Azərbaycanda dini
tolerantlıq mədəniyyəti: Tarix və
müasirlik
(əvvəli ötən sayımızda)
Araşdırmalar göstərir ki, son illərdə, xüsusən,
islamın tarixi mahiyyəti, onun dünya mədəniyyət
tarixində oynadığı
rol, bəşər sivilizasiyasına verdiyi töhfələr beynəlxalq
miqyasda keçirilən
elmi konfransların və simpoziumların müzakirə obyektinə
çevrilib. Belə beynəlxalq simpoziumlardan biri də 8-9 dekabr 1998-ci il
tarixində Bakı şəhərində keçirilib.
«İslam sivilizasiyası
Qafqazda» mövzusuna həsr olunan bu beynəlxalq tədbir öz məzmun və mahiyyətinə görə
mühüm əhəmiyyət
kəsb etmiş və Qafqazda islam sivilizasiyasının
rolunun elmi cəhətdən araşdırılmasında
sanki vacib bir mərhələ rolunu oynayıb. Digər tərəfdən bu simpoziumun praktiki cəhətdən də müəyyən əhəmiyyət
kəsb etməsi – regionda münaqişə ocaqlarının (Şimali
Qafqaz, Qarabağ, Cənubi Osetiya və s.) mövcud olması və bəzi «tədqiqatçıların»
bu münaqişələrə
dini don geyindirməsi baxımından elmi aktuallıq daşıması
ilə şərtlənib.
Qeyd edək
ki, Qafqazda islamın yayılması,
əsasən, Azərbaycandan
başlayır və Azərbaycan tarixinin böyük bir hissəsini təşkil edir. Bu baxımdan Azərbaycan
Qafqazda islam
dəyərlərinin, islam
sivilizasiyasının yayılması
və inkişaf etməsində xüsusi rol oynayıb. İslam – tarixən dini tolerantlıq mədəniyyətinə
örnək olub.
İslam
dinində tolerantlığın
yüksək olduğunu
Avropanın tanınmış
alimləri də öz əsərlərində
dəfələrlə vurğulayıblar.
Bu fikir islam
dini, islam sivilizasiyası tarixini araşdıran tanınmış
ingilis alimi Arnold Toynbinin (1889- 1975) 2006-cı ildə
Moskvada rus dilində çap olunan “Sivilizasiya tarixin məhkəməsi qarşısında” adlı
kitabında daha geniş şərh edilib. A.Toynbi islam dininin
meydana gəldiyi gündən geniş yayılması səbəblərini
və islamın başqa dinlərə qarşı dözümlü
olduğunu vurğulayaraq
yazır: “Yəhudi, xristian və zərdüştlük azlıqlarının
İslam dünyasında
öz varlığını
indiyə qədər
qoruya bilməsinin səbəbi Məhəmmədin
onlara qismən dözümlü münasibəti
olub. O, Quranda müsəlmanlara göstəriş
verirdi ki, islam dövlətinə
tabe olan qeyri-müsəlman “Kitab əhli” ilə münasibətdə ola bilərlər. Bundan başqa, islam
öz yolu ilə irəlilədikcə,
başqa missioner dinlər
kimi islamı qəbul edənlərin əvvəlki dinlərinin
elementlərini gizlicə
qəbul edirdi. Bu halda və
başqa hallarda da qəbul etmək
kompromislə qiymətləndirilirdi.”
Toynbinin
yuxarıda irəli sürdüyü fikirdən
aydın olur ki, yarandığı vaxtdan başqa dinlərlə, xüsusən,
xristian, yəhudi və zərdüştlüyə
qarşı islam
dini dözümlülük
nümayiş etdirib. Burada A.Toynbi islamın başqa dinlərə qarşı tolerant olmasını
Məhəmməd peyğəmbərin
özünün bir şəxsiyyət kimi
tolerant olması ilə
əsaslandırırdı. Başqa dinlərin “İslam dünyasında öz varlığını
indiyə qədər
qoruya bilməməsinin
səbəbi Məhəmmədin
onlara qismən dözümlü münasibəti
olub” - deyən A.Toynbinin fikirlərini təhlil etsək, buradan məlum olur ki, islamda
tolerantlığın islamın
öz mahiyyətindən
irəli gəldiyini qeyd etmək əvəzinə, o, dözümlülüyü
Məhəmməd peyğəmbərin
şəxsiyyəti ilə
şərtləndirməyə çalışıb. Lakin A.Toynbinin
bu fikri ilə bütövlükdə
razılaşmaq çətindir.
Çünki əvvəla,
A.Toynbi tolerantlığın,
sülhün islam dininin öz mahiyyətindən irəli gəldiyini inkar etmiş olur.
Qeyd edək ki, Qurani-Kərimdə insanlar sülhə çağrılaraq onlara müraciət edilir ki, “Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq-aşkar düşməninizdir!” (Əl-Bəqərə, 208). Deməli, islamın müqəddəs kitabında bütün insanların sülhə çağırılması Allahın buyurduğu kimi irəli sürülüb. Yaxud, Qurani-Kərimin başqa bir surəsində göstərilir ki, “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər...”(Ənam, 108). Göründüyü kimi, burada İslamın digər səmavi dinlərə və dini konfessiyalara dözümlülük münasibəti göstərilir. Yəni buradan aydın olur ki, İslam istənilən əks fikrə qarşı zorakılığı istisna edir, insanlar arasında dözümlülük və sülh münasibətini önə çəkir. Quranda irəli sürülən bu fikirlər islamda dözümlülüyün prioritet olduğunu göstərən ən mühüm faktlardan biridir. Doğrudur, Məhəmməd peyğəmbərin özünün sülhpərvər və başqa millətlərə qarşı dözümlülük nümayiş etdirməsi haqda xeyli tarixi faktlar vardır. Bu tarixi faktlardan birini şərh edən Şeyxülislam H.A.Paşazadə özünün “Qafqazda islam” adlı kitabında yazıb: “Məlumdur ki, islamın erkən çağlarında, müsəlman cəmiyyətinin hüdudları hələ Ərəbistan yarımadası ilə məhdudlaşdığı bir vaxtda, Həzrəti Peyğəmbər qonşu dövlətlərin başçılarına bir sıra xüsusi məktublar göndərmişdi. Belə məktublardan biri Abdallah bin Hüzeyfə əs-Səhmi vasitəsilə Sasani şahına göndərilmişdi.”
Artıq yuxarıda qeyd etdiyimiz kimi, bu vaxt Qafqazın böyük bir hissəsi Sasanilərin hökmranlığına tabe idi. Həzrəti Peyğəmbərin Sasani şahına göngərdiyi məktubda deyilirdi: “Bismi-l-lahi-r-Rəhman-i-r-Rəhim! Allahın rəsulu Məhəmməddən Fars şahı Xosrova. Salami-sülh o kəsə ki, Hidayət yolunu tutmuşdur və Allaha və Onun rəsuluna iman gətirmişdir və şəhadət etmişdir ki, Vahid Allahdan başqa ilahi yoxdur. Ona şərik olan yoxdur və Məhəmməd Onun bəndəsi və rəsuludur. Səni Əziz və Qadir Allahın dininə çağırıram. Həqiqətən, mən Allahın bütün insanlara rəsuluyam ki, sağ olan hər kəsə öyüd verəm. Kafirlər üçün belə bir söz haqlıdır: özünü (Allaha) təslim et – səlamət qalarsan! Boyun qaçırsan atəşpərəstlərin günahları üçün məsuliyyəti sən daşıyırsan.”
Müəllifin fikrincə, bu məktubdan görünür ki, Məhəmməd peyğəmbər çox təmkin və ləyaqətlə Xosrov şahı islam dininə sülh yolu ilə çağırır və islamın əsas prinsipini aydın şəkildə sayğı ilə şərh edir. Bu məktub Peyğəmbərin sülhpərvər olduğunu, islam dininin isə tolerant din olduğunu bir daha təsdiq edir. Azərbaycanda və bütövlükdə Qafqazda yaşayan müxtəlif xalqların tarixən tolerant şəkildə, sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını beynəlxalq simpoziumda vurğulayanlar bütövlükdə islam dininin tolerant din olduğunu, eyni zamanda Azərbaycan xalqının başqa dinlərə qarşı dözümlü olduğunu qeyd ediblər. Dünyada bir çox böyük dinlər mövcudur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edirik, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən ədavət, münaqişə, müharibə yolverilməzdir. Hər halda XX əsrin sonunda və qarşıdan gələn XXI əsrdə dünyada belə hallara son qoyulmalıdır.
Tarix boyu bir çox dövlət rəhbərləri öz işğalçılıq siyasətlərini həyata keçirmək üçün həmişə din amilindən istifadə ediblər. Məsələn, vaxtilə rus imperatoru I Pyotr 1725-ci ildə yazdığı “Vəsiyyətnamə”sində işğalçılıq siyasətində din amilindən istifadə məsələsini önə çəkmişdir. Rusiyanın sərhədlərini Hindistandan Avropayadək genişləndirməyi, Türkiyə, İran və Qafqaz torpaqlarını rus imperiyasının tərkibinə birləşdirməyi arzulayan I Pyotr “Vəsiyyətnamə”sində hətta sünni və şiə məzhəbləri arasında ixtilaf yaratmağı öz xələflərinə vəsiyyət etmişdir: “Bu məqsədi həyata keçirmək üçün həmişə Türkiyə ilə İran arasında fitnə-fəsad törətmək, dava-dalaş yaratmaq lazımdır. Bu işdə sünni və şiə məzhəbləri arasındakı ixtilaflar böyük, kəskin silah və basılmaz ordudur. Rusiyanın nüfuzunu Asiyada qaldırmaq üçün sünni-şiə qarşıdurmaları yaxşı vasitədir.”
Rusiya imperiyasının qonşuluğunda
olan iki böyük müsəlman ölkəsi
arasında qarşıdurma yaratmaq yolu ilə onları zəiflətməyi nəzərdə
tutan imperator həmin
ölkələrin din xadimlərini ələ
almağı xələflərinə xatırladaraq yazıb:
“Bu ölkələrin müsəlmanlarının
öz hüquqlarını
tanımaları bizə böyük zərbə
olar. Həm Türkiyə, həm
də İranın din xadimlərini ələ
almaq və onlar vasitəsilə
sünni-şiə qarşıdurmalarını
qızışdırmaq lazımdır.” Buradan
göründüyü kimi,
Rusiya imperiyasının
işğalçılıq siyasətində din
amilindən istifadə edilməsi I Pyotrun
“Vəsiyyətnamə”sində xüsusi yer tutub. XIX əsrin əvvəlində
Şimali Azərbaycan Rusiya
tərəfindən işğal edildikdən
sonra çarizm burada öz müstəmləkəçilik
siyasətini daha da dərinləşdirmək
üçün bəzi tədbirlər həyata
keçirməyə başladı. Bu tədbirlərdən
biri yerli əhalinin –
azərbaycanlıların dini əqidəsinə təsir göstərmək, onları həm
hüquqi-siyasi, həm də mənəvi-psixoloji
cəhətdən rus çarizminin
müstəmləkəçilik qaydalarına tabe
etdirməkdən ibarət idi. İslam dininin cihad prinsipini əsas tutan bacarıqlı sərkərdə Şeyx Şamilin rəhbərliyi
altında çarizmə qarşı uzun
illər milli azadlıq mübarizəsi
aparan Şimali Qafqaz dağlılarının dini-mənəvi
dəyərlərinin hansı qüvvəyə malik olduğunu artıq rus imperiyası yaxşı bilirdi.
Məhz rus çarizminin
Azərbaycandakı müstəmləkəçilik siyasətində
qarşıya qoyduğu məqsəd Rusiya hakim dairələrinin
Qafqaz canişinliyinə göndərdikləri
məxfi təlimatda deyildiyi kimi, “oradakı əhalini (Şimali
Azərbaycandakı – H.S.) rusca
danışmaq, rusca fikirləşmək
və rusca duymağa
məcbur etmək”dən ibarət idi.
Cavid
Xalq cəbhəsi.-2016.-24
sentyabr.-S.13.