Qaraçay-malkar ədəbiyyatında
milli azadlıq mübarizəsinin ifadəsi
2-ci yazı
Bu yazıda Qaraçay-malkar
(balkar) türklərinin
başına gələn
faciələr, bunun ədəbiyyatda ifadəsi
haqqında danışılır. Araşdırmaçı Ə.Şamil bildirir,
1905-ci ildə rus-yapon
savaşında Rusiyanın
yenilməsi bu dövlətin çökdüyündən
xəbər verirdi.
Rusiyanın öndə gedənləri
vəziyyətdən çıxış
yolları axtarırdılar.
Kimisi konstitusiyalı monarxiya, kimisi respublika yaratmağa çalışırdı.
Sosialistlər isə sinfi mübarizəni önə çəkərək,
ətraflarına daha çox tərəfdar toplayıb hakimiyyəti ələ almaq istəyirdilər: „Çar
Rusiyasının hökumətinə
qarşı çıxan
bu insanların əksəriyyəti imperiyanı
qoruyub saxlamağa çalışır, işğal
altında olan xalqlara azadlıq verəcəklərini düşünmürdülər.
İşğal altında olan
xalqların öndə
gedənlərinin bir qrupu Rusiyadakı ayrı-ayrı siyasi təşkilatları dəstəkləsə
də, əslində müstəqil dövlətlərini
qurmağa çalışırdılar.
1917-ci ilin fevralında
baş verən çevriliş bu işi sürətləndirdi.
Ancaq bolşeviklər bu dəyişikliklə razılaşmadılar.
Onlar demokratik yolla - seçkilərdə
fəal iştirak etməklə hakimiyyətə
gələ bilməyəcəklərini
görüb 1917-ci il oktyabrın 25-də
(yeni təqvimlə noyabrın 7-də) silah gücünə hakimiyyəti
ələ aldılar.
Bununla da dünyanın altıda birini tutan bir ölkədə
vətəndaş savaşlarının,
qarışıqlığın, hərci-mərcliyin əsasını
qoydular. Belə ağır,
çətin günlərdə
qaraçay-malkarlar rus
ordusunda polkovnik rütbəsinədək yüksəlmiş
Mırzaqul Kırımşavxalın
ətrafına toplaşaraq
bolşeviklərə qarşı
mübarizəyə başladılar.
Onlar adıgey, çeçen, inquş və başqa Dağıstan xalqları ilə birləşərək
1918-ci ilin may ayının
11-də „Quzey Qafqaz Dövlətləri Federasiyası“nı
(Bu qısa ömürlü
dövlətin adı
qaynaqlarda fərqli şəkildə yazılır)
qurduqlarını elan
etdilər. Ay-ulduzlu, yaşıl bayraq qaldırdılar.
Ancaq bu dövlətin ömrü uzun olmadı. Daxili çəkişmələr, xarici qüvvələr, ağqvardiyaçı-general Denikin
1919-cu ilin sonlarında
bu dövlətin varlığına son qoydu.
1920-ci ilin martında
isə bolşeviklər
denikinçiləri bölgədən
qovub çıxardılar.
Qaraçay-malkarlar öz müstəqilliklərini
əldə etmək üçün Mırzaqul
Kırımşavxal və
Qılıç Giray
xanın başçılığı
ilə bolşeviklərə
qarşı vuruşdular.
Beş aya qədər davam edən bu müqavimətə
1920-ci ilin dekabrında
son verildi. Bolşeviklər vəd etdilər ki, Sovet Rusiyası
daxilində qaraçaylara
müstəqilliklərini saxlamağa,
muxtar respublikalarını
qurmağa icazə verəcəklər. Lakin mövqelərini
möhkəmləndirən bolşeviklər vədlərinə
dönük çıxdılar.
1922-ci ilin yanvarında
yeni inzibati bölgü - Qaraçay-Çərkəz
Muxtar Vilayəti yaratmaqla malkarları yenidən çar Rusiyası zamanında olduğu kimi, qaraçaylardan ayırdılar.
Malkarları isə Kabarda
Muxtar Sovet Sosialist Respublikasının
tərkibinə daxil etdilər“.
Bu tarixi hadisələr öz əksini xalq yaradıcılığında
tapsa da, Sovet hakimiyyəti illərində onların oxunması, toplanması və nəşr edilməsi yasaq idi: „Yalnız bolşevikləri öyən,
kollektivləşməni tərənnüm
edən, vətəndaş
savaşında bolşeviklərin
tərəfini tutan, İkinci Dünya Savaşında Rusiyanın
mövqeyini müdafiə
edən mahnı və nəğmələrin,
lətifələrin toplanmasına
və nəşrinə
icazə verilirdi. Bu dövrdə qaraçay-malkarlar
arasında da din əleyhinə yönələn,
bəy-xanları, bir sözlə, varlı təbəqəni tənqid
edən folklor nümunələri görünməyə
başladı. Bolşeviklər öz hakimiyyətlərini
möhkəmlətmək, təbliğatlarını
geniş xalq kütlələrinə çatdırmaq
üçün bir tərəfdən milli dillərdə məktəblər,
teatr, qəzet-jurnal, elmi-tədqiqat müəssisələri
açırdı, o biri
tərəfdən millətpərvər,
xalqın azadlığını
və müstəqilliyini
istəyən insanları
güllələyir, həbsxanalara
və sürgünlərə
göndərirdilər. 1918-1919-cu illərdə xalqın önündə getmiş,
milli dövlət quruculuğunda fəal iştirak etmiş Qiliastan Sefer, Basxanuk Kırımşavxal,
Qazi Hacı Laypan, Davud Özgen,
Barisbiy Duda, Catay Bayramuk və başqa vətənpərvərlər güllələndi.
Keçmiş qazı
Qafar Naçır, Muhəmmət Ali Botaş,
Salix Barisbiy, İbrahim
Koba, Şaban Qagu, Maşak Hubi, Musa Bayramuk, Şamil Qaca, Muhəmmət Tambiy və s. kimi oxumuş, təhsil almış 34 min din adamı
həbs edildi. Azsaylı bir xalqdan bu
qədər insanın
məhv edilməsi onun ədəbiyyatının
məhv edilməsi demək idi. Çünki bu insanlar folkloru yaratmaq və təbliğ etməklə yanaşı,
yeniyetmələrə dərs
keçir, yazılı
ədəbiyyat formalaşdırır
və yeni nəsil yazıçı,
şair və bilginlər yetişdirirdilər“.
1930-cu ildə qaraçay-malkarlar
kolxozlaşmanın əleyhinə
çıxdılar: „Abdulkərim
Xasanın başçılığı
ilə xalq dörd günə bölgəni bolşeviklərdən
təmizlədi. Əslində bu, yaşam mücadiləsi idi. Xalqın əlindən torpağı,
mal-qarası alınmış,
bir sözlə, insanlar yaşamlarını
təmin edəcək
vasitələrdən mərhum
edilmişdi. Üsyan Sovet
hərbi hissələri
tərəfindən qəddarlıqda
yatırıldı. Kəndlər
dağıdıldı, minlərlə
insan öldürüldü
- 3 min adam güllələndi, 17 min nəfər
həbsxanalara və sürgünlərə göndərildi.
Bütün bunlar azmış kimi, 1937-ci ildən başlayaraq Sovet hakimiyyətinin qurulmasında, bolşeviklər
partiyasının bölgədə
möhkəmlənməsində xidməti olan milli kadrlar başda
olmaqla 7 min insana “xalq düşməni„ adı verilərək həbs edildi və güllələndi.
Bu da əhalinin
hər 14 nəfərindən
biri demək idi.
İkinci Dünya Savaşı isə qaraçay-malkar xalqı üçün əsl faciəyə çevrildi. Əli silah tuta bilənlər - 17 yaşından
55 yaşınadək kişilər
sovet ordusuna səfərbərliyə alınıb
Almaniyaya qarşı döyüşə göndərildi.
Yüzlərlə insan dağlara
çəkilərək partizan
savaşına başladı.
Onlar müstəqillik naminə
Sovet xüsusi xidmət orqanlarına və alman ordularına
qarşı vuruşa
atıldılar. Alman orduları
Qafqazdan geri çəkildikdən sonra
sovet xüsusi xidmət orqanlarının
yaratdığı cəza
dəstələri dağlara
sığınmış insanların
üzərinə təyyarələrlə,
tank və toplarla hücuma keçdi. 5 malkar kəndi
yerlə yeksan edildi. Ullu qaraçay qalasındakı,
Kart Curt, Uçkulan və
Xursuk kəndlərindəki
müqavimət hərəkatı
iştirakçıları da məhv edildi.
1943-cü ilin noyabrın
2-də qaraçaylar, 1944-cü il martın
8 də malkarlar elliklə sürgünə
göndərildi. Onların
az qala
yarısı yollarda aclıqdan, soyuqdan və xəstəlikdən
ölsə də, mübarizəni dayandırmadılar.
1957-ci ildə vətənə dönmək
hüququ qazandılar“.
Qaraçay-malkar folklorunun janrları haqqında: „ Araşdırıcı Tanzilya Xadjilanı belə bir müsibətlər yaşamış xalqdan toplanmış folklor nümunələrini aşağıdakı şəkildə qruplaşdırır: 1.“Mitoloji adet-gelenek-töre şiirleri; 2.Adet ve törelerle ilgili şiirler; 3.Nart destanları; 4.Masallar; 5.Masal olmayan, sözlü halk eserleri; 6.Şarkılar; 7.Halk edebiyyatının küçük türleri; 8. Zikirler. Türkiyəli araşdırıcı Ufuk Tavkul isə qaraçay-malkar folklorunu aşağıdakı bölgülər altında verir: 1.Efsaneler; 2.Nart efsaneleri; 3.Destanlar-tarihi şarkılar; 4.Aşk şarkıları-maniler; 5.Ninniler; 6.Atasözleri; 7. Bilmeceler.
Qaraçay-malkar folklorunun yorulmaz
araşdırıcısı X.Malkanduyev
isə bədii-poetik ənənəni və janrları
öyrənərkən onları aşağıdakı kimi qruplaşdırır: 1. Magik
poeziya, 2. Ovçuluq
poeziyası, 3. Təqvim poeziyası, 4.Lirik poeziya.
Bu bölgü ilə
qaraçay-malkar
folklorçularının bəziləri razılaşmır.
Fikir ayrılığını ümumi türk
xalqlarının folklorşünaslığına da aid etmək olar. Türk
xalqlarının folklor mətnləri
toplanıb nəşr edilmədikcə, onların öyrənilməsi
metodologiyası hazırlanmadıqca bu cür qarışıqlıq olacaq.
Qaraçay-malkar folklorunda
tanrılarla bağlı poetik nümunələrə
daha çox rast gəlinir. Mərasim nəğmələrində
Teyri (Tanrı), Çoppa,
Eliya, Şibila, Totur Ozay və b. adlar tez-tez
çəkilir. Dolay, Erirey,
İnay, Apsatı, Biynöger
adlı cırlar ən qədim nümunələr
sayılır (İranda türklərin toplum yaşayış mərkəzi olan Savə bölgəsində bugün də şeirə yır, şairə
yırçı deyirlər). Dolay
tanrısı ilə bağlı nəğmələr qaraçaylar arasında bu
gün də yaşayır. Azərbaycanda
isə Dolay tanrısı haqqında nəğmə
ilkin mənasını itirərək, məzmununu
dəyişərək xalq
mahnısına çevrilib. Onu da xatırladaq ki, qaraçaylarda şərəfinə
nəğmələr oxunan Debet və Anaxatır tanrılarının
adını Azərbaycanın qərbində çaylara
veriblər. Qaraçaylar Ayterek
və Cannız Terek tanrılarını
təmsil edən ağaclara, malkarlar Ravbaziy
tanrısına, Çeqem vadisindəki Totur tanrısı şərəfinə Totur adlandırılan daşa
sitayiş edirlər. Altaylar
və Sibirdə yaşayan bəzi türk xalqları
şamançılığa inanırlar. Bütpərəstliyi
heç vaxt qəbul
etməyiblər. Onlarda ağaca,
daşa inam bu gün də yaşamaqdadır.
Eləcə də, islamı çoxdan qəbul
etmiş türklərin əksəriyyətində
də bu inanclar
yaşayır. Bu da onu göstərir ki, qaraçay-malkarlar şamançılıq
dönəmindəki inanclarını və həmin dövrə
aid müxtəlif bərəkət
tanrılarının adlarını yırlarında qoruyub saxlayıblar. Belə ki, yağ-ayran almaq üçün nehrə
çalxarkən Dolayın, xırmanda taxıl döyərkən
Erireyin, yun darayıb,
əyirib və toxuyarkən İnayın şərəfinə
cırlar (yırlar) söyləyər, məhsullarının
bərəkətli olmasını istəyərdilər“.
Xalq cəbhəsi.-2016.-23
sentyabr.-S.14.