Tolerantlıq nədir?

 

I yazı

 

Dözümlülük hər bir ölkənin vətəndaşları tərəfindən yüksək qiymətləndirilir. Tolerantlıq - dini dözümlülük. Yəni digər inanc və əqidələrə dözümlü yanaşma. Tolerantlıq insan hüquqları və vicdanı ilə bağlıdır. Tolerantlıq insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Onun üçün həm də irqçilik, ksenofobiya, dini dözümsüzlük, terror və ekstremizmin qəbul edilməməsi xarakterikdir.

Dözümlülük ideyası heç də yeni deyil, bu haqda ilk fikirlər XVI- XVII əsrlərdə Avropada peyda olub. Bu zaman dözümlülük yalnız din və vicdanla bağlı olub. 1648-ci ildə imzalanmış Vestfal sülhü dini dözümlülüklə bağlı ilk sənəddir. Ancaq Vestfal sülhünün ardınca gələn 30-illik müharibə və bu müharibə zamanı göstərilən dini dözümsüzlük həmin dövr üçün dözümlülüyün yetişmədiyini sübut etdi. Dözümlülük haqqında tam dolğun fikirlər yalnız II minilliyin sonunda formalaşmağa başladı.

 

Dözümlülük konsepsiyası

 

Müxtəlif qaynaqlarda tolerantlığın bəzi əsas izahları diskusiya üçün yaxşı başlanğıc nöqtə sayıla bilər. Məsələn, Etnik Ensiklopediyada Susan Mendus göstəribr ki, "Dözümlülük beynəlxalq səviyyədə bir şəxsin xoşlamadığı və ya əxlaqi cəhətdən yanlış saydığı hərəkətə icazə verməsi və ya bu hərəkətin qarşısını almamasıdır". Buna əlavə olaraq o qeyd edir ki, "Dözümlülük tolerant şəxsin müdaxilə etmə gücü olmasını, yalnız onun bu gücdən istifadə etməkdən imtinasını tələb edir".

Digər bir qaynaqda, Fəlsəfə Ensiklopediyasında Maurise Kranston qeyd edir ki: "Dözümlülük xoşlanılmayan və ya bəyənilməyən hər hansı bir şeyin mövcudluğunda təmkinlik göstərmə siyasətidir".

İlk fikirdə dözümlülüyün aspektlərinin insanın xoşlamadığı şeylərdən əxlaqi inanclara qədər geniş olması göstərilir. Burada həmçinin dözümlülüyün beynəlxalq aspektdə olması da qeyd edilir və vurğulanır ki, bir kəsə və ya bir qrupa dözmə müəyyən bir istiqamətdə seçilmiş rəftar olmalıdır.

İkinci fikirdə isə dözümlülüyün yalnız insanın davranış siyasəti ilə bağlı olduğu və dözümlülüyün beynəlxalq hərəkətdən çox insanın bu gün, sabah və gələcəkdə müəyyən qaydada davranışı olduğu vurğulanır. Hər iki fikir açıq-aydın göstərir ki, dözümlülük heç də xoşbəxt dövlət demək deyildir. Dözümlülük baş verən hadisələrə məmnun olmamaq və eyni zamanda bəyənilməyən hərəkətin qarşısını almaq üçün heç nə etməməkdir. Dözümlülük doğru və yanlış, günahkar və ya günahsız, pis və yaxşı kimi üç hissəli etik konsepsiyadan fərqlənir. Burada bir tərəfdə dözümsüzlük, digər tərəfdə isə başqalarının inancını qəbul etmə dayanır. Tolerantlığı başa düşməkdən ötrü tərəddüd edən digər tərəfin konsepsiyasını anlamaq çox vacibdir. Ümumilikdə götürdükdə dözümsüzlük əsasən başqasına qarşı mənfi münasibətdə olmaq və bu münasibətə qarşı hər hansı bir hərəkət etməməkdir.

Məşhur siyasi xadim Mahatma Qandinin qeyd etdiyi kimi, "Günümüzün ehtiyacı yalnız bir din deyil, müxtəlif dinlərin tərəfdarlarına qarşı qarşılıqlı hörmət və dözümlülükdür". Həqiqətən də dinlər arasında dialoqun yaradılması, qarşılıqlı hörmət göstərilməsi müasir cəmiyyətdə demokratik stabilliyin yaradılması üçün çox vacibdir.

 

Xalqların tolerantlığa münasibəti

 

Hər bir xalqın dözümlülük haqqında müxtəlif düşüncələri vardır. Məsələn, Amerikalılar dözümlülüyü öz konstitusiyalarının ayrılmaz hissəsi hesab etdiyi halda Britaniyalılar dözümlülüyü milli xarakterlərinin ayrılmaz hissəsi hesab edirlər.

Dözümlülük hər bir ölkənin vətəndaşları tərəfindən yüksək qiymətləndirilir, lakin çox zaman dözümlülük tam dərk edilmir. Bunun da əsas səbəbi qeyri-sabit və müvəffəqiyyətsiz azadlıq təcrübəsidir. Təcrübə elə bir təsis edilmiş nümunədir ki, o, özündə formal və qeyri-formal qaydaları, davranış tərzini, qarşılıqlı münasibəti ehtiva edir. Dözümlülüyün formal qaydaları hüquqi və konstitusional, qeyri-formal qaydaları isə sosial normalardır. Bütün bunlar göstərir ki, dözümlü davranış tərzi liberal cəmiyyətin nail olmaq istədiyi əsas nailliyyətdir və dözümlülük münasibəti də onun açarıdır. Dözümlülük münasibətinin möhkəm qurulmadığı cəmiyyətdə əsasən dözümsüzlük davranışı yararanacaqdır ki, onların ünsiyyəti də, mədəniyyəti də dözümsüzlük davranışlarına məcbur edəcək və beləliklə də bütün təcrübə bu davranışlar nəticəsində puç olacaq.

Tolerantlıq fikirlərinin yaranmasının əsasını 1948-ci il İnsan Hüqularına dair Ümumi Bəyannamənin qəbulu təşkil etdi. Bu bəyannamədə göstərilirdi ki, "insan ailəsinin bütün üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi dünyanın əsasını təşkil edir". İnsan hüquqlarına dair bəyannamənin qəbul edilməsindən sonra dözümlülük barəsində bir çox aktlar və bəyannamələr qəbul edilmişdir. 1993-cü il 8-9 oktyabr tarixində Vyanada keçirilmiş Avropa Şurasının üzv Dövlətlərinin Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısında irqçiliyin yüksəlişi, xaricilərə qarşı qərəzli münasibət və antisemitizm, dözümsüzlük mühitinin inkişafı, əsasən, mühacirlərə və mühacir mənşəli insanlara qarşı zorakılıq aktlarının artması, aqressiv millətçilik və etnomərkəzçilik formasında xaricilərə qarşı yeni qərəzli münasibətin inkişafı ilə bağlı həyəcan təbili səslənmiş və bunun nəticəsi olaraq irqçilik, xaricilərə qarşı qərəzli münasibət, antisemitizm və dözümsüzlüyə qarşı mübarizə üçün Fəaliyyət Planı qəbul olunmuşdur. Bu Fəaliyyət Planı cəmiyyətin səfərbərliyi və belə hallarla mübarizəyə yönəlmiş təminat və siyasətlərin təkmilləşdirilməsi və səmərəli icrası üçün lazım olan geniş sayda görüləcək tədbirləri özündə əks etdirirdi.

 

1995-ci il noyabrın 16-da keçirilmiş UNESKO Baş Konfransının 28-ci sessiyasında tolerantlıq prinsiplərinə dair bəyannamə qəbul olundu. Bu bəyannamədə vurğulanır ki, "dözümlülük, ilk növbədə insan azadlıqları və universal hüquqların etirafı əsasında formalaşan fəal münasibətdir", bununla yanaşı "dözümlülük, insan hüquqlarına dair beynəlxalq hüquq aktlarında müəyyən olunmuş normaları iddia edən, həqiqətin mütləqləşdirilməsindən və ehkamçılıqdan imtina edən bir anlayışdır".

Baxmayaraq ki, beynəlxalq hüququn əsasını hüquq bərabərliyinin pozulmaması prinsipi təşkil edir, dərinin rəngi, irq, cins, dil, din, siyasi və digər əqidələr, milli, sosial və digər mənşəli əlamətlərə dair diskriminasiya demək olar ki, dünyanın hər bir ölkəsində mövcuddur. İnsan Haqlarının BMT komissiyasının irqçiliyin müasir formaları məsələlərinə dair xüsusi məruzəçisinin məlumatlarında müxtəlif dövlətlərdə qaradərililər, ərəblər, çinlilər, müsəlmanlar, yəhudilər, qaraçılar, mühacirlərə qarşı dözümsüzlük halları təhlil edilir.

 

Azərbaycanda dini tolerantlıq

 

Azərbaycanda tarixən dini tolerantlıq mədəniyyətinin yüksək olduğunu dəfələrlə, həm dinşünas alimlər, həm də digər dinlərin nümayəndələri etiraf etmişlər. Azərbaycan çox konfessiyalı bir ölkədir və burada tarixən müxtəlif dini və mədəni abidələr mövcuddur. XX əsrin sonunu əsasən sosialist düşərgəsinin süqutu nəticəsində dünyanın mövcud siyasi xəritəsinin dəyişməsi, habelə ictimai həyatın müxtəlif sahələri ilə bağlı bir sıra qlobal problemlərin yaranması və gərginləşməsi ilə səciyələndirmək olar. İqtisadi, ekoloji və demoqrafik problemlərlə yanaşı, əxlaqi-etik dəyərlərə lazımi diqqət yetirilməməsi nəticəsində mənəviyyat problemləri də kəskinləşmişdir. Bundan başqa, dünya dinləri arasında mövcud fərqlərə əsaslanan "sivilizasiyaların toqquşması" nəzəriyyəsi meydana çıxmış və öz tərəfdarlarını tapmışdır. Bəzi separatçı qruplaşmalar bir çox hallarda öz fəaliyyətlərinə bəraət qazandırmaq məqsədilə dini amildən istifadə edirlər.

Belə bir şəraitdə bəşər sivilizasiyanın müxtəlif mədəniyyətlərinin qorunması üçün dinlər və mədəniyyətlər arasında dialoqun yaranması böyük əhəmiyyət kəsb edir. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri zəngin olan ölkə və regionların təcrübəsi nümunə ola bilər. Azərbaycan bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir.

Bu ənənənin kökləri tarixin dərinliklərinə gedib çıxır: Babil hökmdarı II Novuxodonosurun (e. ə. 586 il) Yerusəlimi zəbt etməsi nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri Azərbaycan torpağında özlərinə sığınacaq tapıblar. Tarixi mənbələrə əsasən, o vaxtlar Babildə 40 minə qədər əsir var idi.

Eramızın birinci yüzilliyinin ortalarında xristianlığın ilk ardıcılları Azərbaycana pənah gətirmiş və sonradan burada yaranan Alban aftokefal kilsəsinin əsasını qoymuşlar. İslamın Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənib. Müsəlman tolerantlığının əsasını Qurani-Kərimin surə və ayələri təşkil edir: "Dində məcburiyyət yoxdur". Tarixçilərin dediklərinə görə, VII-VIII əsrlərdə müsəlmanlar yəhudilik, xristianlıq və zərdüştiliyin tərəfdarlarına qarşı ehtiram və dözümlülük göstəriblər. Azərbaycan ərazisində yaşayan çoxsaylı etnik və dini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amili də böyük rol oynayıb. Tarix boyu Azərbaycanda yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən asılı vəziyyətə düşmüş və yaranmış şərait onları, dünya görüşlərindəki fərqlərə baxmayaraq, yaxınlaşmağa vadar edib.

Sovet İttifaqının dağılması regionda dini dözümlülük ənənələri üçün əsl sınağa çevrildi. Bu proseslərin nəticəsində keçmiş müttəfiq respublikaların xalqları müstəqilliklə yanaşı dini etiqad azadlığı da əldə etdilər. Azərbaycandakı mövcud tolerantlığın əsasları üçün ən böyük təhlükəni minlərlə dinc sakinin ölümünə və bir milyondan çox soydaşımızın doğma yurdlarından didərgin düşməsinə səbəb olan erməni təcavüzü yaradırdı. Azərbaycan-Ermənistan-Dağlıq Qarabağ münaqişəsi dini zəmində baş verməsə də, Ermənistanın dini lideri I Vazgen praktiki olaraq separatçı hərəkatı qızışdıran şəxslərdən biri olub.

 

Cavid

Xalq Cəbhəsi.- 2015.- 6 yanvar.- S.13