“Sanki “Orfoqrafiya
lüğəti”ni Azərbaycan dilindən tam xəbərsiz
insanlar hazırlayıb”
Nazirlər Kabineti yanında Tərcümə
Mərkəzinin direktoru, yazıçı Afaq Məsudun
APA-ya müsahibəsi (ixtisarla)
- Afaq xanım, Tərcümə Mərkəzi
yaradılanda demişdiniz ki, bu sahədə fəsad və
nöqsan çoxdur. İki il ərzində
bu nöqsanlar hansı səviyyədə aradan
qaldırılıb?
- Tərcümə Mərkəzinin yaradılmasında əsas
məqsəd, bildiyiniz kimi, Azərbaycan dilinin və tərcümə
işinin təkmilləşdirilməsi, yəni sahələr
üzrə düzgün tətbiqinin təmin edilməsi və
təşkilidir ki, fəaliyyətə
başladığımız gündən bu sahələr
üzrə müəyyən irəliləyişlərə
nail olunub. Təkcə dövlət qurumlarının rəsmi
yazışmalarında və saytlarında Azərbaycan dilinin
tətbiqi və tərcümə işinin vəziyyəti ilə
bağlı aparılan yoxlamalar nəticəsində 300-ə
qədər ekspert rəyi hazırlanıb ki, bu rəylər əsasında
da qurumlar tərəfindən xeyli düzəlişlər
edilib, nöqsanlar aradan qaldırılıb. Bu yoxlamaların iki ildən bir aparılacağı
nəzərdə tutulur. Lakin ölkənin
dil və tərcümə sahəsinin, Mərkəzin daimi
yoxlama və düzəlişləri əsasında təkmilləşdirilməsi
bu irimiqyaslı, geniş əhatəli məsələnin həlli
yolu deyil. Yəni Mərkəz bütün
gücünü və fəaliyyətini daim səhvlərin
düzəlişinə sərf edə bilməz. Mövcud vəziyyətin aradan qaldırılması
üçün ilk növbədə, dilin tətbiqi, işlədilmə
və tədris mənbələri təkmilləşdirilməli,
peşəkar tərcümə qurumları və tərcüməçilər
bazası müəyyən edilməlidir. Azərbaycan
dilinin və tərcümənin işlədilməsi üzrə
meydana çıxan qüsurlara gəlincə, bu mənzərəyə
təkcə dövlət qurumlarında aparılan rəsmi
yazışmalarda və saytlarda rast gəlinmir. Bu, ibtidai
və ali təhsildə istifadə olunan Azərbaycan, rus,
ingilis, habelə digər xarici dil dərsliklərində,
dilimizin ana kitabı “Orfoqrafiya lüğəti”ndə, eləcə
digər dil mənbələrində, kütləvi informasiya
vasitələrində, afişa və reklamların tərtibində,
bir sözlə, dil və tərcümənin işləndiyi
hər sahədə müşahidə olunur.
- Tərcümə Mərkəzi
neçə vaxtdan bəridir ki, “Orfoqrafiya lüğəti”
üzərində işləyir. Lüğətdən çıxarılan
sözlər “Aydın yol” qəzetində dərc olunur. Məsələnin bu yerə gəlib
çatmasının səbəbi nədir?
- Əvvəla, qeyd edim ki, bizi “Orfoqrafiya lüğəti”nə
gətirib çıxaran, elə həmin bu dövlət
qurumlarında aparılan yoxlamalar oldu. Belə ki,
yazışmalarda rast gəlinən eyni səhvlərə, həmin
“Orfoqrafiya lüğəti”nə istinadən yol verildiyi
aşkar edildi. Və biz anladıq ki, əslində
Azərbaycan dilinin ehtiyatını, sözlərin
düzgün yazılışını müəyyən etməli
olan bu iri kitab həcmli qüsuru aradan qaldırmasaq, çəkdiyimiz
əziyyətlər boşa gedəcək. Biz bir tərəfdən səhvləri düzəldəcəyik,
o biri tərəfdən, dövriyyədə olan bu kitaba
istinad olunaraq, yenə səhvlər baş alıb gedəcək,
nəticədə, xəlbirlə su daşımağa bənzər
bir mənzərə alınacaq. “Aydın
yol” qəzetinin hər sayında təsnifat üzrə verilən
sözləri siz də oxuyursuz. Bu sözləri
görənlər dəhşətə gəlir və bu, həqiqətən
dəhşətdir. Əlbəttə, həmin
bu minlərlə süni düzəldilmiş,
yazılışı səhv və sair sözləri
lüğətdən küll halında da çıxarmaq
olardı, lakin düşündük ki, bu işi əsaslandırılmış
şəkildə görək. Adıçəkilən
kitabda “Orfoqrafiya lüğəti” statusuna aidiyyəti olmayan 40
mindən çox söz yer alır – mənası
anlaşılmayan, yazılışı səhv, dilimizdə
işlənməyən ərəb, fars sözləri, Azərbaycan
dilində qarşılığı olan rus sözləri,
minlərlə dərman, kimyəvi element adları, ara sözlər
və sair və ilaxır. Elə əcaib
sözlərə rast gəlinir ki, onların hardan
götürüldüyünü, bu kitaba hansı məqsədlə
salındığını heç bir məntiqlə əsaslandırmaq
olmur. “Dartmayaxamcırıldı”, yaxud
“qaşıyıbqurdunçıxaran”, yaxud, “meyitatış”,
“meyittullama”, “gövdəqucaqlama”, “gövdəqucaqlayan”,
“cıbrığınıçıxarma”,
“cıbrığınıçıxaran” və sair və
ilaxır. Kitab minlərlə belə əcaibliklərlə
doludur. Bu nəşrin digər
böyük qüsuru - sözün düzgün
yazılışına cavabdehlik qayəsinin əksinə, bəzən
iki, üç şəkildə verilməsidir. “Altun” -
“altın”, “yelpənək” - “yerpənək”, “alaf” - “ələf”,
“kompyuter” – “kompüter”, “dırmıqlamaq” – “dırmaqlamaq” və
sair. İndi bu kitabdan istifadə edən
sözün hansı variantını seçməlidir? Lüğətin digər daha pis qüsuru - minlərlə
sözlərin yazılışının səhv verilməsidir.
Sanki bu lüğəti Azərbaycan dilinin
qrammatikasından tam xəbərsiz insanlar hazırlayıb.
Bu nəşrə istinad edilərək isə təhsil
kitabları, imtahan testləri, dövlət sənədləri
hazırlanır, bir sözlə, Azərbaycan dilinin işlənildiyi
hər müstəvidə bu kitaba istinad edilir. Əlbəttə, dilin söz ehtiyatının
artırılması təbii prosesdir və zaman-zaman ədəbiyyat,
elm və mədəniyyət, yaranmaqda olan yeni fəaliyyət
sahələri, yeni texnologiyalar dilimizə yeni-yeni sözlər,
işlək terminlər gətirməkdədir. Amma bu prosesi süni şəkildə təşkil
etmək, dili “söz ehtiyatımızı artıraq” devizi
altında minlərlə əcaib, qondarma sözlərlə
çirkləndirmək yolverilməzdir.
- Yeni “Orfoqrafiya lüğəti” nə
vaxt nəşr ediləcək?
-
Bütün ili Mərkəz süni şəkildə
şişirdilib yararsız hala salınmış bu kitab
üzərində işləyib. Lüğətə,
hansı səbəbdənsə bu nəşrdə yer almayan
yeddi yüzdən çox sözün daxil ediləcəyi nəzərdə
tutulur. Bu, 50-ci, 60-cı və sonrakı
dövr ədəbiyyatlarına istinad olunan təmiz Azərbaycan
sözləridir ki, onları kitaba daxil etməzdən əvvəl
mütəxəssislərin müzakirəsinə
çıxarmaq niyyətindəyik. Kitabın
nəşrinə gəlincə, düşünürəm,
burada tələsməyin yeri yoxdur. Təmizlənmə
prosesi artıq başa çatıb, kitab indi korrektə
prosesindədir. Lüğətin öz
formatına uyğun nəşr edilməsi üçün
sözlər mütləq vurğular üzrə də işlənməlidir.
Ümid edirəm ki, bu ilin sonuna, bəlkə də,
növbəti ilin əvvəllərinə yekun nəticə əldə
olunacaq. Bu, akademik nəşrdir. Hədsiz diqqət və məsuliyyət tələb
edir. Odur ki, gəlin tələsməyək.
- Lüğətə məsul
Dilçilik İnstitutudur. İradlarınızı onlara deyəndə,
cavabları nə olur?
– Gəlin,
indi günahkar axtarmayaq. Dediyim kimi, “Aydın yol”
qəzetinin hər sayında lüğətdən
çıxarılması vacib bilinən sözlərin təsnifatı
dil və lüğət mütəxəssislərinə
müraciətlə nəşr edilir. Neçə
aydan bəridir ki, biz bütün əlaqədar qurumların və
şəxslərin diqqətini bu mövzuya yönəldirik, hər
kəsi rəy bildirməyə dəvət edirik. Axı bu dil hamımızındır. Bizə bu təsnifatla bağlı çoxlu zənglər
olur, məktublar yazılır. Hamı pis mənada
heyrət içindədir və hamı yeni lüğətin
nə vaxt nəşr olunacağını gözləyir, yeni
lüğət işıq üzü görənəcən
hansı mənbədən istifadə edilə biləcəyi
barədə məsləhət alırlar.
- Dərs vəsaitlərindəki
qüsurlarla bağlı necə, Təhsil Nazirliyi ilə
qarşılıqlı iş aparılırmı?
- Dərsliklərimizin
durumu bu gün bütün ictimaiyyətin diqqət mərkəzindədir.
Mərkəz dərsliklərin tərtibi ilə
bağlı Təhsil Nazirliyinə bir neçə layihə təqdim
edib. Burada tərcüməçilik tədrisinin yenidən
- beynəlxalq normalara və standartlara uyğun səviyyədə
qurulması, ibtidai siniflərdə tədris olunan “Azərbaycan
dili” dərsliyinin yeni formatda tərtibi və dərsliklərin
müəllif heyətini müəyyənləşdirəcək
“Daimi Dərslik Şurası” deyilən xüsusi
Şuranın yaradılması təklif olunur. Dünyada belə
bir təcrübə var. Bir çox sivil ölkələrdə
bu sahənin fəaliyyəti ən ali
dövlət qurumları tərəfindən müəyyən
edilir. Məsələn, İsveçdə dərslik
siyasətini bilavasitə İsveç Riksdaqı, yəni
Parlamenti aparır. Əslində, ölkənin gələcəyinin,
maarif durumunun, ümumi savad səviyyəsinin, bilavasitə təyinatçısı
olan bu sahənin ən ali səviyyədə
təşkil olunması, ölkənin hər sahədə
işıqlı, sabit gələcəyini təmin etmək məqsədi
daşıyır.
- Bədii tərcümə sahəsində
durum necədir?
- Bədii
tərcümə yaradıcı sferadır və burada iş
prosesi digər sahələrdəki kimi hansısa dəqiq
düsturlara, hesablamalara əsaslanmır, əsaslana da bilməz.
Bir əsəri on müəllif tərcümə
edərsə, on müxtəlif əsər alınar. Bədii
tərcümədə əsas məsələ tərcüməçinin
bədii təfəkkürə, istedada malik olması, tərcümə
etdiyi yazıçının, yaxud şairin iç
dünyasını, üslubunu duymağı və ifadə
etməyi bacarmasıdır. Təəssüf
ki, bu sahədə də boşluqlar çoxdur. Peşəkar tərcüməçilərimiz var,
lakin onlar çox azdır. Düşünürəm,
konveyer üsulu ilə ayda beş-on kitab tərcümə edib
həm dilə, həm də müəllifin ədəbi
orijinallığa xələl yetirməkdənsə, aylar, bəzən
illər tələb edən mükəmməl tərcümələrə
vaxt ayırmaq daha çox fayda verər.
– Tərcüməçilərin məlumat
bazası ilə bağlı işlər nə yerdədir?
–
Bazanı yaratmışıq, amma bu bazada peşəkar tərcüməçilərlə
yanaşı pul, qazanc xatirinə istənilən mətni istənilən
qiymətə tərcümə etməyə hazır olan
qeyri-peşəkarların da adı yer alır və
onların sayı peşəkarları
xeyli üstələyir. Bayaq dediyim yarıtmaz tərcümələri
meydana çıxaranlar da, həmin bu “tərcüməçilər
ordu”sudur. Mərkəzə isə hələ
ki, ölkə üzrə fəaliyyət göstərən tərcüməçiləri
akkreditə etmək hüququ verilməyib. Təkliflər paketi ilə müraciət
etmişik, gözləyirik. Nəzərdə
tutulan bu baza, yəni dillər və sahələr üzrə
müəyyən ediləcək peşəkar tərcüməçilər
bazası yaranarsa, dövlət qurumları, eləcə digər
təşkilatlar da, hansı sahədə hansı tərcüməçiyə
müraciət olunacağını müəyyən edə
biləcək. Yəni bütün
dünya praktikasında bu məsələ belə həll
olunur.
- Mərkəz Azərbaycan ədəbiyyatının
dünyada tanıdılması istiqamətində də fəaliyyət
göstərir. Antologiyalar çap
olunur, Azərbaycan beynəlxalq kitab sərgilərində təmsil
olunur...
– Azərbaycan ədəbiyyatının
dünya müstəvisinə çıxarılması Mərkəzin
ən mühüm layihələrindən biridir. Bilirsiniz ki, ötən il Mərkəz ikicildlik
“Müasir Azərbaycan antologiyası” kitabını rus dilində
Moskvada, bu ilin iyul ayında türk dilində Ankarada nəşr
etdirdi, sonra Moskva və Ankara ali ədəbi dairələrinin
təşkilatçılığı ilə bu nəşrlərin
geniş təqdimatı baş tutdu. Azərbaycan
şeirlərinin toplandığı digər antologiya ötən
il Londonda - şəhərin ən böyük, mərkəzi
kitabxanasında – Votestounsda təqdim edildi. Bu kitablar nəşr
olunduğu ölkələrin kitabxanalarına, elm və təhsil
müəssisələrinə, universitetlərə
paylanıldı. Payızda antologiyamızın Misirdə nəşri
və təqdimatı gözlənilir. Hazırda kitab ingilis,
fransız, ispan, alman və fars dillərinə tərcümə
edilir. Etiraf edək ki, Azərbaycan ədəbiyyatı
dünyada çox az tanınır. Praqa Milli kitabxanasında
Azərbaycanı təmsil edən yeganə kitab – Nizaminin “Xəmsə”sidir
ki, onun da müəllifi, bizlər üçün nə qədər
acınacaqlı olsa da, “fars şairi” kimi təqdim edilir.
Kitabı yenidən nəşr etmək üçün PDF
formatını əldə etməyə çox
çalışdıq, mümkün olmadı. İndi məcburuq
yenidən çex dilinə tərcümə edək. Bu isə
xeyli vaxt tələb edir. Azərbaycanda fəaliyyət
göstərən səfirlərlə görüşlərimizin
əsas məqsədi də budur: ədəbiyyatımızı
ən yüksək səviyyədə dünyaya təqdim etmək.
Xalq Cəbhəsi.- 2016.- 22 sentyabr.- S. 15.