KİV-lərdə millətlərarası məsələlərlə bağlı məlumatlandırma və maarifləndirmə

 

III yazı

 

Araşdırmaçı İ.Mazanlı arazdırmasında bu qənaətə gəlir ki, “hər hansı bir cəmiyyətdə bütün xalqların özünəməxsus milli-mənəvi dəyərlərinin inkişafında və qarşılıqlı surətdə zənginləşməsində bu cəmiyyətdəki bütün sosial-siyasi institutların, xüsusilə də kütləvi informasiya vasitələrinin rolu böyükdür və onların üzərinə xüsusi vəzifələr düşür. Bizim fikrimizcə, KİV-in bu istiqamətdə fəaliyyəti ayrıca, həm də fundamental elmi araşdırmaların obyekti olmalıdır. Etnik identifikasiyanın hüdudları, ana dilinin funksional rolu və etnik özünüdərkin dirçəlişində kütləvi informasiya vasitələrinin yeri və rolu haqqında yuxarıda deyilən mülahizələri 1998-1999-cu illərdə respublikamızda AMEA Fəlsəfə və Hüquqi Tədqiqatlar İnstitutu tərəfindən KİV-in millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi keçirilən sosioloji tədqiqatın nəticələri də təsdiq edir. Tədqiqat zamanı identifikasiyanın mühüm əlaməti olan ənənəvi milli mədəniyyətin elementləri barədə əhalinin bilik səviyyəsini müəyyən etmək məqsədilə sorğuya xüsusi suallar da daxil edilmişdi.

Tədqiqat milli özünüdərkin bərqərar olmasında və dirçəlişində kütləvi informasiya vasitələrinin əhəmiyyətini təsdiq edir. Şəhər əhalisinin 22,2 %-i, kənd əhalisinin isə 21,5 %-i həmişə, bəzi vaxtlarda isə müvafiq olaraq 45,5 %-i və 43,2 %-i radio verilişlərinə Azərbaycan dilində qulaq asır. Bədii ədəbiyyatı şəhərlilərin 66,3 %-i, kəndlilərin isə 55,9 %-i; qəzetləri də müvafiq olaraq 58,7 %-i və 46,6 %-i həmişə və bəzən də Azərbaycan dilində oxuyurlar.

Kənddə yaşayan respondentlər şəhərdə yaşayanlara nisbətən televiziya verilişlərinə Azərbaycan dilində daha çox baxırlar, müvafiq olaraq - 61,5 % və 40,5 %. Sorğuya televiziya verilişlərinə Azərbaycan dilində baxmayanlardan, radio verilişlərinə Azərbaycan dilində qulaq asmayanlardan, qəzetləri və bədii ədəbiyyatı Azərbaycan dilində oxumayanlardan bunun səbəbini göstərmələri barədə də ayrıca sual daxil edilmişdi. Respondentlər bunu sadəcə ana dilini pis bilmələri və ya da bilməmələri ilə izah ediblər. Beləliklə, aparılmış tədqiqat işi təlim və tərbiyə prosesinin müvafiq təşkili təqdirində, gənc nəsildə vətənpərvərlik, vətəndaşlıq hisslərinin tərbiyə olunmasının, milli özünüdərkin, ölkəmizdə yaşayan bütün xalqların tarixinə və mədəniyyətinə, insanın şəxsiyyətinə və hüquqlarına hörmətlə yanaşmanın mümkün olduğunu bir daha təsdiq edir”.

Araşdırmaçı bu qənaətə gəlir ki, millətlərarası və dövlətlərarası münasibətlər çoxaspektli və daxilən mürəkkəb bir problemdir və onun tədqiqinin elmi və praktik əhəmiyyəti dünyanın müxtəlif ölkələrində və regionlarında millətlərarası və dövlətlərarası, o cümlədən, milli daxili münasibətlərin mürəkkəbləşməsi və müasirləşməsi dərəcəsinə müvafiq olaraq artır: “Azərbaycan bu ölkədə yaşayan bütün millətlərin vətənidir” və “Azərbaycan dünyəvi, ancaq burada yaşayan xalqların öz dinindən ayrı düşmədiyi dövlətdir” – dünyagörüşləri üzərində qurulmuş və inkişaf etdirilmiş, dövlət-insan, dövlət-vətəndaş, dövlət-din münasibətləri sistemləri formalaşmış və hazırda da uğurla həyata keçirilən bir ölkədir. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda əsrlər boyu yaranmış və formalaşmış tarixi tolerantlıq mühiti qorunub saxlanılır və burada yaşayan bütün xalqların millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi müştərək milli sərvət kimi dəyərləndirilir və inkişaf etdirilir. Bu fikri əminliklə söyləməyimizə tutarlı əsaslarımız da var. Belə ki, burada yaşayan bütün insanların ümumi vətəni sayılan, çoxçeşidli etnik tərkibə malik Azərbaycan dünyanın 80 ölkəsində əhalinin həyati əhəmiyyət kəsb edən dəyərlərinin (World Values Survey) öyrənilməsi məqsədi ilə keçirilmiş və nəticəsi “The Washington Post” qəzetinin saytında yerləşdirlmiş (16 may 2013-cü il) dünyanın ən tolerant ölkələrinin siyahısına daxil edilib. Aparılmış tədqiqatın qarşısında ölkənin iqtisadi inkişaf səviyyəsi, etnik müxtəlifliyi və əhalisinin tolerantlıq dərəcəsi arasında paralellərin aparılması və onların bir-birindən asılılıq vəziyyətinin müəyyən edilməsi vəzifələri qoyulsa da, araşdırmanın nəticələri bu fenomenlər arasında hansısa ciddi bir asılılığın olmadığını göstərib. Respondentlərdən digər suallarla yanaşı, “Kimlərin qonşunuz olmağını arzu etmirsiniz?” sualına cavab verməyi də xahiş ediblər. Tədqiqatçılar rəyi soruşulanların böyük əksəriyyətinin bu suala “başqa irqdən olan insanların” cavabını verən respondentlərin aid olduqları cəmiyyətləri daha az tolerant xalqların siyahısına daxil ediblər. Azərbaycan, əhalisinin 10-15 %-nin bu suala “başqa irqdən olan insanların” cavabını verən ölkələrin kateqoriyasına daxil edilib. Beləliklə, Azərbaycan regiondakı qonşuları Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya və İrana nisbətən daha tolerant ölkədir. Azərbaycan cəmiyyətinin tolerantlıq göstəriciləri bir sıra Avropa ölkələrinin göstəricilərindən də xeyli yüksəkdir.

Maraqlı burasıdır ki, bu ölkələrin öz göstəricilərinin də arasında böyük fərqlər var. Tədqiqat göstərir ki, hətta iqtisadi inkişaf və savadlılıq üzrə yüksək göstəricilərə malik Qərbi Avropa ölkələri belə heç də hər zaman tolerant ola bilmirlər. Məsələn, rəyi soruşulan və 23 %-i başqa millətlərdən olan insanları öz qonşuları kimi görmək istəməyən Fransa Avropanın tolerantlıq dərəcəsi zəif olan ölkəsi kimi müəyyən edilib. Hətta bu qiymətləndirməyə görə, keçmiş sovet respublikaları Belarus və Latviya Avropanın bəzi inkişaf etmiş ölkələrini qabaqlayırlar.

Hindistanlıların 43,5 %-i, iordaniyalıların 51,4 %-i, Banqladeş və Honq-Qonq əhalisinin isə təxminən 70 %-i başqa irqlərdən olan insanların onlara qonşu olmalarını istəmirlər. Tədqiqatın nəticələrinə görə, İngiltərə, Skandinaviya, Şimali Amerika və Cənubi Amerikanın əksər ölkələri, həmçinin Avstraliya dünyanın ən tolerant ölkələridir. Zənnimizcə, Azərbaycanın və Azərbaycan xalqının bütün tarixi boyunca bu ölkədə tolerantlıq mühitinin yaradılması və qorunub saxlanılması, etnik ədavət və ayrıseçkilik faktlarının qeydə alınmaması (hətta, başqa siyasi sistem daxilində olduqda belə və ermənilərin təhrikləri istisna olmaqla - İ.M.), ilk növbədə Azərbaycan xalqının və dövlətinin bu xalqların hər birinin milli-mənəvi dəyərlərinə hörmətlə yanaşması və qayğı göstərməsi ilə bağlıdır. Ümumiyyətlə, qədim dövrlərdən başlayaraq günü-gündən formalaşan, təkmilləşən milli-mənəvi dəyərlərimiz, xalqımız, tariximiz, mədəniyyətimiz və mənəviyyatımızın inkişafı haqqında söz demək üçün ayrı-ayrılıqda hansısa bir fənn, məsələn, tarix, ədəbiyyat və s. üzrə aldığımız biliyə söykənmək yetərli deyil. Bunlarla yanaşı, milli-mənəvi dəyərləri fəlsəfi, psixoloji, sosioloji, politoloji, bir sözlə, bütün humanitar problematikanı özündə əks etdirən fənlərarası bir aspektdən yanaşaraq qiymətləndirmək bəlkə də müəyyən səviyyədə mümkündür. Milli dəyərlərimizə bolşevik ictimai-siyasi sistemində - ateist sosializm cəmiyyətində müəyyən qadağalar qoyulub, onları həyata keçirənlərə qarşı “cəza tədbirləri” tətbiq edilib. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan xalqı öz milli-mənəvi dəyərlərini, adət-ənənələrini qoruyub saxlayıb, milli, dini əxlaq və inamını yüksək tutaraq, humanistlik, mənəvi saflıq, sadiqlik, mərhəmət və bütövlük nümayiş etdirib. Azərbaycan xalqı SSRİ dönəmində həmişə milli ruh və milli hisslər uğrunda mübarizənin önündəkilərdən biri olub, kommunist partiyasının tətbiq etdiyi heç bir cəza tədbiri onu bu amaldan döndərə bilməyib. Azərbaycan dilinin konstitusiyada (1956-cı il və 1978-ci il) dövlət dili kimi təsbit olunması, Novruz bayramının milli bayram kimi qeyd olunması və s. ilə bağlı hərəkatları buna misal göstərmək olar. Azərbaycan KP MK bürosu 1956-cı il iyulun 24-də Azərbaycan SSR-nin Konstitusiyasına Azərbaycan SSR-in dövlət dili barədə maddə əlavə edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin təklifini müzakirə edir. Büro Azərbaycan SSR-nin Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” və “Azərbaycan SSR ərazisində yaşayıb azlıq təşkil edən millətlərə həm öz mədəniyyət idarələrində, həm də dövlət idarələrində ana dilini sərbəst inkişaf etdirmək və işlətmək hüququ təmin edilir” – məzmunda maddələrin əlavə olunması məqsədi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinə bu maddələrin Azərbaycan SSR Ali Sovetinin üçüncü sessiyasının müzakirəsinə çıxarmağı tövsiyə edir. Həmin tövsiyəyə əsasən Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR-nin Konstitusiyasına Azərbaycan SSR-in dövlət dili barədə maddə əlavə edilməsi məsələsini 1956-cı il avqustun 21-də Azərbaycan SSR Ali Sovetinin üçüncü sessiyasının müzakirəsinə çıxarır və Azərbaycan SSR-nin Konstitusiyasına Azərbaycan SSR-in dövlət dili barədə aşağıdakı məzmunda maddənin əlavə edilməsi haqqında qanun qəbul edir: “Maddə 151. Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir. Azərbaycan SSR ərazisində yaşayıb azlıq təşkil edən millətlərə həm öz mədəniyyət idarələrində, həm də dövlət idarələrində ana dilini sərbəst inkişaf etdirmək və işlətmək hüququ təmin edilir.”

Azərbaycan SSR-in dövlət dilinin Azərbaycan dili olmasını təsbit edən maddə 1978-ci ildə qəbul olunmuş Konstitusiyada da öz əksini tapır. Konstitusiyanın 73-cü maddəsində deyilir: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan SSR dövlət orqanlarında və ictimai orqanlarda, mədəniyyət, maarif müəssisələrində və başqa idarələrdə Azərbaycan dilinin işlədilməsini təmin edir və onun hərtərəfli inkişafına dövlət qayğısı göstərir. Azərbaycan SSR-də rus dilinin, habelə əhalinin danışdığı başqa dillərin bütün bu orqanlarda və idarələrdə hüquq bərabərliyi əsasında azad surətdə işlədilməsi təmin edilir.”

Məlum olduğu kimi, mədəniyyətin, milli şüurun inkişafında milli-mənəvi dəyərlər mühüm rol oynayır. Xalqın dili, dini və adət-ənənələri onun milli-mənəvi dəyərlərini şərtləndirən, mənəvi aləminin formalaşmasına təsir göstərən amillərdir. Milli-mənəvi dəyərlərin qorunması, milli mədəniyyətin inkişaf etdirilməsi, xalqın adət-ənənələrinin zənginləşdirilməsi həmişə diqqət mərkəzində saxlanılmalı, bu işdə xidmətləri olan şəxslərin əməyi yüksək qiymətləndirilməli və təşviq edilməlidir. Xüsusilə də gənclərin xalqın milli-mənəvi dəyərləri, milli-əxlaq prinsipləri əsasında tərbiyə edilməsi olduqca vacibdir.

 

Uğur

 

Xalq Cəbhəsi.- 2016.- 21 sentyabr.- S.13.