“Ali məktəbə qəbul prosesində ciddi dəyişikliklər nəzərdə tutulur”

 

 

Mikayıl Cabbarov : “Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında qəbul planının ləğvi nəzərdə tutulur”

 

Azərbaycanda yeni təhsil ilinin başlanması ilə əlaqədar təhsil naziri Mikayıl Cabbarov APA İnformasiya Agentliyinə müsahibəsi (ixtisarla)

 

- Cənab nazir, ali məktəblərə qəbulun statistikasına görə ötən 3 ildə təhsilin nəticələrinin getdikcə yaxşılaşdığını söyləyə bilərik. Bu, təhsildə, nəhayət ki, müsbət keyfiyyət dəyişikliyinə keçidin başlanğıcdırmı?

- ...Bəli, ötən il də nəzərə alınmaqla təhsil sahəsində baş verənlər keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Maksimalist olduğumuzdan hər zaman nəticələrin daha da yüksək olmasını istəyirik. Biz ölkə rəhbərliyinin təhsilin bütün sahələrinin inkişafı ilə bağlı qarşıya qoyduğu məqsədlərə nail olmaq üçün gücümüzü səfərbər etmişik. Məmnunam ki, artıq 3 ildir hər bir ixtisas qrupu üzrə nəticələr yüksəlir. Bu onu göstərir ki, apardığımız islahatlar hər hansı bir coğrafi məkan və ya ixtisas qrupu ilə məhdudlaşmır, hər bir şagirdin nailiyyətlərinə təsir edir.

Buraxılış imtahanlarının nəticələrindəki irəliləyişlər özünü qəbul imtahanlarında da büruzə verdi. Belə ki, ötən illərlə müqayisədə qəbul imtahanlarında iştirak edən abituriyentlərin sayı azalsa da, 200-dən artıq bal toplayan abituriyentlərin mütləq sayı artıb. 2016-2017-ci tədris ili üçün qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edilir. Belə ki, bu il qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı rekord miqdarda - 34475 nəfər (43,9%) təşkil edib ki, bu da ötənilki göstəricidən 3, 9%, 2014-ci ildəki göstəricidən isə 9,2% artıqdır. 2015-ci ildə 200-dən yuxarı bal toplayanların sayı 33 198 nəfər (40%), 2014-cü ildə isə 32 159 nəfər (34,7%) təşkil edib. Bunu riyazi formullar da təsdiq edir. Eyni zamanda, tələbə qəbulu imtahanlarında iştirak edərək 200-dən artıq bal toplayan abituriyentlərin nəticələrinə görə keyfiyyət göstəriciləri yüksəlib.

Digər bir məsələ isə keçid balıdır. Bu, ali təhsilə çıxış ilə bağlı olan bir məsələdir. Dünyada bununla bağlı iki təcrübə var. İlk nümunə keyfiyyətlə bağlıdır - ali təhsilə girişdə bal məhdudiyyətinin qoyulması. Belə praktika dünyada mövcuddur. Bu gün Azərbaycan da bu modeldən istifadə edir. Hətta beynəlxalq səviyyəli test imtahanlarının nəticələri eyni ölkədə universitetlərin reytinq əmsalına görə dəyişir. Universitetlərə qəbulda keyfiyyətlə bağlı qoyulan bal məhdudiyyəti həm də əmək bazarının tələbidir. Biz həm də son iki ildə ali təhsil müəssisələrinə bir sıra prioritet ixtisaslar üzrə minimal keçid ballarını artırmışıq. Yəni burada qarşıya qoyulan məqsəd odur ki, ali təhsil müəssisələri öz potensialını və profilini nəzərə almaqla ixtisasları, onların sayını və sifarişlərini müəyyənləşdirməlidirlər.

İkinci yanaşma - hər istəyənə ali təhsil almaq hüququ verməkdir. Burada önə çəkilən amil təhsilin əlçatanlığıdır. Bir çox ölkələr ali təhsilə yiyələnmək arzusu olan hər kəsə bu hüququ verir. O şərtlə ki, vətəndaş öz təhsil xərcini tam şəkildə üzərinə götürür. Ali təhsilin əlçatanlığı “bilik iqtisadiyyatı” və ya “post sənaye” dövrü üçün uğurlu bir model kimi dəyərləndirilir. Bu, ölkədə insan kapitalının keyfiyyətinə müsbət təsir edir, iş yerlərinin yaradılması və iqtisadiyyatın inkişafı ilə sıx bağlıdır. Təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da qəbul planının ləğvi nəzərdə tutulur. Bu isə universitetlərdən daxili qiymətləndirməyə və yekun imtahana olan yanaşmaya yeni baxış tələb edir. Yuxarıda qeyd etdiyim mövzuların hər biri cəmiyyətdə müzakirə edilməlidir. Bu məsələlər dövlətin iqtisadi siyasəti və strukturu, həmçinin ictimai siyasətlə sıx bağlıdır.

- Belə bir yanaşma var ki, bir uşağa çəkilən xərc məktəbəqədər mərhələdə daha vacibdir, nəinki təhsilin digər səviyyələrində, o cümlədən ali təhsildə…

- Tamamilə doğrudur. Aparılan tədqiqatlar bunu birmənalı təsdiq edir. Təhsilin bu mərhələsinin vacib olduğunu və bununla bağlı ölkə rəhbərliyinin və Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın xüsusi yanaşmasını qeyd etmək lazımdır. Bir neçə ay bundan əvvəl Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Uşaqların məktəbəhazırlığının təşkili məsələləri” haqqında qəbul etdiyi qərar məktəbəqədər hazırlığın çərçivəsini genişləndirməyə yeni təkan verəcək. Bu, hər kəsin marağındadır. Biz məktəbəhazırlıq işini genişləndirmək üçün ilk növbədə elə ümumi təhsil müəssisələrinin infrastrukturundan istifadə etməyə qərar verdik. Yəni, bildiyiniz kimi, yeni tədris ilindən ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılacaq. Artıq bununla bağlı Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda UNICEF-in maliyyə və metodiki dəstəyi ilə təlim proqramına start verilib. “Təlimçi hazırlığı” adlanan bu proqrama əsasən məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlər təlimatlandırılır.

- Orta təhsildə son vaxtlar aparılan əsas dəyişikliklərdən biri də məktəblərdə təmayülləşmənin tətbiqidir. Bu, hansı zərurətdən yarandı?

- Ümumi təhsilin təmayüllər üzrə təşkilini bu sahənin keyfiyyətinin yüksəldilməsi üçün görülən işlərdən biri saymaq olar. Təmayülləşmə müvafiq fənləri əhatə edən təhsil sahələri üzrə fərqlənən şagirdlərin istedadlarının, onların potensial imkanlarının reallaşmasına və ümumi inkişafına əhəmiyyətli dərəcədə təsir göstərən prosesdir. Məqsəd təhsildə seçimini etmiş şagirdlərə öz potensiallarını reallaşdırmaq üçün bütün imkanları yaratmaqdır.

Ötən tədris ilində 58 məktəbdə 176 sinif komplektində təxminən 3700 nəfərə yaxın şagird X sinifdə təmayüllər üzrə tədrisə cəlb olunub. Yeni tədris ilindən təmayülləşmə üzrə coğrafiya genişləndirilərək ölkənin 5 şəhər və 36 rayonu üzrə 124 məktəbdə tətbiq olunacaq. İndiyədək əldə olunan nəticələrin təhlili göstərir ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin tətbiqi şagirdlərin meyl və arzularına uyğun təşkil edildiyi üçün onlarda təlimə marağı xeyli artırıb, məktəblilərin təhsil nailiyyətlərinə müsbət təsir edib.

- Dərslik problemi ictimaiyyət tərəfindən daim müzakirə olunan ciddi məsələlərdəndir. Son illərdə bu sahədə hansı dəyişikliklər edilir? Bugünkü dərsliklərimiz tədris standartlarına tam uyğundurmu? Bu problemlə bağlı nə deyə bilərsiniz…

- Biz bu il çap edilən dərsliklərin yerlərə çatdırılması prosesini bir qədər tez həyata keçirdik. Düşündük ki, şagirdlərin bir məktəbdən digər məktəbə yerdəyişməsi, birinci sinfə gedəcək şagirdlərin sayının dəqiqliklə müəyyən edilməsinin mümkünsüzlüyü dərsliklərlə təminatda çətinlik yaradar. Bu baxımdan valideynlərə və şagirdlərə müraciət etdik ki, göstərilən vaxtadək dərslikləri təhsil aldıqları məktəblərdən əldə etsinlər.

Sualınızın digər hissəsinə gəldikdə isə qeyd edə bilərəm ki, dərslik seçimində şəffaflığı təmin etmək məqsədilə xüsusi sayt yaradılıb. Bununla bağlı davamlı ictimai rəy öyrənilir. Yəni dərsliklərin yazılması prosesində mütəxəssislərin və ictimaiyyətin də rəy və təkliflərinin nəzərə alınmasına üstünlük verilir.

Bir məsələni də vurğulayım ki, elektron dərsliklərə xüsusi önəm veririk. Təhsil Nazirliyi tərəfindən yaradılmış elektron dərslik portalında (www.e-derslik.edu.az) 143 elektron kitab var. Onlardan 121-i dərslik, 22-i müəllim üçün metodiki vəsaitdir. İnternetə çıxışı olan hər kəs istədiyi dərslikdən yararlana bilər. Bu günə qədər portala daxil olanların sayı 1 009 766 nəfərdir.

- Son 3 ildə ölkə təhsilində olimpiadaların keçirilməsi ilə bağlı yaxşı ənənə formalaşıb. Nəticələr nəyi deyir?

- Sağlam və ədalətli rəqabət mühitində keçirilən bu yarışlar şagirdlərin müvafiq fənlərə olan marağının daha da artmasına səbəb olur. Cari tədris ilində Koreya, Albaniya, Rusiya və Çində keçirilən 5 müxtəlif beynəlxalq fənn olimpiadasında Azərbaycan məktəbliləri 5 gümüş və 11 bürünc medal qazanıblar. Təsadüfi deyil ki, bir çox Respublika və Beynəlxalq Olimpiada qaliblərimiz dünyanın nüfuzlu universitetlərində təhsil alırlar. Moskvada keçirilən Beynəlxalq Mendeleyev Olimpiadasının qalibləri Lomonosov adına Moskva Dövlət Universitetinə, Balkan Riyaziyyat Olimpiadasında medal alan şagirdlər isə Türkiyənin Bilkənt və Orta Doğu Texniki universitetlərinə dəvət ediliblər.

Respublika Fənn Olimpiadalarının birinci mərhələsində bu il iştirak edən şagirdlərin sayı xeyli artıb. Belə ki, iştirakçıların sayı 27 500 nəfər olub. Qaliblər arasında paytaxtla müqayisədə bölgə məktəblilərinin üstünlük təşkil etməsi isə müsbət hal kimi dəyərləndirilməlidir. Bu il 260 şagird olimpiadanın qalibi adına layiq görülüb.

- Məktəb tikintisinin statistikasını görə Azərbaycan artıq uzun illərdir ki, qabaqcıl ölkələrdən sayılır. Bu sahədə son rəqəmlər necədir?

- Bəli, Azərbaycan bu sahədə öncüldür. Son 13 il ərzində ölkəmizdə məktəblərin 70 faizi yenidən tikilib və ya əsaslı təmir olunub. Yeni tədris ilindən ölkə üzrə 29 yeni məktəb, o cümlədən, Təhsil Nazirliyinin sifarişi ilə 7 məktəb istifadəyə veriləcək. 101 məktəbdə əsaslı və 384 məktəbdə isə cari təmir işləri aparılıb. 10 təhsil müəssisəsinin tikintisi isə davam edir. Yeni tədris ilindən Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə 2 internat məktəbi əsaslı təmir olunub istifadəyə veriləcək.

- Maarifçi Tələbə Kredit Fondu hansı məqsədlə yaradıldı? Hər tələbə bu kreditlərdən istifadə edə bilərmi?

- Maarifçı Tələbə Kredit Fondu Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılıb. Fond dövlət ali təhsil müəssisələri tərəfindən təsis olunub. Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır.

Tələbələr tərəfindən təhsil kreditləti üzrə müraciət yalnız elektron qaydada həyata keçirilir. Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər.

Cari ilin iyununda artıq 22 tələbəyə kredit ödənilib. Kreditlərin yenidən verilməsinə isə oktyabrın 1-dən başlanacaq. Tələbə Kreditləri ilə bağlı artıq beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanılıb, o cümlədən Dünya Bankı ilə ilkin danışıqlar aparılıb və texniki yardım göstərilməsi üçün məsləhətçi ayrılıb. Məqsəd beynəlxalq təcürübənin öyrənilməsidir. Artıq bu işlər üzrə ilkin hesabat hazırlanıb.

 

Xalq Cəbhəsi.- 2016.- 16 sentyabr.- S.12.