Dərdin neçə üzü varsa, bilirəm…
57 illik ömrünün bütün dönəmlərində
oxucularının, xüsusilə
gənclərin sevimlisinə
çevrilən Nüsrət
Kəsəmənli həyatı
boyunca «qarışqa yükü qədər sevinc, dərddən böyük kədər yaşadı...» Yaxşıdan
çox pisi, “xeyirlə şəri qoşa gələn, mərdi ağlayan, namərdi gülən,
dost bildiklərini haqqı
danan” gördüyü
bu yalan dünyada «suya düşmüş pambıq
kimi dərdləri ağırlaşdı» və
yaşaya bilmədi. Qucaq açdığı
«ölümün də
qolları illər həsrətlisi tək boynuna dolandı»...
Gedək
bu dünyadan daha,
Bu dünya o dünya
deyil.
Orda şeytan elə şeytandı,
Mələk elə mələkdi...
Burdakı «mələklərin»
Əsl adı kələkdi...
İçində bir sevda ağladı için-için...
Bu göz yaşları
damla-damla nakam məhəbbətə, vüsalı
perik düşmüş
sevgilərə həsr
olunmuş misralara hopdu. Sevgisinə yetməyənlərin, vüsala
qovuşmayanların qəlbində
həzin-həzin inlədi
bu misralar və əksər gənclərin dillərində
əzbər oldu... Füzulini Allah sayırdı,
Cavidi əlçatmaz...
Bir az
ağrılı, bir az kövrək, bir az nisgilli,
bir az küskün,
bir az da
yalançı, təzadlı
məhəbbəti çox
təbii qələmə
almaqla gəncliyin təlatümlü qəlbinə
yol tapdı…
«Füzuli dərd əlindən dağa çıxdı», uzaqlara
üz tutdu, qovuşdu ruhaniliyə, o isə dərdlə, kədərlə qol-boyun oldu, onunla dostlaşdı,
üz-üzə, nəfəs-nəfəsə
yaşadı, qəminin
könüllü əsirinə
çevrildi», hey bu qəmin «arxasınca süründü» və sonda qəmi bütün ömrünə
bürüdü»:
Dərd
üstündən dərd
göndərən vəfasız,
Sən peşiman oldun, mən olmadım ki...
Qəmin
gəlib elə qəmlər gördü ki,
Qəm peşiman oldu, mən olmadım ki...
Nisgilli şairin əbədi dərdinin üstünə
20 Yanvar, Qarabağ – Xocalı, Şuşa, Laçın, Kəlbəcər,
Füzuli, Xocavənd,
Araz dərdi də gəldi... Əsir torpaqlara, Qarabağımızdan
aparılan əsir xalqa, müqəddəs Şəhidlərimizə göz
yaşları tökdü.
Axan göz yaşları yanğılı,
ağrılı ağılara
döndü:
Xocalı
xocam mənim,
Ölümdən ucam mənim.
Bir gün öpəm torpağın,
Daşını qucam sənin.
Atları
cidarlı Şuşam,
Ürəyi qubarlı Şuşam.
Yağılar tapdağında
Yolu qubarlı Şuşam...
Ana torpaq uğrunda canından keçən şəhidlərə öz
balası tək yas tutdu, ağı
dedi:
Dağ üstə dağım mənim,
Od tutur ağım mənim.
Öldün, dedin yaşasın
Ana torpağım mənim.
Torpağım, daşım ağlar,
Bacım, qardaşım ağlar.
Boyuna qurban, oğul,
Yanar göz yaşım, ağlar.
Düşünürəm ki, hər bir şair,
qələm adamı əsərlərində öz
iç dünyasının
sözlə sanki rəsmini çəkir, bu dünyadakı sevgini hayqırır. O da tanrının ona bəxş elədiyi şairlik ömrü boyunca qəlbindəki böyük
sevginin rəsmini çəkdi, bu özəl rəsmli şeirləri oxucularına
ötürdü...
Yaxşı adamlar... Bu ifadə böyük anlam, böyük məna daşıyırdı
onun üçün.
Bəlkə də elə bu üzdən
yaşamı boyunca yaxşıların sorağında
oldu və özü də hər kəsə bacardığı qədər
yaxşılıq etməyə
çalışdı... Yaxşıları
nağıl sandı bu fani dünyada
Nüsrət Kəsəmənli...
Amma öz ömrü də nağıllaşdı – «Biri
vardı, biri yox» oldu...
57 illik ömründə, iki 57 il ağrı,
dərd yaşayan və bu ağrıların,
dərdlərin əks-sədası
«Sevirsənsə» (1971), «Gözlərimin
qarası» (1975), «Özümə
bənzədiyim günlər»
(1979), «Gümüş yuxular»
(1981), «Təklikdə danışaq»
(1983), «Heyf o sevgiyə»
(2000) və s. kitablarında
toplanmış şeirlərindən
gəldi... Biri vardı, biri yoxdu, oxucuları, onu sevənlər üçün doğmalaşmış,
dərd ortağı olmuş bir şair vardı... Lap uşaqlıqdan yetimliyin acı şərbətini
dadan, elə bununla da ağrılı-acılı
taleyin ilk zərbəsini
görən, çox
sonralar ürəyində
qubar etmiş bu zərbəni kövrək, nisgilli misralara çevirərək:
Olan olub, keçən keçib, bəlkə də,
İndi
daha kövrəlməyin
yeri yox,
Ömrüm boyu belə gəlib mənimki,
Əvvəlindən biri vardı, biri yox...
Uzaqdaydı mən istəyən
ocaqlar,
Ürəyimi dəldi keçdi
sazaqlar,
Atalıydı, analıydı uşaqlar,
Bizdə
isə biri vardı, biri yox...
– deyən, hər
kəsin qəlbini sızladaraq əlçatmaz
uşaqlığına, yaxın
və uzaq keçmişinə apardı,
indisə yoxdu…
Ömür-gün yoldaşına, qayğısını
çəkən, hər
sevincinə, uğuruna
ürəkdən sevinən,
yolunu «qapıda bənövşətək bitərək
gözləməkdən usanmayan»
fədakar qadınına
– Rəhilə xanıma
həsr etdiyi şeirlərdə böyük
dəyər verirdi:
Üzümdə kədərdən bir
iz görəndə,
Şirinim olmusan, acım olmusan.
Qohumdan,
tanışdan pis üz görəndə,
Sən anam olmusan, bacım olmusan.
Bir kövrək şeirimdən
gözlərin dolub,
Nə deyim,
Özgədən çox yazıb qələm.
Nə qədər düyünlü
günümüz olub,
Düyünlü qaşını görməmişəm
mən...
Nüsrət Kəsəmənli yeri
gələndə xoşbəxt
görünməyi, kədərin
acığına gülməyi
bacarırdı:
Dərdin
neçə üzü
varsa, bilirəm,
Kədərimin acığına gülürəm.
Dahi Füzuli ilə Cavidi lap çox sevirdi... Bu sevginin təzahürüydü bəlkə
də nəvəsini Cavidan adlandırması...
Dərdinə əlac tapmaq, ağrılı ömrünü
bir az
da uzatmaq, ürəyində yığılıb
qalanları misralara çevirmək istəyilə
yad ölkəyə deyil, Azərbaycanımızın
digər yarısına
– Təbrizə üz
tutdu... Amma ömür vəfa
eləmədi. Dərdinin
çarəsi itkin düşən şair sağlığına qovuşa
bilmədi... Cismən
bizlərdən, onu sevənlərdən ayrıldı
Nüsrət Kəsəmənli...
Ruhən
bizimlədir, ona dəyər verib sevənlərin qəlbindədir.
Ancaq şairin gözü arxada, Qarabağda, Şuşada,
Cıdır düzündə
qaldı... Düşünürəm
ki, bu müqəddəs
torpaqlar azad olunmayınca onun ruhu rahatlıq tapmayacaq:
Sel dedim dağlardan qayıtdı sözüm,
Yadlar tapdağında şumlandı
düzüm,
Mənim
Qarabağda qalıbdı
gözüm,
Qaytarın gözümü, qaytarın
mənə...
Bizlər
Ana Vətənin əsir
torpaqlarını azad
etməliyik, itirdiklərimiz
üçün, ən
başlıcası nakam
şəhidlərimizin, nisgilli
şairlərimizin ruhlarının
hüzura qovuşması,
narahatlıqdan qurtulması
üçün...
Esmira Fuad
ədəbiyyatşünas
Xalq
Cəbhəsi.- 2016.- 28 sentyabr.- S.14.