Şəhriyar ənənəvi şeir qəliblərindən sıçrayaraq çıxdı

 

2-ci yazı

 

Doktor Həmid Zərrinkubun: «Nimanın «Əfsanə»si əvvəlcə şairlərin yersiz hücumlarına məruz qalır. Əsrimizin bəzi tanınmış şairləri onu tənqid etməyə başlayırlar. Eşqi, Bahar və Şəhriyar isə «Əfsanə»nin forma və vəznini bəyənir, əsər barəsində fikirlərini özünəməxsus bir dillə ifadə edir, onu təqlid edirdilər. Bu da «Əfsanə»nin dayaqlarını möhkəmləndirirdi” mülahizəsi də fikrimizi təsdiqləyir. Həqiqətən də şair Nima Yuşicə həsr elədiyi «Əfsanə şairi» və «İki behişt quşu» şeirlərində onunla həmfikir, həmdərd olduğunu nəzmə çəkib, əsasən də «Əfsanə şairi»ndə öz taleyi ilə Nimanın taleyi, yaşantıları arasında oxşarlıq, eynilik gördüyünü, özünün də Nima kimi əfsanələrdən ilham aldığını, eyni eşq camından mey içdiklərini, hər bir dərdli insanın dərdinə ortaq olduqlarını yazıb. Çünki «hər iki şair «mühitin tüstüsündən», əzablarından cana gəlib. Ürəkləri sarsıdan, gözləri alışdıran bu tüstüdən qaçıb yaxa qurtarmaq arzusu hər iki şairin qəlbində özünə yer tapır»:

 

Gəl bu hicran dərdini Nima, çəkək bir yerdə biz,

Həmfikir, həmdərd olaq, məskən salarsaq harda biz.

Bu çəkilməz dərdlərə yadlar uzaqdan güldülər,

Dərdmənd olduq fəqət, hər dərdliyə, hər fərdə biz.

Körpə tək vardır gülən, hər kəlməni hədyan sanan,

Gəl ki, bu nadanların dərsin verək şeirdə biz.

 

Şairlər sözlə, rəssamlar rənglərin dili ilə danışır, incə və zərif hisslərini, sevgi və nifrət duyğularını bəyan edirlər. Xalqının talesiz övladlarının talan olmuş ömürlərini, yarımçıq qalmış arzularını sərbəst vəzndə daha rahat, azad şəkildə ifadə edə biləcəyini düşünən şair «Nəqqaş», yaxud «Rəssam» adlı sərbəst vəznli əsərini yazır. O, rəssama üzünü tutaraq hər vərəqi faciələrlə dolacaq bir dəftər yaratmağı tövsiyə edir və hər tükü şair xəyalından toxunan fırçasını götürüb ana təbiətin ruha qida verən, gözoxşayan gözəlliklərini, həyatın eyş-işrətini, naz-nemətini deyil, pərdə arxasını, qaranlıq tərəflərini, əksliklərini nəqş etməyi məsləhət görür. Şair istəyir ki, rəssam o dəftərdə hilal vaxtından bədr olanadək bircə anlıq da olsa, buludların arxasından çıxa bilməyən ayın, rəssamın sinəsində həyata gəlmədən ölən bir tablonun, doğulmadan məhv edilən bir arzunun, şəhla gözləri ilə nə aynaya, nə də suya baxa bilməyən lalənin, ayaqyalın, başaçıq, səfalət içində yaşayan, ömrünü səhralar talayan, günəş altında yanıb lalə tək təndirlər qalayan bir kəndli qızının, bir ömür qayalar arasında çırpınaraq həyata təşnə qalan, yolları bağlanıban sədd çəkilən zümrüd gözlü şəlalənin, memarın səylə yaratdığı, lakin sona çatdırmağa macal tapmadan dağıdılıb xaraba qoyulan abidəni və dadına, imdadına kimsənin yetişə bilmədiyi nalənin rəsmini çəksin. Şəhriyar əmindir ki, əbədiyyətə qovuşacaq, sənət ömrü heç vaxt tükənməyəcək belə bir tablonun insanların ruhunda və ürəklərində izi qalacaq.

İstər fars, istərsə də Azərbaycan ədəbilyyatında XX əsrin 20-30-cu illərindən etibarən pərvəriş tapmış yeni-modernist şeirin, yeni formanın köklərinin Məşrutə hərəkatı dövründən qaynaqlandığını, bu üslubda yazmağın o qədər də yeni hadisə olmadığını vurğulayan şair orta çağlarda şeirin bəhri-təvil və müstəzad formalarının mövcudluğundan da bəhs etmiş və həm ənənəvi, həm də sərbəst vəznlərdə yazıb-yaratmağı vacib sayıb.

Dilin və ədəbiyyatın daim qoruyucusu olan, sənətdə baş verən mütərəqqi yenilikləri müdrikliklə qəbul edən və həmin yenilikləri yaradıcılığında novatorluqla yaşadan Şəhriyar bu məsələdə də son dərəcə diqqətli olmağı tövsiyə edərək yazırdı: «Qəzəl, qəsidə, qitə və məsnəvi nəzərdə tutulan mövzunu bəyan etməyə imkan vermədikdə azad şeir formasına müraciət etmək lazımdır. Çünki şeir yazmağın birinci şərti şair olmaq, şeirdə ictimai dərdləri nəzmə çəkməkdir. Həqiqi şair odur ki, fikrində olan mövzunu hansı formada bəyan etməyin mümkünlüyünü əvvəlcədən müəyyənləşdirə bilsin. Bütün şeir qəlibləri ixtiyarında olan kamil şair şeirin hər hansı bir qəlibinə və xüsusi formasına müxalif olmaz və şerin bir, yaxud bir neçə növünə müxalif olanlar bərk yanılırlar. Özləri hansısa bir formada şeir yaza bilmədiklərinə görə də həmin formaya müxalif olurlar. Belə ki, bu günün yeni şerinin tərəfdarları Sədi, Hafiz, Mövləvi, Nizami, yaxud Sənai kimi qiymətli qəsidə yazanları inkar etməməlidirlər. Çünki Sədi öz zəmanəsinə görə yeni şeir yazmış, Hafiz də Sədidən sonra yeni üslub yaradıb və hələ heç kəs onları təqlid edə bilməyib. Bu günün yeni şeir üslubunda da çox dəyərli əsərlər yaranıb və yenə də yaranacaq ki, onlar şüurumuza, təfəkkürümüzə tam sirayət eləyə bilmir, ancaq buna baxmayaraq ənənəvi şerin tərəfdarları, qəzəl qəsidə yazan şairlər yeni şeri gözümçıxdıya salmamalıdırlar. Çünki yeni şeir zamanın hadisəsidir. Zaman isə heç vaxt səhv etmir».

Lakin yaradıcılığının bütün mərhələlərində Şəhriyar qəti olaraq ona əminliyini bildirib ki, şeir mütləq vəznli olmalıdır. Əsl şeirin canı onun məna və məzmunundadır. Forma onun yalnız libası, poetik qəlibi, zahiri qılafıdır. Adətən sözləri vəznli olan yazıçıya şair deyirlər. Həqiqi yazıçı isə həm də şairdir. Azad şeir üslubunda yazdığı «Mumiyalanmış adam», yaxud «Mumiyayi» əsərində şairi söylədikləri bariz ifadəsini tapır. Əsərin məzmunu ilə forması bir-birini tamamlayır, Şəhriyarın məhdud şeir qəlibinə sığmayan sərhədsiz fikirləri sərbəst vəznin çərçivə azadlığında qanad çalır:

 

Verdiklərini geri aldı bir-bir...

Bu dünya məni uşağa bənzətdi,

Qaqqa göstərdi, vermədi, aldatdı.

Xəstəlik verdi, dərman vermədi.

Əyləncə öyrətdi, əyləndirmədi.

Sonra da quraşdırdıqlarını açıb yığdı bir yerə,

Vurdu qoltuğuna,

«Bir daha qaytarmaram» deyib apardı.

(Daha nə deyəsən buna!)

«Dünya kişi deyil» deyən qadınlar

Min yaşasınlar...

 

Azad şeiri dərin təfəkkürün məhsulu, dövrün, zamanın təbii ehtiyacından doğan ədəbi bir hadisə kimi dəyərləndirən və daim yeni məna, məzmun və forma axtarışında olan ustad Şəhriyar ənənəvi şerə-qəzələ də yeni məzmun, yeni keyfiyyət dəyişiklikləri gətirməyi bacarıb. Əfsanə şairi Nima Yuşic də öz növbəsində məsləkdaşının qəzəl janrının yeni meyarlara uyğun inkişafı naminə sərf etdiyi yaradıcı əməyi, bu əməyin məhsulu olan əsərlərini yüksək qiymətləndirirdi: «İnsan Şəhriyarın şeirlərini oxuyanda qəzəldən, ancaq öz üslubumuzda olan qəzəldən gözlədiyi ülviliyin şahidi olur. Bu hal «Qəlbin sayıqlaması» əsərində son dərəcə ali və hərarətlidir. Şeir özü məqsəddir. Şəhriyarın həyatının mənası elə şerin özündədir. Onun dediyi kimi: Əsl işrət dərd və hal əhlinin hicran zamanı dostunun xəyalı ilə baş-başa keçirdiyi anlardır. Söz əhlini həqiqi şair kimi tanıtmaq yalnız bu yolla mümkün olur. «Qəlbin sayıqlaması»ndan göründüyü kimi, o, batinindəki gənclik enerjisi ilə bu yolu çoxdan keçmiş, sonrakı mərhələlərdə isə daha da təkmilləşdirib. İran poeziyasının məziyyətlərindən biri onun ürfanla qırılmaz bağlı olmasındadır. Şəhriyar bu məziyyəti şeirə təzə paltarda daxil edib, şeirə məna bəxş etmişdir. Mən təsəvvür etmirəm ki, yalnız təbiətinin yol tapa biləcəyi bu mövzunu bir başqası ədəbiyyata Şəhriyar kimi daxil edə bilsin. «Qəlbin sayıqlaması» onun fars ədəbiyyatındakı haqqını saxlayan bir vasitədir».

Şəhriyarın bütövlükdə Yaxın Şərq və Azərbaycan ədəbiyyatının, xüsusilə də qəzəlin klassik bir janr kimi yaşaması və inkişafı uğrunda göstərdiyi xidmətlər ölçüyəgəlməzdir. Köhnəliyi özündə yaşadan bir vasitə kimi mühakimə olunan, meydanlarda çatılmış tonqallarda yandırılan, qəzəl bizim zəmanənin şeri deyil, - deyərək onu bir janr kimi ədəbiyyatdan silmək istəyənlərə ustad şair əməli işilə cavab verib, həyatdan götürdüyü mövzularda türkcə və farsca yazdığı qəzəlləri ilə əsrlərdən bəri eşq və məhəbbəti, gülün bülbülə, aşiqin xəyali məşuqəyə olan sevgisini, gözəlin qaşlarının aya, zülflərinin ilana, ləbinin qönçəyə, dilinin şəkərə, yanaqlarının laləyə bənzədiyini izhar edən, eşq dili ilə danışan qədim şeir növünü yeni məna və məzmun zirvəsinə qaldırmışdı. Onun misilsiz xidmətləri, fars ədəbiyyatının və qəzəlin inkişafındakı böyük rolu dövrünün görkəmli söz ustaları, elm xadimləri tərəfindən yüksək qiymətləndirilib. Bəlkə də gətirdiyimiz nümunələr say etibarı ilə oxucuya çox göründü, ancaq bunun bütün ruhu ilə Azərbaycan milli varlığına bağlı olan Şəhriyara və onun tarixi xidmətlərinə fars ədəbiyyatşünaslığının kifayət qədər tanınmış simalarının verdiyi yüksək dəyər olduğunu biləndə düşünürük ki, bizimlə razılaşacaq. Mehrdad Ustad: “Şəhriyarın qəzəlləri, sözüm əsl mənasında, ustadanə yazılmış əsərlərdir və onların əksəriyyəti keçmiş şairlərin yazdığı qəzəllərdən fərqlidir. Qəzəl və qəsidənin böyük ustadlarından biri mahir sənətkar, şair Əmiri idi. Ancaq Şəhriyarın qəzəllərində olan yenilik və sıçrayış nə Əmirinin, nə də Rəhinin qəzəllərində yoxdur”.

Doktor Xosrov Fərşidvənd: «Bu günün dili ilə yazılan qəzəl odur ki, onun əsl xeyir-duası qədim dövrə aiddir. Ancaq bəzən qəzəldə bu günün sadə zərb-məsəlləri gözə dəyir. Buna görə də Lahuti və Şəhriyarın bəzi qəzəlləri kimi bir növ müasirliklə, yeniliklə çulğalaşıb».

Məhəmməd Pərvin Qonaqabadi: «Şəhriyar fars qəzəlinin iftixarlarından biridir. Ana dilinin Azəri olmasına baxmayaraq İran şeirini (qəzəli - E.F.) bərpa etmək sahəsində çox böyük xidmətlər edib, yaratdığı bədii əsərlər və möcüzəli ahəngləri ilə Saibdən sonra fars qəzəlini yeni zirvəyə yüksəldib».

Manuçöhr Neyistani: «Şəhriyar həmişə axtarışda olan şairdir. O, bütün kəsə və daşlı-kəsəkli yolları sınaqdan keçirdikdən sonra, nəhayət, qəzələ çatıb. O, qəzəldə Saibin incə və zərif xəyallarını, Xaqani qəzəlinin dilinin qüdrət və əyilməzliyini, Sədi şerinin xüsusiyyətlərini, Hafizin ürəklər fəth edən ürfanını bir-biri ilə qovuşdurub. Cəsarətlə demək olar ki, son illərdə ondan bacarıqlı az yazarımız olub”. Yədulla Röyayi: «Adətən deyirlər ki, türk şairi fars dilində şeir yaza bilməz. Mən bu fikri qəbul etmirəm. İndiki dövrdə buna nümunə Şəhriyardır. Şəhriyar əsil qəzəl yazan sənətkarlardandır. Onun şeri dilimizdə qəzələ doğru keçid qapısı açıb. Yəni insan hələ də ürəyindəki arzunu açıqlamaq istəyəndə qəzəl yazır».

 

Esmira Fuad (Şükürova)

ədəbiyyatşünas

Xalq Cəbhəsi.- 2016.- 21 sentyabr.- S.14.