Bilqamısın ölümsüz
həyat axtarışları…
“Ural Batır” dastanının da əsas mövzusu ölümlə barışmamaq, əbədi həyatın sirrini tapmaqdır. Dəli Domrul kimi, Ural Batır da insanın ölümü ilə barışmır, Əzrəki ilə vuruşub onu öldürməklə insanlığı ölüm qorxusundan qurtarmaq istəyir. Ölümün çarəsini axtarmaq və ölməzlik qazanmaq ideyası “Ural Batır”da özünün geniş əksini tapıb. Yanbirdənin dilindən deyilir: “Divlər şahlığında, uzaq torpaqda dirilik bulağı var, kim ondan içsə, bir andaca ölümsüz olur deyirlər”.
Bunun ardınca ilan Ural Batıra deyir ki, baş tanrı Samraunun Günəşdən qızı doğulub. Adı Umaydır. Onu alsan ölməzliyin sirrini öyrənə bilərsən. Umay isə Ural Batıra həmin bulağın divlər padşahına məxsus olduğunu deyir: “Dirilik bulağı elə bir yerdə axır ki, hələ onu görməyib heç kim. O, divlər padşahına məxsusdur”.
“Dirilik bulağı”nın divlər şahlığında olması, divlər padşahına məxsusluğu motivləri ona görə düşünülüb ki, qorxaq, gücsüz, iradəsiz, cəsarətsiz insanlar onu axtarmaq fikrinə düşməsinlər. Bilqamıs obrazında bunlar aydın verilib. Heç bir çətinlik, hətta ölüm belə onu bu yoldan döndərə bilmir. Eyni iradəni, cəsarəti və qəhrəmanlıq eşqini Ural Batırda görürük. Pənah Xəlilov “Dədə Qorqud”dakı və “Ural Batır”dakı bu motivi Şumer qaynaqları ilə müqayisə edərək hətta “Ural Batır”ın “Bilqamıs”dan daha qədim olduğu fikrini söyləyib: “Ölüm və insan süjetinə görə “Ural Batır” dastanı “Mahabharata”ya nisbətən qədim görünür”. Demək “Kitabi-“Dədə Qorqud”un süjet xətti üzrə “Mahabharata”ya bağlanan köklərini daha qədim türk dastanlarında axtarmaq lazım gəlir.
Ölüm və insan ömrünün əbədiliyi probleminə gələndə bu ziddiyyətin qəhrəmanlıq dastanları səpgisində qoyuluşu və həlli sanki Şumer dastanından başlanır. Ancaq “Ural Batır” ondan da qədimdir. Qədimliyin də bir əlaməti odur ki, Bilqamısın ölümsüz həyat axtarışları axırda yeraltı Şirin sularda bitən əbədi ömür çiçəyini əldə etmə qisməti ilə bağlananda Şumer igidi bunun öhdəsindən gəlsə də, çiçəyi əldə saxlaya bilmir, ilan çiçəyini udur. Demək, ömür çiçəyinin insana çatmamasında ziyankar qüvvə olan ilan Şumer dastanının süjetində yalnız ötəri finaldırsa, başqırd qəhrəmanlıq dastanında Uralın ilanlar və divlər padşahlığına qarşı mübarizəsi geniş epik süjetlərlə zəngindir”.
“Koroğlu” dastanındakı Qoşabulaq da ölməzliyin rəmzidir, dirilik bulağıdır. Ona görə də “Ural Batır”dakı “Dirilik bulağı”nı “Koroğlu”dakı Qoşabulaqla eyniləşdirmək mümkündür. Qoşabulağın suyundan içdikdən sonra Koroğluya qeyri-adi aşıqlıq, şairlik və nərə verilmişdir. Qıratın da bir çox keyfiyyətləri Qoşabulağın suyu ilə bağlıdır. Bunların hamısı ilahi qüvvələr tərəfindən verilib. Qoşabulağın 7 ildən bir qaynamağı da “Bilqamıs və ölməzlər dağı” dastanındakı 7 sayı ilə semantik eynilik təşkil edir. Bir çox alimlər “Koroğlu” dastanında Koroğlunun ölüm səhnəsinin yoxluğunun səbəbini düzgün başa düşmür, görə, onun süni şəkildə bərpasına çalışırlar. Bilmək lazımdır ki, Qoşabulaqda Koroğluya və Qırata həm də ölməzlik verilib. Əgər Koroğlu Qoşabulağın suyundan gətirə bilsəydi, atası Alı kişi də ölümsüz olacaqdı.
1890-cı ildə N.F.Katanov “Ölməz insanlar və dirilik suyu” adlı bir mətn yazıya alıb. Bu əsərin qəhrəmanı olan ovçu öz ölkəsindən uzaqlaşıb böyük bir bataqlığın o biri tayına keçir və orda ölməz insanların yaşadığını görür. Bu nağılın bir variantını da 1972-ci ildə R.A.Şerxunayeva yazıya almışdır. Sonuncu nağıl “Menge su” (əbədi su) adlanır. “Ölməz insanlar” və “ölməzlər ölkəsi” motivlərinin türk folklorunda geniş yayılması bu anlayışların təsadüfi səciyyə daşımadığını, qədim və dərin köklərə malik olduğunu göstərir. Bizim araşdırmalarımız və bir çox yazılı qaynaqlar ölməz insanlar ölkəsini Azərbaycanla, Bilqamısın dibindən dirilik çiçəyini çıxartdığı dənizi, ovçunun keçdiyi bataqlığı Xəzərlə eyniləşdirməyə tam əsas verir. Burada deyilənlərlə üst-üstə düşən başqa bir fakta da diqqət yetirməyə dəyər. Kivaməddin yazır ki, Əbu-İsmaili-Ənsarinin farsca “Kəşfül əsrar” adlı təfsirində, Salevinin ərəbcə “Elarais” adlı əsərində Azərbaycanda ağaca tapınmadan söz açılır. Həmin əsərlərdə “Res” ya bir quyu, ya da bir dəniz kimi təsvir edilir. Ağac da bu dənizdədir. Bütün hallarda ağacın və dənizin Azərbaycanda olduğu bildirilir.
Şumer mətnlərində Dilmunu “təmiz”, “namuslu”, “ayıbsız”, “işıqlı ölkə” adlandırırlar. Burada xəstəlik və ölüm yoxdur. Dilmun ölməz insanların yaşadığı yerdir. Ziusudranın vətənidir. Bilqamısın ölməzlik axtararkan Urukdan Ziusudranın yanına gedərkən 7 dağ aşması Bilqamısın yolunu dəqiq müəyyənləşdirməyə imkan verir: Şumer - Aratta- Azərbaycan! Əbədi həyat, ölməzlik axtarmaq motivinə dünaynın əksər xalqlarının folklorunda rast gəlinir. Mütəxəssislərin fikrincə, bu motiv dünyanın bütün xalqlarına şumerlərdən keçib. Ona görə bu motiv Amerikada, Çində, Avropada, Yaxın Şərqdə yayılmasından asılı olmayaraq bir-birinə oxşayır. Bu oxşarlıq onların genetik cəhətdən eyni qaynağa bağlı olduğunu göstərir.
Eposu xalq
yaradır və xalq üçün
yaradır. Eposun anonimliyi
məhz buradan irəli gəlir. Hər bir
anonim folklor əsərinin altında onu yaradan xalqın
imzası var. Epos xalqın
özü tərəfindən
yazılmış tarixidir.
Burada söhbət yaddaşlara yazılmaqdan gedir. Şumer və türk dastanlarında tarixi hadisələrin epik təcəssümü aydın
nəzərə çarpır.
“Dədə Qorqud”, “Koroğlu”, “Manas”, “Ural Batır”, “Maday Qara”, “Alpamış” kimi türk dastanlarının tədqiqatçıları
onların tarixi hadisələrlə yaxından
səsləşdiyini qeyd
ediblər. Türk qəhrəmanlıq dastanlarının böyük
əksəriyyəti ayrı-ayrı
tarixi şəxsiyyətlər
haqqındadır. Bu dastanlar qəhrəmanların
həyatda tutduqları
mövqeyin, göstərdikləri
igidliklərin, xalqın
onlara sevgisinin, məhəbbətinin bədii
təcəssümündən başqa bir şey deyil.
Bilqamıs haqqındakı dastanlardan
biri “Bilqamıs və Ağa” adlanır. Bilqamıs tarixi şəxsiyyətdir.
I Uruk sülaləsinin
dördüncü çarıdır.
Onun haqqında indiyə qədər beş dastan
tapılıb. Ağanın da çarlar siyahısında adı çəkilir. O da
I Kiş sülaləsinin
axırıncı çarıdır.
Ağa öz atası En-Mebaragesidən sonra çar olub. Üstündə Ağanın
atası En-Mebaragesinin
adı yazılmış
bir gips gülqabının tapılması
da onların tarixi şəxsiyyətlər
olduğunu təsdiqləyir.
Bəzi alimlərə görə,
onlar təxminən II
erkən sülalələr
dövründə- e.ə.2615-2500-cü illərdə yaşayıblar.
Dastanın ilk tərcüməçisi
S.N.Kramer isə bu tarixi təxminən
e.ə. 2800-cü ilə
aid edib ki, bu da I erkən
sülalələr dövründən
50 il qədimdir.
İ.T.Kaneva da əsərdə təsvir edilən tarixi hadisələrdən
çıxış edərək
yazır ki, onu II erkən sülalələr dövrünə
aid etmək doğru deyil. Şumer mətnlərini
hərtərəfli araşdıran
Torkill Yakobson paytaxtın Urukdan Ura e.ə.
2850-ci ildə köçürüldüyünü
yazıb. Bilqamısdan
paytaxtın Urukdan Ura köçürüldüyü
vaxta qədər Urukda 7 çar bir-birini əvəz edib. 7 çarın
hakimiyyət dövrünü
də 2850-nin üstünə
gələndə Bilqamısın
e.ə. 3000-ci ildən
əvvəl yaşadığı
aydın olur. Bəzi qaynaqlarda Bilqamısın həqiqətən e.ə.
IV minillikdə yaşadığı
göstərilir. “Bilqamıs və Ağa” dastanında Şumerin iki böyük şəhəri-
Kiş və Uruk arasındakı birincilik davasından bəhs edilir. Əsərin ilk sətirləri
Kiş şəhərinin
çarı Ağanın
elçilərinin Uruka
gəlməsi ilə başlayır:
En-Mebarages oğlu
Ağanın elçiləri
Gəldilər Kişdən Uruka,
Bilqamısın yanına.
Ağanın elçiləri Uruka hansı tapşırıqla
gəlmişdilər? Ağa onları
niyə göndərmişdi?
Kiş çarı Uruk çarından nə istəyirdi? Bütün bunlar
barədə elçilərin
öz dillərindən
heç nə deyilmir. Ancaq Bilqamısın söylədiklərindən
aydın olur ki, Ağa Uruku
özünə tabe etmək niyyətindədir.
Bilqamısın milli xarakterinin
açılmasında bu
dastanın böyük
elmi əhəmiyyəti
var. Ağanın tələblərini
Bilqamıs Uruk şəhərinin ağsaqqallar
şurasının müzakirəsinə
qoyur. Ağsaqqallar elçilərin tələblərini qəbul
etməyi, Kiş şəhərinə tabe
olub, müharibəyə
girməməyi məsləhət
görürlər.
Bilqamıs qürurludur, məğrurdur. Öz gücünə
arxayındır. Ona görə
ağsaqqallar şurasının
qərarı ilə razılaşmır. Məsələni Urukun Gənclər Şurasının müzakirəsinə
qoyur, yəni özü bu dəfə gənclərə
müraciət edir.
S.N. Kramer bunu tarixdə “İlk ikipalatalı parlament” adlandırıb. Əslində Bilqamısın bu müraciətini onun hökmü adlandırmaq olar. Burada onun xarakterindəki
qətiyyətlilik və
içindəki azadlıq
duyğusu üzə çıxır. Heç cür
Kişə tabe olmayacağını bildirir.
Uruk gəncləri də Bilqamısı dəstəkləyirlər.
Bilqamıs Kişə tabe
olmur, Urukun azadlığını və
müstəqilliyini qoruyub
saxlayır. Gil lövhələr zədələndiyindən
hadisələrin sonu bir qədər qaranlıq qalır. Ancaq qalmış mətnlərdən bəlli
olur ki, iş müharibə
dərəcəsinə çatdırılmır,
Bilqamıs işləri
necə qurursa, Ağa könüllü olaraq fikrindən daşınır, Urukun mühasirəsindən əl
çəkir, həm
müharibə baş
vermir, həm də Uruk Kişin
tabeçiliyini qəbul
etmir. V.K.Afanasyeva doğru olaraq
bu əsəri “Bilqamısın qələbə
nəğməsi” adlandırıb.
İnannanın əsas evi Uruk
şəhərində olmuşdur. “Bilqamıs” dastanında İnannanın qəhrəman,
igid Bilqamısa vurulduğu öz ifadəsini tapıb.
“Bilqamıs və
Ağa” dastanında Kişlə müharibəyə
girərkən Bilqamısın
İnannaya güvəndiyini,
onun üçün igidliklər göstərdiyini
görürük. İnanna Urukun
himayəçi tanrısı
idi. Urukda nə baş verirdisə, İnannanın
razılığı olmalı
idi: Bilqamısın İnannaya güvənməyi,
“Bilqamıs” və “Bilqamıs və Ağa” dastanlarında Bilqamısla İnannanın
münasibətləri maraqlı
səhnələrdən biri
olsa da, onlar bir-birindən fərqlənir. “Bilqamıs”
dastanında Bilqamıs
haqqındakı digər
dörd dastanın motivlərinə çox rast gəlindiyi halda, “Bilqamıs və Ağa” dastanından istifadə olunmayıb.
“Bilqamıs” dastanında Bilqamıs Enkidu ilə ilk dəfə görüşür və
onunla dost olur. “Bilqamıs və
Ağa” dastanında isə Enkidu Bilqamısın yanındadır.
Bilqamıs-İnanna və Bilqamıs-Enkidu
paralellərindən aydın
görünür ki,
“Bilqamıs” dastanında
“Bilqamıs və Ağa” dastanından daha qədim bir əsərin motivlərindən istifadə
edilib. “Bilqamıs”
dastanındakı bir çox mifoloji, kosmoqonik düşüncələrin
güclü olduğu
səhnələr, zoomorfik
obrazlar var ki, bunlar “Bilqamıs
və Ağa” dastanında yoxdur. Mətndən göründüyü kimi, “Bilqamıs və Ağa” dastanında Bilqamıs hələ Urukun çarı yox, Kulabın kahinidir. Görünür, Bilqamıs Urukun
çarı olmamışdan
qabaq xalq arasında böyük şan-şöhrət qazanıb,
bir qəhrəman kimi sevilib, onun
haqqında ilk poetik örnəklər də məhz həmin vaxtdan yaranmağa başlayıb. Bu nəğmələr uzun
illər boyu yaddaşlarda yaşayıb,
yayılıb, nəhayət,
bir neçə dastan şəklində formalaşıb. Bunlar
leo Oppenheymin
bir fikrini təkzib etməyə tam əsas verir. L.Oppenheym “Bilqamıs” dastanını “milli epos” adlandıranlara qarşı
çıxır və
yazır ki, Bilqamıs haqqında dastan Şumerdə geniş yayılmayıb, onların ədəbiyyatında
xüsusi yer tutmayıb, az
tanınıb.
İslam Sadıq
Araşdırmaçı
Xalq Cəbhəsi.- 2016.- 30
sentyabr.- S.14.