Güney Azərbaycan mətbuatında
ədəbi-bədii dil problemi
Sosial-estetik amil kimi ədəbi-bədii dil hadisəsi
xalqın tarixi-mədəni inkişafının hər bir mərhələsində
yeni məzmun çalarları qazanır. Başqa
sözlə, tarixi dövrün ictimai və ədəbi
münasibətləri bu məzmunun istiqamətlərini təyin
etmiş olur. Güney Azərbaycan mətbuatında
ədəbi-bədii dil problemi çoxşaxəlidir. Burada ideya-siyasi, ədəbi-ictimai platformada milli dil,
onun dirçəlişi məsələləri
başlıca yerlərdən birini tutur. Güney
mətbuatının səhifələrində dil problemləri
ilə bağlı yazıları bir neçə istiqamədə
ümumiləşdirmək olar. Birincisi,
Güney Azərbaycan mətbuatının səhifələrində
müxtəlif sənət sahiblərinin, ictimai xadimlərin
ana dili haqqında məqalələrini nəşr etməklə
milli dilin yaşaması və dövlət səviyyəsində
işlənməsi uğrunda ardıcıl mübarizə
aparır. Digər tərəfdən, Güney mətbuatı
Azərbaycan dilinin tarixi, onun türk dilləri sistemində
yeri haqqında zəngin faktlara əsaslanan məqalələr
dərc etməklə Güneydə ana dilinin tarixi keçmişi,
lüğət tərkibi, üslub zənginliyi haqqında təsəvvürləri
genişləndirir, bir çox hallarda isə göstərilən
problemlərin öyrənilməsi mənasında ilk mənbəyə
çevrilir.
Tanınmış türkoloq alim Həmid Nitqi vaxtilə
yazırdı ki, bizi istəməyənləri hər şeydən
artıq varlığımızın əsası olan dilimiz
maraqlandırır. Ana dili uzun zaman təqib olunduğundan onun
tədqiqi arxa plana keçdiyi kimi, dilin öz daxili
inkişafı da ləngiyirdi. Ədəbi
dil şimaldakından çox geri qalırdı. Ərəb
və fars tərkiblərinin, göstərilən
dil qəlibləri ilə düşüncə tərzi ədəbi
dilin müasir üslubunun formalaşmasına imkan vermirdi. Bu
boşluğu hiss edən ziyalılar mətbu nümunələrinin
elə ilk nömrələrindən başlayaraq
yuxarıdakı problemlərin elmi-publisist şərhinə
başladılar.
Bu baxımdan M.Ə.Yaşarın, H.N.Altayın,
H.Nitqinin məqalələrində ədəbi dil problemi
öndə dayanır. M.Ə.Yaşar «Danışıq
dili-yazı dili» məqaləsində
yazıçıları, şairləri, ədibləri
«müştərək, vahid bir ümumxalq ədəbi-yazı
dilinin yaranmasında iştirak etməyə»
çalışırdı. H.N.Altay isə «Zəngin
yoxsullar» məqaləsində Azərbaycan dili tarixinin
inkişafının, onun lüğət tərkibi və
qrammatik qanunlarının dərindən, hərtərəfli
öyrənilməsi məsələsinə toxunur, dilin
istibdad dövründən konservativ fikirli, hakimpərəst
adamların təqib və hücumundan qorunması barədə
qətiyyətlə yazır: «Danışıq dilimizi
qadağan eləməyə heç kəsin haqqı və
icazəsi yoxdur. Dilimiz hər yerdə, evdə, eşikdə,
mədrəsələrdə, idarələrdə, rəsmi və
qeyri-rəsmi mütəsəvir hər yerdə və hər
məqamda qeydsiz-şərtsiz danışılacaq.»
M.Fərzanənin «Ana dilimiz və milli
varlığımız uğrunda xatirələr» adlı
silsilə yazısında milli dilin ölməzliyi, xalqın
milli ruhunun yaşarlııının canlı tarixi və
faktoru kimi mənalandırılır. Fərzanə o illəri ürək
sıxıntıları ilə xatırlayıb yazır ki,
bir para alim və tədqiqatçı adı daşıyan
kimsələrin qələmi ilə yazılan kitablarda Azərbaycanın
qondarma tarixini yazmaq və Azərbaycan dilini zabitəsiz,
qaydasız bir ləhcə adlandırmaq və utanıb çəkinmədən
bu işə yarım əsr həsr etməyə, xalq əleyhinə
aparılan açıq bir assimilyasiyadan başqa nə ad vermək
olar?»
Bu illərdə bir ayrı faciə də İranda zəngin
ənənəyə malik olan Azərbaycan milli
teatrının başlanması və Azərbaycanda xalq dilində
teatr əsərlərinin gizli surətdə yoxa
çıxarılması idi. Fərzanə bu barədə
yazırdı: «O zamanlar maarif rəisi olmuş Möhsüni
Azərbaycan dilində teatrları yasaq etmişdi. Azərbaycan aktyorları o illərdə
oynadıqları tamaşanı çətinliklə farscaya
çevirir, farsca danışmağı bacarmadıqları
üçün uğur əldə ədə bilmirdilər”.
Aytan (H.Nitqi) Güney Azərbaycan əhalisinin milli
haqlarının tapdalanmasından bəhs edərək
yazırdı: «Uydurma tarix və nağılları bizə
mütləq həqiqətlər kimi damla-damla içirtdilər. Bizi
özümüzə qərib, hətta düşmən etdilər.
Bizə doğma olan hər şeyi bizdən ayırmaq istədilər...
Keçmişimizə qələm çəkmək, uydurma
tarixləri ayələr kimi əzbərdən təkrarlamaq və
ancaq özlüyümüzü inkar bahasına əlimizdən
aldıqları haqlarımızın
qırıntılarını yerdən yığmağa icazə
tapdıq...
Nə yaxşı ki, dilimiz savadsız, namuslu və zəhmətkəş
kəndli və işçilərimizin qeyrətlərinə əmanət
oldu. Münəvvərlərimizin əksəriyyəti
çoxdan farslaşdılar. Yadlara
yarınmaq xalqımız və dilimizə ədavət yolunda
şairin dediyi kimi düşmənləri belə keçdilər.
Onları heyran qoydular. Şəhərlərimiz
və qəsəbələrimiz adlarına qədər
farslaşdı. Tam mənası ilə Azərbaycanımıza
aparteidin qaranlıq kabusu çökdü». 70-ci illərin sonu, 80-cı illərin əvvəllərində
mətbuat səhifələrində belə ictimai-siyasi tutumlu
elmi-publisist yazılar çoxluq təşkil edir.
Bütün inqilabların doğurduğu romantik əhvali-ruhiyyə
digər sahələrdə olduğu kimi milli mənəviyyatın
yaşayışını ehtiva edən Azərbaycan dili məsələsinin
tədqiqi və təbliğində də hiss olunurdu.
İnqilabdan sonra İranda anadilli nəşrlərdə
vahid yazı qaydası yox idi. Ona görə də
türkdilli mətbuat dil problemi ilə
qarşılaşmalı oldu. Cəmi bir-iki il fəaliyyət göstərib bağlanan, ana
dilli qəzet və jurnallardan sonra «Varlıq» meydanda bu problemlə
tək qalmışdı. Doktor Həmid Nitqi bu sahədəki
təcrübəsinə əsaslanaraq Güney Azərbaycanın
yazı qaydaları üzərində uzun müddət
çalışmış başqa həmkarlarının da
rəyini nəzərə almaqla və Quzey Azərbaycanda
artıq sınaqdan çıxmış imla prinsiplərinə
istinad etməklə ərəb əlifbasının
özünəməxsusluğu əsasında Azərbaycan
dilinin fonetik quruluşuna uyğunlaşdırılmış
vahid bir sistem yaratmağa nail oldu. «Güneydə imla prinsiplərinin
ərəb əlifbasının spesifikasını nəzərə
alan variantının nəşr
olunması mühüm hadisədir. H.Nitqinin bu
xidməti, şübhəsiz böyükdür, ədəbi
dilin tələffüz-orfoqrafiya normalarına uyğun olmayan təzahür
xüsusiyyətlərinə qarşı mübarizə etmək
üçün elmi əsas verir».
Güney Azərbaycanda mətbuatın dilinin fonetik
normaları dəyişkən olub, ədəbi dil də
danışıq dilinə yaxınlaşmaıa meyillənirdi. Bu
nöqsanları aradan qaldırmaq üçün təcrübi
cəhdlər edildi. Oxucularla təmasda olan
redaksiya müxtəlif şivələrdəki söz və
ifadələrini seçib işlətməkılə dil
mövqeyini müəyyənləşdirə bildi. Beləliklə, qəbul edilmiş ədəbi dildə
Güneyin də dil xüsusiyyətləri nəzərə
alındı. Ədəbi dilin orfoqrafiya
qaydaları ilə əlaqədar görülən işlər
sözlərin düzgün və asan oxunması kimi çox
vacib bir məsələni həll etdi və bu qaydaların
getdikcə daha artıq şəkildə qorunmasına şərait
yaratdı. Dili öyrənmək, onun zənginliyini,
qüdrətini göstərmək və elmi əsaslarla
qayda-qanunlarını müəyyən etmək
üçün isə o taylı dilçi alimlərin əsərlərindən
istifadə edildi. Bunun nəticəsində Güney Azərbaycanda
ədəbi dildə yeniləşmə prosesi baş verdi. «Varlıq» isə öz təmiz
və kamil dil üslubu ilə başqa mətbuat orqanları
üçün aparıcı və yol göstərici rolunu
oynadı.
H.Nitqinin
Qulamrza Səbri Təbrizi ilə birlikdə yazdığı
Azərbaycan türkcəsinin inkişafı məsələlərinə
həsr edilmiş «Heydər babaya salam»:
xalq türkcəsi şeir dili ilə klassik farsca şeir dilinə
müqayisəli bir baxış» adlı məqaləsi də
elmi tutumu ilə maraq doğurur. Məqalə
1994-cü ildə Böyük Britaniyada «Britiş Cornal of midl
estern stadiəs» (“Britaniyanın Orta Şərq
araşdırmaları”) adlı jurnalda ingilis dilində nəşr
olunub. «Varlıq» bu məqaləni Azərbaycancaya
çevirib oxucularına təqdim edir. Yazının
əvvəlində müəlliflər ingilis oxucularına
Şəhriyarın yaradıcılığı barədə
məlumat verir, əsrin əvvəllərindən bu günə
qədər Azərbaycan türklərinə, onların dil və
mədəniyyətlərinə olan təzyiqlərdən bəhs
edir. Hələ ötən əsrlərdə fars dilinin türk hökmdarlarının
saraylarında işlənməsini göstərərək
yazır ki, türk şair və ədibləri fars həmkarları
ilə birgə özlərini klassik farscanın tərəqqisinə
və təkmilləşməsinə elə geniş
ölçüdə həsr etdilər ki, öz dil və mədəniyyətərini
az qala unutdular. Yalnız xalq şeiri
bütün bu təzyiqlərə, sıxıntılara
üstün gələ bilərdi. Yazıda qeyd olunur ki,
Azərbaycan türkcəsinin illərlə təzyiqə
uğraması və onun ciddi ədəbi ifadə vasitəsi ola biləcəyinin israrla
danıldığı bir vaxt çoxları gözləmədikləri
halda Azərbaycan türkcəsində yayılmış,
hamı tərəfindən bir şah əsəri kimi
alqışlanmış şeir nümunəsi ilə
qarşılaşdılar. Bu, M.Şəhriyarın «Heydər
babaya salam» əsəri idi.
Doktor Həmid Nitqi və doktor Q.Səbri-Təbrizi bu məsələləri
araşdıraraq ümumi bir nəticəyə gəlirlər
ki, əsəri yazanda Şəhriyarın bu işə
hazırlığı vardı. Onun ömrünün
bir hissəsi Xoşginabda, Heydərbaba yamaclarında, folklor,
xalq musiqisi, şifahi ədəbiyyat, xalq naıılları,
oyunlarla zəngin bir mühitdə keçmişdi. Ömrünün son illərini də o, doğma
yurda qayıdıb kənd həyatı yaşamış, kəndin
xeyir-şərində, toy düyünlərində iştirak
edib, söz bilicilərini dinləmişdi. Beləliklə,
«Heydər babaya salam»ı anasına
anlaşılacaq bir səpkidə qoşanda xalis Azərbaycan
türkcəsi Şəhriyarın ixtiyarında idi. Müəlliflər
«Heydər babaya salam»ı xüsusi bir
üslubda tərənnüm edilmiş «Həsrət xatirələri
məcmuəsi» adlandırır. Şəhriyar əsərdə
yalnız azərbaycanlılara anlaşıqlı obrazlara, rəsmlərə,
ənənələrə, adətlərə, əfsanəvi
və ya real xalq qəhrəmanlarına müraciət edir.
Azərbaycan
türkcəsinin əsasən şifahi ədəbiyyat
nümunələrinin nəşri istiqamətində
inkişafını araşdıran doktor Q. Səbri Təbrizi
və doktor H.Nitqinin mülahizələrində belə bir məqam
güclüdür ki, «Heydər babaya salam»
Azərbaycan türkcəsinin assimilyasiyaya müqavimətini
güclü şəkildə nümayiş etdirdi. Kanonik ədəbi
nümunələrdə Azərbaycan türkcəsində fars düşüncə tərzi özünə
güclü yer eləsə də, şifahi xalq şeiri
üslubunda dilin milli saflııı qorunub saxlandı.
Hər
iki müəllif «Heydər babaya salam» əsərinin
milli poetik təsvir sisteminin güclü koloritini başqa dildə
ifadə etməyin çətinliyini də Şəhriyar
poeziyasının daxili sehri hesab edir. Bu məqalə
müasir Şəhriyarşünaslığa töfhə
olub, güneyli oxucunun mənimsəmə imkanları səviyyəsində
yazıldığına görə xüsusi əhəmiyyət
kəsb edir. Şəhriyar fenomeni bu məqalədə
Güney Azərbaycanda elmi-mənəvi dirçəlişin
bədii daşıyıcısı kimi qiymətləndirilir.
Qeyd etmək lazımdır ki, başda doktor
C.Heyət və doktor Həmid Nitqi olmaqla «Varlıq» dərgisi
çağdaş türk dünyasını narahat edən məsələlərdən
birini - dil ayrılığına zəmin yaradan ləhcə
fərqlərini həll etməyə nail olmuşdu. Belə ki, dərgidə Azərbaycan ədəbi
dili ilə yanaşı, ortaq türkcədən də istifadə
olunur. Beləliklə, ortaq türkcədə
yazılan bu dərgi nəinki hər iki taylı Azərbaycanda,
bütün türk aləmində də asanlıqla oxunurdu.
H.Nitqi bununla bağlı çağdaş Güney Azərbaycan
dilçiliyinin çox mühüm problem məsələlərinə
toxunaraq bir məqaləsində qrammatik xətaları təqib
etməyi və qəzetlərdə dil bəhsi
açmağı, Dədə Qorqud, Nəsimi, Xətai,
Füzuli xəzinəsindən, zəngin folklor
yaradıcılığından istifadə etməyi lazım
bilirdi.
Pərvanə Məmmədli
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2016.- 16
sentyabr.- S.14.