Tolerantlıq nədir?

 

Vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, geniş şəkildə isə “Dini etiqad azadlığı haqqında qanun”da təsbit olunub

 

IV yazı

 

Vətənimizdə bu cür mükəmməl tolerantlıq mühitinin yaranması dini dözümlülüyün Azərbaycan xalqının xarakterik xüsusiyyəti və milli-mənəvi sərvəti olmasına dəlalət edir. Ulu Öndər bu xarakterik keyfiyyəti çox gözəl ifadə edib: «Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə də tolerantlıq var».

H.Əliyev dindarlarla, din xadimləri ilə görüşlərində, bu sahə ilə bağlı tədbir və beynəlxalq konfranslarda həmişə diqqəti dinlərin, xüsusilə İslamın dözümlülük xüsusiyyətinə, insanların vəhdətinə və birgəyaşayışın mükəmməl harmoniyasına yönəldərdi. O deyirdi ki, «İslam dini bizi heç vaxt işğalçılığa, qəsbkarlığa sövq etməmişdir. Biz sülhsevər millətik. Bizim dinimiz də insanlara dostluq, qardaşlıq, sülh, barışıq yolu göstərmişdir. Biz həmişə bu yolla getmişik».

Heydər Əliyev Azərbaycanda nümunəvi dini müxtəliflik modelinin formalaşmasında digər dinlərin və xalqların xidmətlərini də nəzərdən qaçırmır, bunu həmişə yüksək qiymətləndirirdi. O, 1999-cu il noyabrın 16-da ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların başçıları ilə görüşündə bu məqamı xüsusilə qabartmışdır: «Əlbəttə, Azərbaycanda mövcud olan millətlərarası, dinlərarası, etnik vəziyyət yüksək qiymətə layiqdir. Bu, hamının - həm azərbaycanlıların, həm rusların, həm ukraynalıların, həm yəhudilərin, digər millətlərdən olan insanların, o cümlədən bizim dini konfessiyaların – Azərbaycanda başlıca dinimiz olan İslam dininin, xristian-pravoslav, yəhudi dinlərinin səyləri ilə əldə edilmişdir».

Sevindirici haldır ki, Azərbaycan dünyada məscid, kilsə və sinaqoqun bir arada olduğu, eləcə də müxtəlif dinlərin mənsublarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdən biri, bəlkə də, birincisidir.

Vətəndaşlarımızın vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda geniş, şəkildə isə «Dini etiqad azadlığı haqqında qanun”da təsbit olunub. Həmçinin, ölkədə tolerantlığı, dini dözümlülüyü möhkəmləndirmək məqsədilə insan hüquq və azadlıqları, o cümlədən vicdan və dini etiqad azadlığı ilə bağlı qanunvericilik beynəlxalq hüquq normalarına uyğunlaşdırılmışdır.

Dövlət siyasətinə uyğun olaraq dini konfessiyalar arasında dözümlülük mühitinin daha da inkişaf etdirilməsi sahəsində dönüş yaranmış, dövlətlə dini qurumların münasibəti yeni mərhələyə qədəm qoymuşdur. Bunun məntiqi nəticəsi kimi, 2001-ci ildə Konstitusiyamızın vicdan azadlığı barədə müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dövlət-din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət edilməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə Fərman imzalanmışdır. Dövlət Komitəsini yaratmaqla ölkədə dinlə vağlı siyasət daha da möhkəmləndirilmiş, tolerantlıq mühitinin inkişaf etdirilməsinə təkan verilmiş və baş verə biləcək mənfi halların qarşısı əvvəlcədən alınmışdır.

Heydər Əliyevin dini müxtəliflik və tolerantlıq anlayışına spesifik baxışı var idi. O, Beynəlxalq Tolerantlıq Günü münasibəti ilə ölkədəki dini konfessiyaların başçıları ilə görüşündə tolerantlıq anlayışının geniş məna tutumuna toxunaraq bu məfhumun qısa və lakonik izahını vermişdir: «Tolerantlıq, dözümlülük çox geniş anlayışdır. O, həm insani münasibətlərin, həm cəmiyyətdə gedən proseslərin, həm də dövlətlərarası, millətlərarası, dinlərarası münasibətlərin bir çox cəhətlərinə aiddir. … O təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına, mədəniyyətlərə dözümlülük deməkdir». Yeri gəlmişkən, Azərbaycanda və ümumilikdə regionda ilk dəfə 16 noyabrın Beynəlxalq Tolerantlıq Günü kimi qeyd edilməsi, bu əlamətdar gündə ölkəmizdəki dini konfessiyaların başçıları ilə görüş keçirilməsi məhz H.Əliyevin təşəbbüsü ilə olmuşdur. Bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Çünki dinlərə və dini-fəlsəfi cərəyanlara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqı bu spesifik keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir. Bu, təkcə bizim məmnunluq və iftixar hissi ilə söylədiyimiz fakt deyil, həm də mütərəqqi dünyanın, beynəlxalq qurumların rəsmilərinin etiraf etdikləri həqiqətdir.

Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir. XIX əsrin sonlarına yaxın Bakıda «Qızıllı kilsə» kimi tanınan «Aleksandr-Nevski» kilsəsinin inşası üçün toplanılmış ianənin böyük hissəsinin müsəlmanlar tərəfindən verilməsi dünya tolerantlıq tarixinin ən parlaq səhifəsidir. Bu mütərəqqi ənənə sonrakı illərdə də bərpa edildi. Dinlərarası münasibətlərin gərginləşdiyi, dini-etnik qarşıdurmaya zəmin yaradıldığı bir zamanda uzun tarixi dövr ərzində formalaşmış bu ənənənin bərpası bütün dünya üçün nümunə, bizim üçün qürurverici hadisədir.

Müxtəlif dinlərin liderlərinin Azərbaycana səfərlərinin təşkil olunması din siyasətinin tərkib hissəsi idi. Çünki belə səfərlərin təşkil edilməsinin əsasında təkcə Azərbaycandakı tolerantlıq mühitini nümayiş etdirmək deyil, eyni zamanda bu reallığı və Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, təbliğ etmək kimi müqəddəs məram dayanırdı. Bir neçə il ərzində Moskva və Ümumrusiya Patriarxı II Aleksinin, Roma Papası II İohann Pavelin, Gürcüstan Patriarxı II İliyanın, Rum Patriarxı I Varfolomeyin Azərbaycana yüksək səviyyəli səfərləri təşkil olundu və bu ali qonaqlar ölkəmizdəki tolerantlığın şahidinə, təbliğatçısına çevrildilər.

2001-ci ilin may ayında Azərbaycanda səfərdə olan II Aleksi ölkəmizdəki tolerantlıq mühitinə, necə deyərlər, heyran qaldı və səmimi etiraflar etdi: «Burada pravoslavlar heç bir sıxışdırmaya məruz qalmadan öz dinlərinə və əqidələrinə etiqad edirlər. Hətta bu cür şərait təəssüf ki, bəzi pravoslav ölkələrdə belə yoxdur».

Azərbaycana səfəri zamanı - «Siz bu torpaqlarda yaşayan insanların bərabərhüquqlu olmaları, öz dinlərinə etiqad etmələri, bərabər işləmələri və bir-birilərinə qarşı durmamaları üçün səy göstərmiş və buna nail olmusunuz» - deyən Moskva və Ümumrusiya Patriarxı II Aleksi, əslində, bu sözləri ilə həm də Azərbaycanda insan hüquqlarının, o cümlədən vicdan azadlığının qorunduğunu və ölkəmizdə nümunəvi birgə yaşayış mühitinin formalaşdığını təsdiqlədi.

Roma Papasının katoliklər, ümumiyyətlə, xristianlar arasında böyük nüfuza malik olduğuna, yəqin ki, heç kimin şübhəsi yoxdur. O da məlumdur ki, «ermənilərin yazıq, müsəlman türklərin zorakılığına və soyqırımına məruz qalmış xalq» obrazı yaradan erməni lobbisi xristian aləmində ictimai rəyi və siyasi dairələri müəyyən qədər çaşdıra bilib. Təsəvvür edin ki, belə bir dövrdə Roma Papası Bakıya səfərə gəlir və «Azərbaycanda dinlər arasında mövcud tolerantlıq və dözümlülük münasibətləri dünyanın bir çox ölkələri üçün yaxşı nümunə ola bilər» - deyir və bu fikirlər dünyanın ən nüfuzlu mətbuat orqanlarında yayımlanır. Bu, Azərbaycanın azərbaycanlılar yox, Roma Papası səviyyəsində təbliğ olunması və onun Azərbaycan həqiqətlərinin təbliğatçısına çevrilməsi deməkdir.

Vaxtilə ölkəmizdə səfərdə olan dini liderlərin hər birini yüksək səviyyədə qəbul etmiş Heydər Əliyev istər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, istərsə də Qarabağ münaqişəsinin həllində onların imkanlarından maksimum istifadə edilməsinə çalışırdı. Bu gün baş verən hadisələr və proseslərin gedişi təsdiqləyir ki, müəyyən mənada bu istəyə nail olunub. Bu mənada Rum Patriarxı I Varfolomeyin ölkəmizə səfəri zamanı buradakı tolerantlığa verdiyi qiymət də çox maraqlıdır: «Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir. Azərbaycanı çox sevdim. Bu ölkənin rifahı və xoşbəxtliyi üçün hər zaman dua edəcəyəm».

Təəssüflə qeyd edək ki, xalqımızın tolerantlıq keyfiyyətindən sui-istifadə edən, dövlət səviyyəsində etnik təmizləmə və işğalçılıq siyasəti aparan Ermənistanın Azərbaycana qarşı təcavüzü davam edir. Bu təcavüzün qurbanları arasında tarixi-dini abidələrimiz, fərqli dini konfessiyaların və müxtəlif xalqların mənsubları da vardır. Azərbaycandakı dini konfessiyaların nümayəndələri Ermənistanın təcavüzkarlıq və etnik təmizləmə siyasətindən əl çəkməsi, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olmuş bir milyondan artıq Azərbaycan vətəndaşının öz yurd-yuvasına qayıtması tələbi ilə dəfələrlə beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət edib. Lakin işğalçı Ermənistan hələ də məkrli planlarından əl çəkmək istəmir. Bununla belə dini konfessiyaların başçıları Azərbaycan xalqının sülh istəyini və dövlətin apardığı sülhpərvər siyasəti təqdir edərək dəstəkləyir və uğurlu, müdrik siyasət nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarının azad ediləcəyinə əmindir.

 

Cavid

Xalq Cəbhəsi.- 2016.- 9 yanvar.- S.13.