Azərbaycan-qumuq əlaqələri

 

II yazı

 

Qumuq toyları qədər yas mərasimləri də diqqəti çəkir. Belə ki, qumuqların yas mərasimində şamanizmin izlərinə rastlanmaqdadır. Lakin zamanla İslam dininin də təsirləri özünü göstərir. Məsələn, Azərbaycanda ölüm mərasimlərində yas zamanı ağıçı qadınlar dəvət olunur. Çünki yaxınlarını itirmiş insanlar ağı deməyi (dil deyib ağlamağı) bacarmır, ağıçı qadın isə dediyi ağılarla, hətta uzaq olan və çox da ağlamaq istəməyən qadınların belə ağlamasına şərait yaradır. Zamanla İslam dininin də təsiri ilə ağıçı qadınlarla yanaşı, hətta molla qadınlar da yas mərasimlərinə çağırılmağa başlanıb.

Qumuqlar ölən şəxs üçün 5-7 günlük kütləvi yas keçirir. Ölünün birinci gecəsi qadınlar arasında yer bölüşdürülür. Hansı qohum qadının harada oturmalı olduğu müəyyənləşdirilir. Ölünün ata tərəf qadınları daha “samballı” yerlərdə otururlar. Evin orta baqanı – gücünü təmsil edən dirəyin yanında ata tərəfdən və ana tərəfdən bir yaşlı qadın əyləşir. Qapıya ən uzaq divarda isə ata tərəf qohum qadınlar əyləşir. Bundan sonra isə ana tərəf qadınlar yerləşir. İki bacının yanaşı oturması yasaqdır.

Ölünün kişi qohumları isə həyətdə cəmləşirlər. Arxalarını evin divarlarına çevirib dayanırlar. İstəyən kişi otura da bilər. Ancaq yeni insanlar gəldikdə mütləq ayağa durmalıdırlar. Qapı ağzında, əsasən, ölünün ən yaxınları əyləşir. Gələn qonaqları ağlayaraq, göz yaşı ilə qarşılamalıdırlar. Qonaq öz istəyi ilə ya kişilərin içində otura, ya da qadınların yanına keçib ağlaşmaya qatıla bilər.

Yas mərasimində “şahalay” özünəməxsus yer tutur. Şahalay (şaxalay) sözünün türkcə səs-küy, çaxnaşma mənası bildirən çax, “çaxala” sözündən əmələ gəldiyi ehtimal olunur. Şahalay, əsasən, ölünün öz əcəli ilə deyil, başqası tərəfindən öldürülməsi zamanı oxunur. Bəzən çox kədərli ölüm hallarında və bəzən oğlu olmayanlar üçün də tətbiq olunur. Ən görkəmli şahalaylar, əsasən, çox hörmətli şəxsin ölümü zamanı deyilir. Görünür, şahalayın digər mahiyyətləri unudulub və sadəcə, görkəmli şəxsiyyətlər üçün keçirilməsi yaddaşlarda qalıb. Tədqiqatçı Ə.Şamil öz araşdırmasında bu barədə yazır: “Keçmişdə gənc və ya toplumda nüfuz sahibi birisi öldüyündə, bir qadın başına torba geyinərək ağılar söylər, başqa qadınlar “vöv-vöv” deyər, kişilər isə “ay” deyə bağırıb döyünərək dairəvi şəkil alıb dolanarlarmış”.

Qumuq folkorundakı Albaslı, Akkatın, Südkatın Azərbaycan folklorundakı Hal anasının ekvavalentidir. Bir çox xüsusiyyətləri bənzər olduğu halda fərqli cəhət də mövcuddur. Bu fərq qumuq folklorundakı Albaslının evli olmasından ibarətdir. Albaslı və Hal anası yəhudi və xrsitian mifologiyasının qəhrəmanı Lilit ilə müqayisə edilir. Bildiyimiz kimi, Lilit ilk dəfə Babil Talmudda aşkarlanmış yəhudi mifologiyasına aid olduğu zənn edilən obrazdır. Lilitin Adəmin ilk arvadı olduğunu göstərən kitab “Ben Sira Əlifbası” kitabıdır. Tövratın ilk hissəsi “Yaradılış”ın I Babında Adəm ilə birlikdə bir dişi yaradıldığı, II hissədə isə Adəmin qabırğa sümüyündən bir dişi yaradıldığı yazılıb. Rəvayətə görə, Allah əvvəlcə Adəmi və Liliti torpaqdan yaradıb. Lilitə Adəmə tabe olmasını əmr edib. Ancaq Lilit Adəm ilə eyni hüquqlu olduğunu düşünərək Adəmə tabe olmaqdan boyun qaçırır. Nəhayət, o, cadu edir və Adəmdən qaçaraq uzaqlaşır. Allah geri qaytarmaları üçün mələkləri Lilitin arxasınca göndərir. Liliti tapdıqlarında onun Qızıldəniz ilə birlikdə olduğunu görürlər. Bunların yüzdən çox cin uşaqları olur. Mələklər Lilitin geri qayıtması üçün hər gün onun bir cin uşağını öldürürlər.

Mələklər nə qədər təkid edirsə, Lilit geri dönməyə razılaşmır. O heç vaxt Adəmə sadiq qalmayacağını deyir və geri dönmür. Bundan sonra Allah Həvvanı Adəmin qabırğasından yaradır və Həvva Adəmə tabe olduğundan onların soyu artır. Bunların mehribanlığını qısqanan və öldürülmüş cin uşaqlarının intiqamını almaq istəyən Lilit and içir ki, hamilə və zahı qadınların qənimi olacaq, onun adı yazılmış tilsimi üstündə gəzdirməyən (başqa bir rəvayətə görə isə Sanvai, Sansanvai ve Semangelof mələklərinin adı yazılan tilsimi üzərində daşıyanların) və Adəmin soyundan olan oğlan uşaqlarını ilk 8 gündə, qız uşaqlarını isə 20 gün içində öldürəcək. Yəhudilərin inanışına görə dünyadaki bütün cinlər Lilitin övladıdır. Maraqlıdır ki, Türk mifologiyasında zahı qadınları məhz Albaslı və Hal anasından qorumaq lazımdır. Fikrimizcə, şumer mətnlərindəki Lilit Hal anası ilə daha çox bəznərlik təşkil edir. Ancaq bununla yanaşı, yəhudi və xrsitian mifologiyasındakı Lilitin xüsusiyyətləri də Hal anası ilə bənzərlik təşkil edir. Bu bənzərliklərdən biri də hər iki obrazın görünüşüdür. Belə ki, Lilit uzun alov qırmızısı donu, uzun qara saçları, uzun döşləri ilə xatırlanır. Hal anası da (xüsusilə qıpçaq kökənli türklərin mifologiyasında) uzun qırmızı donu, uzun döşləri və qara saçları ilə təsvir edilir. Deməli, görünüşcə də Hal anası ilə Lilitin arasında elə də bir fərq yoxdur. Bunlardan başqa, Lilitdən qorunmaq üçün onun adı yazılmış talismanı uşaqların boynuna asırlar. Albastı da canını muncuq şəklində başqa bir Albastıta əmanət edir və bu muncuğu ələ keçirənlər onu yeni doğulmuş uşağın boynuna asarsa, Albastı həmin uşağın anasına zərər yetirə bilmir.

Maraqlıdır ki, şumer mətnlərində Lilit demonoloji obraz olaraq verilsə də, “ağ dişli” ürəyi “qayğısız” bakirə qız şəklində də təsvir olunur. Bu isə “onun insanlara şər gətirən məxluq kimi mənfi funksiyası haqqında fikirlərə şübhə yeri qoyur.” Lilitin şumer mətnlərində demonoloji obraz olduğunu heç bir fəaliyyətindən görmək olmur. Bu nəticəyə N.Kramer özü gəlir. Belə ki, N.Kramer Liliti təsvir edərkən “dişi şeytan”adlandırıb. Buna görədir ki, şumer mətnlərindəki “dişi şeytan” obrazı yəhudi və xrsitian mifologiyasındakı Lilit ilə tam uyğunlaşmır və onu şumer və babil mifologiyasındakı yel ilahəsi Lilitu ilə də eyniləşdirirlər. Sözün birinci hissəsindəki “Lil” “yel”, yaxud “fırtına” mənasını verir. Akkad mifologiyasındakı Lamastu da hamilə qadınlara müsəllət olur, onlara kabuslar yaşadır. Burada bir haşiyəyə çıxıb qeyd etməliyəm ki, şumer dilində Al(bastı) inancına nostratik şəklində rast gəlinməktədir. Şumerlərdə zərər verən ruh Al, eynən türk mifologiyasındakı Al Qarısında olduğu kimi demonik xüsusiyyət qazanıb. Böyük ehtimal ilə bu söz sumer dilindən akkadcaya Lamastu/Lamassu şəklində keçib və qadınlara zərər verən ruh xüsusiyyətini qoruyub saxlayıb. Bu gün xristian və yəhudi dininə inanan xalqların əksəriyyətinin mifologiyasında Lilit obrazı yer almaqdadır. Elə yunan mifologiyasındakı Lamia, ərəb mifologiyasındakı (xristian dininə inanan ərəblər) Karina və s. də Lilitin prototipi olaraq göstərilir. Biz hesab edirik ki, Lilit Albastı ilə eyni obrazdır. Ancaq Lilit Albastıdan törəmədir. N.Kramer şumer mətnlərində Lilitin adını çəkərkən Kısıkıl-lillanın Lilit olduğunu yazıb. Ancaq istər sözün ifadə tərzi, istərsə də Kısıkıl-lillanın xüsusiyyətləri Lilitdən çox, Albastı ilə üst-üstə düşür. Lilit haqqında mifoloji mətnləri də nəzərdən keçirsək, o zaman bu mətnlərdə istər Lilitin görünüşü, hamilə və yeni doğulmuş uşaqlara zərər verməsi, Lilitdən qorunmaq üçün uşaqların boynundan talisman asmaları və b. faktların əslində Albastı haqqındakı mifoloji mətnlərdən törəmə olduğunu görürük.

Daha sonra, dissertasiyada qumuq folklorunda “Cavat bəyin yırı”nın qəhrəmanı Cavat bəy ilə Dəli Domrul ilə müqayisəli təhlil edilir. Hər iki obraz şumer mətnlərindəki Bilqamış obrazı ilə müqayisə olunur. Bundan başqa, qumuq folklorunda keçi obrazı haqqında söhbət açılır və keçinin türk mifologiyasında mistik, gizli bir gücün daşıyıcısı olduğu vurğulanır. Bu zaman həm Azərbaycan, həm də qumuq folklorunda geniş yayılmış mətn “Şəngülüm, Şüngülüm, Məngülüm” (“Eniligim, Seniligim, eşikni aç”) nağılından bəhs edilir.

Bütün türk xalqlarında olduğu kimi qumuq folklorunda da lətifələr geniş yayılıb. Bu zaman əlimizdəki mətnlər əsasında müəyyənləşdirə bildiyimiz qumuq lətifə qəhrəmanları Molla Nəsrəddin və Alis haqqında məlumat verilib. Uzun illər Sovet imperiyasının təzyiqi altında qalan türk xalqlarının böyük qismi son 20 ildə azadlığa çıxıb və unutdurulmağa məruz qalan mədəniyyətini, tarixini, folklorunu geri qazanmağa çalışır. Tədqiqatçılar bunun üçün əvvəlcə ümumtürk mədəniyyəti, tarixi və folklorunun öyrənilməsinin vacibliyini anlayır və parçaları birləşdirib bütünü əmələ gətirmək üçün çalışırlar.

Biz qumuq folklor mətnlərinin istər nəzm, istərsə də nəsr örnəklərini Azərbaycan folklorunda bənzər mətnlərlə qarşılaşdıraraq, oxşar və fərqli cəhətləri öyrənməyə çalışmışıq. Ancaq bəzi janrlar var ki, onlar Azərbaycan folklorunda ya yoxdur, ya da qarşılığı fərqlidirsə, biz onları müstəqil şəkildə tədqiqata cəlb edərək, xarakter və xüsusiyyətlərini müəyyənləşdirməyə çalışdıq.

Dissertasiya işində təsvirçilikdən uzaq qaçaraq bəzi məqamlarda mübahisə doğuran bir çox məsələlərə də aydınlıq gətirməyi lazım bilmişik. Qeyd etməliyik ki, bu günə qədər ayrı-ayrı müəlliflər tərəfindən qumuq folkloru haqqında müəyyən fikirlər söylənsə də, indiyədək bu mövzu dərindən araşdırılmayıb, müqayisələr aparılmayıb. Biz qumuq folklorunda mövcud olan sarın, yır, nağıl, atalar sözü, məsəl, alqış və qarğışların özünəməxsus xüsusiyyətlərini araşdırmaqla hər iki folklor arasındakı yaxınlığı vurğulamağa çalışmışıq.

Ümumən, araşdırma zamanı bir çox qumuq folklor mətnləri, istər nəzm, istərsə nəsr örnəkləri olsun, Azərbaycan folklorunda bənzər mətnlərlə qarşılaşdırılıb, oxşar və fərqli cəhətləri öyrənilib. Bununla yanaşı, Azərbaycan folklorunda olmayan nümunələr də müstəqil şəkildə tədqiqata cəlb edilib. Mübahisə doğuran bir çox məsələlərə də aydınlıq gətirilib. Həm Azərbaycan, həm də qumuq folklorunda mövcud olan folklor materiallarının oxşarlığı və fərqliliyi təhlil edilərkən gəldiyimiz nəticə bu olmuşdu ki, hər iki xalqın folkloru eyni qaynaqdan bəhrələnib. Yüzilliklər boyunca, ictimai, siyasi təsirlərin sayəsində hər iki xalqın folklorunda müəyyən fərqliliklər özünü göstərsə də, eynilik qüvvəsində qalıb.

 

Aynur Qəzənfərqızı

Araşdırmaçı

Xalq Cəbhəsi.- 2016.- 13 yanvar.- S14.