Nizami rayonunun sosial-iqtisadi inkişafı

 

Real vəziyyət və perspektivlər

 

Azərbaycan prezidentinin təsdiq etdiyi 2014-cü il 17 yanvar tarixli Sərəncamı ilə "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq paytaxtın digər rayonlarında olduğu kimi Nizami rayonunda işlər aparılmaqdadır. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlərin uğurlu icrası nəticəsində Nizami rayonunun infrastruktur təminatı daha da yaxşılaşdırılıb, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilməyə başlanıb, yeni məktəblər, xəstəxana, poliklinika, ambulatoriya binaları tikilir, mövcud binalar əsaslı təmir edilib, müasir tipli idman kompleksləri istifadəyə verilib.

Nizami paytaxtın ən gənc rayonlarından sayılsa da, burada yeni yaradılan sosial infrastrukturlar, bütövlükdə şəhər təsərrüfatı inkişaf göstəricilərinə görə digər rayonlardan nəinki geri qalmır, hətta bəzi sahələrdə xeyli üstünlüklər qazanıb. Bu üstünlüklər isə təkcə yol, elektrik enerjisi, qaz, su, istilik təsərrüfatlarının yenidən qurulmasında deyil, iqtisadi nailiyyətlərdə, makroiqtisadi göstəricilərdə, sosial infrastrukturda, səhiyyə və təhsildə, xüsusən orta təhsilin səviyyəsində də özünü göstərir. Ölkəmizdə sahibkarlığa göstərilən dövlət qayğısının ilbəil artması, təşəbbüskarlığa geniş meydan verilməsinin nəticəsidir ki, 2003-2015-cü illər ərzində Nizami rayonunda 600-dən artıq yeni istehsal və xidmət sahəsi yaradılıb. İlin əvvəlindən fəaliyyət dairəsini xeyli genişləndirən özəl müəssisələr rayon əhalisinin ərzaq və qeyri-ərzaq mallarına olan tələbatının ödənilməsində müstəsna rol oynayıb. Ölkəmizin ən iri sənaye müəssisələrindən sayılan H.Əliyev adına Bakı Neft Emalı Zavodunun istehsalı olan müxtəlif neft məhsullarına, “NJT-2000” firmasının istehsal etdiyi plastik məmulatlara, “Kaspi Yıldız” MMC-nin buraxdığı yanğınsöndürmə avadanlığına istər daxili, istərsə də xarici bazarda tələbat getdikcə artır. Bundan əlavə, “Bakı Yağ Qida Sənaye”, “Zəhmət Ruzi”, “Bakı-Şərab 1”, “Evropean Tobacco Baku” açıq səhmdar cəmiyyətləri, “Ulduz” fabriki və “Veysəloğlu Yaylıcı Qardaşlar” MMC ölkəmizdə ərzaq bolluğunun təminatında yaxından iştirak etməklə yanaşı, xarici bazara da məhsul göndərirlər.

Rayon ərazisində yaradılan istehsal və xidmət sahələri həm də çoxsaylı iş yerləri deməkdir. Məhz bunun nəticəsidir ki, son illər Nizami rayonunda uğurlu məşğulluq strategiyası həyata keçirilir.

 

Rayonun infrastrukturu sürətlənir

 

Nizami rayonunda infrastruktur layihələrinin icrası da getdikcə sürətlənir. Elə rayonda yol-nəqliyyat infrastukturunun təkmilləşdirilməsi, müasir standartlara cavab verən körpü, yolötürücü və tunellərin, yeraltı və yerüstü piyada keçidlərinin inşası, tıxacların aradan qaldırılması məqsədilə yeraltı avtomobil dayanacaqlarının tikintisi, magistral küçə və prospektlərin əsaslı şəkildə yenidən qurulması burada quruculuq işlərinin miqyası barədə aydın təsəvvür yaradır. Son illər müxtəlif dövlət proqramlarında nəzərdə tutulmuş abadlıq-quruculuq işlərinin və infrastruktur layihələrinin uğurla reallaşdırılması rayonun simasına əlavə yaraşıq gətirib. Belə ki, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki müxtəlif səviyyəli yol qovşağı, Babək prospektində, eləcə də Qara Qarayev prospekti ilə Naxçıvani küçəsinin kəsişməsindəki yeraltı piyada keçidləri, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, Bakı Metropoliteninin əsaslı yenidənqurmadan sonra istifadəyə verilən “Koroğlu” stansiyasının yaxınlığındakı park və digər istirahət mərkəzləri rayonun ümumi mənzərəsini xeyli yaxşılaşdırmaqla yanaşı, sakinlərin rahatlığının təminatı baxımından da mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Nizami rayonu həm də qonşu rayonlara giriş-çıxış üçün tranzit rolu oynadığından nəqliyyat sıxlığı ilə yüklənmiş olur. Belə ki, paytaxtın digər rayonlarının ərazisinə ən çoxu iki metrostansiya düşdüyü halda, Bakı Metropoliteninin düz 4 stansiyası - "Koroğlu", "Qara Qarayev", "Neftçilər" və "Xalqlar Dostluğu" Nizami rayonunun payına düşür. Beləliklə, coğrafi baxımdan 4 rayonu birləşdirən Nizami rayonunun paytaxtın yol-nəqliyyat infrastrukturunda rolu daha da artır. Nəticədə rayon ərazisində tıxac problemi həlli vacib məsələyə çevrilmiş olur. Metronun "Koroğlu" stansiyası ətrafı bu gün dünyanın ən müasir şəhərləri ilə rəqabət apara biləcək səviyyədə dəyişikliyə məruz qalıb. Metrostansiyanın qarşısındakı möhtəşəm yol ötürücüsündən tutmuş qarşı tərəfdə salınan parka, parkın ortasında alov dilimini xatırladan, Azərbaycan bayrağının rəng çalarlarını özündə əks etdirən qüllədən möhtəşəm bina komplekslərinə, gecələr rəngdən-rəngə düşən Olimpiya İdman Sarayına qədər hər şey burada ölçüyəgəlməz insan əməyindən, gərgin zəhmətdən xəbər verir. Bundan başqa dünya standartlarına uyğun körpü kompleksi tıxacsız hərəkətin təmin olunması, sürücü və sərnişinlərin təhlükəsiz hərəkətinə şərait yaratmaqla paralel rayonun simasına da möhtəşəmlik gətirib.

 

Kommunal xidmətlər

 

Rayonda əhaliyə göstərilən kommunal xidmət sahələrində də ciddi işlər görülməkdədir. Belə ki, rayon ərazisində qaz təchizatının yaxşılaşdırılması və fasilələrin aradan qaldırılması məqsədilə 8-ci kilometr yaşayış sahəsi və Keşlə qəsəbəsində qaz xəttləri dəyişdirilib, 14314 p/m yeni qaz xətti çəkilib. Elektrik enerjisi təchizatının yüksəldilməsi üçün 3 ədəd yarımstansiya quraşdırılıb, 32 transformator daha güclüsü ilə əvəz edilib, 57000 metr hava xəttləri yeni “SİP” kabel xəttləri ilə əvəz edillib. Son vaxtlar Nizami rayonunda daha çox narahatçılıq yaradan hallardan biri də istilik təchizatı məsələsidir ki, bu istiqamətdə də ciddi nailiyyətlər əldə edilib. Belə ki, rayonun 128 yaşayış binasının aşağı paylama istilik sistemləri yenidən qurulub, 370 yaşayış binası, 22 məktəb, 15 uşaq bağçası, 15 səhiyyə müəssisəsi istiliklə təmin olunub. Bununla da Nizami rayonu istilik təchizatına görə, Bakı rayonları arasında birincilər sırasında qərar tutub. Bu vaxta qədər rayonda həlli vacib olan məsələlərdən biri də su-kanalizasiya təsərrüfatı ilə bağlı olub ki, hazırda bu problem də əsasən aradan qaldırılıb. Son illər sakinlərin işıq, qaz, istilik və içməli su ilə təminatının yaxşılaşdırılması üçün mühüm işlər görülür, bütövlükdə kommunal sektorun işi günün tələbləri səviyyəsində yenidən qurulur.

Humanizm və xeyriyyəçilik missiyasının daşıyıcısı olan Heydər Əliyev Fondu da Nizami rayonunun sosial həyatına mühüm töhfələr verir. Təkcə onu demək kifayətdir ki, son illər fondun təşəbbüsü və maliyyə dəstəyi ilə uşaq evlərində tərbiyə alan, yaşı 18-dən yuxarı olan qızlar üçün 50 mənzilli 100 yerlik, valideyn himayəsindən məhrum olan və uşaq evlərində böyüyən gənclər üçün 63 mənzilli yaşayış evləri, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzi yenidənqurmadan sonra istifadəyə verilib. Fiziki qüsurlu uşaqlara təmənnasız yardım göstərəcək bağça tipli “Qayğı” Rabilitasiya mərkəzinin binası yenidən qurulub. Nizami rayonu yeganə rayondur ki, hər gün təmənnasız olaraq 90-dan artıq kimsəsiz şəxs yeməklə təmin olunur.

 

Təhsil, tibb, idman və ekoloji vəziyyət

 

Elm və təhsil sahəsində də Nizami rayonu bir sıra uğurlara imza atıb. Əgər 2009-cu ildə rayon üzrə ali məktəblərə qəbul olunanlar 48 faiz təşkil edirdisə, 2015-ci ildə bu göstərici 65,8 faizə yüksəlib. Bundan başqa, “Ən yaxşı ümimtəhsil məktəbi”, “Ən yaxşı müəllim” müsabiqələrinin qaliblərinin də sayı ildən-ilə artır. Ötən tədris ilində Nizami rayonu üzrə 5 məktəb və 8 müəllim bu yüksək mükafata layiq görülüb.

Rayonun səhiyyə müəssisələri tərəfindən əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, sanitar-gigiyenik vəziyyətə müntəzəm nəzarət edilməsi, əhali arasında infeksion, parazitar xəstəliklərin, qida zəhərlənmələrinin qarşısının alınması və ləğv edilməsi istiqamətində işlər də davam etdirilir. Rayon ərazisində ən müasir tibbi avadanlıq və peşəkar personala malik çoxlu sayda dövlət və özəl səhiyyə ocağı pasiyentlərinin xidmətindədir. Hazırda rayonda 9 xəstəxana, 13 ambulator poliklinika fəaliyyət göstərir ki, ərazisinin o qədər də böyük olmaması nəzərə alınarsa, bu sayın kifayət qədər olduğu təxmin edilir. Keşlə qəsəbəsində isə 1 xəstəxana sökülərək yerində müasir tipli xəstəxananın tikintisinə başlanıb.

Rayonun inkişaf konsepsiyasında idmanın ikişafına da xüsusi diqqət yetirilir. Belə ki, rayon ərazisində AFFA tərəfindən 20000 tamaşaçı tutumuna malik müasir tipli stadionun inşa olunması rayonda hətta beynəlxalq yarışların keçirilməsinə perspektiv yaratmış olur. Bununla yanaşı, rayon ərazisində fəaliyyətdə olan 5 stadion, 6 idman-sağlamlıq kompleksi, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi əhalinin gənc kəsiminin sağlam həyat tərzinin qarantı kimi çıxış edərək sakinlərin daha sağlam həyat sürməsinə zəmin yaradır. Qeyd edək ki, 2015-ci ildə ölkəmizdə keçirilən Birinci Avropa Olimpia oyunlarının əsas mərkəzi Nizami rayonunun ərazisinə düşüb. Bu məqsədlə “Koroğlu” metrostansiyası ətrafında Olimpiada kəndi salınıb, 65 min tamaşaçı tutumu olan stadion tikilib, “Şəfa” stadionu əsaslı təmir edilib, Bədii Gimnastika Kompleksi tikilib.

Rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə on minlərlə müxtəlif növ ağac və kollar əkilib, əhalinin səmərəli istirahətinin təşkili üçün “Koroğlu” metrostansiyasının qarşısında yeni park və Alov Fəvvarələr Kompleksi, Keşlə qəsəbəsindəki Böyük Vətən Müharibəsində həlak olmuş Vətən oğullarının Xatirə memorial kompleksinin yerləşdiyi park, “Heydər Əliyev” park-bulvarı, Qara Qarayev prospekti 81, R.Rüstəmov və A. Manafov küçələrindəki istirahət parkları yenidənqurmadan sonra sakinlərin istifadəsinə verilib.

 

Problemlər də mövcuddur

 

Nizamidə az da olsa problemlər mövcuddur. Rayonun ara küçələrinin asfalt döşəməsinin dağılması, bəzi binalarda hələ də liftlərin işləməməsi, zibil qutularının vaxtlı-vaxtında təmizlənməməsi sakinlərin haqlı narazılıqlarına səbəb olub. Məsələn, Q.Qarayev prospektindəki 104, 114 saylı binanın sakinləri su probleminin qismən aradan qaldırıldığını, 84, 86 saylı binanın sakinləri zibil yeşiklərinin vaxtında təmizlənmədiyindən şikayətlidirlər. Daha çox isə Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən narazılıq olunub.

 

Gələcəkdə görüləcək infrastruktur layihələr

 

Gələcəkdə rayonda bir sıra infrastruktur layihələrin həyata keçirilməsi nəzərdə tutulur:

Rayonun bütün qəsəbələrinin içməli su, təbii qaz və elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması, kanalizasiya sisteminin yenidənqurulması üzrə geniş miqyaslı işlər davam etdirilməsi, rayonda yeni məktəb, səhiyyə ocaqlarının inşası, ehtiyacı olan məktəb və uşaq bağçalarının yenidən əsaslı təmir işlərinin aparılması, rayonun bütün mərkəzi və məhəllədaxili yollarının asfaltlanması, mərkəzi küçələrinin yenidənqurulması, abadlıq işlərinin intensivləşdirilməsi, yeni istirahət parklarının salınması, əhalinin sosial problemlərinin həlli istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi.

 

Cavid Şahverdiyev

Xalq Cəbhəsi.- 2016.- 7 yanvar.- S.12.