Absu və Xəzər dənizinin eyniliyini
təsdiqləyən faktlar
Şumer və türk folklorunda dastanlar mühüm yer
tutur. Bir çox xalqlar dastan
yaradıcılığına gec başlayıblar. Şumerlərin və türklərin
yaratdıqları dastanlar isə onların şifahi
yaradıcılığının ən erkən
çağlarına təsadüf edir. Bu
tarixin belə qədimliyi hazırda çox böyük elmi əhəmiyyətə
malikdir. Şumer və türk dastanlarını ideya və
məzmununa görə əsasən iki qrupa bölmək olar:
Törəyiş dastanları; Qəhrəmanlıq
dastanları. Türk folklorunda məhəbbət dastanları
zəngin bir xəzinə təşkil etsə də, Şumer folklorunda olmadığına görə,
bu bölgüdə onlar nəzərə alınmayıb.
Şumer və türk törəyiş dastanları
mifoloji süjet və obrazlarla xeyli zəngindir. Bunlar tarixin
çox qədim dövrlərinin motivlərini özündə
qoruyub saxlayan və gətirib günümüzə
çıxaran dəyərli epik mətnlərdir. Şumer və türk qəhrəmanlıq
dastanları törəyiş dastanlarına nisbətən
mifoloji süjet, obraz və motivlərlə çox da zəngin
olmayıb, tarixi gerçəkliklərlə daha yaxından səsləşir.
Şumer dastanları ilə müqayisəli təhlillər əsasında
türk dastançılıq ənənəsinin tarixi inkişaf
mərhələlərini aşağıdakı dövrlər
üzrə qruplaşdırmaq olar: Şumerdən “Dədə
Qorqud”a qədərki dövr; “Dədə Qorqud”dan
“Koroğlu”ya qədərki dövr; “Koroğlu”dan sonrakı
dövr. “Koroğlu”dan sonrakı dövrü də iki yerə
bölmək mümkündür: “Koroğlu”dan sonra məhəbbət
dastanlarının yaranması; “Koroğlu”dan sonra
qaçaqçılıq hərəkatı ilə
bağlı qəhrəmanlıq dastanlarının
yaranması. Şumerdən “Dədə Qorqud”a qədərki
dövrü müəyyənləşdirmək çox
çətindir. Çünki “Dədə Qorqud”un
yaranma tarixi çox qədimdir və onun düzgün, dəqiq
müəyyənləşdirilməsi üçün hələ
çoxlu araşdırmalar aparmağa ehtiyac var. Ən qədim
türk dastanları olan “Alp Ər Tonqa”, “Törəyiş”,
“Şu”, “Ərgənəkon”, “Bozqurd”, həmçinin Orta
Asiya, Volqaboyu və Sibir türklərinin dastanlarının
böyük əksəriyyəti “Dədə Qorqud”dan “Koroğlu”ya
qədərki dövrdə yaranıb.
Bu dövrdə Azərbaycanda dastan
yaradıcılığı nisbətən zəifləyib. “Koroğlu”dan
sonra Azərbaycan folklorunda dastan yaradıcılığı
yenidən güclənib, bir-birindən gözəl çoxlu
məhəbbət dastanları düzülüb-qoşulub.
Sonuncu mərhələ Azərbaycanda
qaçaqçılıq hərəkatı ilə
bağlıdır. Bu dövrdə bir
neçə qəhrəmanlıq dastanı yaransa da, onlar
vaxtından əvvəl yazıya alınmış, mükəmməlləşmə,
bitkinləşmə mərhələlərini keçməyib.
Beləliklə, türk dastançılıq ənənəsinin
çox qədim tarixi var. Bu ənənə əslində Şumer dövründən başlanıb
dövrümüzə qədər davam edib. İnsan
dünyaya göz açdığı ilk gündən bəri
iki sualın cavabı onu daim düşündürüb:
Dünya necə yaranıb? İnsan necə
yaranıb?
Həm də insanları bu sualların ikisi də eyni
vaxtda düşündürüb. Heç cür ola
bilməzdi ki, dünyanın necə yarandığını
bilmək istəyənlər insanın necə yaranması ilə
maraqlanmasınlar. Yaxud əksinə. Qədim insanlar da yaxşı başa
düşürdülər ki, dünyanı və insanı
bir-birindən ayrı təsəvvür etmək olmaz. Dünya formadır, insan məzmundur. Əgər dünya varsa, insan yoxdursa, bu məzmunsuz
formadır. Yox, əgər dünya
yoxdursa, deməli, forma yoxdur və artıq məzmundan söhbət
gedə bilməz. Məzmunu forma
yaradır, forma məzmundan doğur. Deməli,
insanın yaradılmasını dünyanın
varlığı özü zəruriləşdirib. Dünya-insan modelində forma-məzmun vəhdəti
təmin edilib. Ona görə də Şumer
və türk törəyiş dastanlarında əvvəlcə
dünya, sonra insan yaradılır. Bu da
yuxarıdakı məntiqə tamamilə uyğundur.
Dünyanın və insanın yaranması bütün
xalqların əfsanə və miflərində öz əksini
tapıb. Hər bir xalq dünyanın və insanın necə
yarandığı barədə düşünmüş, bu
məsələləri öz bədii təfəkkürünün
süzgəcindən keçirib ədəbi-mifoloji mətnlərdə
qəlibləşdirib, yaddaşlarda yaşada-yaşada nəsildən-nəsilə
ötürüb. Maraqlıdır ki,
dünyanın və insanın yaranması haqqında ən
uzaq xalqların belə kosmoqonik düşüncələri
bir-birinə çox yaxındır. Bu da həmin
düşüncələrin eyni qaynaqdan gəldiyini göstərir.
İnsandan öncə tanrı dünyanı -
yeri, göyü yaratdı. Dənizləri,
gölləri, çayları, dağları, dərələri
yerbəyer elədi. Gecəni-gündüzü
nizama saldı, ayları, illəri düzüb qoşdu, illəri
fəsillərə, fəsilləri aylara, ayları həftələrə
böldü.
Məkan
da olmayanda,
Zaman da olmayanda.
Nə
yer, nə quru, nə su,
Cahan da olmayanda.
Bu, kainatın xaos dövrüdür. Heç bir
nizam-intizam, qayda-qanun, simmetriya yoxdur. Kainatda
heç bir şey öz yerində deyil. Planetlər
arasında bugünkü rabitə, qanunauyğun hərəkət
olmayıb. Əslində, xaos yoxluq,
boşluq deməkdir. Yoxluqda, boşluqda hər hansı
bir nizam, qayda, qanunauyğunluq ola bilməz.
Nail Qurbanov kosmosu xeyirlə, xaosu şərlə eyniləşdirir.
Bunları işıq və qaranlıqla eyniləşdirənlər
də var. R.Əliyev yazır ki, “xaosun iki daxili məntiqi var:
dağıtmaq; yaratmaq”. Bizə elə gəlir
ki, dağıtmaq xaosun, yaratmaq kosmosun daxili məntiqinə
daha uyğundur. Xaos bu gün də dilimizdə
qarmaqarışıqlıq, nizamsızlıq anlamlarında
işlənir. Seyfəddin Rzasoy “Dədə
Qorqud”dakı “yalançı dünya” ifadəsinə söykənərək
yazır ki, oğuzlar xaosu “yalançı dünya”
adlandırırdılar. “Yalançı dünya” ifadəsinə
“Basat Təpəgözü öldürdüyü boy”da rast gəlirik:
“Yalançı dünya üzündə bir ər qopdu. Yaylımında Oğuz elin qondurmadı. Qara polad üz qılıclar kəsən dilini kəsdirmədi.
Qarğu cida oynadanlar ildirəmədi. Qayın oxu atanlar kar qılmadı”. Muxtar
Kazımoğlu buradakı “yalançı” təyininə
maraqlı bir açıqlama verib ki, “əgər Təpəgözü
evə gətirən Alp Aruzun niyyəti baş tutsaydı, onda
Təpəgöz həqiqi oğul, həqiqi qardaş, həqiqi
igid olacaqdı. Təpəgözün
çıxdığı məkanın eposda
“yalançı dünya” adlandırılması Təpəgözün
“yalançı oğul”, “yalançı qardaş”,
“yalançı igid” olması ilə daha çox
bağlıdır”. Əgər Təpəgöz
yalançı dünyanı təmsil edirsə, onunla
bağlı nə varsa, hamısı yalandır.
Eposda “yalançı dünya” ifadəsini iki oğlundan
birini Təpəgözə vermiş, ikincisinin də
novatı çatmış qarıcıq dilinə gətirir. Ola bilsin ki,
qarı yalançı dünya deyəndə Təpəgözün
mağarasını nəzərdə tutub. Axı Basat
Kosmosu, yəni Oğuz elini, Təpəgöz isə
Mağaranı, yəni Yalançı dünyanı təmsil
edirlər. Bu motivin Şumer qaynaqlarında
çox gözəl paralelləri var. Şumer mətnlərindəki
Enki-Absu qarşıdurmasını da kosmosla xaosun
qarşıdurması kimi qəbul etmək olar. Deməli, Şumer kosmos-xaos qarşıdurması
olduğu kimi Oğuz dünyasında yenidən təcəssüm
edib.
Dünyanın
yaranması haqqında Şumer mətnlərinə
görə, xaosun iki mərhələsi olub: Bütün
kainatın dünya okeanı ilə dolu olduğu dövr; An və
Kidən ibarət Tanrı cütlüyünün birləşdiyi,
hələ ayrılmadığı dövr. Şumer mətnlərində
Absu dənizinin adına tez-tez rast gəlinir.
Absu haqqındakı mətnlərə görə, dünya
başlanğıcda yalnız sudan ibarət
olub. Bu su dünya okeanı
adlandırılır və Absu ilə eyniləşdirilir.
Dünyanın yaranması haqqındakı mətnlərdə
yerlə göy bir-birindən ayrılarkan Absu dənizinin
Göydən yerə endirildiyi göstərilir. Şumerin müdriklik Tanrısı Enkinin evi Absu dənizində
olub. İlk insanlar bu dənizin kənarında
doğulub. Ümumiyyətlə, Şumer
mətnlərində Absu dənizi haqqında çox zəngin
bilgilər mövcuddur. “Bilqamıs və ölməzlər
dağı” dastanından aydın görünür ki, ölməz
insanların yaşadıqları ölkə də Absu dənizinin
yaxınlığındadır. Absu
sözünün mənası “səma dənizi”, “göy dənizi”
(ab-səma, göy; su- dəniz) deməkdir. “Ab” şumer
dilində “göy”, “səma” mənaları bildirib, hazırda
türk dilində mavi rəngin “abı” çalarının
adında saxlanıb.
Alman alimi Erix Seren Xəzər dənizi haqqında çox maraqlı bir bilgi verib. Onun fikrincə, Xəzər dənizinin ilk adı “səma dənizi”, “göy dənizi” olub. Burada onun fikrini olduğu kimi verirəm: “Âòîðîå äåðåâî, ìåñòîíàõîæäåíèåì êîòîðîãî òàêæå áûëî Êàñïèéñêîå ìîðå (ïåðâîíà÷àëüíî ýòî, íåñîìíåííî, áûëî «Íåáåñíîå ìîðå»), íàçûâàëîñü Õàîìà Ãîêîðä (èëè Òàî êåðåíà)”. Rus folklorçusu A.N.Afanasyev bu dənizi “hava okeanı” adlandırıb, onun “göy dəniz” olduğunu söyləyib, burdakı “göy” sözünü rəng anlamında başa düşüb. Ancaq o, doğru olaraq həmin dənizin ortasındakı ağacı Tanrı ilə eyniləşdirib, onun Şərqdə yerləşdiyini yazıb. Bu dəniz də yenə Xəzər dənizinə, onun ortasındakı ağac isə Şumerin “Dirilik ağacı”na və Dədə Qorqudun “Qaba ağacı”na uyğun gəlir. “Absu-səma, göy dənizi” və “Xəzər-səma, göy dənizi” paralelləri onların hər ikisinin eyni dəniz olduğunu göstərir və bu eynilik bir çox qaranlıq məsələləri aydınlaşdırmaq baxımından böyük əhəmiyyət kəsb edir.
Absu və Xəzər dənizinin eyniliyini təsdiqləyən əlavə faktlar da mövcuddur. Birincisi, Xəzər dənizinin adları sırasında Absuqun/Absiqun/Abasqun yazılış-larına rast gəlinir. Xəzərin qədim adlarından birinin Abisgün olduğunu Mahmud Kaşğari “Divan”ında görürük: “Bu gün uzunluğu beş min fərsəx, eni üç min fərsəx, cəmisi səkkiz min fərsəx olan türk ölkəsinin sərhədlərinin ucları Abisgün (Xəzər) dənizində birləşərək Rum diyarından və Özçənddən Çinə qədər uzanır”. Bu adların hamısının kökündə “Absu” sözünün olduğu aydın görünür. İkincisi, Absu adı sonralar türk coğrafiyasında Göysu hidronimi şəklində geniş yayılıb. Göyçayın adı əvvəllər Göysu olub. “Göysu” adı hələ çay sözünün yaranmadığı, onun da su sözü ilə ifadə edildiyi dövrdən qalıb. “Göygöl”, “Göyçə gölü” adlarındakı “göy” morfemi rəng yox, məhz “səma” anlamındadır. Digər türk coğrafiyalarında həm “ab”, həm də “göy” kökündən yaranmış çoxlu hidronimlər, hətta “Göysu” hidronimləri var. Abşeron toponiminin kökündə Absu hidroniminin durduğu aydın görünür.
“Ab” və “Absu” kökündən yaranmış bütün toponimlərin tarixi Şumer dövrünə, hətta ondan da əvvəllərə gedib çıxır. Şumer mətnlərinə görə, ölməz insanlar Absu dənizinin, türk epik mətnlərinə görə isə Xəzər dənizinin yaxınlığında yaşayırlar. Şumer mətnlərində ölməz insanların yaşadığı ölkənin yiyəsi Günəş Tanrısı Utudur. Türk mətnlərinə görə, Günəş kultu türklər arasında geniş yayılıb. Bir türk tayfası günəş adlanır. Türk epik qəhrəmanları özlərini Günəşin oğlanları hesab edirdilər. Şumer epik qəhrəmanları dara düşəndə Günəşə üz tutur, ondan kömək istəyirdilər. Bilqamısa ölməzlər dağına gedərkən Günəş Tanrısı Utu kömək etmişdir. Luqalbanda xəstələnib ölüm ayağında olarkan Utuya dua edib, yalnız Utunun köməyi sayəsində sağalıb Uruka qayıdıb. Türk epik qəhrəmanları eynilə dara düşəndə Günəşi çağırırlar. “Anadolu” sözünün mənası “Günəş doğan”, “Şərq ölkəsi”, “Günəşi sevənlərin ölkəsi” deməkdir.
Azərbaycana çox zaman “Gündoğan”, “Günəşli diyar”, “Odlar yurdu”, “Odlar ölkəsi” deyirlər. Dilimizdəki “od oğlu” ifadəsi də “Günəşin oğlu” deməkdir. Deyilənlər Absu və Xəzər dənizinin eyniliyini təsdiqləmək üçün kifayətdir. Onda tərəddüdsüz Şumer mətnlərində Absu haqqında deyilən fikirlərin hamısı Xəzər dənizinə aid edilə bilər: Başlanğıcda dünya sudan ibarət olub və dünya okeanı adlanıb. Bu okean Xəzər dənizidir; Dünya yaranarkan ilk dəfə Yerlə Göy bir-birindən ayrılıb, Xəzər dənizi Göydən Yerə endirilib; Şumerin müdriklik Tanrısı Enkinin evi Xəzər dənizində olub; İlk insanlar Xəzər dənizinin sahilində doğulub; Qobustan yer üzündə insan əlilə yaradılmış ilk mədəniyyət ocağıdır. Absu və Xəzərin eyni dəniz olması, Xəzər dənizinin başlanğıcda Absu adlanması göstərir ki, dünyanın da, ilk insanın da yaranması Xəzər dənizilə bağlıdır. Şumer mətnlərində bu barədə yetərincə bilgilər var.
İslam Sadıq
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2016.- 9 sentyabr.-
S.14.