“Konstitusiya dəyişikliklərı son dərəcə
ciddi mesajdır”
Mətbuat
Şurasının sədri, Milli Məclisin deputatı
Əflatun Amaşovun APA-ya müsahibəsini
oxucularımıza təqdim edirik
-
Referendumla bağlı müxtəlif fikirlər var. Sizcə,
bu dəyişiklik təklifləri hansı zərurətdən
irəli gəlir?
- Zərurət
əlbəttə, var. Bunu doğuran səbəblərə
bir neçə cəhətdən aydınlıq gətirmək
mümkündür. Ancaq mən öncə
ümumi şəkildə məsələyə yanaşmaq
istərdim. Dünyadakı dəyişən
reallıqları nəzərə almalıyıq. Proses
ölkəmizdən də yan ötmür. Yeni
qlobal çağırışlar meydana çıxır.
Həmin çağırışların
fonunda dövlət idarəçiliyinin effektivliyi və
çevikliyi olduqca vacibdir. Hesab edirəm
ki, referendum ilk növbədə qeyd etdiyim effektivlik və
çevikliyin təmin olunması baxımından gedilməsi
vacib olan yoldur.
Əlbəttə, dövlət idarəçiliyindəki
təmərküzləşməni birmənalı şəkildə
xarici amillərlə, konkret olaraq, dəyişən
dünyadakı proseslərə adekvat reaksiyanın göstərilməsi
zərurəti ilə əsaslandırmaq da düzgün olmaz. Azərbaycanın
XX əsrin sonlarına doğru əldə etdiyi müstəqilliyin
tarixi həm də demokratikləşmə dövrü, cəmiyyətin
demokratik əsaslarla idarəçiliyi naminə mühüm
islahatların həyata keçirildiyi mərhələdir.
İslahatların daim dərinləşməsinə
ehtiyac var. Referendum bu baxımdan da əhəmiyyətlidir.
Üçüncü bir məsələ qanunvericiliyin
özünün təkmilləşdirilməsi ilə
bağlıdır. Yəni həm yuxarıda qeyd etdiyim iki cəhət,
həm də qanunvericiliyimizin bir növ tamamlanması. Doğrudur, bizlər bəzən xarici təcrübədə
bununla əlaqədar mühafizəkarlığı da
görürük. Elə olur ki, yüz illərlə
bir qanun dəyişməz olaraq qalır. Əlbəttə,
belə yanaşmaya da hansısa formada bəraət
qazandırmaq mümkündür. Ancaq nəzərə
alaq ki, oturuşmuş demokratiyalarda bir çox məsələləri
qanunlar deyil, ənənələr tənzimləyir. Həmin ənənələr bəlli stereotiplərə
söykənir və cəmiyyətlərin şüur,
düşüncə tərzinin süzgəcindən keçərək
gəlir. Şübhə etmirəm ki, Azərbaycanda
da nə vaxtsa belə yanaşma formalaşacaq. Bunun formalaşması üçün isə
qanunlarımız daha təkmil olmalıdır. Hesab edirəm ki, referendumda qanunlarımızın
istinad nöqtəsinə, yəni ana qanunumuza edilən dəyişikliklər
bu mənada öz sözünü deyəcək.
-
Konstitusiyaya təklif edilən dəyişikliklər içərisində
konkret hansı dəyişikliyin vacibliyini qeyd etmək istərdiniz?
- Nələrisə
xüsusi fərqləndirmək istəməzdim. Ayrıca Azərbaycan Respublikasının I
vitse-prezidenti və vitse-prezidenti vəzifələrinin təsis
edilməsi yenilikdir. Düşünürəm
ki, bu dövlət institutu idarəçilik sistemimizi daha da təkmilləşdirəcək.
Hətta modernləşdirəcək də.
Müvafiq olaraq səmərəlilik artacaq.
Dəyişikliklər müxtəlif təyinatlı
silahlı birləşmələrimizin idarəçilik
nöqteyi-nəzərdən komplektləşdirilməsini nəzərdə
tutur.
Onların hamısının silahlı qüvvələr
adı altında vahid mexanizm kimi təsbit edilməsi və ali tabeçilik münasibətlərinin qətiləşdirilməsi
müstəsna əhəmiyyət daşıyır.
Təhlükəsizliyin təminatı ilə
bağlı məsələlər də vacibdir. Yeniliklərdən
biri qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi,
cinayət hesab edilən digər məqsədlər güdən
və ya cinayətkar üsullardan istifadə edən birliklərin
qadağan olunması ilə bağlıdır. Məlumdur ki, mövcud qanunvericiliyimizdə
qanunvericiliyimizdə qeyd edilən mənfi təmayüllərə
münasibətdə immunitet var. Ancaq konkretləşdirilməyə
də ehtiyac var ki, Konstitusiyanın 58-ci maddəsinin IV hissəsinin
birinci cümləsinin yeni təklif edilən redaksiyası bu
baxımdan zəruridir.
Dəyişikliklər eyni zamanda gənclərin dövlət
idarəçiliyində iştirakı üçün də
münbit zəmin yaradır. Bu, yeni nəfəs,
yeni ruh deməkdir. Ümumən
bütün bunlar və qeyd etmədiyim digər məsələlər
son dərəcə vacibdir.
Mən başqa bir məqama da diqqət yetirmək istərdim. Sadə vətəndaşlar
zaman-zaman müəyyən neqativ təmayüllərdən əziyyət
çəkiblər. Məsələ barədə
çox danışılıb, çox yazılıb. Ayrı-ayrı məmurların işinə səhlənkar
yanaşmaları, bəzən vəzifə səlahiyyətlərini
aşma və sair belə xoşagəlməzliklər
günümüz üçün aktualdır. Bu baxımdan dövlət qulluqçularının
məsuliyyəti məsələsi mühüm əhəmiyyət
daşımaqdadır. Eləcə də bələdiyyə
qulluqçularının məsuliyyəti məsələsi
önəmlidir. Referendum aktında
bildirildiyi kimi, dövlət, dövlət qulluqçuları
ilə birlikdə, dövlət qulluqçularının
qanuna zidd hərəkətləri və hərəkətsizliyi
nəticəsində insan hüquq və azadlıqlarına dəymiş
ziyana görə və onların təminatının
pozulmasına görə mülki məsuliyyət
daşıyır. Bəli, Konstitusiya dəyişiklikləri
eyni zamanda son dərəcə ciddi mesajdır. İdarəçilik təkmilləşirsə,
yeniləşirsə, hər bir dövlət məmuru, vəzifəli
şəxs işini yeniliklərin ruhuna uyğun qurmalı,
xalq qarşısındakı məsuliyyətini arxa plana
keçirməməlidir.
Əvvəldə də dediyim kimi, referendum mühüm
Konstitusion dəyişikliyi nəzərdə tutmaqla,
böyük islahat proqramına gedən yoldur. Bu, prezident
İlham Əliyevin iradəsidir. Dövlət
başçısı Azərbaycanı daha güclü və
qüdrətli, inkişaf etmiş görmək istəyir.
Düşünürəm ki, hər bir vətəndaş
bu istəyin aliliyini anlayacaq, dəyərləndirəcək.
-
Referendum aktında Konstitusiyanın 32-ci maddəsinə VI, VII
və VIII hissələrin əlavə olunması məsələsi
də yer alıb.
- Əlbəttə, bu da xüsusi vurğulanmalı məqamdır. Azərbaycanda
informasiya texnologiyaları sürətlə inkişaf etməkdədir.
Bu inkişaf təbiidir və
qarşısının hər hansı şəkildə
alınması yolverilməzdir. Sadəcə,
elə mexanizm işlənilməlidir ki, informasiya texnologiyalarının
inkişafı şəxsi həyatın
toxunulmazlığı prinsipinə zidd olmasın. Dünyanın bir çox qabaqcıl ölkələrində
məsələ yetərincə dərk edilir və bəlli
formullar həyata keçirilməkdədir.
Doğrudur, məsələ siyasiləşdirilir. Azərbaycan
zaman-zaman belə münasibətdən əziyyət çəkib.
2009-cu il referendumu öncəsi vəziyyəti
yada salmaq istərdim. Həmin vaxt bildirilirdi ki,
32-ci maddəyə edilən dəyişiklik söz və ifadə
azadlığı prinsiplərini məhdudlaşdıracaq.
Halbuki Konstitusiya dəyişikliyi şəxsi həyatın
toxunulmazlığını möhkəmləndirməyi nəzərdə
tuturdu. İndi də eyni prinsip rəhbər
tutulur. Ancaq qeyd etdiyimiz kimi, burada informasiya
texnologiyalarının inkişafının doğurduğu vəziyyətdən
çıxış edilir. Fərdi məlumatların
dairəsinin, habelə onların emalı, toplanması,
ötürülməsi, istifadəsi və mühafizəsi
şərtlərinin qanunla müəyyən edilməsinin
Konstitusiyada təsbit edilməsi də vacibdir. Düşünürəm ki, dəyişikliklər
internet məkanda sui-istifadələrin
qarşısının alınması baxımından önəmli
olacaq.
- Şəxsi həyatın toxunulmazlığı prinsipindən
söz açdıq. Məlumdur ki, ənənəvi media tədricən
öz yerini internet mediaya verməkdədir. İnternet media sahəsində isə hüquqi tənzimləmə
yoxdur və şəxsi həyata müdaxilə halları da əsasən
bu məkandadır. Hazırda vəziyyət
ziddiyyətli deyilmi?
- Bəli,
ziddiyyətli və mürəkkəbdir. O anlamda ki, şəxsi
həyatın toxunulmazlığı demokratik cəmiyyət
quruculuğunda olduqca vacib elementdir. Ancaq biz
internet media müstəvisində və internet medianın əsas
yayılma platsdarmı olan ayrı-ayrı sosial şəbəkələrdə
şəxsi həyata kobud müdaxilə halları ilə
baş-başa qalırıq. Təəssüf
ki, bəzən bəzi xarici dairələr bu vəziyyəti
söz və ifadə azadlığı ilə əlaqələndirərək
məsələdən siyasi spekulyasiyalar naminə
yararlanırlar. Halbuki bir daha qeyd edim: Qərbdə şəxsi
həyatın toxunulmazlığına kifayət qədər
həssas yanaşırlar. Medianın şəxsi
həyata müdaxiləsinə qarşı hətta ən sərt
ölçü tədbirləri götürməkdən belə
çəkinmirlər. Bizim referendum
aktında isə bildirilir ki, informasiya texnologiyalarından
şəxsi həyata dair məlumatların açıqlanması
üçün istifadə edilə bilməz. Təbii ki, sənəddə əqidəyə, dini
və etnik mənsubiyyətə dair məlumatlar da şəxsi
həyata dair məlumatlar kontekstində dəyərləndirilir.
Hər bir halda dəyişikliklər
düşünürəm ki, internetin rolunu vurğulayır və
bu baxımdan internet media da kənarda qalmamalıdır.
- Hesab
edirsiniz ki, Konstitusiya dəyişikliyi internet media müstəvisindəki
dəyişikliklər, konkret olaraq hüquqi mexanizmlərin
yaradılması istiqamətində çıxış
nöqtəsi ola bilər?
- Əsas odur ki, internet medianın hüquqi münasibətlər
sistemində təmsilçiliyi vacibdir. Bu zərurət
təkcə şəxsi həyatın toxunulmazlığı
məsələsi baxımından izah edilməməlidir.
İnternet ümumən həyatımıza
daxil olduğu kimi, internet media da mediamızın tərkib hissəsidir.
Ola bilər, bir müddət sonra ifadə kimi
“internet media” işlənməsin. Qəbul
olunsun ki, media elə internet məkanda fəaliyyət göstərən
institutdur. Bəli, məhz buna görə
hazırkı adla desək, internet media hüquqi münasibətlər
sistemində yer tapmalıdır. Burada onun
düzgün vergi ödəyicisi kimi fəaliyyətindən
tutmuş, reklam gəlirləri əldə etməsinədək,
bəlli mexanizm qurulmalıdır. Əlbəttə,
mövcud müstəvidəki perspektiv üçün istinad
nöqtəsi olmalıdır. Düşünmürəm
ki, hazırda belə istinad nöqtələri yoxdur. Var, sadəcə, referendum mühüm Konstitusiya
islahatıdır. Göründüyü
kimi, bu islahat bütün sahələrə yeniliklər gətirməyi
nəzərdə tutur. Belə olan halda
internet media sahəsinə niyə yenilik gəlməsin?
Bu gün qəzetlərimiz Azərbaycan
Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondunun layihə müsabiqələrində
iştirak edirlər, müxtəlif dövlət
yardımlarından bəhrələnirlər. Bu imtiyazdan
internet üzərindən yayımlanan media vasitələri
niyə bəhrələnməsinlər ki? Nəhayət,
onlar da media adına iddialıdırlar.
-
Referendumdan sonrakı Azərbaycanla hazırkı Azərbaycan
arasındakı keyfiyyət fərqini necə təsəvvür
edirsiniz?
- Mən
qeyd etdim ki, ümumən ötən müddətdə
aparılan islahatlar prezident İlham Əliyevin Azərbaycanı
daha da inkişaf etmiş ölkə görmək niyyətindən
qaynaqlanır. Referendum da bu istiqamətdəki
çox böyük addımdır. Hər
kəs öz işində dövlət
başçısının etimadını
doğrultmalıdır, yeni imkanların, yeni şəraitin
şərtlərinə uyğun fəaliyyət göstərməlidir.
Bu, həm də niyyət, yanaşma məsələsidir.
Yanaşmamız niyyət saflığına əsaslanacaqsa,
insan hüquq və azadlıqlarının dərinləşdirilməsini
rəhbər tutacaqsa, uğurlarımız artacaq. Bunu təmin etmək üçün həm
qanunlarımız təkmilləşməlidir, həm də
onları hərəkətə gətirən bizlər. Hesab edirəm ki, Konstitusiya islahatları cəmiyyətə
daha çox hərəkətlilik və dinamizm gətirəcək.
Xalq Cəbhəsi.- 2016.- 15
sentyabr.- S.5.