsiz,
ilkin mərhələdə dini münasibətlərlə
qeyri-elmi əsaslarda üzləşir və din xüsusi tədris
vasitəsilə mənimsənilmədiyi üçün onun
həqiqi fəlsəfəsi və obyektiv əsasları
öyrənilmir. Nəticə etibarilə,
cəmiyyətdə kortəbii şəkildə
ayrı-ayrı dinlərin, sektaların, təriqətlərin
və cərəyanların bu və ya digər sosial sferada mənimsənilməsi
baş verir”.
Onun
fikrincə, dinin elmi və obyektiv əsaslarda öyrənilməməsi
isə dindən başqa məqsədlər üçün
istifadə etmək istəyən ayrı-ayrı siyasi-ideoloji
mərkəzlərin fəaliyyətini asanlaşdırır:
“Elə buradan da missionerlik məsələsi ortaya
çıxır. Qeyd etmək lazımdır ki, missioner
anlayışı latın dilindəki
"missio" sözündən götürülüb, mənası
"vəzifə", "səlahiyyət" deməkdir. Bu və ya digər cəmiyyətdə və ya
dövlət içərisində öz maraqlarını təmin
etmək üçün fəaliyyət göstərən
ayrı-ayrı ideoloji və siyasi mərkəzlər məhz
fərdlərin dinə bu həssas münasibətindən
yararlanaraq onlardan ibarət özünəməxsus sosial baza
formalaşdırır. Bu sosial baza mənəvi
və ya ideoloji əsaslarda formalaşdığı
üçün onlardan ölkədə, cəmiyyətdə
hakimiyyətə, digər missioner mərkəzlərin
yaratdığı qruplara, bəzən milli maraqlara və
milli mənəviyyata qarşı istifadə edilir. Çünki missionerlərin fəaliyyəti nəticəsində
müəyyən dini dünyagörüşü mənimsəmiş
fərdlər bunu öz ruhi ehtiyaclarını ödəyən
vasitə kimi gördükləri üçün həmin
ideologiyanın yanlış və ya doğru olduğunun fərqində
olmadan səmimiyyətlə qəbul edirlər. Beləliklə, din fərdin ruhi-mənəvi tələbatını
ödəyən vasitə kimi həqiqi din olaraq deyil,
missionerin təbliğ etdiyi ideologiya kimi mənimsənilir.
Fərd isə mənimsədiyi və din hesab
etdiyi bu vasitə uğrunda hər şeyə hazır olur.
Yəni, bu məsələdə insanlar səmimi
olduqları və özününkü hesab etdikləri
üçün onu hər şeydən qorumağa hazır
olurlar. Bu zaman isə missionerlərin,
ayrı-ayrı mərkəzlərin fəaliyyəti
üçün geniş və münbit platforma meydana
çıxır. Şübhəsiz ki, hər
bir missioner və dini mərkəzin fərqli məqsədi
olduğu üçün onlar ətraflarında
topladıqları sosial, dini qrupları fərqli istiqamətə
yönləndirirlər. Nəticə
etibarilə, cəmiyyətdə bir-birindən kəskin fərqlənən,
bəzi hallarda bir-birini qəbul etməyən radikal, bəzi
hallarda isə milli maraqlara laqeyd, yaxud loyal qruplar
formalaşdırılır. Cəmiyyətin
bu şəkildə dini-ideoloji əsaslarda bölünməsi
isə milli həmrəyliyə və birlikdən doğan
milli gücə sarsıdıcı zərbə vurur”.
H.
Babaoğlu əlavə edib ki, müasir mərhələdə
isə missionerliyin çox fərqli növlərini
müşahidə etməkdəyik: “Çünki bu gün
dünyada olduqca ciddi qlobal hadisələr baş verir,
dünyanın yenidən idarə olunması ilə
bağlı xüsusi nəzəriyyələr işlənib
hazırlanır. Yeni imperializmin
kapitalının dünyanı idarə etməsi
üçün müxtəlif mexanizmlər qurulur. Bu kapitalın, imperializmin məqsədlərinin
qarşısında olan hər bir sədd isə bəzən
güc tətbiq etməklə, bəzən yumşaq güc tətbiq
etməklə, bəzən də müxtəlif ideoloji vasitələrlə
ölkələrin milli birliyini pozmaq vasitəsilə aradan
götürülür. Beləliklə, bu
gün imperialist dairələrdə
formalaşdırılmış qlobal dövlət nəzəriyyəsi
milli dövlətləri özünə rəqib hesab edir.
Yeni imperializm qlobalizmi məhz qlobal dövlət
şəklində görür. Əgər
qlobal dövlət varsa, burada milli dövlətlərə yer
yoxdur. Ona görə də, milli dövlətlərin
sıradan çıxarılması və yaxud onların səlahiyyətlərinin
məhdudlaşdırılması prosesi qlobal dövlət nəzəriyyəsinin
tərkib hissəsi kimi ortaya çıxır.
Bu gün din və media mövzusunda danışarkən
diqqət göstərməli olduğumuz xüsusi bir məqam
da mövcuddur.
Bildiyimiz kimi, media qlobal informasiya vasitəsi kimi
cəmiyyətin həyatında müstəsna rol oynayır.
Eyni zamanda, müasir mərhələdə
transmilli media və sosial şəbəkələr beynəlxalq
münasibətlərin və dünya siyasətinin
formalaşmasına da təsir göstərən vasitəyə
çevrilib. Bu kontekstdən
yanaşdıqda, din də ən müxtəlif məqsədlərə
xidmət edən unikal vasitədir. Ən
müxtəlif məqsədlərə çatmaq
üçün dindən istifadə olunması ən
ağlagəlməz sahələrdə belə müvafiq
uğurların əldə olunmasına gətirib
çıxara bilir. Çünki din
insanın, yaxud onu mənimsəmiş fərdin özü ilə
səmimi olduğu çox nadir platformalardan biridir. İnsan bəzən cəmiyyətdə, işdə,
kollektivdə, ictimai münasibətlərdə, dövlət-vətəndaş
münasibətlərində, hətta bəzən ailə
münasibətlərində belə özünə
qarşı qeyri-səmimi olur. Ancaq
insanın özü ilə səmimi olduğu nadir sferalardan
biri dini sferadır. Ona görə də,
sosioloq və cəmiyyətşünaslar məhz dinin bu
keyfiyyətini nəzərə alaraq, ondan insanların yönləndirilməsi
məqsədilə istifadə edirlər”.
Onun
sözlərinə görə, hazırkı mərhələdə,
dünyada müasir beynəlxalq münasibətlərin əsas
istiqamətlərini və formasını müəyyənləşdirən
üç böyük nəzəriyyə vardır: “1) qlobal
dövlət nəzəriyyəsi; 2) netokratiya, yəni, şəbəkə
hakimiyyəti nəzəriyyəsi; 3) idarə olunan xaos nəzəriyyəsi.
İlk baxışda dini heç bir halda bu nəzəriyyələrlə
əlaqələndirmək mümkün görünmür. Lakin diqqət
yetirsək, bu nəzəriyyələrin nəyə xidmət
etdiyini və bu aspektdə dinin imkanlarından necə istifadə
etdiklərini asanlıqla görə bilərik.
Şübhəsiz, bu nəzəriyyələrin müəllifləri
və dünyanı idarə edən güc mərkəzləri
dinin siyasi vasitə, manipulyasiya vasitəsi, idarəetmə
vasitəsi, xaos vasitəsi olduğunu bildikləri
üçün məhz bu prosesdə dindən xüsusi
mexanizm, rıçaq kimi istifadə edirlər.
Qlobal dövlət nəzəriyyəsi beynəlxalq
münasibətlərdə milli dövlətlərin səlahiyyətlərini
və hegemonluğunu məhdudlaşdırmağa xidmət edən
nəzəriyyədir. Bu nəzəriyyə gələcək
perspektivdə milli dövlətləri beynəlxalq münasibətlərin
aktoru kimi sistemdən kənarlaşdırmağa hesablanıb.
Nəticə etibarilə, gələcəkdə
qurula biləcək qlobal dövlət adlandırılan
dünya dövləti piramidasında milli dövlətlərin
yeri çox aşağı qatlarda olacaq. Yəni,
qarşıya qoyulan məqsəd milli dövlətləri
qlobal dövlətə xidmət edən asayiş qoruyucusu səviyyəsinə
endirməkdən ibarətdir. Başqa
sözlə, qlobal dövlət iyerarxiyasının daxili
strukturunda milli dövlətlər ən alt qatlarında yer
tutacaq bir qurum kimi nəzərdən keçirilir. Bunun təsdiqi
olaraq, deyə bilərik ki, hələ XX əsrin ikinci
yarısında əsasən anqlosakson ölkələrində
yaradılan "qlobal seçkilər" və "dünya
federasiyası", "dünya parlamenti" kimi eksperiment
layihələr, "Yer kürəsi konstitusiyası" və
digər bu kimi qurumlar da məhz "Qlobal dövlət"
yaratmaq planının ilkin modelinin qurulmasına xidmət edən
təcrübi vasitələr idi. Bəs qlobal
dövləti qurmaq üçün bu gün hegemon, imperialist
mərkəzlər milli dövlətlərin səlahiyyətlərini
necə məhdudlaşdırmaq istəyirlər? Bunu iki vasitə ilə edirlər. Birincisi,
qlobal dövlətə xidmət edən netokratiya nəzəriyyəsi
vasitəsilə...”.
Əli
Ardı var...
Xalq Cəbhəsi.- 2016.- 8 sentyabr.-
S.9.