Azərbaycanda dini tolerantlıq mədəniyyəti:
tarix və müasirlik
I yazı
Elmi ədəbiyyatlarda “tolerantlıq” – (latınca
tolerancia – hərfən dözümlülük) – dini və
milli müxtəlifliyin etirafı və ona hörmətlə
yanaşılması kimi şərh edilib. Qərbdə
tolerantlıq problemi ilk dəfə Orta əsərlərdə
yaranmış və əxlaqi fəzilət, qeyri-xristian və
yaxud bidətçi ehkam, ayin, inancların etirafı kimi nəzərdən
keçirilib. Dini tolerantlığın
geniş şəkildə şərh edilməsinə məşhur
xristian ilahiyyat alimi Foma Akvinalının “Teologiyaların
külliyatı” əsərində rast gəlmək olar.
Yeni dövrdə tolerantlıq problemini ilk tədqiq
edən ingilis filosofu Con Lokk (1632-1704) olmuşdur. O,
“Tolerantlıq haqqında öyüdnamə” (“Epistola de
tolerancia”) əsərində tolerantlığı əsl, həqiqi
kilsənin mühüm səciyyəsi kimi əsaslandırmağa
cəhd göstərib. C.Lokk hesab edir ki, əgər
dində məhəbbət, iltifat və mərhəmət
yoxdursa, o həqiqi sayıla bilməz. İsa
Məsih naminə başqasını təqib edənlər
onun təlimini eybəcərləşdirirlər. Səmimi və namuslu insanlar müxtəlif dinlərə
itaət edə bilərlər və yalnız dini müxtəlifliyə
dözümlülük, cəmiyyətə sülh bəxş
edə bilər. Qərbi Avropada
tolerantlıq probleminə Nikolay Kuzanlı, Piko dela Mirandola,
Erazm Rotterdamlı kimi mütəfəkkir də xüsusi diqqət
yetiriblər. Protestant reformasiyası da tolerantlığı
dəstəkləyib. Tolerantlığın sonrakı tədqiqi
T.Hobbs, Y.Bentam, A. de Tokvil, Volter, D.Didro, A.Smit, C.S. Mill, XX əsrdə
isə G.Zimmel, T.Nükom və Frankfurt məktəbinin
nümayəndələrinin adı ilə bağlıdır.
Sakit
Hüseynov “Azərbaycanda dini tolerantlıq mədəniyyəti:
tarix və müasirlik” kitabında yazır ki, dini
tolerantlıq təzahür etdiyi cəmiyyətdən
asılı olaraq bir neçə növdə ola
bilər. Bunlar aşağıdakılardır:
1.
Başqa din mənsubuna qarşı tolerantlıq
(xristian-müsəlman, müsəlman-buddist, xristian-buddist və
s.)
2.
Başqa təriqət nümayəndələrinə
qarşı tolerantlıq (katolik-protestant, protestant-pravoslav,
sünni-şiə)
3. Sektant
hərəkatlarına qarşı tolerantlıq
4.
İnanclı ilə inancsız arasındakı tolerantlıq
(mömin-ateist) və s.
Mədəniyyətin mühüm elementi olan ümumi
tolerantlıq, bu gün müxtəlif inanc, mədəni ənənə,
siyasi məslək daşıyıcısı olan
insanların ictimai vəhdətləşməsinin zəruri
şərti kimi etiraf olunur. Tolerantlıq vətəndaş
cəmiyyətinin əsas əxlaqi prinsipidir. Eyni zamanda,
təcrübə göstərir ki, mütləq
dözümlülük də öz növbəsində
özbaşınalıq və zorakılığa yol
açır: heç bir halda tolerantlıq şərə
fürsət verməyə çevrilməməlidir. Azərbaycana gəldikdə isə qeyd etmək
lazımdır ki, ölkəmiz tarixən milli və dini
baxımdan həmişə tolerant bir ölkə olub. Azərbaycan xalqının tolerant bir xalq olduğunu,
həm tarixi mənbələr, həm də müxtəlif
vaxtlarda ölkəmizə gələn xarici qonaqlar təsdiq
etmiş və etməkdədirlər. Azərbaycanda
tarixən çoxsaylı etnosların və müxtəlif
dinlərin birlikdə yaşamasına baxmayaraq, (Azərbaycan ərazisində
yaşayan ermənilərin zaman-zaman azərbaycanlılara
qarşı qaldırdıqları torpaq iddiaları ilə
bağlı münaqişələri çıxmaq şərtilə)
indiyə kimi heç vaxt bu ərazidə milli
ayrı-seçkilik baş verməmiş və dini
qarşıdurma olmayıb. Qeyd etmək lazımdır
ki, həm islama qədərki dövrdə, həm də islam
dininin Azərbaycanda yayılmasından sonra müxtəlif
etnosların yaşadığı bu ərazidə uzun illər
qarşılıqlı etimada əsaslanan milli-mədəni və
dini münasibətlər sistemi formalaşmış, insanlar əmin-amanlıq
şəraitində yaşamış, burada yüksək
tolerantlıq mühiti hökm sürmüşdür. Bu ərazidə
tarixən müxtəlif dinlər və etnoslar arasında
tolerantlıq mədəniyyətinin indiyə kimi qorunub
saxlanılmasında Azərbaycan xalqının və islam dininin mühüm rolu olub. Azərbaycanda
dini və milli tolerantlığın tarixən mövcud
olduğunu və bu tolerantlığın indiyə kimi qorunub
saxlanılmasında Azərbaycan xalqının və islam dininin misilsiz rol oynadığı
vurğulanmalıdır. Tarixən dünya dinlərinin
yayıldığı və dinc yanaşı fəaliyyət
göstərdiyi qədim Azərbaycan torpağında yüz
illərlə qarşılıqlı etimada və hörmətə
əsaslanan mütərəqqi milli-mədəni və dini
münasibətlər sistemi formalaşmışdır. Diqqətəlayiq faktdır ki, ölkəmizdə həmişə
yüksək tolerantlıq mühiti hökm sürmüş,
heç vaxt milli və dini zəmində ayrı-seçkilik
və qarşıdurma halları baş verməmişdir.
Ayrı-ayrı etiqad və inanclara malik
etnosların əsrlərlə əmin-amanlıq şəraitində
yaşamasında, etnik-mədəni müxtəlifliyin
günümüzədək qorunub saxlanmasında Azərbaycan
xalqının və İslam dininin misilsiz tarixi rolu danılmazdır.
Son illərdə respublikada keçirilən konfranslar əsasən
aşağıdakı mövzuları əhatə edib:
1.
«İslam sivilizasiyası Qafqazda» mövzusunda beynəlxalq
elmi-praktik konfrans (10 dekabr 1998).
2.
«Demokratik cəmiyyətdə dinin və əqidənin rolu:
terrorizm və ekstremizmə qarşı mübarizə
yollarının araşdırılması» mövzusunda beynəlxalq
elmi-praktik konfrans (10-11 oktyabr 2002).
3. «Din və
demokratiya: nəzəriyyə və təcrübə»
mövzusunda beynəlxalq elmi-praktik konfrans (21 iyun 2004).
4.
«H.Əliyev və Azərbaycanda din siyasəti: gerçəkliklər
və perspektivlər» mövzusunda beynəlxalq elmi-praktik
konfrans (3-4 aprel 2007).
5.
«Dözümlülüyün və qarşılıqlı
anlaşmanın inkişafında KİV-lərin rolu»
mövzusunda elmi-praktik konfrans (26-28 aprel 2007).
6. «Dinlərarası
dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa
doğru» mövzusunda beynəlxalq elmi-praktik konfrans (6 noyabr
2009).
7.
«Sivilizasiyaların dialoqu: siyasi partiyaların rolu» mövzusunda
beynəlxalq elmi-praktik konfrans (27-28 sentyabr 2007).
8. «Mədəniyyətlərarası
dialoq – Avropa və onun qonşu regionlarında davamlı
inkişafın və sülhün əsasıdır»
mövzusunda beynəlxalq elmi-praktik konfrans (2-3 dekabr 2008).
9.
«İslam mədəniyyəti və müasir dünyada dialoq»
mövzusunda beynəlxalq elmi-praktik konfrans (30 aprel 2009).
10.
QMİ-nin təşəbbüsü ilə Moskva şəhərində
«MDB müsəlmanları millətlərarası həmrəylik
uğrunda» adlı beynəlxalq konfrans (18 iyun 2009).
11.
Dünya dini liderlərinin Bakı sammiti (26 aprel 2010).
12. «Azərbaycan:
sivilizasiyalararası dialoqun keçmişi və bu
günü» mövzusunda beynəlxalq elmi-praktik konfrans (19 aprel
2006).
13. «Mədəniyyətlərarası
dialoqda qadınların rolunun genişləndirilməsi»
mövzusunda beynəlxalq forum (10 iyun 2008).
14.
Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu
(7-9 aprel 2011). 16. «İslamda mədəniyyət və gözəllik
amili» mövzusunda beynəlxalq elmi-praktik konfrans (9-10 noyabr
2009).
15. «Dəyişən
dünyada tolerantlığın gücləndirilməsi»
mövzusunda I beynəlxalq Bakı forumu (19-21 dekab 2012).
Yuxarıda qeyd olunan sonuncu forum 19-21 dekabr 2012-ci ildə
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi ilə Dialoq və Əməkdaşlıq
uğrunda İslam Konfransı Gənclər Forumunun birgə təşkilatçılığı
ilə təşkil edilib. Bu forumda iştirak edən Misirin
tanınmış “Əl-Əhram Əl-Arabi” adlı həftəlik
jurnalının baş redaktor müavini Süzi Əl-Qineydi
Bakıdan Misirə qayıtdıqdan sonra Azərbaycanda
mövcud olan dini tolerantlıq vəziyyətini
işıqlandırmaq üçün
çalışdığı jurnalda “Bakı tolerantlıq
və günəş şəhəridir” adlı məqalə
çap etdirib. Süzi Əl-Qineydi Bakıda olduğu müddətdə
Azərbaycanda mövcud olan dini durumla şəxsən
tanış olmuş, xalqımızın tarixi, mədəniyyəti
və iqtisadi inkişafı ilə maraqlanmış, eyni
zamanda torpaqlarımızın Ermənistan tərəfindən
işğal olunduğunu önə çəkmiş, lakin
bütün bunlara rəğmən hazırkı şəraitdə
Azərbaycanın dini tolerantlığa örnək olan bir
ölkə olduğunu çalışdığı jurnalda
aşağıdakı kimi qeyd edib: “Azərbaycan kimi ölkədən
yaxşı örnək götürə bilərik. Azərbaycan xalqı 1990-cı illərdə daxili
parçalanmalarla dolu ağır mərhələni uğurla
qət etməyə müvəffəq olub. Eyni zamanda, həmin mərhələdə Azərbaycanın
20% torpaqları Ermənistan tərəfindən işğal
olunub. Ermənistanın separatçı
rejimi Dağlıq Qarabağ regionunun müstəqilliyini elan
edib. Buna baxmayaraq, bu müstəqillik
heç bir dövlət tərəfindən
tanınmamış və həmin region beynəlxalq hüquqa
görə Azərbaycanın ayrılmaz hissəsi hesab olunur.
Bu regionun erməni silahlı qüvvələri
tərəfindən işğalı hələ də davam
edir. Bütün bunlara rəğmən,
Azərbaycan dini və irqi tolerantlığın nümunəsi
olmağı bacarıb.”
S.Hüseynov
öz kitabında qeyd edir ki, din və mədəniyyətlə
bağlı yuxarıda göstərilən möhtəşəm
beynəlxalq konfransların respublikamızda keçirilməsi
bir tərəfdən beynəlxalq aləmdə ölkəmizin
siyasi nüfuzunun yüksəldiyini göstərir, digər tərəfdən
də Azərbaycanın beynəlxalq aləmdə dinlərarası,
mədəniyyətlərarası dialoqun səmərəli
inkişafına töhvə verən bir ölkə
olduğunu dünyaya tanıdır.
Azərbaycanda
islam dini ilə yanaşı xristian dini də,
yəhudi dini də əsrlər boyu yaşayıb və indi də
yaşayır. Qafqazda da bu mənzərə var.
Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə
mənsubluğundan asılı olmayaraq, bütün başqa
mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə
də hörmət etməli, o dinlərin bəzən kiməsə
xoş gəlməyən adət-ənənələrinə
dözümlü olmalıdırlar. Dini
nöqteyi-nəzərdən ədavət, münaqişə,
müharibə yolverilməzdir. Azərbaycan
İslam dünyasının bir parçası olaraq Qaqazda ən
böyük müsəlman respublikası sayılır. Digər Qafqaz xalqları kimi Azərbaycan xalqı da
tarixən həmişə öz milli-mənəvi və dini
dəyərlərinə sadiq olub, öz adət-ənənələrinə
ehtiramla yanaşıb. Son illərdə islam
dini, islam sivilizasiyası haqqında yeni-yeni tədqiqat əsərlərinin
sayı çoxalıb, bu sahədə keçirilən beynəlxalq
konfrans və simpoziumların coğrafiyası genişlənib.
Xüsusən, islam mədəniyyətinə
diqqətin artması ABŞ-da baş verən 2001-ci il sentyabr
hadisəsindən sonra daha da mühüm əhəmiyyət kəsb
etməyə başlayıb.
Cavid
Xalq cəbhəsi.-2016.-23
sentyabr.-S.13.