Tolerantlıq nədir?
Azərbaycanda
tolerantlığın formalaşmasında dini icmaların
liderlərinin də konstruktiv mövqeyi əhəmiyyətlidir
III
yazı
Müxtəlif dini konfessiya nümayəndələri
arasında əməkdaşlığın genişlənməsində
qeyri-hökümət təşkilatları, habelə beynəlxalq
qurumlar da müəyyən rol oynayır. Belə ki, 22 iyun 2004-cü il tarixdə Bakıda Beynəlxalq Mətbuat Mərkəzində
"Cənubi Qafqazda tolerantlığın
formalaşmasında islamın rolu" mövzusunda seminar
keçirilmişdi. Fridrix Nauman Fondunun (Almaniya), "Vətəndaş
cəmiyyəti uğrunda" müstəqil məsləhətçi
mərkəz (Azərbaycan), Münaqişələr və
danışıqlar üzrə beynəlxalq mərkəz
(Gürcüstan) və Amerikanın Yəhudi Komitəsi
(ABŞ) ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycan,
ABŞ, Almaniya və Gürcüstandan olan müxtəlif dini
konfessiyaların nümayəndələri, siyasətçilər,
tarixçilər və ekspertlər iştirak ediblər.
Seminarda çıxış edən Almaniyanın səfiri
Klaus Qrevlix Azərbaycandakı unikal din-dövlət münasibətləri
modelini qeyd etmişdir. Bu model çərçivəsində
dini icmaların nümayəndələri təkcə
qonşuluqla kifayətlənmir, fəaliyyətlərini də
əlaqələndirirlər. "Bu gün Azərbaycanda
dinlər arasında yaranan dözümlülük və
tolerantlıq münasibətləri hamı, bütün Avropa
ölkələri üçün pozitiv bir misal ola bilər. Azərbaycanın
yaratdığı dövlət-din münasibətləri
modelini artıq ixrac etməsi mümkündür. Bu sizin
sərvətinizdir",- deyə, səfir
qeyd edib.
"İslam
sivilizasiyası Qafqazda" mövzusunda beynəlxalq simpoziumda
Azərbaycan Prezidenti Heydər Əliyev deyib: "Dünyada
bir çox böyük dinlər mövcuddur. Hər dinin
özünəməxsus yeri var. Biz azərbaycanlılar islam
dini ilə fəxr edərək, eyni zamanda heç vaxt
başqa dinlərə qarşı mənfi münasibət
göstərməmişik, düşmənçilik etməmişik,
ədavət aparmamışıq və heç bir başqa
xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik.
Ümumiyyətlə, başqa dinlərə
dözümlülük, başqa dinlərlə yanaşı
və qarşılıqlı anlaşma şəraitində
yaşamaq islam dəyərlərinin
xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda
da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda
islam dini ilə yanaşı xristian dini də,
yəhudi dini də əsrlər boyu yaşayıb və indi də
yaşayır. Qafqazda da bu mənzərə var.
Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə
mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə,
dinlərə, mənəvi dəyərlərə də
hörmət etməli, o dinlərin bəzən kiməsə
xoş gəlməyən adət-ənənələrinə
dözümlü olmalıdırlar".
Onu da qeyd edək ki, ölkədə
formalaşmış tolerantlıq və
dözümlülük Azərbaycan cəmiyyətini səciyyələndirən
gözəl bir ənənəyə çevrilib. Bu əsas
qanunda da öz əksini tapıb. Konstitusiyanın
48-ci maddəsinə əsasən, hər kəsin vicdan
azadlığı vardır. Hər kəsin
dinə münasibətini müstəqil müəyyənləşdirmək,
hər hansı dinə təkbaşına və ya
başqaları ilə birlikdə etiqad etmək, yaxud heç
bir dinə etiqad etməmək, dinə münasibəti ilə
bağlı əqidəsini ifadə etmək və yaymaq
hüququ vardır. Heç kəs öz
dini etiqadını və əqidəsini ifadə etməyə
(nümayiş etdirməyə), dini mərasimləri yerinə
yetirməyə və ya dini mərasimlərdə iştirak
etməyə məcbur edilə bilməz.
Azərbaycan
müstəqillik əldə etdikdən sonra İslam ənənələrinə
əsaslanan müqəddəs bayramların qeyd
olunmasının bərpa edilməsi, həmin günlərin
qeyri-iş günü kimi qeyd edilməsi, müxtəlif dini
konfessiyaların bayramlarının ölkə
başçısı tərəfindən təbrik edilməsi,
Sovet dövründə müxtəlif məqsədlər
üçün istifadə edilən, yaxud qapısı kilidli
olan məbədlərin açılması dini
tolerantlığa dövlət tərəfindən verilən
töhfələrdir. Misal olaraq bəzi məqamları
qeyd edək. Belə ki, 1920-ci ildə
bağlanmış Jen Mironosets baş kilsəsinin binası
1991-ci ildə Rus Pravoslav Kilsəsinə verildi.
Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksiy
2001-ci il tarixdə kilsəyə baş
kafedral kilsə statusu verdi. İşin maraqlı tərəfi
isə kilsəni müsəlman olan azərbaycanlı iş
adamının öz hesabına bərpa etdirməsi idi. Bundan başqa, 1999-2001-ci illərdə paytaxtda katolik
Müqəddəs Məryəm kilsəsi tikildi. Rum
patriarxı I Varfolomey 2003-cü ildə Azərbaycanda rəsmi
səfərdə olarkən ölkəmizdəki tolerantlıq
haqqında bunları demişdi: "Mən buradakı tolerantlığın
səviyyəsindən məmnunam. Azərbaycanda
hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət
edə bilir".
Prezidentin ehtiyat fondundan müxtəlif məscidlərin
yenidən qurulması, bərpa və təmir işləri
üçün vəsait ayrılır. Bundan
başqa, Heydər Əliyev Fondunun "Tolerantlığın
ünvanı - Azərbaycan" layihəsi çərçivəsində
yenidən qurulan ibadət evlərini də burada xüsusi
olaraq qeyd etmək lazımdır.
Hazırda
ölkəmizdə müsəlmanlarla yanaşı, pravoslav,
Roma-katolik konfessiyaları, protestanlığın müxtəlif
cərəyanları olan Yevangel-lüteranlar, Yevangel xristian
baptistləri, 7-ci gün adventistləri, Molokan ruhani
xristianları, Alban-udi xristian dini icmaları, Avropa yəhudiləri-əşkinazilər,
dağ yəhudiləri olan sefartlar, gürcü yəhudiləri,
ənənəvi olmayan din qruplardan olan
krişnaçılar, bəhalər və sair dinlərin mənsubları
birlikdə tolerantlıq, əmin-amanlıq içində
yaşayır və öz dini etiqadlarını rahatlıqla
yerinə yetirirlər. Ölkəmizdə onlarla
qeyri-islam təmayüllü məbədlər fəaliyyət
göstərir. Hətta xüsusi olaraq Qubada
yəhudilərə məxsus olan "Krasnaya sloboda" qəsəbəsini
də qeyd etmək lazımdır. Qeyd edək
ki, Qubadakı Krasnaya Slobada qəsəbəsi təkcə
postsovet məkanında deyil, bütün dünyada dağ yəhudilərinin
kompakt yaşadıqları yeganə yerdir.
Azərbaycanda tolerantlığın formalaşmasında
dini icmaların liderlərinin də konstruktiv mövqeyi əhəmiyyət
kəsb edir. Azərbaycanda Roma Katolik Kilsəsinin Ordinarisi
(Başçısı) monsenyor Vladimir Fekete Roma Katolik Kilsəsinin
hər bir insanın - milliyyətindən, irqindən və
dini mənsubiyyətindən asılı olmayaraq - həyatını,
azadlığını, həmçinin etiqad
azadlığını yüksək dərəcədə dəyərləndirdiyini
deyir. "İnsanın
azadlığı, onun iradəsinin azadlığı ona Allah
tərəfindən verilib. Katolik Kilsəsi
hər bir insana Allahın sevimli bəndəsi kimi baxır".
Onun sözlərinə görə, Azərbaycan
xalqı öz təbii dini tolerantlığı ilə
seçilir. "Bu xalqda Allaha, dinə,
müqəddəs yerlərə, ibadətə xüsusi sevgi
var. Tolerantlıq Azərbaycanda həm cəmiyyətin təbii
xüsusiyyəti, həm də dövlətin siyasətidir.
Ona görə, dinlər arasında, dindar
insanlar arasında olan münasibətlər Azərbaycanda
yüksək səviyyədədir və nümunəvidir".
Bakı və Xəzəryanı Yeparxiyanın mətbuat
katibi Konstantin Ata da Azərbaycanda pravoslav kilsəsinin fəaliyyətinə
heç bir məhdudiyyət qoyulmadığını
söyləyir. Onun sözlərinə görə, Azərbaycanda
öz dini mərasimlərini rahat şəkildə həyata
keçirirlər, azad şəkildə ibadətlərini
edirlər. O hətta Bakının mərkəzində
belə tədbir keçirmək istəyəndə buna
qarşı maneçilik olmadığını
vurğulayır.
Azərbaycanda yaşayan Dağ Yəhudiləri
İcmasının rəhbəri Semyon İxiilov da Azərbaycanın
tolerant bir ölkə olduğunu deyir. Onun fikrincə, Azərbaycandakı
dini tollerantlıq çoxlarını təəccübləndirir:
"Tolerantlıq Azərbaycan xalqının tarixi sərvətidir.
Yüzillər ərzində Azərbaycanda dini məzmunda
qarşıdurma qeydə alınmayıb", - deyən
İxiilov hesab edir ki, buna səbəb dini icmaların
qardaşlıq ailəsində yaşaması, dövlət-din
münasibətlərinin şəffaflığıdır.
Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin
birinci müavini Səyyad Aranın fikrincə, zaman
keçdikcə sürətlənən və insanları,
xalqları bir-birinə yaxınlaşdıran qloballaşma
prosesi sanki cəmiyyətlərdəki etiqad fərqliliyindən
qaynaqlanan xüsusiyyətləri daha da dərinləşdirir.
Hazırda dünya miqyasında dini
ayrı-seçkilik güclənməkdə, hətta bəzən
dini zəmində qarşıdurmalara gətirib
çıxarmaqdadır. Belə neqativ
halların Vətənimizə sirayət etməməsi və
ölkəmizdə dini müxtəlifliyin vəhdəti
üçün cəmiyyətdə tolerantlığın
hakim mövqe tutması labüddür.
Tolerantlıq - dünyamızın geniş mənada
müxtəlifliyinin, insanların özünüifadə
formalarının və şəxsiyyətin formalaşma
üsullarının hörmətlə qəbul edilməsidir. Bu, nəinki mənəvi
borc, həmçinin siyasi və hüquqi tələbatdır.
Dini dözümlülük güzəşt
yox, ilk növbədə, insan hüquqlarının qəbul edilməsi
əsasında formalaşan fəal münasibətdir. İftixar hissi ilə qeyd edilməlidir ki, bu gün
mütərəqqi dünyanın başlıca demokratik dəyərlərindən
biri kimi təbliğ etdiyi tolerantlıq xalqımızın əsrlər
boyu formalaşan və bir çoxları üçün
örnək olan xarakterik xüsusiyyətidir. Lakin onu da xüsusi vurğulamalıyıq ki, ölkəmizdə
dövlət-din münasibətlərinin tənzimlənməsi,
dini sahədə sabitliyə nail olunması, konfessiyalar
arasında dözümlülük mühitinin dövlət səviyyəsində
qorunub saxlanılması mühüm nailiyyətdir. Tolerantlıq mühiti dövlət-din
konsepsiyasına uyğun daha da möhkəmlənmiş, bu sahə
dövlət siyasətinin prioritet istiqamətinə
çevrilib.
Bu gün Azərbaycan dini müxtəliflik
baxımından çox zəngindir. Amma xoşbəxtlikdən
müxtəlif dinlərin və dini-fəlsəfi cərəyanların
yayıldığı ölkəmizdə bütün tarixi
dövrlərdə etnik və dini icmalar arasında möhkəm
dözümlülük əlaqələri
formalaşmış, milli, irqi və dini zəmində
heç bir ayrı-seçkilik faktı qeydə
alınmayıb. Müxtəlif tarixi
dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış
dini-etnik qruplar yerli əhali ilə
qaynayıb-qarışmış, qohumluq əlaqələri
qurmuş və sözün əsl mənasında birgəyaşayışın
harmonik vəhdətini nümayiş etdiriblər. Fərqli dini konfessiyaların nümayəndələri
hər zaman həmrəy olmuş, vahid Vətənimizin
azadlığı və firavanlığı uğrunda
çalışmışlar. Azərbaycanın
azadlığı və ərazi bütövlüyü
uğrunda vuruşmuş, bu yolda canından keçmiş
müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın
da uyuduqları Şəhidlər Xiyabanı bu gün bizim təkcə
and yerimiz deyil, həm də
qardaşlığımızın və vəhdətimizin
simvoludur.
Cavid
Xalq Cəbhəsi.- 2016.- 8 yanvar.-
S.13.