Şəhriyar ənənəvi
şeir qəliblərindən sıçrayaraq
çıxdı
O, ənənəvi yolu novatorcasına getmək prinsipini
əsas götürüb
1-ci
yazı
XX əsrin I rübündə Quzey Azərbaycanda
M.Ə.Sabir, M.Müşfiq, H.Cavid, Ə.Cavad, R.Rza klassik əruz
formalarının sadələşdirilməsi, «azad əruz»
yaratmaq yolunda əhəmiyyətli addımlar
atmışdılar. R.Rza «azad, sərbəst» şerin
yolundakı bütün maneələri, çətinliklə
də olsa, aşdı, məhdud çərçivəni
dağıtdı, heç bir tənqidə, həmkarlarının
əsassız hücumlarına əhəmiyyət vermədən
böyük cəsarətlə şeir və
poemalarını yeni şeir üslubunda - sərbəst vəzndə
qələmə aldı. Güney Azərbaycanda
isə “Təcəddüd” (Müasirləşmə-çağdaşlaşma-yeniləşmə)
adlanan bu hərəkat bir qədər də əvvəl,
ötən əsrin əvvəllərində, yəni
1915-1920-ci illərdən, modernizm cərəyanının əsasən
1920-ci ildə Qərbi Avropanın bütün dövlətlərində,
o cümlədən Amerikada yüksəlişi dövründən
başlanmışdı. İran və Güney Azərbaycan
ədəbiyyatında, daha dəqiq desək, poeziyasında
başlayan Təcəddüd hərəkatının,
şeirin forma və məzmununda yeniləşmə prosesinin
aparıcı qüvvəsi Cəfər Xamneyi, Şəms Kəsmayi
və aktiv inqilabi fəaliyyətilə bərabər misilsiz
şairlik təbinə də malik olan gənc Təqi xan Rəfət
idi. Mütərəqqi fikirli, müasir düşüncəli
Təqi xan Rəfət fars və fransız dillərində
şeir və poemalar yazır, “Təcəddüd”, “Azadistan”
adlı qəzet və dərgilərdə, həmçinin
Paris qəzetlərində əsasən öz imzası, bəzi
hallarda isə “Femina” ləqəbi ilə ədəbi və
siyasi yönlü məqalələrlə cıxış
edir, müasir İran poeziyasının ilk şairi kimi
tanınırdı. Onun ideya və
amallarını, bədii yaradıcılıq yolunu
istedadlı tələbəsi Həbib Sahir böyük ehtiram
və sədaqətlə davam etdirib. T.Rəfət daha
çox sosial və ədəbi sahələri əhatələyən
məqalələrin nəşrinə meydan verdiyi “Təcəddüd”
qəzetinin redaktoru, Həbib Sahir, Əhməd Xürrəm, Yəhya
Ariyanpur, Mirzə Daneş və b. kimi davamçıları
olmuş "Rəfət Məktəbi"nin (Rəfət ədəbi
məktəbi) də yaradıcısı idi. O, “Modernistlərin
Bəyanatı”nı nəşr
etdirmiş, ədəbi inqilabın əsas hərəkətverici
qüvvəsi olan yenilikçi şairlərin məqsəd və
vəzifələrini müəyyənləşdirmişdi:
"Əziz yoldaşlar, biz ədəbi inqilabın çətin
vaxtla¬rını yaşayırıq. Bizim istədiklərimiz
heç də düşüncə və incəsənət
dünyasında, ədəbiyyatda müasir eranı yaratmaqdan az deyil. Köhnəlmiş lakin, hələ də
üstün olan statusu dəyişərək yeni müasir
status ilə əvəz etmək... Dil insanın
fikir və hisslərini ifadə etmək üçün alətdir.
Əgər biz iddia edə biləriksə ki, insan fikirləri
və hissləri eralar ərzində heç bir dəyişikliyi
qəbul etmir, onda dil dəyişikliyi də yararsız ola bilər. Aydındır ki,
intellektual və perspektual müasirlik ədəbi müasirliyi
tələb edir".
O, hətta
Türkiyənin Trabzon şəhərindəki Güney Azərbaycan
türklərinin təhsil aldığı Naseri məktəbinin
rəhbəri olmuş, burada fransız dilindən dərs
demişdi. Əməyini yüksək dəyərləndirən
Fransa hökumətinin adına göndərdiyi
fəxri medalı Trabzondakı fransız konsulluğu ona təqdim
etmişdi. Həbib Sahirin “Çağdaş Güney Azərbaycan
sərbəst şeirinin atası (H.Düzgün, Məhəmməd
Rza Rasipur)” səviyyəsinə yüksəlməsində,
modernist-novator şair kimi formalaşmasında böyük təkanverici
qüvvə Mirzə Təqi xan Rəfət olmuşdu
(Maraqlıdır ki, eynilə bu yol yenilikçi şair,
türkoloq alim-doktor Həmid Nitqiyə də şamildir. Onun müəllimi isə Həbib Sahir olmuşdu) və
onun çağdaş Güney Azərbaycan şeirinin təşəkkülü
və tərəqqisindəki əhəmiyyətli rolu və
müstəsna xidmətləri də danılmazdır. Həbib
Sahir ustad Şəhriyarın “Heydərbabaya salam” mənzuməsinə
yazdığı “Məktəb xatirələri” poemasında
fransız dili və ədəbiyyatı müəllimi
olmuş Mirzə Təqi xan Rəfətə, qəlbində
bu qədim mədəniyyət dilinə, şeirə,
poeziyaya, ümumiyyətlə, böyük ədəbiyyata dərin
sevgi oyatmış məşhur şair və
inqilabçı ustadına yüksək dəyər verir.
İran və Güney Azərbaycan ədəbiyyatında sərbəst
şeir yaradıcılığı yolunda ilk
cığır açan novator şairi: “Əski ədəb
xərabəykən quru yer, Tərvic etdi o ilk dəfə yeni
şeir,” - deyə məhəbbətlə yad edir:
O əkdiyi
ağac el oymağında,
Çiçək
açır bu gün Şiraz bağında,
Yeni
şerin lap güllənən şağında:
Kimsə
deməz Təqi Rəfət kim imiş?
Şeir
yazan dərin hikmət kim imiş?
Fars ədəbiyyatında
Nima Yuşic də bu qaydanı, klassik əruz vəzninin ifadə
formalarının sadələşdirilməsi prinsipini əsas
götürərək sərbəst vəzndə «Əfsanə»
poemasını qələmə alıb və fars poeziyasna
yenilik gətirib. Şairin 1922-ci ildə nəşr
olunmuş «Əfsanə» poemasının vəzni, azad qafiyə
sistemi, əsərin dialoq formasında qurulması, əruza
nisbətən sadə dili və ifadə tərzi onu klassik
şeir nümunələrindən xeyli dərəcədə
fərqləndirirdi. N.Yuşic və onun tərəfdarlarının
başladıqları “Azad şeir” uğrunda hərəkatın
əsas məqsədi şeirin formasını məzmununa tabe
etmək, şeiri məhdud vəzn və qafiyə çərçivəsin-dən
çıxarmaq, fikrin ifadə imkanlarını və
hüdudlarını genişləndirmək idi. Ancaq İranda modernizm hərəkatı genişləndikcə
ədəbiyyatda böyük canlanma yaranır, sərbəst
şeiri qəbul edənlərlə etməyənlər
arasında kəskin fikir ayrılığı
özünü göstərirdi. Ancaq həm fars, həm
də türkdilli yaradıcılığında
yenilikçi - novator şair mövqeyini apaydın
nümayiş etdirən, yeniliyi təkcə şeirin
formasında deyil, ideya-məzmun, məna və mövzu
yeniliyində, eyni zamanda bu yenilikləri ifadə etmək
bacarığında, bütövlükdə sənətkarlıq
xüsusiyyətlərində görən Şəhriyar Nima
Yuşicin prinsipini bəyənirdi. Əsərlərində
novatorluqla ənənəviçiliyin vəhdətini yarada
bilən ustad şair Sədi-Rumi-Xəyyam-Hafiz, eyni zamanda Azərbaycan
şifahi xalq ədəbiyyatı və Qətran Təbrizi-Nizami-Xətai-Nəsimi
ənənələrinə söykənərək poeziyada
yeni üslub, məktəb yaradıb, özünü
yenilikçi sənətkar kimi təsdiqləyib. Xəlqiliyi,
canlı xalq dilində yazıb-yaratmağı novatorluğun əsas
təzahürlərindən sayan Şəhriyar, ümumiyyətlə,
yeni və ən yeni İran şeirində bu hərəkatın
realizm ədəbi cərəyanının inkişafı,
formalaşması prosesi ilə əlaqədar olaraq genişləndiyini,
inkişaf mərhələsi keçdiyini göstərib,
konkret olaraq romantik və ya realist üslubda əsər yaratmaq
qəlibini deyil, hər iki cərəyanın vəhdətində
ənənəviçilik yolunu novatorcasına getmək
prinsipini əsas götürüb. O, ənənəvi, klassik
şeir üslublarında, əruz və heca vəzni qəliblərində
ən mükəmməl əsərlər yaratsa da, qələmini
azad, sərbəst vəzndə də sınayaraq modernizm
üslubunda uğurlu əsərlər yazmağa nail olub. Müasir ədəbiyyatda yeni məna kəsb etməyən,
yeni fikir, yeni söz deməyən şeirin qəbul edilməyəcəyinə
əmin olan Şəhriyar şeirin yeniliyinin əsas cəhətlərindən
biri kimi onun məhz xalq danışıq dilinə yaxın
olmasını, sadə insanların da anlayacağı tərzdə
yazılmasını qəbul edirdi. «Heydərbabaya
salam» poemasını da şair yeni səpkidə, xalq
danışıq dilində - Təbriz şivəsində və
ənənəvi mövzulardan fərqli olaraq yeni mövzu və
məzmunda qələmə almış, real həyatın
gerçəkliklərini parlaq şəkildə əks
etdirib. Güneydə uşaq ədəbiyyatının
görkəmli yaradıcılarından olan Səməd Behrəngi
də «Heydərbabaya salam»ı Azərbaycan yazılı
şerində yeni səhifə kimi qiymətləndirib: «Şəhriyar
«Heydərbabaya salam» poeması ilə Azərbaycan
yazılı şeirində yeni səhifələr
açdı. «Heydərbaba»nın
böyük bir hissəsi, sözün əsl mənasında,
şeirdir. «Heydərbaba»nın təsiri elə
bir səviyyədə oldu ki, çoxları onu təqlid edən
əsər yazdılar, hətta onun qafiyəsindən, vəznindən,
formasından, şəklindən, bəzən məzmunundan da
istifadə etdilər». Ümumiyyətlə,
Şəhriyar ustad bir sənətkar kimi bütün forma və
vəznlərdə, istər əruz, istər heca, istərsə
də sərbəst vəzndə həqiqi sənət əsərləri
yaratmağın mümkünlüyü müddəasını
doğru hesab edib və yaratdığı əsərlərlə
bunu təsdiqləyib. «Eynşteynə peyğam
(müraciət)», «Mumiyalanmış adam», «Tehran və
tehranlı», «Dunay çayının bəşəriyyətə
müraciəti», «Şair və yazıçıların
qurultayında Ülya Həzrət Şahbanu Fərəhin
xitabəsi», «Nəqqaş, yaxud Rəssam», «Qəlbin
sayıqlaması», «Alnımın yazısı», «Ey-vay, anam»,
«Xan nənə», «Səhəndiyyə» əsərlərinin
yazılması məhz müasir fars şeirinin qüdrətli
nümayəndələri Nima Yuşic, Səyavuş Kəsrai,
Əhməd Şamlu, Rza Bərahani və Nader Naderpur,
Foruğ Foruğzad kimi azad şeir sənətkarlarının
yazıb-yaratdıqları İran-fars poeziyasına xas
üslubun təzahürüdür. Şəhriyar XX əsrin
poeziya sənətinin dahisi olduğunu bu üslubda
yazdığı əsərlərlə, təkcə «Səhəndiyyə»
poeması ilə deyil, «Ey-vay, anam», “Mumiyalanmış adam” və
«Qəlbin sayıqlaması» ilə bir daha təsdiqləyib. Ancaq azad şeir üslubunda yazılmış «Səhəndiyyə»
heç bir mövcud ədəbi qanun, vəzn qəlibinə
sığmır və tamamilə yeni bir poeziya nümunəsi,
şeir növüdür. Əsasən əruz, qismən
heca vəzninin tələblərinə uyğun
yazılmış poemanın qafiyə sistemi klassik formaya uymur
və bəzən iki və üç qafiyədən sonra
üç, dörd, beş, altı, yeddi və daha çox,
hətta «oldu» rədifi ilə on səkkiz misra qafiyələnir.
Şair etiraf edirdi ki, “mən «Do morğ-e behişt -
İki behişt quşu» şeirimi Nima Yuşicə həsr
etmişəm.
Lakin o, «Səhəndiyyə» səviyyəsində
deyil. Əslində heç bir dildə «Səhən-diyyə»
səviyyəsində əsər yazılmayıb. Bu əsər heç bir miqyasda və meyarda
müqayisə edilə bilməz”. Şəhriyar
Səhəndə xüsusi məhəbbət və ehtiram
göstərib, onun azad ruhunu, malik olduğu əxlaq və
xarakterini çox bəyənib. Şəhriyar
azad şeir qəlibində qələmə aldığı
«Səhəndiyyə»də həm də insan qüdrətinin
çox şeyə qadir olduğunu, özünəinamın
həyat üçün vacib meyar
sayıldığını qabarıq verib. O, mənzumə
boyu təkcə bu meyarları qabartmaqla yetərlənməyib,
eləcə də oxucunu İnsan-Tanrı-Ərşi-Əla
münasibətlərinə inandırıb. Bu,
şairin bir sənətkar kimi kamilliyinin, arifliyinin təsdiqidir.
Müasir fars ədəbiyyatında xüsusi yeri olan,
«Əfsanə» poeması ilə fars şerinə yeni təxəyyül
və fantaziya, düşüncə tərzi gətirərək
klassik şeirlə çağdaş poeziya arasında
özündən əvvəlkiləri təkrarlamadan yeni «dəyişikliklər
körpüsü salan» Nima Yuşici də yüksək qiymətləndirib,
novator şairi modernist, sərbəst şeiri qəbul etməyən
müxtəlif tənqidçilərin qərəzli
hücumlarından qoruyub.
Esmira Fuad
(Şükürova)
ədəbiyyatşünas
Xalq Cəbhəsi.- 2016.- 20
sentyabr.- S.14.