Dini dözümlülük və tolerantlıq

 

Azərbaycan müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkədir. Ölkəmizdə ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərin müstəsna rolu vardır.

Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi ta qədimdən burada müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, biri-birinə qarşılıqlı təsir göstərmiş, dini həyatın özəlliyini şərtləndirmişdir. Bütpərəstlik təsəvvürlərinin kökləri çox qədimlərə dirənən ölkə ərazisində məskunlaşan əhalinin böyük qismi odu müqəddəsləşdirmiş, ona sitayiş etmişdir.

Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunan yəhudilərin ölkəyə gəlişi eramızdan əvvəl I əsrə aid edilir. Onların əcdadları yəhudiliyə ilk iman gətirənlərdən olmuş, Fələstindən kənarda yaşamış və xristianlıq yəhudiliyin içindən çıxan bidətçi bir firqə kimi təşəkkül tapmağa başlayanda İsa Məsihi təqib edənlər arasında olmamışlar.

Ölkəmizin ərazisində yaşayan dağ yəhudiləri yerli əhali ilə sıx təmasda olsalar da, dinlərini, adət-ənənələrini, həyat və düşüncə tərzlərini qoruyub saxlamışlar. Xristianlıq isə Azərbaycan ərazisinə hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. Sinayda aşkar edilmiş "Alban yazısında və alban dilində" leksionari dünyada xristianlığın ən qədim kütləvi qiraət kitablarından sayılır. Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə başlamışdır.

Regionda tarixən dözümlülük mühitinin formalaşmasında islamın Azərbaycanda yayılmasının böyük rolu olmuşdur. Çünki mərhəmət, sevgi və əxlaq dini olan islamda tolerantlıq, dözümlülük yüksək mənəvi dəyər və mədəniyyət kimi qiymətləndirilir. Bu baxımdan əsrlər boyu müsəlmanlarla yanaşı yaşayan digər dinlərin mənsubları da regionda dinc və ayrı-seçkiliyə məruz qalmadan yaşamışlar.

Azərbaycanda bütün dinlərin nümayəndələri öz dini ayinlərini azad şəkildə icra etməkdədirlər. Onlar qarşılıqlı hörmət və anlaşma, sülh şəraitində birgə yaşayır və Milli Məclisdə təmsil olunurlar. Ölkədə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi və etnik dini dözümlülük mühiti mütərəqqi tarixi ənənələrdən bəhrələnən milli siyasətin məntiqi nəticəsidir.

Son illərdə dünya xalqları arasında dialoqun təşviqi və inkişafında Azərbaycan mühüm rol oynamaqdadır. Bu gün Azərbaycan həm Avropa Şurasına, həm də İSESCO-ya üzv olan yeganə müsəlman ölkəsidir. Azərbaycanın həm islam dövlətləri, həm də Qərb ölkələri ilə möhkəm dostluq və əməkdaşlıq münasibətləri vardır. Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq istiqamətində keçirilmiş beynəlxalq tədbirlərin coğrafiyasına nəzər salsaq görərik ki, bu sahədə təşəbbüslərin çox böyük əksəriyyəti artıq beynəlxalq aləmdə müxtəlif mədəniyyətlərin qovuşduğu məkan statusu qazanmış Azərbaycan tərəfdən gəlmişdir.

Təsadüfi deyil ki, 2009-cu il oktyabrın 13-dən 15-dək Azərbaycanın uğurla ev sahibliyi etdiyi İslam ölkələri mədəniyyət nazirlərinin konfransı çərçivəsində “Mədəniyyətlərarası dialoq” mövzusunda keçirilmiş “dəyirmi masa”da “Bakı Prosesi - sivilizasiyalar arasında dialoqa yeni çağırış” adlı rəsmi sənəd qəbul edilmişdir. “Bakı Prosesi”nin davam etdirilməsinin nəticəsi olaraq 2011-ci ilin aprelində Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmişdir. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESCO kimi nüfuzlu qurumların dəstəklədikləri Forum dünyada bu istiqamətdə reallaşan ilk mötəbər tədbir olmuşdur. Ümumilikdə 20-yə yaxın ölkədən nüfuzlu nümayəndələrin iştirak etdikləri tədbirdə “Dövlət-din münasibətlərində müasir meyllər”, “Milli və dini kimliyin vəhdəti: dövlət-din münasibətlərinin Azərbaycan modeli”, “Tolerantlıq və ifadə azadlığı”, “Universal dialoq axtarışında” mövzularını əhatə edən plenar iclaslar keçirilmişdir.

Bakı Forumu mədəniyyətlərarası dialoqun, sülhün, əməkdaşlığın təşviqində, irqi və dini dözümsüzlük hallarının aradan qaldırılmasında, digər məsələlərin müzakirəsində qlobal brend statusu qazanmaqdadır. Azərbaycanın belə bir möhtəşəm tədbirə uğurla ev sahibliyi etməsi və Forumun müvəffəqiyyətlə başa çatmasının məntiqi davamı olaraq Prezident tərəfindən “Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə” 2011-ci il 27 may tarixli Fərman imzalanmış və beləliklə, ölkəmizdə yeni bir ənənənin əsası qoyulmuşdur. Sənədə əsasən, 2011-ci ildən başlayaraq hər iki ildən bir təşkil ediləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun məqsədi ölkəmizin İslam dünyası ilə Qərb sivilizasiyası və eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rolu nəzərə alınmaqla, müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformanı təsis etmək və Azərbaycan xalqının tolerant mədəniyyətini, tarixi ənənələrini beynəlxalq aləmə tanıtmaqdır. Azərbaycan Prezidentinin müvafiq Fərmanına uyğun olaraq bu il mayın 29-dan iyunun 1-dək Bakı növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi edəcək. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu və bir sıra beynəlxalq qurumların birgə təşkilatçılığı ilə ötən il dekabrın 19-dan 21-dək Bakıda “Dövlət və din: dəyişən dünyada tolerantlığın gücləndirilməsi” I Beynəlxalq Bakı Forumu keçirilmişdir. Ölkəmizdə ilk dəfə keçirilən bu tədbirdə 10-dan artıq ölkədən qonaqlar iştirak etmişlər.

Sözügedən tədbirlər dini etiqad azadlığının təminatına təkcə sözdə deyil, həm də təcrübədə geniş şərait yaratmışdır. Zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə, nümunəvi dövlət-din münasibətləri modelinə malik olan və fərqli sivilizasiyaların qovşağında yerləşən Azərbaycanın belə müzakirələrə ev sahibliyi etməsi təsadüfi deyildir. Çünki Azərbaycan bütün dinlərə hörmətlə yanaşır, hətta ölkəmizə təcavüz edənləri belə din və məzhəbə görə fərqləndirilmir.

Bütün bu proseslərin müvafiq qanunvericilik çərçivəsində tənzimlənməsi, Azərbaycan Respublikası Konstitusiyasının vicdan azadlığı ilə bağlı müddəalarının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, dini etiqad azadlığı ilə əlaqədar qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi və dini qurumların qeydiyyata alınması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən müvəffəqiyyətlə tənzimlənir.

Hazırda mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik dini tolerantlıq Azərbaycan cəmiyyətinin nümunəvi normalarına çevrilmişdir. Çoxmillətli və çoxkonfessiyalı dövlət kimi Azərbaycan Respublikası bu gün dünya birliyinə hərtərəfli inteqrasiya siyasəti həyata keçirir. Bu siyasətin nəticəsində hazırda ölkəmizdə bütün dini icmalar bərabər hüquqlara malikdirlər. Bununla bərabər, ölkənin hüquq sistemi ekstremizm təhlükəsinin real olduğu şəraitdə, dini təşkilatlara kənardan təsiri məhdudlaşdırır, potensial təhlükəli radikal ideyaların təbliğ edilməsinə imkan vermir.

Müasir dünyada baş verən müharibələrin motivlərinə nəzər salsaq, etnik-dini anlaşmazlıqların bir çox hallarda katalizator rolunu oynadığını görərik. Bu mübarizələr o həddə gəlib çatmışdır ki, bəzən eyni dinə mənsub təriqətlər arasında belə qanlı çaxnaşmalara səbəb olur.

Etnik təmizləmə siyasəti nəticəsində bu gün dünyanın 21 ölkəsində 12 milyonadək insan qaçqın və məcburi köçkün şəraitində yaşayır. Belə bir şəraitdə dünyanın gələcəyinin mədəniyyətlərarası münasibətlərdən asılı olması tam ciddiliyi ilə meydana çıxır. Bu gün istəsələr də, istəməsələr də xalqlar bir-birinin varlığını qəbul etməli, bir-birinə hörmətlə yanaşmalı və müasir dünyanın birgəyaşayış prinsiplərinin məsuliyyətini anlamalıdırlar. Azərbaycan bu sahədə dünya dövlətlərinə uğurlu model hesab olunur. İslamın mənəvi dərkinə əsaslanan dünyəvi dövlət olan Azərbaycan nəinki dini tolerantlıq ənənəsini möhkəmləndirə bilmiş, hətta onu bir dövlət kimi öz imicinə çevirərək beynəlxalq miqyasa çıxarmağa çalışmaqdadır.

Bu gün Azərbaycanın müsəlman dövlətlərinin həssas münasibəti və dəstəyini qazana biləcəyinə baxmayaraq, Ermənistan ilə arasındakı Dağlıq Qarabağ problemini müsəlman-xristian münaqişəsinə çevirməmişdir. Çünki Azərbaycanın müstəqilliyini müdafiə edən insanlar arasında müxtəlif dinlərin daşıyıcıları - ruslar, gürcülər, yəhudilər və digər xalqların nümayəndələri vardır. Ermənistanla müharibədə 25 min şəhid verməyimizə və bir milyon qaçqınımızın olmasına, dini abidələrimizin dağılmasına baxmayaraq, erməni kilsəsinin hələ də Azərbaycanın paytaxtı Bakının mərkəzində qalması xalqımızın tolerantlığına ən bariz nümunədir.

Bu gün artıq Azərbaycanın siyasətinin tolerantlıq, dialoq mühitinin gücləndirilməsi, gənclərin və qadınların hüquqlarına riayət olunması, çağdaş dəyərlərin möhkəmləndirilməsi kimi prinsiplərə əsaslandığını bütün dünya etiraf edir. Azərbaycan tolerantlıq modeli sərt sınaqlardan uğurla çıxmışdır.

 

 

Cavid

Xalq Cəbhəsi.- 2016.- 12 yanvar.-S.13.