“Şair olmaq istəmirdim”
Camal Yusifzadə: “Əli Kərim mənim
haqqımda fundamental ədəbi hökm verdi”
Camal Yusifzadənin 75 yaşı tamam oldu. Camal müəllim bu illər
ərzində ədəbi müzakirə və mübahisələrdən,
rəsmi toplantılardan uzaq qaldıqca sözə, qələmə,
yazı-pozuya bir az da yaxınlaşıb.
“Lənkəran nəğməsi”, “Atlılar, qanadlılar”,
“Ümiddən keçən yol”, “Payızdan gələnlər”,
“Küləyi döymək olmaz”, “Poeziya” kitabları dəbdəbəli
təqdimat mərasimləri olmadan belə sıravi
oxucuların da, iri kalibrli tənqidçilərin də diqqətini
çəkib. “Dağlar arxasız olmur”, “Səhər
qatarı” kimi maraqlı pyesləri müxtəlif teatrların
səhnəsində uğurla oynanılıb. Camal Yusifzadə ədəbiyyatımızda, elm və
mədəniyyətimizdə müstəsna xidmətlər
göstərən insanlar haqqında çəkilən sənədli
filmlərə ssenarilər yazıb, dövlət
televiziyasında redaktorluq etdiyi verilişlərin dəqiq
sayını bilən isə çətin tapıla. Onun bu xidməti ayrıca bir yazının
mövzusudu.
Amma bu müsahibədə yubilyarla şeir, poeziya barədə
danışacağıq. Çünki Camal
Yusifzadə hər şeydən öncə ondan əvvəl ədəbiyyata
gələn görkəmli söz adamlarının da,
yaşıdlarının da, bugünkü gənclərin də
etiraf etdiyi kimi, öz dəsti-xətti, ədəbiyyatımızda
yeri olan istedadlı şairdi.
- Avqustda,
isti bir yay günündə dünyaya gəlmisiz. Şairin hansı fəsildə
doğulmağının görən fərqi varmı?
- Bəzi
sənədlərimdə doğum tarixi kimi nədənsə
mart göstərilib, amma rəhmətlik anam deyirdi ki,
müharibə başlayandan iki ay sonra dünyaya gəlmişəm.
Məncə şairin hansı fəsildə
doğulmasının bir o qədər də əhəmiyyəti
yoxdu, istedadının, poetik düşüncəsinin
olması daha önəmli məsələdi. Bəzən belə hesab edirlər ki, fəsillər
arasında payız şairlərin ruhuna, ovqatına daha
yaxındı. Elə mən özüm də
payızı çox sevirəm.
- Qədim Roma filosofları belə hesab edirdilər ki,
natiqlər yetişir, şairlər isə doğulur. Bu məsələdə
istisnalar varmı?
- Həyatda
mütləq mənada heç nə yoxdu, ona görə də
birmənalı hökm vermək bir qədər çətindi.
Təbii ki, şairlik Allahın qanla, nəfəslə,
genlə insana ötürdüyü bir istedaddı. Amma həmin insana bu bacarığını göstərmək
üçün mühit də lazımdı. Mən özüm heç şair olmaq istəmirdim,
belə bir istəyim də yox idi. Tarix
fakültəsində təhsil alırdım, diplomat olmaq istəyirdim.
Bakıda düşdüyüm ədəbi
mühit məni şair elədi, ilk şeirimi yazanda 21
yaşım var idi. Bakıdakı qaynar ədəbi
mühit biz gəncləri, tələbələri
formalaşdırırdı. İndi
internetin gördüyü işi o zaman çayxanalar, burada
aparılan müzakirələr, mübahisələr əvəz
edirdi. Bizim nəsil dünya görüşünü
təkcə bədii ədəbiyyatla məhdudlaşdırmırdı,
kino, rəssamlıq, musiqi və incəsənətin digər
sahələri ilə yaxından maraqlanırdı. Leqal, qeyri-leqal çap olunan yazıları, əsərləri
tapıb oxuyurduq, dəqiq elmlər sahəsində
çalışan alimlərlə söhbətləşir,
onlardan öyrənirdik. “Gümüşü
balıq” şeirim məhz belə söhbətlərin,
görüşlərin təsirindən yaranıb. Fizikada enerjinin saxlanması qanunu var- enerji itmir, bir
şəkildən başqasına keçir. Mən də yazmışdım ki, öləndən
sonra xırdaca bir gümüşü balıq olmaq istəyirəm.
Həmin şeirin ətrafında bir hay-küy
yaratdılar ki, gəl görəsən. Yazıçılar
İttifaqında müzakirə apardılar, guya mən
anti-sovet fikirləri yayıram. Düzdü,
məni müdafiə edənlər də oldu, müzakirələrin
sonunda dedilər ki, balıq olmaq istəyir, qoy gedib olsun.
- Böyük
şairimiz Əli Kərim 1969-cu ildə sizin haqqınızda
yazdığı “İntellekt və poeziya” məqaləsində
elmə, savada, həyata dərin meylinizi xüsusi qeyd edib. Bu məqalədən sonra sizə münasibət
çoxmu dəyişdi?
- Əli Kərim kimi şairin 23-24 yaşlı bir gənc
haqqında belə bir məqalə yazması adi məsələ
deyildi. Həmin
məqalə ilə Əli Kərim sanki mənim barəmdə
fundamental hökm verdi. Xalq
şairi Rəsul Rza üzümü görmədən,
özümü tanımadan belə şeirlərim haqqında
mətbuatda fikir bildirdi. Təbii ki, belə
ustad şairlərin yaradıcılığım barədə
yazdıqları təsirsiz ötüşmədi.
- Sizin və
rəhmətlik Ələkbər Salahzadənin şeirlərini
oxuyanda qəribə bir ruh yaxınlığı hiss edirəm...
- Ələkbərlə
çox yaxdın dost olmuşuq, ayrı-ayrı yerlərdə
çalışsaq da müntəzəm görüşərdik.
Sonra tale elə gətirdi ki, bir binada qonşu
olduq, görüşlərimiz, söhbətlərimiz daha da
intensivləşdi. Ədəbiyyata,
poeziyaya, dünyaya baxışlarımızda üst-üstə
düşən çoxlu məqamlar var idi. Bu da sözsüz ki, hər ikimizin şeirlərində
özünü büruzə verirdi. Əslində,
bundan təəccüblənmək lazım deyil. Dünya ədəbiyyatında bir-birindən təsirlənmək,
bəhrələnməklə bağlı minlərlə
nümunə gətirmək olar. Yaradıcı adam maraqlı fikri, poetik ifadəni kimdən
eşitməlidi? Ətrafındakı qələm
adamlarından, oturub-durduğu dostlarından. Bir dəfə
Fikrət Qoca dedi ki, mən Camaldan çox şey öyrənmişəm.
İndi bu o demək deyil ki, Fikrət Qocaya nəsə
dərs keçmişəm, nəyi isə öyrətmişəm.
Görünür hansısa bir misram, sözüm, fikrim onu cəlb
edib və ondan bəhrələnməyə
çalışıb.
- O
gün sizinlə telefon danışığımızda elə
başa düşdüm ki, uzun müddət
çalışdığınız “Ədəbiyyat və
incəsənət” qəzetinin indiki varisi “Ədəbiyyat qəzeti”ndən
zəng gözləyirsiz. Belə zənglər
tez-tezmi olur?
- İndi qəzetin təkcə adı yox, kollektivi də
dəyişib.
Bir vaxtlar çiyin-çiyinə
çalışdığım iş yoldaşlarımdan
heç kim orda qalmayıb. Amma sağ
olsunlar ki, yada salırlar. Baş redaktor Azər
Turan tez-tez zəng edir, yeni şeirlərimi,
yazılarımı gözlədiyini deyir. Azərin rəhmətlik
atası İmamverdi Əbilovla dost olmuşam. Elə
vaxtlar olub ki, ezamiyyətdən qayıdanda gecə saat 3-4-də
İmamverdi müəllimin Neftçaladakı evinin
qapısını döymüşəm, hər dədə də
məni xoş qarşılayıb. Azər
onda hələ yeniyetmə idi, minnətdaram ki, bu münasibəti
qoruyub saxlayıb. “Ədəbiyyat qəzeti”
son illər maraqlı çıxır, istedadlı gənclərə
geniş meydan verilir, dünya ədəbiyyatında baş verən
yeni proseslər qəzetin səhifələrində yetərincə
işıqlandırılır və bu məni bir oxucu,
söz adamı kimi sevindirir.
- Yazıçılar Birliyindən necə, yubilyarı
axtaran varmı?
- Yazıçılar Birliyindən nə xüsusi umacağım, nə də bir incikliyim olub. Nə vaxt getmişəmsə qurumun sədri, Xalq yazıçısı Anardan, birinci katib Fikrət Qocadan özümə qarşı xoş və məhrəm münasibət görmüşəm. Düzdür, heç vaxt orada kitablarımın təqdimat mərasimini keçirməmişəm, çünki mənim bu məsələyə, eləcə də yubileylərin bu cür keçirilməsinə münasibətim fərqli olub. 5-6 məhrəm adamla oturub yeni kitabı və ya yubileyi qeyd eləmək mənə görə daha səmimi alınır. Bəzilərinə bəlkə də qəribə görünə bilər, amma eyni dövrdə ədəbiyyata gəldiyim insanların əksəriyyətinə nəyin bahasına olursa olsun, tez-tez çap olunmaq, hər yerdə göz qabağında görünmək kimi hisslər yad idi. İsa İsmayılzadə, Vaqif Səmədoğlu, İsi Məlikzadə, Seyran Səxavət, bayaq adını çəkdiyimiz Ələkbər Salahzadə... Biz belə məsələlərdən həmişə uzaq olmuşuq.
- “Səhər qatarı”, “Dağlar arxasız olmur” kimi maraqlı pyeslərin müəllifindən soruşsam ki, niyə yeni dram əsərləri yazmırsız, yəqin ki, səbəb kimi qonorar azlığını, sponsor qıtlığını göstərəcəksiz...
- Heç vaxt dramaturgiyadan uzaqda qalmamışam, bu gün də pyeslər yazıram. Çünki mənim fikrimcə, dramaturgiyanın hüdudları poeziyanın imkanlarından daha genişdi. Bəlkə də yeganə azərbaycanlı dramaturqam ki, SSRİ Mədəniyyət Nazirliyi pyesimi bütün ölkə boyu fəaliyyət göstərən teatrlarda oynanılması ilə bağlı tapşırıq verib. O zaman yazdığım “Vicdanın sıfır həddi” pyesi Moskvada böyük maraqla qarşılanmışdı. Böyük rus rejissoru Anatoli Efros pyesi özünün rəhbərlik etdiyi Maloy Bronnoy teatrında oynanılmasını istəyirdi. Tamaşaya həmin vaxt teatrda təcrübə keçən Cahangir Novruzov quruluş verməli idi. Lakin Efrosun vəfat etməsi və teatrda rəhbərliyin dəyişməsi üzündən əsər səhnəyə qoyulmadı.
“Meydan oyunları” pyesim neçə ildir ki, Akademik Milli
Dram Teatrındadır. Rəhmətlik Yaşar Nuri bu əsərə
quruluş vermək istəyirdi, sonra dedi ki, mürəkkəb
əsərdir, gücüm çatmır. İndi
bu teatra da yeni rəhbərlik gəlib, yaxın günlərdə
Azər Paşa Nemətlə görüşüb, müzakirə
aparacağıq. Mingəçevir Dövlət
Dram Teatrının baş rejissoru Xəzər Gəncəli
yenidən “Səhər qatarı” pyesimə quruluş verir,
yeni mövsümdə premyerası olacaq.
Bayaq
dediyim kimi, yeni pyeslər yazıram, amma ölkədə pyes dərc
edən xüsusi bir jurnal yoxdu, sən deyən kimi, qonorar da az verilər. Hansı teatra gedirsən sponsor tapmağı
xahiş edirlər. İrəvan xanlığının
süqutundan bəhs edən səhnə əsəri
yazmağımı sifariş ediblər, lakin belə bir
mürəkkəb mövzunun işlənməsi müqabilində
o qədər az qonorar təklif olunur ki,
imtina etməkdən başqa yol qalmır.
Qarabağ savaşından bəhs edən pyesi
bitirmişəm. Mənim bu hadisələrə öz
baxışım, yanaşmam var, Böyük Vətən
savaşında çiyin-çiyinə vuruşan iki xalq
dünyanın böyük güclərinin ssenariləri
üzündən indi üz-üzə döyüşür.
-
Yağış suvağını yuyur bu evin,
Külək
şüşəsini döyür bu evin,
Sükut
hay-küyünü qovur bu evin,
Zaman
taxtasını oyur bu evin,
Ay
qonşu, bu evin yiyəsi hanı?
Lənkərandakı evinizə gedəndə yenə bu
hissləri keçirirsiz?
- Elə əbədi
hisslər var ki, onlar heç vaxt insanı tərk etmir.
- 75
yaşa gəlib çatdınız, cavabını tapa bilmədiyiniz
suallar çoxdu?
- Hələ
çox sualın cavabı yoxdu. Kim deyə bilər
ki, gələcəkdə bizi nə gözləyir? Ona görə də insan həmişə
keçmişi ilə yaşayır. Çünki
keçmişdəki hadisələr, hisslər çox
tanışdı.
Mənim
arzularım-
əbədi kölgəm;
Gah məndən
arxada,
Gah məndən öndə.
Mənim
arzularım əzabla olur;
Gah məndən
arxada,
Gah məndən öndə.
Mənim
arzularım
bu
dünya qədər
köhnə bir kədər...
Etibar Cəbrayıloğlu
Xalq Cəbhəsi.- 2016.- 20
sentyabr.- S.4.