“Kitabi-Dədə Qorqud” dastanı ingilisdilli alimlərin tədqiqatlarında

 

Türk xalqlarının qədim tarixini, yaşam tərzini, ailə və məişətini bədii cəhətdən yüksək səviyyədə əks etdirən “Kitabi-Dədə Qorqud” dastanı ingilisdilli qaynaqlarda ən çox tədqiq olunan dastandır. Bu dastanı ilk dəfə elm aləminə tanıtdıran və onun VIII boyunu alman dilinə tərcümə edən tanınmış alman şərqşünası Henrix Fridrix fon Ditsdir. Türklərin qədim abidəsi olan bu dastana münasibət bildirən F.fon Dits 1814-cü ildə Türkiyədə Prusiyanın səfiri olarkən (1784-1790) Drezden Kral kitabxanasında “Kitabi Dədə Qorqud” dastanının “Təpəgöz” boyunu öz əlilə köçürərək almancaya tərcümə edib, onu “Giriş məqaləsi, qeydlər və orijinalla birlikdə “Asiya haqqında düşüncələr” (Berlin, 1811-1815) əsərinin 2-ci cildində çap etdirib. “Basat Təpəgözü öldürdüyü” boyu alman dilinə tərcümə edən H.F.fon Dits, bütün köhnə kitablarda olduğu kimi, burada da orijinalda çoxlu səhvlərin olmasının səbəbini onu köçürənlərin üzərinə atır və göstərir ki, elə səhvlər var ki, onlar müəyyən bir fıkri təhrif edir. “Kitabi-Dədə Qorqud” dastanı ingilis dilinə də bir neçə dəfə tərcümə olunub. İngilis dilinə tərcümə olunmuş dastanı və ya onun boylarını aşağıdakı kimi sıralamaq olar:

1. K.S.Mandi “Polifemus and Tepegöz”

2. Levis Geoffrey “The Book of Dede Korkut”

3. Hickman Willam “Basat and Tepegöz”

4. Louis Zellikoff “The Book of My Grandfather Korkut”

5. F.Robert “Epic elements in Dedem Korkudun Kitabi”

6. F.Sumer, A.E Uysal, U.S.Walker “The Book of Dede Korkut”

7. P.Mirabile “The Book of the Oghuz peoples or legends told and sung by Dede Korkut”...

1815-ci ildə elm aləminə təqdim edilmiş “Dədə Qorqud” kitabı həmin vaxtdan Avropa şərqşünaslarının, eləcə də ingilisdilli şərqşünas alimlərin ən çox maraq göstərdikləri əsər olub. İlk dəfə 1956-cı ildə C.S.Mandi “Polifem və Təpəgöz” adlı məqaləsi ilə ingilisdilli oxuculara məlumat verir. Daha sonra F.Sümər, A.Uysal və V.Uolker 1972-ci ildə “Kitabi-Dədə Qorqud” əsərini ilk dəfə tam şəkildə ingilis dilinə tərcümə ediblər. Bəzi nöqsanlara baxmayaraq, bu tərcümə dastanın ingilisdilli oxucuları arasında tanınmasında əvəzsiz rol oynayıb. Bu tərcümədən sonra “Dədə Qorqud” kitabı qısa bir müddətdə daha iki dəfə ingilis dilinə tərcümə edilib. 1974-cü ildə C.Lyuis dastanı ikinci dəfə, həm də çox böyük uğurla ingilis dilinə tərcümə edib. Dastan ingilis dilinə üçüncü dəfə P.Mirabl tərəfindən tərcümə edilib. Ön söz, on iki boy tərcüməsi, qeydlər və biblioqrafiyadan ibarət olan kitab qorqudşünaslığa böyük bir töhfədir. Hər üç tərcümənin müəllifləri çap etdikləri kitablara yazdıqları ön sözdə “Dədə Qorqud” kitabı, dastanın yaranma tarixi və yeri, onların dünya mədəniyyətindəki mövqeyi haqqında oxuculara qiymətli məlumatlar veriblər.

Son dövrlərdə Azərbaycan folklorunun ingilisdilli qaynaqlarda öyrənilməsi ilə bağlı bir sıra araşdırmalar yazılıb və həmin elmi araşdırmalarda “Kitabi-Dədə Qorqud” dastanının tapılması, tədqiq tarixi, nüsxələri öyrənilib. Bu araşdırmalarda dastanın ingilis dilinə tərcüməsi ilə bağlı problemlərə xüsusi yer ayrılıb, dastanın orijinalı ilə ingilis dilinə tərcüməsi müqayisə edilib, çoxsaylı nümunələr verilib, tərcümənin uğurlu cəhətləri ilə yanaşı qüsurları da göstərilib. Biz bu araşdırmalar sırasında Aidə Həsənovanın “Kitabi-Dədə Qorqud” ingilisdilli mənbələrdə” adlı namizədlik dissertasiyasını ayrıca qeyd etmək istəyirik. Müəllif bu əsərdə “Kitabi-Dədə Qorqud”un tapılması, öyrənilməsinin tarixi, nüsxələri, Azərbaycan və ingilisdilli qaynaqlarda “Kitabi-Dədə Qorqud”un araşdırılması ilə bağlı yazılmış elmi əsərləri sistemləşdirib və təhlil edib.

“Kitabi-Dədə Qorqud”un ingilisdilli qaynaqlarda öyrənilməsi ilə bağlı məsələlərin araşdırılması yönündə Şahin Xəlillinin “Azərbaycan-ingilis ədəbi əlaqələri” adlı kitabının ikinci fəslində olan “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları ingilis şərqşünaslığında” adlı tədqiqatını ayrıca qeyd etmək istəyirik. Alim bu araşdırmasında “Kitabi-Dədə Qorqud”un alman, ingilis, fars, ispan, fransız və başqa dillərə tərcüməsi ilə bağlı məlumat verib. O, araşdırmasına F.Robertin “Dədəm Qorqudun Kitabı”nda elementlər” (Finn Robert “Epic elements in Dedem Korkudun Kitabi”), C.Lyuisin “Dədə Qorqud kitabı” (G.Lewis «The Book of Dede Korkut»), F.Sümərin “Dədə Qorqud kitabı” (F. Sumer «The Book of Dede Korkut»), P.Mirabl “Dədə Qorqud tərəfindən söylənmiş və oxunmuş Oğuz insanlarının kitabı və ya əfsanələri” (P. Mirable “The Book of the Oghuz peoples or legends told and sung by Dede Korkut”) adlı tədqiqatları və bir sıra əsərləri daxil edərək “Kitabi-Dədə Qorqud”un ingilisdilli qaynaqlarda öyrənilməsi ilə bağlı görülən işləri dəyərləndirib. Alim bu araşdırmasında iki əsas istiqamət üzrə “Dədə Qorqud”un ingilisdilli qaynaqlarda öyrənilməsini tədqiq edib. Birincisi, o, “Kitabi-Dədə Qorqud”un ingilis dilinə tərcüməsi ilə bağlı məsələləri təhlil edib, bu tərcümənin uğurlu olduğu qənaətini irəli sürüb. Bu zaman alim həm C.Lyuisin, həm də F.Sümər, A.E.Uysal və U.S.Uolkerin tərcümələrini müqayisə edib, bu müqayisələri dastanın orijinalı ilə tutuşdurub və belə bir qənaətə gəlib: “Fikrimizcə, ingilis C.Lyuisin poetik tərcüməsi bu baxımdan F.Sümər, A.E.Uysal, U.E.Uolkerin tərcüməsi ilə müqayisədə həm fikir, ideya, həm də orijinal mətnə yaxınlıq baxımından, eləcə də daha gözəl poetik duyumu və poetik deyimi ilə çox-çox dəyərlidir”.

Bununla birgə, tədqiqatçı C.Lyuisin tərcüməsinin poetik olduğunu önə çəkib, yeri gəldikcə “Kitabi-Dədə Qorqud” dastanını “İlliada”, “Odisseya” kimi eposlarla müqayisə edib. Ona görə, “Kitabi-Dədə Qorqud” dastanı mükəmməl bir folklor nümunəsi olduğu üçün, dastanın hər sətrində, hər sözündə ilk baxışda görünməyən gizli mənalar var. Ona görə də, “Kitabi-Dədə Qorqud” dastanı ingilis şərqşünaslığında bu məsələ ilə bağlı olan tərcümə və tədqiqatlarla müqayisə edilməlidir.

Bu araşdırmadakı ikinci istiqamət isə “Kitabi-Dədə Qorqud” dastanının “Beəvulf” dastanı ilə müqayisəsidir. Alimin fikrincə, bu iki dastan arasında oxşar motivlərin müəyyənləşdirilməsi, onların elmi şərhinin verilməsi önəmli bir məsələdir. Alim, bu iki dastan arasında olan münasibətlərə toxunaraq göstərir ki, “Beəvulf” dastanında bütpərəst və xristian motivləri əks olunub. “Kitabi-Dədə Qorqud” dastanı isə İslam dinindən öncə yaranıb, İslamın oğuzlar arasında yayılmasında sonra yazıya köçürülüb. Bu dastanda şamanizm ilə İslam ünsürləri sıx əlaqədədir. O, bu fikrini əsaslandırmaq üçün C.Lyuisin aşağıdakı fikrini misal gətirib. İngilis alimi C.Lyuis yazır: “Hekayələrə İslam boyaları vurulmasına baxmayaraq, onlar keçmişin ən qədim təcrübələri ilə doludur, bu hekayələrin bəziləri türklərin dinini şamanizm olduğu bir vaxta aparıb çıxarır. Qəhrəmanın ölümü münasibəti ilə qohumları onun atlarını kəsirlər və dəfn mərasimində ehsan verirlər (4 və 10-cu boylar). Beyrək ölümqabağı (12-ci boy) atının quyruğunun kəsilməsini istəyir. Oğlan uşağı döyüşdə şan-şöhrət qazanıb məşhurlaşmayınca ona ad verilmir. Qeyd etdiyimiz bu adqoyma mərasimin qədimliliyi, köhnə kitabların yazılarından gələn bu kimi – “mənim kişilik adım Yaruk Tegindir” və “mənim balaca qardaşımın kişilik adı Kül Tegin oldu” təsdiqlərində görünür. Obrazlar, qəhrəmanlar cəfa, möhnət oduna yananda qanlı göz yaşları tökürlər, bu bütövlükdə metaforik, məcazi deyil, qədim dövrlərdə Türklərin dəfn mərasimlərində ağıçılar (ağı deyənlər) üzlərini cırar və qan onların göz yaşları ilə qarışıb axardı”.

Daha sonra tədqiqatçı dastanın İslamdan öncəki türk düşüncəsi ilə sıx bağlılığını göstərmək üçün çoxsaylı faktlar verib. O, ingilis alimi P.Mirablın belə fikrini doğru sayıb ki, “Kitabi-Dədə Qorqud” “... formaca İslam, qəlbən şamançı olan bir dastandır”.

Bu tədqiqatdan aydın olur ki, ingilis alimləri “Kitabi-Dədə Qorqud” dastanında bütpərəstliklə bağlı detalların olduğunu bildirib, bu dastanla “Beəvulf” dastanı arasındakı oxşar süjetləri araşdırıblar. Hər iki dastanda qəhrəmanlar ilahi gücü ilə seçilir, qəhrəmanlıq başlıca keyfiyyət kimi göstərilir. Hər iki dastanda qəhrəmanların heyvanlara münasibətində oxşarlıqlar var. Hər iki dastanda insanların dünyagörüşləri arasında oxşarlıqlar özünü göstərir. Məsələn, hər iki dastanda müəyyən hadisələrlə bağlı bu hadisələrin xarakterinə uyğun şənlik və ya yas mərasimləri qurulur. Hər iki dastanın poetikası arasında da oxşarlıqlar var. Məsələn, bu dastanlarda alliterasiyalı misralardan, oxşar simvollardan, bədii ifadə vasitələrindən, səs bənzərliklərindən istifadə olunub. Hər iki dastanda qəhrəmanların təqdimində ona mənsub olan əşyalar xüsusi yer tutur. Alim qəhrəmanların və onların igidliyini göstərən motivlərin hər iki dastandakı yerini müqayisə edərək yazır: “Kitabi-Dədə Qorqud”da döyüşlərdə nağara, altun, tunc şeypurların çalındığı, kos vurulduğu, təbillərin döyüldüyü bu döyüşlərin daha çox hərbi musiqi ilə müşayiət edildiyi Azərbaycanda hərb sənətinin böyük inkişaf yolu keçdiyinin olduğunu deməyə əsas verir. Lakin P.Mirabl qılıncın Azərbaycanda, eləcə də İngiltərədə insanların həyatında, mübarizəsində oynadığı rolun təfərrüatına vararaq, həm “Kitabi-Dədə Qorqud”, həm də “Beəvulf” dastanlarında qılıncın sehirli-dini mənasını açıqlayaraq, diqqəti çəkən fikir söyləyib.

Son dövrlərdə “Kitabi-Dədə Qorqud”un ingilisdilli qaynaqlarda öyrənilməsi ilə bağlı bir sıra yeni məqalələr də yazılıb. Bu məqalələrə misal olaraq Ş.Xəlillinin “Kitabi-Dədə Qorqud” dastanında şamançılıq (Azərbaycan, türk və ingilis mənbələri əsasında), S.Əliyevin “Dədə Qorqud kitabı”nın ingilis dilinə P.Mirabl tərcüməsinin linqvistik poetik özəllikləri” adlı məqalələrini göstərə bilərik. Bu adı çəkilən ikinci məqalədə alim “Kitabi-Dədə Qorqud” dastanının ingilis dilinə tərcüməsi ilə bağlı məsələləri təhlil edib. O, həm “Kitabi-Dədə Qorqud”un 1970-ci ildə F.Sümər, A.Uysal, V.Uolker tərəfindən edilmiş ilk tərcüməsində, C.Lyuisin etdiyi ikinci tərcüməyə, həm də P.Mirablın etdiyi üçüncü tərcüməyə diqqət yetirib, ancaq sonuncu tərcümənin üzərində ayrıca dayanıb. “Dədə Qorqud” kitabının dünya xalqlarının dillərinə tərcüməsi və qiymətləndirilməsi təcrübəsi sübut edir ki, bu abidənin başqa mədəni ölkələrdə dəyərləndirilməsinin tədqiqi xüsusi elmi məzmun kəsb edir.

 

Vəfa İbrahimova

filologiya üzrə fəlsəfə doktoru

 

Xalq Cəbhəsi.- 2016.- 29 sentyabr.- S.14.