Arif Əmrahoğlu tənqidində
“Mirzə Fətəli Axundzadənin söz
dünyası”
Mərhum Arif Əmrahoğlunun M.F.Axundzadəyə həsr
etdiyi sonuncu sanballı əsərindən
danışmaq istəyirik. Bəri
başdan deyək ki, “Mirzə Fətəli Axundzadənin
söz dünyası”
monoqrafiyasının araya-ərsəyə
gəlməsinə Arif
Əmrahoğlu hələ
30 il bundan
əvvəl qələmə
aldığı məqalələrindən
başlamışdı. Bu gün az qala
əksər mənəvi
dəyərlərimizin, bədii-fəlsəfi
təfəkkür xadimlərimizin,
o cümlədən M.F.Axundzadə
düşüncəsinin təftişə
daha çox məruz qaldığı
dövrdə Arif Əmrahoğlu Mirzə Fətəlinin XIX əsr feodal-sxolastik Azərbaycanında
görmək istəyində
bulunduğu hər nə varsa, hamısını obyektiv təfəkkür süzgəcindən
keçirməyə çalışaraq
həmin dövrkü
ədəbi-fəlsəfi durumumuzda
“ondan artıq hündürlüyə tullana
bilməmək” yönündən
dəyərləndirməyə müvəffəq ola bilmişdi. Arif haqlı olaraq göstərmişdi ki, Qərbin başlıca məqsədi “dolanacağı
təmin etmək, qarşısıalınmaz bir
axınla Şərqə,
o cümlədən Azərbaycana
“hücuma keçmiş”
Qərb mədəniyyəti
ilə ünsiyyətdə,
təmasda olmaq, Mirzə Şəfinin dediyi “başqa bir peşə”nin sahibi olmaq idi”.
M.F.Axundzadəni əlifba islahatı aparması istəyi maariflənmənin yeganə
yolu olmasa da, hər halda
Qərbə üz tutmağın mühüm
yollarından biri idi. Bir şey də nəzərə alınmalıdır ki, Qərbə üz tutmanın M.F.Axundzadə tərəfindən səsləndirilməsinin
tərəfdarları XIX əsrin
ortalarından Osmanlı
Türkiyəsində də
az deyildi.
Çünki maarifpərvər
Osmanlı hökmdarları,
böyük vəzifə
daşıyıcıları, ədibləri, fəlsəfi-estetik
fikir sahibləri müasirləşməni bir
proqram kimi qavrayıb həyata keçirməyə can atırdılar.
III Səlim (1789-1808), IV Mustafadan
sonra taxt-taca yiyələnən II Mahmud (1808-1839) da həmin yolu
davam etdirməyi üstün tutmuşdu. Abdulməcid
(1823-1861) də bu kursdan, bu yoldan
çəkinməmişdi. Bütün bunların nəticəsində
Türkiyəyə yeni
təfəkkür axını
da gəlməyə başlamışdı. M.F.Axundzadə bütün bu proseslərdən, heç
şubhəsiz ki, xəbərdar idi. Namiq Kamal, Ziya
Paşa və b. bu kimi təfəkkür
sahibləri ölkənin
yeni düşüncə
müstəvisində inkişafına
öz töhvələrini
verirdilər. Türkiyədə
bu məsələ mühüm konsepsiyaya çevrilib Tənzimat dövrünə gətirildiyi
halda, M.F.Axundzadə Azərbaycan mühitində
bu auranı, bu mühiti, bu istiqaməti yaratmağa çalışan
yeganə adam
idi. Kənan Akyüzün təbirincə
desək, türk xalqlarında islamın zamanla ayaqlaşmadan kənarda qalmış məqamları bu dövrdə yeni şəkildə canlandırılmalı
idi. Bu canlanmanı,
yeni təfəkkür
tərzini də Azərbaycanda ortaya gətirən məhz M.F.Axundzadə idi. Çünki əlifba məsələsini
ortaya atarkən M.F.Axundzadənin istəyi
“ümumun xeyri” idi. Böyük mütəfəkkirin özü yazdığı
kimi, “Yoxsa, allaha şükürlər
olsun ki, mənim yaşayış
vasitəm və asayişim başqa yollarla da təmindir.
Bu cür işlərdən
qazanca ehtiyacım yoxdur”. Arif Əmrahoğlu ədibin
bu tipli fikirlərini, məqsəd
və məramlarını
da düzgün qiymətləndirirdi. Elə buna
görə də yazırdı ki, bu “məqsədinin həyata keçməsi üçün o, öz ruhunu xərcləyirdi”.
Arif Əmrahoğlu
yaxşı bilirdi ki, M.F.Axundzadə liberal fikirli Azərbaycan zadəganları Bakıxanov,
Qutqaşınlı, Xasay
bəy Usmiyevlə ünsiyyətdə olarkən
onların düşüncəsinin
məhdudluğunu da duyurdu. Buna görə də o, öz dövründə xalqın
azadlıq mübarizəsi
üçün müstəqil
olaraq yollar axtarırdı. Axundzadə bilirdi
ki, onun öz dövründə işləyib hazırladığı
“Əlifba layihəsi islahatı” vaxt gələcək ki, nəsillər tərəfindən
həyata keçirələcək.
Bu layihənin onun zamanında baş tutmaması konsepsiya uğursuzluğundan
daha çox ictimai-maarifçilik fikrinin,
siyasi-ideoloji mühitin
ona hazır olmamasından irəli gəlirdi. Axundzadə özü yaşadığı
dövrdə maarifçilik,
bədii, ictimai-fəlsəfi
fikir sahəsində yeganə konseptual və modern düşünən
təfəkkür daşıyıcısı
idi. Onun bu öncüllüyünü
sonrakı gedişat və proseslərin özü də sübut edirdi. Axundzadənin belə bir fikirdə bulunması heç də boş yerdən qaynaqlanmırdı. Çünki o, qabaqcıl rus və Qərb ictimai-fəlsəfi fikrinin
nümayəndələri Belinski,
Qoqol, Qriboyedov, Monteskye, Volter və b. əsərlərini
yetərincə mütaliə
edib öyrənmişdi.
Ictimai-siyasi mübarizənin aparılma istiqamətlərini
də yaxşı bilirdi. Ancaq əlverişli zaman
məsələsi həmin
dövrdə hələ
də problem olaraq qalırdı.
XIX əsrin ortalarında “Müsyo Jordan...” komediyasının onun qələmindən çıxması, Azərbaycan gerçəkliyini elə mükəmməl mənzərələrlə əks etdirməsi, həmin dövrə qədər bu janrın kanonlarından xəbərsiz olan ədəbiyyata səriştəli süjet, kompozisiya və bədii aləm bəxş etməsi də o vaxtlar bizim mühitdə inandırıcı, gerçək görünmürdü. Lakin onları da ictimai-fəlsəfi, bədii-estetik fikrimizə M.F.Axundzadə gətirmişdi. Bu, həmin dövr üçün doğrudan da partlayış idi. Lakin eyni zamanda həmin ziddiyyətli dövrlərdə cəmiyyətlə yazıçı-dramaturq arasında anlaşılmazlıqların davam etməsi də qaçılmaz idi. Ölkədə mövcud olan avamlıq, fanatizm, xalqın tərəqqiyə tuşlanan yolunda olduqca mühüm sədd kimi onun təfəkkürünü qandallayırdı. Amma bütün bunlar onu məsləkindən çəkindirə də bilməzdi. O, müxtəlif qüvvələr tərəfindən istər xalqın özünün içində, istərsə də qeyri-yerlərdə (İranda, Türkiyədə) təpkilərə məruz qalsa da, istəyini həyata keçirməkdə israrlıydı. Bütün bunlar nə qədər təbii görünsə də, Axundzadə təfəkkürünün zənginliyi və dərinliyi insanlar tərəfindən onun şarlatanlığı kimi dərk olunurdu.
Axundzadə ərəb əlifbasında hər bir səsin bir neçə şəklinin olduğunu, müxtəlif mövqelərdə müxtəlif qrafik təsvirlərlə verildiyini və bunun çətinliklərini də yaxşı bilirdi. Xalqın təhsilə yiyələnməsində bu əlifbanın yaratdığı sədləri də görürdü. Bax, elə bunlara görə də Axundzadənin hədəfləri qəti şəkildə ortada dayanırdı. Onilliklər keçdi. Nəticədə onun əlifba islahatının sosial-ictimai xarakterli olduğu sübuta yetirildi. Əvvəllər o, yalnız bəzi hərflərin şəklinin sadələşdirilməsi fikrinə meydan versə də, fanatiklər və mürtəce düşüncə sahibləri bunu dinin özünə əlatma kimi qiymətləndirir və hər vəchlə ona qarşı çıxma kimi dəyərləndirirdilər. Axundzadə geriliyin, nadanlığın başlıca səbəblərindən biri kimi əlifba çətinliyini düzgün dərk edirdi. Tiflis kimi mədəni mərkəzdə rus, gürcü və ermənilərlə özümüzü müqayisə edərkən geriliyimiz onun vicdanını rahat buraxmırdı. Təəssüf ki, Axundzadə öz ideyalarının həyata keçirilməsində tək idi. Elə buna görə də tərtib etdiyi layihələrə əlavələr edir, yeniləri üzərində düşünür, öz içində yollar arayırdı. Daxilindəki ziddiyyətlər və çəkişmələr də əbəs yerə yaranmırdı. Axı o, xalqın taleyüklü məsələsi üzərində düşünürdü. Çar hökümətindən öz əlifba layihəsini İrana göndərmək üçün xahiş edəndə o, bu islahatın mahiyyətini açıqlayarkən ərəb əlifbasının öyrənilməsi üçün illər tələb olunduğu halda bunun yeni əlifbanın köməyi ilə bir ayda öhdəsindən gəlməyin mümkünlüyünü də vurğulamışdı.
Axundzadənin ümidləri doğrulmadı. İran belə çağırışa tam etinasızlıq nümayiş etdirdi. Buna görə o, Rusiya missiyasının İstanbuldakı rəhbəri A.Butenevə analoji xahişlə müraciət etdi. Türkiyədə də müsbət münasibətlə qarşılamayan Axundzadə dünya alimlərinə müraciət etməyi gərəkli hesab etdi. Peterburq, Paris, Almaniya, Avstriya alimlərindən heç kim ona bu islahatın həyata keçirilməsində köməkçi olmadı. Nə Qafqaz canişini M.S.Vorontsov, nə çar məmurları onun bu təşəbbüsünə maraq göstərmədilər. Əlacı kəsilib Qafqazşünaslar B.Dorn və Brosse müraciət etdikdə Dorn layihəni dəstəkləsə də, onun həyata keçirilməsində xeyli çətinliklərin ortaya çıxacağını söylədi. Axundzadə bundan həvəslənərək İstanbula yollanıb, orada yüksək şəkildə qarşılansa da, əslində bunun arxasında onun mütərəqqi ideyalarına qarşı bir düşməncilik də dayandığını hiss edirdi. Mütərəqqi fikirli ziyalılar, xüsusən Namiq Kamal və başqaları yazı islahatı aparılmasını müdafiə etsələr də, mürtəce ruhlu ruhanilər Axundzadəni qaralayırdılar.
Arif Əmrahoğlu monoqrafiyasının lap ilk səhifələrindən mifoloji dünyadan danışır. Bu mifoloji aləm birinci halda “Aldanmış kəvakib” povestinin materialına bağlanırsa, ikinci halda müəllif məsələni yeni müstəvidə nəzərdən keçirməyə, daha doğrusu, “Hekayəti-molla İbrahimxəlil kimyagər” komediyasının mifoloji motivləri konteksinə keçirir. A.Əmrahoğlu “Aldanmış kəvakib”i təhlil edərkən haqlı olaraq qeyd edir ki, bu povest bütövlükdə Azərbaycan mifologiyasının, mifoloji təfəkkürün üzərində qurulub. Povestdəki hadisələr nə qədər qeyri-inandırıcı görünsə də, xalqın fakt, sənət tarixi ilə yox, təfəkkür, mədəniyyət tarixi mifologiyası ilə bağlı olduğu üçün maraqlıdır. Burada iki mifoloji motivin diqqəti cəlb etməsi – ölüb-dirilmə motivi, ölümün aldadılması motivi (Qorqud Atadan gələn motivlə səsləşmə) və s. maraqlı mülahizələr zəminində araya gəlir. Mifoloji motiv problemini Arif monoqrafiyasının “Komediya və mifologiya” bölməsində də davam etdirir. “Onun (Axundzadənin) dramaturgiyası və nəsri Avropa libaslı Azərbaycan həyatı və təfəkkürüdür... görkəmli sənətkarın hər bir əsərinin həm birinci qatında, həm də ikinci qatında Azərbaycan xalqının təfəkkür, mədəniyyət, incəsənət, şifahi və yazılı ədəbiyyat tarixinin əsrləri qocaldan ənənəsi və faktları durur. Bax, elə “əsrləri qocaldan ənənə” də mifoloji motivlərdə mühüm yer tutur... İnsan bilmədən, bəlkə də istəmədən mifik təfəkkürün ya bütövlükdə özü, ya da arxaik rudimentləri ilə yaşayıb” - deyə təsdiqləyir.
Arif Əmrahoğlunun M.F.Axundzadə haqqında çağdaş ədəbi tənqidi fikrimizə təqdim etdiyi bu monoqrafiya həcmcə o qədər böyük olmasa da, diqqət mərkəzinə qoyulmuş problemlər kifayət qədər sanballı, orijinal və özünəməxsus olmaqla tənqidçinin özünün mənəvi potensiyasının, dünyasının öz ilğımları, öz şüarları kimi bərq vurmaqla, təfəkkürlü insanların nəzərini cəlb etməkdədir.
Nizami Tağısoy professor
Xalq Cəbhəsi.- 2016.- 15
sentyabr.- S.14.