“Missionerlik fəaliyyəti ilə məşğul
olan mərkəzlərin böyük əksəriyyəti dini
radikal vasitə kimi nəzərdən keçirirlər”
Hikmət Babaoğlu: “Biz burada din
vasitəsilə manipulyasiyanın ən bariz nümunəsini
görürük”
Əvvəli
ötən sayımızda
“...Adından
bəlli olduğu kimi, netokratiya "şəbəkə
hakimiyyəti" deməkdir və bu gün transmilli media,
internet mediası, digər sosial resurslar, "Facebook",
"Twitter" və s. qlobal dövlətə, onun məqsədlərinə
xidmət edən bir vasitə kimi yaradılıb. Doğrudur, bütün bu vasitələri biz sadəcə
qlobal dövlətə xidmət edən bir mexanizm kimi səciyyələndirə
bilmərik. Onların ictimai, mədəni,
informasiya elmi-kommunikativ rolu danılmazdır. Lakin əsas qayə informasiyaya institusional forma verməklə
ondan idarəetmə mexanizmi kimi istifadə etməkdir ki, bunu
da netokratiya nəzəriyyəsini yaradanlar və həyata
keçirənlər çox yaxşı bacarırlar”.
Bu fikirləri millət vəkili, "Yeni Azərbaycan"
qəzetinin baş redaktoru Hikmət Babaoğlu qeyd edib. O
əlavə edib ki, beləliklə, yuxarıda dediyimiz vasitələrlə
hər bir milli dövlətin içərisində yeni keyfiyyətdə
insan formalaşdırılır: “Bu insanlar artıq şəxsiyyətin
formalaşması prosesində daha çox qlobal medianın,
sosial medianın təsiri altında yetişirlər. Yəni, ənənəvi olaraq cəmiyyətin
özünün adət-ənənələri, milli mentaliteti,
ailə tərbiyəsi, cəmiyyətdaxili münasibətlərindən
deyil, mediadan aldığı informasiya vasitəsilə
formalaşır. Bu təsiri biz şərti
olaraq "infogen təsir" adlandırırıq, yəni,
yeni insan klassik sosiogen, biogen təsirlərdən daha çox
infogen təsir vasitəsilə formalaşır. Bu yeni keyfiyyətdə formalaşan insan isə
"homoinformatikus" adlandırılır. Homoinformatikuslar sadəcə olaraq, informasiya ilə
idarə olunan varlıqlardır, onların
davranışlarında və qərarlarında əql, idrak,
məntiqi düşüncə iştirak etmir. Məhz din
də bu prosesdə bir vasitədir. Yəni, bu
insanları, informasiya ilə yetişmiş
homoinformatikusları netokratiya hakimiyyəti bir şəkildə
milli dövlətə qarşı yönləndirməklə
milli hakimiyyətə qarşı, yəni, milli siyasi iradəyə
qarşı bir vasitə kimi istifadə edir. Başqa bir tərəfdən, dini missionerlər cəmiyyəti
dini icmalara bölərək, qütbləşdirərək,
barışmaz, ziddiyyətli sferalara, radikal, marginal qruplara
ayıraraq onlardan vaxtaşırı milli dövlətə və
milli iradəyə qarşı təzyiq vasitəsi kimi istifadə
edirlər. Ən son istifadə olunan metod
isə belə insanları hakimiyyət strukturlarına yerləşdirmək
və onlardan şəbəkə yaratmaq metodudur. Bu, milli dövlətin daxildən işğal edilməsidir.
Çünki belə şəbəkələr
millətə deyil, idarə olunduqları mərkəzlərə
xidmət edirlər”.
Millət
vəkilinin fikrincə, nəticə etibarilə, dövləti
idarə edəcək və milli iradəni müdafiə edəcək
hakim elita, yaxud siyasi hakimiyyət bu təzyiqlər altında
qlobal dövləti quran mərkəzlərə xidmət etmək
məcburiyyətində qalır: “Beləliklə də,
missionerlərin formalaşdırdığı, əslində,
dinlə, İslamla heç bir əlaqəsi olmayan müxtəlif
dini icmalar milli hakimiyyətə təzyiq vasitəsinə
çevrilirlər. Qlobal dövlət ilkin mərhələdə
milli dövlətdən istədiklərini almaq
üçün öz vətəndaşları içərisində
yaratdığı bu qruplar vasitəsilə təzyiq edir və
istədiyinə nail olur. Bu isə milli dövlətin
və milli maraqların ilkin mərhələdə ciddi şəkildə
məhdudlaşdırılması deməkdir. Sonrakı mərhələdə isə bu idarə
olunan xaos, yəni, ayrı-ayrı missioner mərkəzlər,
informasiya mərkəzləri tərəfindən idarə
olunan insanlar getdikcə alətə çevrilir və istənilən
vaxt, istənilən cəmiyyətdə dini, ideoloji müstəvidə,
informasiya müstəvisində və dövlət-vətəndaş
münasibətlərində qarşıdurma yaratmaq
üçün istifadə olunur.
Bu azmış kimi, bir də müxtəlif ideyalar,
informasiyalar, yaxud dini cərəyanlar əsasında
formalaşdırılmış, amma eyni mərkəzdən
idarə olunan həmin qruplar həm də bir-biri ilə
qarşıdurmaya cəlb edilir. Beləliklə, biz
idarə olunan xaos nəzəriyyəsinin nə qədər
praktik və effektli bir nəzəriyyə olduğunu aydın
görürük. Biz artıq qlobalistlərin, qlobal
dövlətin laboratoriyasına çevrilmiş
ayrı-ayrı ölkələrdə, Yaxın Şərqin
və Şimali Afrikanın bəzi ölkələrində bu
durumu müşahidə etdik, gördük ki, milli dövlət,
bütöv bir cəmiyyət, netokratiyanın və idarə
olunan xaosun laboratoriyasına necə çevrilir”.
H.Babaoğlu
qeyd edib ki, Azərbaycanda da buna cəhd edənlər var: “Lakin
hələlik Azərbaycan cəmiyyətinin və dövlətinin
buna müqaviməti effektivdir. Çünki Azərbaycan
cəmiyyəti intellektualdır və yeni əsaslarda formalaşıb,
eyni zamanda, Azərbaycanda hakimiyyətlə xalq arasında
ümumi ictimai etimad mühiti mövcuddur. İndiki
hakimiyyət Azərbaycan Respublikası Prezidentinin də qeyd
etdiyi kimi, xalqa xidmət etmək üçün
yaradılmış bir hakimiyyətdir və Prezident İlham
Əliyev bəyan edib ki, "Xalqın birinci xidmətçisi
mənəm". Məhz bu yanaşma, Azərbaycan
hakim elitasının zirvəsindən səslənən bu
fikirlər Azərbaycanda qlobalistlərin, neoimperialistlərin,
infoimperialistlərin məqsədlərinin qarşısına
sədd çəkir. Ancaq bununla bərabər,
Azərbaycanın milli mətbuatı bu prosesdə üzərinə
düşən tarixi missiyanı və vəzifəni dərk
edərək funksional vahid kimi bu mübarizədə dövləti
və milli maraqları müdafiə edən bir instituta
çevrilməlidir. Azərbaycan mətbuatında bu
proses gedir və əminik ki, milli mətbuatımız bu məsələdə
öz tarixi missiyasını yerinə yetirəcək.
Məhz bu məqamda medianın rolu,
funksionallığı və effektiv işləmə məsələsi
aktuallaşır. Çünki qlobal dövlət nəzəriyyəsinə
paralel olaraq beynəlxalq münasibətlər nəzəriyyələrində
mövcud olan netokratiya - şəbəkə hakimiyyəti nəzəriyyəsini
qeyd edə bilərik. Şəbəkə
isə artıq birbaşa olaraq mediadır. Belə olan halda, biz medianın dünyada və
ölkədə baş verən proseslərdə nə qədər
mühüm rol oynadığı gerçəkliyilə
üzləşirik. Ona görə də,
hər bir ölkənin milli mətbuatı və milli
mediası milli maraqlara xidmət etməzsə, deməli, nəticə
etibarilə milli dövlətin zəifləməsinə və
milli siyasi iradəni idarə etmədə və millətin gələcəyinin
təmin olunmasında iştirakının məhdudlaşmasına
səbəb olur. Bu gün əgər biz
medianın vəzifələrini məhz dini-missionerlik
kontekstində nəzərdən keçiririksə, əlbəttə
ki, mütləq istər elektron media, istərsə də
yazılı medianın hansı məsuliyyəti
daşıdığını nəzərə
almalıyıq”.
Onun
fikrincə, cəmiyyət, din və media
üçbucağını təhlil edərkən bu məsələnin
nə qədər aktual olduğunu görürük: “Məsələ
ondadır ki, din həmişə siyasi vasitə, manipulyasiya
vasitəsi, eyni zamanda, bəzi hallarda dağıdıcı
vasitə, bəzən isə birləşdirici vasitə kimi
istifadə olunub. Missionerlik fəaliyyəti ilə
məşğul olan mərkəzlərin böyük əksəriyyəti
milli dövlətə və milli iradəyə qarşı
olduğu üçün bu prosesdə dini birləşdirici
vasitə kimi yox, dağıdıcı, qütbləşdirici,
radikal vasitə kimi nəzərdən keçirirlər.
Azərbaycan müstəqillik əldə etdikdən sonra
ölkəmizə çoxsaylı dini missionerlər daxil
olmağa başladı. Onların bir qismi leqal, digər qismi isə
qeyri-leqal fəaliyyət göstərir. Bu
prosesdə isə ən qorxulu məsələ məhz Azərbaycandan
xaricdə olan, bəzi hallarda radikal islamçı, bəzən
isə islamofob dairələrə xidmət edən missionerlərin
fəaliyyətini müşahidə etməkdəyik. İlk baxışdan İslama xidmət edən,
yaxud İslam ölkələrindən gəldiyi güman edilən
ayrı-ayrı missionerlərin fəaliyyətinin alt
qatlarında da islamofob dairələrə və mərkəzlərə
xidmət edən məqsədləri müşahidə edirik.
Bəlli olur ki, tutaq ki, hər hansı müsəlman ölkəsindən
gələn, missioner fəaliyyəti ilə məşğul
olan qrup və cərəyan ilkin mərhələdə
İslamı, dini, yaxud dünyəvi maariflənməni təbliğ
edən bir cərəyan kimi görünsə də, onun alt
qatlarında kodlaşdırılmış antiislam və
antimilli ideoloji fəaliyyət gizlənir. Biz
burada din vasitəsilə manipulyasiyanın ən bariz nümunəsini
görürük. Ona görə də, Azərbaycan
mətbuatı bu məsələlərə daim diqqət
yetirməli, cəmiyyətin birliyinin, bərabərliyinin, eyni
zamanda, milli maraqlarının qorunması üçün bu
istiqamətdə öz fəaliyyətini daha da genişləndirməlidir.
Bunun üçün biz hesab edirik ki, aşağıdakı
təklifləri nəzərdən keçirmək faydalı
olardı:
1) Media
kütləvi təbliğat vasitəsi olduğu
üçün media vasitəsilə dinin kütləvi təbliğinə
diqqətin ayrılması;
2) Dini
biliklərə və dini informasiyalara malik olan mənbələrin
media üçün açıq və əlçatan
olması;
3)
Kütləvi İnformasiya Vasitələrinə Dövlət
Dəstəyi Fondunun layihələri içərisində
dini maariflənmə ilə bağlı xüsusi layihələrin
həyata keçirilməsi;
4) Azərbaycanda
fəaliyyət göstərən leqal, yəni, Dini
İşlər üzrə Dövlət Komitəsində
qeydiyyatdan keçmiş sekta və cərəyanlar
arasında mətbuat vasitəsilə daimi əlaqənin
yaradılması və onların fəaliyyətinin mütəmadi
olaraq işıqlandırılması və qəbul etdikləri
nizamnaməyə uyğun olaraq fəaliyyətlərinə
media vasitəsilə ictimai nəzarətin təşkil
olunması.
5)
Bütövlükdə, dini maarifləndirmə işinin daimi
proses kimi həyata keçirilməsi.
Hesab edirik ki, bu gün Azərbaycanda leqal, yaxud qeyri-leqal
dini sektaların fəaliyyəti ölkənin müvafiq icra
strukturlarının və hüquq-mühafizə
orqanlarının nəzarəti altındadır. Milli media da bu
prosesdə üzərinə düşən məsuliyyəti
və vəzifənin layiqincə yerinə yetirməlidir.
Əgər hər üç mediaya elektron, internet və
çap mediasına nəzər salsaq görərik ki, Azərbaycanda
ən az işıqlandırılan
mövzulardan biri din mövzusudur. Üstəlik,
bu mövzular işıqlandırılarkən keyfiyyətsiz,
mahiyyət təhrif olunaraq işıqlandırılır.
Əksər hallarda dini və onun cəmiyyətdəki yerini
özü belə dərk etməyən ayrı-ayrı adamlar
cəmiyyətə ekspert, ilahiyyatçı və ya din xadimi
kimi təqdim olunur. Onların fikri dini
şüuru obyektiv əsaslarda formalaşdırmaq əvəzinə,
onu daha da korlayır. Buna görə də,
belə bir təklif də irəli sürürük ki,
müvafiq dini qurumlarla Azərbaycanda dini mövzularda yazan
jurnalistlərin vaxtaşırı seminarları təşkil
edilsin. Əgər belə olarsa, Azərbaycanda
din, cəmiyyət və dövlət
üçbucağında cərəyan edən hadisələr
milli və dövlət maraqlarımızın xeyrinə olar.
Missionerlərin fəaliyyətinə isə
mütləq media vasitəsilə ictimai nəzarət həyata
keçirilməlidir”.
Əli
Xalq Cəbhəsi.- 2016.- 9 sentyabr.-
S.9.