Sən o taydan dur bax, mən
də bu taydan…
İkiyə
bölünən Vətənin yaraları
Bugünkü ədəbiyyatda tarixə çevrilməkdə
olan bir çox maddi və mənəvi amillər, xalqın
tarixi, maddi və mənəvi sərvətləri, eyni zamanda
yaşadığı ağrı-acılar dərin bir həssaslıqla
xatırlanır, ən çağdaş ictimai-siyasi problemlərin
sənətdə həlli məqamında əsas mənəvi
dayağa çevrilir. Bəxtiyar Muğanoğlunun şeirlərində
həyat hadisələrinin doğurduğu poetik amillər,
mühakimələr səciyyəvidir. Şairin
vətənpərvərliyi xalqa olan məhəbbəti
böyük insani duyğulara əsaslanır. Milli məhdudiyyət hissləri ona yabancıdır.
Onun əsərlərindəki parlaq humanist fikirlər
və duyğular, nə qədər böyük və
geniş ürəkli bir insan, açıq və təmiz
fikirli bir sənətkar olduğunu göstərir. Xalqın həyatının bir çox mürəkkəb
həqiqətlərini, fəlsəfəsini, zəmanənin ziddiyyətli
cəhətlərini parlaq bədii lövhələrlə əks
etdirir. Onun humanizmi yalnız əzənə
nifrət, əzilənə məhəbbətdən ibarət
deyil. Bu humanizm eyni zamanda geniş mənada
insanlığı müdafiə edir, həm bir insanı azad
görmək istəyir, həm fənalıqları rədd
edir, həm də bizi böyük, müsbət ideala
çağırır. Şairin xalqa olan
etimadı sarsılmazdır. Əsərlərində
xalqa olan məhəbbəti ifadə edən sətirləri
onu nəzərimizdə böyük xalq əsgəri və
xalq məşəldarı kimi canlandırır:
Bir elin
qırx milyon insanlarının,
On kələf
tikan sim kəsib arasın
Görən
Azərbaycan qəhrəmanlarnın
Kim gəlib deyəcək dərdə çarasın.
Oğul,
burdan ora üç saat yoldur,
Adam bir
övnəyə gedər qayıdar,
Amma bu üç saat yüz yetmiş oldu.
Düzülüb dal-dala həftələr oldu.
Bu nə
hikmətdir ki, övnəlik yola,
Bir qərnidir
çarə edə bilmirik,
İnsan
indi çıxır ulduza-aya,
Biz üç saat yolu gedə bilmərik.
Sən o
taydan dur bax, mən də bu taydan,
Bir elin içində mahaldır mahal.
Sarsıdıb,
soldurub, öldürür bizi,
Səni cənub dərdi, məni də şimal.
İkiyə
bölünən bir vətənin yaralarını
özündə güzgü kimi əks etdirməklə
yanaşı, motiv və ideya cəhətdən, həm də
ifadə tərzi, fikrin və hissin təqdimi cəhətdən
də əlvan və müxtəlif çalarlar olan bu
şeir, həm də böyük fikirləri yığcam və
lakonik ifadə eləyən fəlsəfi bir əsərdir. Dünya, zaman, ömür kimi məfhumların poetik
şərhi Güney Azərbaycan poeziyasında daim əsas
mövzulardan olub. Çağdaş
Güney Azərbaycan poeziyasında da müxtəlif ictimai məzmunlu
epoxaların bədii gerçəkliklərdə obrazlı
fikrin fəlsəfi-psixoloji tutumu sərrast ifadə olunur.
Güney Azərbaycanda daim bir çox şairlər
xalqın mənəvi fikir həyatı, gerçək və
ideal yaşayış arzuları ilə bağlı məsələlərə
dair, yaradıcılıqla¬rının əvvəlindən
sonuna qədər daima axtarışlar aparıblar. Bu axtarışlar fikir, mənəviyyat, xalqın qəlb
həyatı, yeni bədii formalar ətrafında gedib.
Güneyli şairləri ilk qələm təcrübələrindən,
fəlsəfi-lirik, liro-epik şeirlərindən başlayaraq
axtarıcı sənətkar olaraq bu əsrarlı suallar
qarşısında heyrət edən görürük: nə
üçün gerçək aləmlə, ideal aləm
arasında səddlər yaranıb? Gerçək
həyatda xoşbəxt olmaq mümkün deyilmi? Xəyal ardınca getdikcə xalq nicat tapacaqmı?
Insan öz fikrində yaşatdığı və
arzularında canlandırdığı təmiz, gözəl,
azad həyata inamında aldanırmı?
Şairin gücü ancaq qələmə
çatır.
Fəqət qələm şairlərin
arzularının həyata keçməsində nə qədər
rol oynaya biləcəkdi? Artıq bunun fərqinə
varmağa nə vaxt, nə də ehtiyac vardı. Bunu zamanın sınağına və öhdəsinə
buraxmaq lazım idi. Bütün bunlardan başqa
Güneydə, 70 il sovet dönəmində
şimalda olduğu kimi bədii əsər, o cümlədən,
poeziya heç bir şüarçılığı,
tribunaçılığı qəbul etmirdi. Fars
şovnizminin riyakarlıq silahı ilə silahlanmış
şah rejiminin eyiblərini, cinayətlərini, zorakı siyasətini
və başqa böyük cinayətlərini açıb
göstərmək, xalqı bu paslı məngənədən
xilas etmək üçün sındırmaq, yazmaq lazım
idi. Budur, M.Şəhriyar, H.Sabir, M.Məhzun, H.Tərlan
meydana çıxdı. Təkcə Azərbaycan
xalqını deyil, bütün insanlığı xoşbəxt
eləmək istəyən və mənəviyyatları
formalaşdırmağa xidmət edən əsərlər ərsəyə
gəldi. Bu sənətkarlar insan və həyat
haqqında ürək yanğısı, can yanğısı
daşıdılar, xalqın, eləcə də bəşəriyyətin
işıqla gələcəyinə ümid və inam bəslədilər.
Bu insanlar acı fəryadlar, şirin arzular,
böyük diləklər, böyük ümidlər
şairləri idi. Çağdaş
güneyli şairlərin poeziyasında ictimai etiraz, zülm və
haqsızlıq əleyhinə yağdırılan
coşğun nifrət, üsyankarlıq və gərginlik
ruhu, dövrümüzdəki ictimai-siyasi həyatın
çox mürəkkəb və təzadlı hadisələri
daha çox özünü biruzə verir. Əqlin kəşf
etdiyi qanunlar bəşəriyyətin ruhi həyatına fərəh
və sevinc gətirə bilməyən, cəmiyyətin icad
etdiyi yeni qanun və adətlər insanlığı məhkumiyyətin
ağır, öldürücü təzyiqindən,qəlbi tənhalıq
əzabından, millət və xalqlar arasında
yaradılmış dini-siyasi və milli ədavətdən,
düşmənçilikdən xilas etmək arzusu durub
çağdaş güneyli şairlərimizin
qarşısında. Ağıl birtərəfli
inkişaf edirsə, yaxşı halda xudbinliyə aparıb
çıxarır, bu zaman insanın canlı-təbii hissləri
heç bir məhdudiyyət tanımır, özünə
geniş sahə axtarır. Güneyli şairlərin fərdin
xoşbəxtliyinə, şəxsiyyətin təmizliyinə
dair qənaətləri bu istiqamətdədir:
Qəribə
bir dünyadayıq
Ağalar
var:
Uşaqları
sayısında sarayları,
Uşaqları
sayısında maşınları
Ciblərində-
İnam
haqqı, Allah haqqı
Sözlərinin
şablonları-
Ciblərində
Minlər
yalan,
minlər palan,
Qəribə bir dünyadayıq.
Qullar da var.
Evlərində,
Uşaqların sayı qədər çörəyi
yox.
Ciblərində
min arzunun,
Sürgünlərdə
puçurlaşmış sümükləri...
Hadi Qaraçaylının bu şeiri
dövrümüz, zəmanəmiz haqqında bir güzgü
rolunu oynayır desək, yəqin ki, yanılmarıq. Şairin kimlərə
işarə etdiyi, mənfur mənəvi xəstəliyə
tutulmuş meşşan və qudurğan adamları
qırmancladığı, insanların əxlaqını, mənəviyyatını
çürüdən hansı yaraların və yalanların
üstünü açdığını
açıq-aşkar görürük. Əqidəsizlik,
simasızlıq azarına tutulmuş, haramla qazanılan
milyonlara sahib olmaq üçün, vicdan əzabı çəkmədən,
ehtiyac içində yaşayan insanların qanı, canı
bahasına qazanılan pullarla saraylar, arabalar və başqa
şeylər sahibi olan haramzadələri ifşa edərək
şair bədii üsullardan istifadə edir, canlı, zəngin
mənzərə yaradır, eyni zamanda sərbəst vəznin
incəliklərini şeirə elə bir ustalıqla gətirir
ki, poetik ahəng qətiyyən pozulmur, ritm, temp isə əruz
və ya heca vəznində olduğu kimi münasibətini qətiyyən
itirmir...
Vətənpərvər və xalqsevər hər bir sənətkarın
fəaliyyəti yalnız irəli sürdüyü fikir və
ideyaların böyüklüyü, qabaqcıllığı
ilə deyil, bir də zamanın şəraiti ilə, hansı
maneələri aradan qaldırması, hansı müqavimətləri
qırıb hansı əks-qüvvələrlə mübarizəyə
girişməsi ilə ölçülür. Bu cəhətdən
də Səbri Təbrizi bizim nəzərimizdə nəhəng
bir mübariz kimi canlanır. O, mütərəqqi
ideyaların ən fəal carçılarından biridir:
yorulmadan, hər dəfə yeni söz taparaq, yeni bir ilham və
qüvvətlə azadlığı tərənnüm edir:
Daha bəsdi,
Bu
qeyri-insanı cinayət,
Milyonlar məcbur
olub,
Ana yurdunu tərk etməyə.
Səməd
Behrəngi mübhəm ölümnən
Arazda görüşdü.
Saldı
Parisdə vətən,
Daha bəsdi,
Daha bəsdi…
Ruhun, şəxsiyyətin zaman üzərində bu
tarixi -mənəvi qələbəsi - Səbri Təbrizi
şeiri təkcə zülmkarlara qarşı üsyan deyil, həm
də onların şovinist hərəkətlərinə,
müvafiq qəlblərinə ağır bir zərbədir. Bu şerdə
fikir, həm də şairin həyəcanlarından, həyati
təcrübəsindən keçərkən ümumiləşən
fikir başlıca amildir. Səbri Təbrizinin
poeziyasında biz xalq şeirinin obrazlı cizgilərini, ritm və
intonasiya tərzini daha aydın şəkildə
görürük. Şairin əsərləri
müasir poeziyasının ideya və poetika aləminə
getdikcə daha geniş miqyasda daxil olur və yenilik
axtarışları ilə qaynayıb qarışır.
Milli poetik ənənələrə
qayıdışında şairin misraları müasir
poeziyanın bədii strukturunda özünün konkret təcəssümünü
tapır. Şairin hər bir şeirində
hər bir element poetik fikir daşıyıcısıdır.
Onun şeirlərində ciddi məzmun, ümumbəşəri
hiss və düşüncə parlaq surətdə,
özü də çox müasir görünür. Şair qələmini sənətkarlıq məziyyətlərinə,
dil və üslub aydınlığına, forma bitkinliyinə,
onda ifadə olunan hisslərin və düşüncələrin
vüsətliyinə, epik miqyaslılığına görə
də olduqca məharətlə işlədə bilir.
Qulamzadə Səbri Təbrizi çox sadə mətləbləri
mənalandırmağı, oxucusuna aşılamaq istədiyi
fikri poetik hiss və duyğularla yoğurmağı, əsl sənət
dilinə çevirməyi bacaran sənətkarlardandır. Fəal,
yüksək, mənəvi duyğuların təsdiqi onun
lirikasının başlıca cəhətidir. Onun
şeirləri oxucuya yeni hiss, yeni fikir aşılamağı,
oxucu üçün yeni bir həqiqət açmağa, onu
yüksək ideallara ruhlandırmağı, onda estetik zövq
tərbiyə etməyə
çalışdığını göstərir.
Şairin öz xalqının taleyinə bağlılığı, dövrümüzün ideallarına fəal münasibti, müasir həyatın ən səciyyəvi cəhətlərini əks etdirmək meyli onun şeirlərində aydın hiss olunur. Qulamrza Səbri Təbrizi olduqca narahat bir şairdir. Onun narahatlığına səbəb isə dünyada baş verən ədalətsizliklər, neqativ hallar, haqsızlıq, güclülərin zəifləri əzməsi, divanə hökmdarların rəiyyətə zülm etməsidir.
Şairin şeirlərinin mövzu və mündəricəsi olduqca rəngarəngdir. Lakin onun şeirləri yalnız mövzu zənginliyi ilə deyil, həmçinin forma müxtəlifliyi və fikrin bədii ifadə baxımından yetkin sənət nümunəsi səviyyəsinə qalxmış şeir xəzinəmizi zənginləşdirib:
Bir qonaq gəldi,
Kənddən bu gün.
Xurcunu doluydu,
Sözlə, sovqatla.
Sordum qonaqdan:
“Hansı yeməyi istəyirsən?
Qayğanaq sevirsən, ya quymaq?”
“Məgər qabınız bir dənədi qardaş?”
Söylədi qonaq....
Göründüyü kimi, şairin bu şeirində olduqca dərin məna var. Ürəyiaçıq, səxavətli, son tikəsini qonağa yedirməyə hazır olan kəndli şəhərə gələrkən, xurcununu həm sovqatla, həm də sözlə, yəni tərbiyəvi öyüd-nəsihət verən, bir sözlə, qədimdən süzülüb gələn milli dəyərləri özündə əks etdirən ibrətamiz məsəllərlə doldurub. Lakin bütün bunların müqabilində şəhərlidən ya qayğanaq, ya quymaq təklifi alan müdrik kəndli, xəsis şəhərlinin “qonaqpərvərliyinə” yenə də olduqca mənalı, lakin sözaltı mənayla işarə edir: “Məgər qabınız bir dənədi qardaş?”- söylədi qonaq...”
Vüqar Əhməd
Professor
Xalq Cəbhəsi.- 2015.- 8 yanvar.-
S.14