Şumer inanclarında
Azərbaycan ruhuna doğma soraqlar
Türk
“Yaradılış” dastanı belə başlayır: “Daha
heç bir şey yoxkən “Tanrı Qara Xan”la “su” vardı. Qara xandan başqa görən, sudan başqa
görünən yoxdu”. Bu parça
artıq Absu/Xəzər dənizinin göydən
ayrıldığı dövrə uyğun gəlir. Lakin hələ dünya yaranmayıb. Qara Xan təklikdən sıxılır. Bu zaman dəniz dalğalanır. Dalğalar
arasından Ağ Ana çıxır və Qara Xana “yarat”
deyib yenidən suya girir. Şumer mətnlərində
Nammu sudan çıxıb oğlu Enkiyə
“insanı yarat” deyir. Burada Tanrı Qara xan- Enki və
Ağ Ana- Nammu eyniliyi qarşımıza çıxır.
Bundan sonra Qara Xan bir “kişi” yaradır. Kişinin kimliyi açılmır. Qara Xanla kişi suyun üstüylə uçurlar. Kişi Qara Xandan yuxarıda uçmaq istəyir, onu
sezən Qara Xan kişinin uçmaq qabiliyyətini əlindən
alır. İlk insanın sudan
yaranması bu dastanda öz ifadəsini tapıb. Lakin hələ
o kişi də, onun hansı sudan və necə
yaranması da sirr olaraq qalır.
Burada Şumer mətnlərilə yaxından səsləşən
və maraq doğuran ciddi mət-ləblərin üstünə
işıq salmaq üçün yaxşı ipucu verilib. Şumer mətnlərində tanrıların
uçduqları tez-tez vurğulanır. Onlar
əksər hallarda qanadlı təsvir olunurlar. Qanad Göyə bağlılığın, səma
mənşəli olmağın rəmzidir. Tanrı Qara
xan və onun yaratdığı kişi də
dənizin üstüylə uçurlar. Görünür,
türk “Yaradılış” dastanını
düzüb-qoşan və onu yaddaşlarda yaşadan insanlar
çox qədim zamanlarda tanrıların və onların
yaratdıqları ilk insanların uçduqlarına həqiqətən
inanıblar. Nağıllarımızdakı
“uçan xalça” da uçmağın sonrakı təsəvvüründən
başqa bir şey deyil. Bir
qırğız əfsanəsinə görə, Taztağ
(Keçəl dağ) dağında qəhrəman Aydagül
yaşayırmış. O, yerimir, uçurmuş. Tarixin müəyyən dövründə insanlarda
sözün həqiqi anlamında uçmağın
mümkünlüyünə şübhə yaranıb və
“uçan xalça” obrazı uydurulub. Tanrıların və
insanların uçmasının Şumer
mətnlərindəki və türk “Yaradılış”
dastanındakı təsviri eyni etnik düşüncənin məhsulu
sayıla bilər.
Qara Xan dünyanı yaratmaq istəyir. Kişiyə
deyir ki, dənizin dibinə enib ordan torpaq çıxarsın.
Kişi suyun dibinə enib torpaq çıxararkən
gizlincə özü üçün də ağzında
torpaq gətirir. Kişi ovcunda gətirdiyi
torpağı suyun üzünə səpir, Qara Xan torpağa böyü
deyir. Torpaq böyüyür və
dünya yaranır. Qara Xanın “böyü”
buyruğundan sonra kişinin ağzında gizlətdiyi torpaq da
böyüməyə başlayır və az
qalır kişini boğub öldürsün. Qara Xan işi
başa düşüb ona “tüpür” deyir, kişi
tüpürür və bayaqdan dümdüz olan dünyada
dağlar, dərələr, təpələr, uçurumlar,
yarğanlar əmələ gəlir. XX
yüzilliyin ilk illərində Q.K.Zavaritskiy Saratovdan bir mif
yazıya alıb. Onun məzmunu türk
“Yaradılış” dastanından qətiyyən fərqlənmir.
Ona görə də Q.K.Zavaritskinin onu türklərdən
yazıya aldığına şübhə yoxdur. Orada da Tanrı suyun üstündə gəzir.
Təklikdən darıxır. Tüpürür və “bir canlı varlıq yarat”
deyir. Bu tüpürcəkdən bir nəhəng
yaranır. Tanrı ona tapşırır
ki, suyun altından torpaq gətir. O da ağzında torpaq
gizlədir. Az qalır ki, boğulub
ölsün. Tanrı ona tüpür deyir.
Dağlar, dərələr o cür yaranır.
Mürsəl
Həkimovun Qazax rayonunun qocalarından yazıya
aldığı “Dünyanın yaranması” əsatirinin məzmunu
dünyanın yaranması haqqında Şumer
miflərilə yaxından səsləşir: “Yerlə Göy
bir-biri ilə göbəkbitişik imiş”. Bu, Yerlə
Göyün (Şumerdə Anla Kinin) bir-birindən
ayrılmadığı çağlara uyğun gəlir:
“Qapalı dünyanın göbəyi tən ortadan
partlayır. Qapalı dünya iki yerə
bölünür”. Bu da Enlilin Yeri və
Göyü (Anla Kini) bir-birindən ayırıb dünyanı
yaratmasilə üst-üstə düşür. Bu mifdə Göy (An) ata, Yer (Ki) ana, Enlil onların
oğludur. Şumer və türk törəyiş
dastanlarında dünyanın yaranması yalnız xaosdan
kosmosa keçid nəticəsində reallaşıb. Digər
xalqların mifologiyasında rast gəlinən dünyanın
üçlü modelinin də ilkin qaynağı Şumer mətnləri olub. Həmin modelin ilkin
sxemini belə təsvir etmək olar: An (Yuxarı dünya,
Göy); Enlil (Orta dünya, Yerlə Göyün arası); Enki
(Aşağı dünya, Yer). Göründüyü kimi, Şumer və türk törəyiş
dastanlarında dünyanın yaranma modeli tamamilə bir-birinin
eynidir. Avropa alimləri bu həqiqəti dönə-dönə
yazıbar ki, dünyanın yaranması haqqındakı miflərin
və modelin ilkin vətəni İki-çayarası olub.
Yuxarıda deyilənlər şumer və
türk xalqlarının kosmoqonik-mifoloji, epik-poetik
düşüncəsinin eyni olduğunu göstərir.
İndi böyük inamla demək olar ki, bu model ilk dəfə
şumer-türk epik düşüncəsinin məhsulu kimi
yaranmış, sonra şumer-türk qaynağından Bibliyaya
keçib, nəhayət, digər xalqlar, o cümlədən
hind-avropa xalqları tərəfindən mənimsənilib.
Türk “Yaradılış” dastanında Kişinin pis
niyyətləri Qara Xana xoş gəlmir və onu ərlig
(şeytan) eləyib işıqlı dünyadan qovur. Sonra Qara Xan
doqquz budaqlı ağacın hər budağından bir insan
yaradıb. “Yaradılış”
dastanına görə, Tanrı Qara Xan insanı yaradandan sonra
göyün on yeddinci qatına qalxıb dünyanı ordan
idarə edir. Yeddinci qatda Gün ana,
altıncı qatda Ay Ata oturub. Buradan
aydın olur ki, türk kosmoqoniyasında ilk insanı Tanrı
Qara Xan yaradıb. Şumer qaynaqlarında
da ilk insanı tanrıların yaratdığından söhbət
gedir. Hazırda insanın və dünyanın
yaranmasıyla bağlı Şumer dilində
bir neçə mətn tapılmışdır. Onlardan üçü daha qədimdir və ilkin
variant hesab olunur. Hətta onların
üçünün də e.ə.III minillikdə yazıya
alındığı ehtimal edilir. Bu
üç qədim mətndən ikisi ABŞ-ın Filadelfiya
universitetində, biri isə Parisin Luvr muzeyində saxlanır.
Bu qədim
mətnlərin sonrakı mətnlərlə həm oxşar,
həm də fərqli cəhətləri var. Bütün mətnlərdə
insanları yaratmaqda məqsəd eynidir: Tanrılar özləri
ağır işlər görürlər, onların öhdəsindən
gələ bilmirlər, çox əzab-əziyyət çəkirlər.
İnsanı yaradırlar ki, bütün bu
ağır işləri onlara tapşırsınlar.
Qədim
mətnlərdə ağır iş görən mələklər
tanrı Enkiyə müraciət edirlər. O dərin yuxuya
gedib heç kəsi eşitmir. Bu zaman
bütün tanrıların və Enkinin anası Nammu öz
oğlunu oyadıb ondan xahiş edir ki, mələkləri bu
ağır yüklərdən azad etmək üçün
insanları yaratsın. Enki onun
sözünə qulaq asır və insanı yaratmağa
razılıq verir. Tanrıların
anası Nammu və Yerin tanrısı Ninmax insanı
yaratmağa başlayırlar, Enki özü də onlara
kömək edir. Sonrakı mətnlərdən
fərqli olaraq burada insanın yaranmasında Anın, Enlilin,
Mamanın, Nintinin adları çəkilmir.
Başqa bir mətndə isə ilk insanı tanrı
Arurunun yaratdığından söhbət açılır. Bu artıq
Şumerə qədərki dövrə aiddir. Bu mətn sözsüz ki, ən qədim motivləri
qoruyub saxlasa da, sonralar üzü köçürülərkən
güclü şəkildə təhrif olunmuşdur. Bu mətnə görə, guya yeri Xıdır
(Marduk) yaratmışdır. Halbuki
şumerlər dövründə Xıdır (Marduk)
böyük tanrı olmayıb. O yalnız Babil
dövründə böyük ad qazanıb. Mətn
də həmin dövrə uyğunlaşdırılıb.
Ümumiyyətlə, babillilər bütün Şumer
mətnlərini mənimsəyib, onları yenidən işləmişlər.
Şumer tanrılar panteonunu babillilər
olduğu kimi götürüb, tanrıların funksiya və
vəzifələrini saxlamış, yalnız adlarını
dəyişdiriblər. Nəhayət, ən
böyük mətn bir poema şəklində olub, “Atraxasis
haqqında nəğmə” adlanır. Burada
əsas motivlər eyni olsa da, süjet bir qədər
başqadır. Tanrılar dünyanı
yaradandan sonra mələklər ağır işlərə
qatlaşır və əziyyət çəkirlər.
Bu ağır işləri görmək onları heç
cür razı salmır:
Bir vaxt
tanrılar insan
kimi
yaşayırdılar,
Ağır
işlər görərək,
zənbil
daşıyırdılar.
Mələklər
düz iki min beş yüz il bu
ağır işlərə birtəhər dözürlər,
lakin palçıqda, bataqlıqda, tozda, torpaqda işləməkdən
bezirlər. Yavaş-yavaş Enlildən şikayətlənirlər,
onun vəzifəyə düzgün qoyulmadığını
dilə gətirirlər, onu dəyişmək tələbləri
səslənir. Külünglərini
sındırıb, bellərindən tonqal çatıb, zənbillərini
oda atıb Enlilin məbədinin qapısına
yığışırlar. Mələklər
burda əməlli-başlı üsyan qaldırırlar.
Enlil yubanmadan böyük tanrıları
yanına çağırır. An, Enki, Ninurta, Nerqal gəlirlər.
Hətta böyük tanrıların söhbətlərindən
bəlli olur ki, mələklər Enlilin öz
oğlanlarıdı. Enlilin məsləhətçisi
Nusku Enlilə deyir ki, “sən öz oğlanlarından niyə
qorxursan?”
Mələklər bir-birini qardaş sayırdılar. Ağır
işlər görüb bezdikdə mələklərin
ağsaqqalı yoldaşlarına “qardaşlarım” deyə
üz tutmuşdur. Bu məqamları ona
görə xatırladıram ki, onlarda insanın
yaranmasının sirləri gizlənib. Enlil mələkləri
öldürmək istəyir, An da, Enki də
onunla razılaşmırlar. Mələklərə
doğrudan da ağır işlər
tapşırdıqlarını etiraf edirlər. Axı mələklər çox zərif, çox
incə varlıqlardı, onların gördükləri
işlər mələk işi deyil. An
və Enki mələklərin işinin ağır və
dözülməz olduğunu təsdiqləyirlər. İnsanın yaranması fikri ilk dəfə burada
ortaya çıxır. Ata tanrı An
insanın ulu nənəsini yada salır. Deməli,
insanı yaratmaq problemi yoxdur. Onun ulu nənəsi
var, qadın var, ana var. Əsərdə həmin “ulu nənə”,
insanı yaradacaq ana Nintidir. Onu
çağırır və insanı yaratmağı
tapşırırlar. Ninti insanı
yaratmağa razı olur, ancaq onu təkbaşına yox,
“yalnız Enki ilə birlikdə yarada biləcəyini”
vurğualyır. Maraqlıdır ki, Ninti
niyə bir başqa qadını yox, Enkini seçib? Bir mətndə deyilir ki, həyat toxumu Günəş
sisteminə uzaq kosmosdan gətirilib. Həmin
toxum Enki və Nintidir. Ninti
qadındı-anadır Enki kişidi-atadır. Deməli, insan bic deyil, anası da var, atası da.
Doğrudur,
poemanın sonrakı parçalarında insanın gildən-palçıqdan
yaradıldığı vurğulanır, ancaq orda çox
gizli, örtülü saxlanmış bir mətləb də
var. Bu da ondan ibarətdir ki, Ninti tanrılardan birinin
qanını gillə yoğurur və insanın mayası
tanrı qanı ilə gildən qoyulur. Tanrı qanı geni
bildirir: İnsan tanrı qanından, tanrı genindəndi. Bir
çox alimlər gil sözünün
müstəqim anlamını əsas götürdüklərinə
görə, onunla kodlaşdırılmış həqiqəti
aça bilməyiblər. Halbuki “gil” və
“tanrı qanı” poetik kodlardır. Onları başa
düşmək üçün həm bütün Şumer epik mətnləri ilə tanış
olmaq, həm də mətnləri duymaq lazımdır. Bunların hər ikisi eyni dərəcədə
önəmlidir. Gil ana bətnini ifadə
eləyir. Bunu poemanın son
parçalarında aydın görmək olur. Burada gilin bircə sirri var. Onu açmaq
üçün əsərin mətninə diqqət yetirmək
kifayətdir.
Poemanın başlanğıcında mələklər
Enlilə qarşı qiyam qaldırırlar. Mələklər
tanrıların öz övladlarıdır, onlar ağır
işlərə, əzab-əziyyətlərə dözməyib
öz atalarından- Enlildən intiqam almağa qalxırlar.
İndi həmin ağır işlər, əzab-əziyyətlər
boyunduruq kimi insanların boynuna taxılacaq. İnsan
tanrı övladı olduğunu bilsə, o da sabah
qiyama qalxacaq. Bax bu qiyamın baş verməməsi
üçün tanrılar insanın tanrı övladı
olduğunu gizlədiblər. Onların guya
gildən yarandığını uydurublar. Lakin poemada təkcə o gildən yoğrulma səhnəsini
bir kənara qoysaq, insanın elə bu gün bizim bildiyimiz
qaydada ana bətnində mayalanmağından tutmuş
doğuluşuna qədər hər şeyi aydın şəkildə
təsvir edilmişdir. Gildən yoğrulma
ana bətnində mayalanmanın obrazlı, poetik ifadəsindən
başqa bir şey deyil.
İslam Sadıq
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2016.- 10
sentyabr.- S.14.