Tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsidir

 

Təbiət etibarilə insanlar bir-birindən zahiri görünüşünə, dilinə, dininə və s. dəyərlərinə görə seçilsələr də Yer üzündə eyni dərəcədə yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququna malikdirlər. Bu qanunlara əməl olunurmu?

Bəşəriyyət bir sıra qlobal problemlərlə üzləşib. Dünya əhalisinin sayı artdıqca miqrasiya, ksenofobiya, terrorizm, ekstremizm, rasizm, dözümsüzlük halları da durmadan sürətlə çoxalır. Belə bir şəraitdə çoxmillətli Azərbaycan dövlətində vəziyyət necədir?

Xarici ölkələrin mətbuatında Azərbaycanda mövcud olan tolerantlıq yüksək qiymətləndirilir və bunu əks edən materiallar olduqca çoxdur, söylənilən fikirləri yazmaqla bitməz. Nədən məhz Odlar yurdu Azərbaycanın tolerantlıq modeli dünya ölkələri üçün nümunədir? Dəyişən dünyada tolerantlığın gücləndirilməsi aktual problemlərdəndir. Tolerantlıq-aktiv sosial hərəkətdir. Bu sosial aktiv hərəkət dünyanı qoruyub saxlamağa xidmət etdiyindən 1995-ci ildə YUNESKO tərəfindən "Dözümlülük Prinsipləri Bəyannaməsi" qəbul olunmuş və 16 noyabr Beynəlxalq Tolerantlıq günü elan edilmişdir. 2008-ci ildə Avropa Tolerantlıq və Barışıq Şurası Tolerantlıq medalı təsis etmişdir. Bu mükafata Avropada dözümlülük və qarşılıqlı hörmət ideyaları uğrunda, həmçinin ksenofobiya, irqi və dini ayrı-seçkiliyə qarşı mübarizə sahəsində xidmətləri olan görkəmli şəxslər layiq görülür. İspaniyanın Kralı I Xuan Karlos, Xorvatiyanın prezidenti İvo Yosipoviç, Serbiyanın eks-prezidenti Boris Tadiç ilk mükafatçılardandır.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Media və Təhsil İnnovasiyaları Mərkəzinin sədri Səidə Hüseynovanın sözlərinə görə, 2008-ci ildə Cənubi Osetiya ətrafında yaşanan beynəlxalq böhran bir daha onu göstərdi ki, tolerantlıq sadəcə insanların birgə yaşam tərzini müəyyənləşdirən mədəni-psixoloji amil deyil, cəmiyyətdə və bütün dünyada regional, hətta qlobal səviyyədə sülhün bərqərar olunması üçün mühüm vasitədir. Bu nöqteyi-nəzərdən tolerantlığı nəinki sosial-iqtisadi inkişafın əsas prinsipi kimi, həm də ölkənin inkişafının əsasını təşkil edən sabitliyin və stabilliyin qorunub saxlanılması kimi xarakterizə etmək olar. Bakıda 2004-cü ildə "Cənubi Qafqazda tolerantlığın formalaşmasında islamın rolu" mövzusunda keçirilən seminarda Almaniyanın səfiri Klaus Qrevlixin - “Azərbaycanda dinlər arasında yaranan dözümlülük və tolerantlıq münasibətləri hamı üçün, bütün Avropa ölkələri üçün pozitiv bir misal ola bilər. Azərbaycanın yaratdığı dövlət-din münasibətləri modelini artıq ixrac etməsi mümkündür. Bu sizin sərvətinizdir”- deməsinin tarixi kökləri vardır. Özünəməxsus etnodemoqrafik inkişaf xüsusiyyətlərinə malik olan Azərbaycanda 115-dən çox milləti, xalqı və etnosu təmsil edən insanlar yaşayırlar. Bu insan qruplarının hər birinin özünəməxsus milli xüsusiyyətləri və adət-ənənələri, dini etiqadları vardır. 1922-ci ilin dekabrında SSRİ yarananda onun 1,36%-ni Azərbaycan əhalisi təşkil edirdi. 1989-cu ildə bu rəqəm 2,45 % olmuşdu, yəni 67 il ərzində 1,09% çoxalmışdı. Azərbaycan əhalisinin sayına görə RSFSR, Ukrayna, Özbəkistan, Qazaxstan, Belarusdan sonra 6-cı, Zaqafqaziya respublikaları içərisində isə 1-ci yerdə dururdu. Titul xalqlarının say dinamikasına gəldikdə, müharibədən sonrakı bütün dövr ərzində ermənilər 1-ci yerdə durmuş, onların xüsusi çəkisi 1959-cu ildən 1989-cu ilədək 88,0%-dən 93,3%-ə çatmış və sovet dövrünün sonunda Ermənistan faktiki monoetnik respublikaya çevrilmişdir. 15 Respublika içərisində azərbaycanlılar titul xalqın xüsusi çəkisinə görə 1959-cu ildəki 7-ci yerdən (67,4%) 1989-cu ildə 2-ci yerə keçmişdi. Ruslar 1959-cu ildə (83,3%) 2-ci yerdə olsalar da, 1989-cu ildə (81,5%) 3-cü pilləyə enmişdi. Bu məsələlərin kökü yalnız demoqrafik proseslərdə deyil, SSRİ-də həyata keçirilən milli siyasətdə və etnopsixoloji mühitlə bağlı olduğu hamıya bəllidir. 1999-cu ildə müstəqil Azərbaycan Respublikasında keçirilən əhalinin ilk milli siyahıya alınması göstərdi ki, ölkəmizdə milli tərkib dəyişməyib. Ermənistandan bütün azərbaycanlılar deportasiya olunduğu halda, Azərbaycanda 120,7 min nəfər (1,5%) erməni yaşayır. Bütün millətlər bir-birinə qaynayıb-qarışıb, sanki bir ailədir. 1993-cü ildə Azərbaycanda anadan olan körpələrin 15,1%-i qarışıq ailələrin payına düşmüşdür.

Müsahiblərim -"pis olsaydı, Azərbaycanda qalardıqmı?! Azərbaycan bizim vətənimizdir. Azərbaycanın milli qəhrəmanlarının siyahısında etnik millətlərdən olan şəhidlərin adlarına fikir verin"- deyə, təhlükəsiz yaşadıqlarından razılıqla danışdılar.Azərbaycanda milli mənsubiyyətinə görə insanlara fərq qoyulmur. Millətçi deyilik. Rəsul Həmzətovun sözlərilə desək, bizdə yalnız iki millət mövcuddur: yaxşı insanlar və pis insanlar. Bakıda Jan Mironosets pravoslav baş kafedral kilsəsini 1907-ci ildə Zeynalabdin Tağıyev inşa etdirmişdir.Onun dəstəyi ilə Dağıstanda kumık dilində "Tanq Çolpan" adlı jurnal nəşr olunurdu. Tağıyev maliyyə yardımı göstərdiyi onlarla qəzet və jurnallarda özünün tənqidinə rast gəlsə də mətbuata yardımını dayandırmırdı. 1988-ci ildə Ermənistanda zəlzələ baş verəndə ən birinci köməyə gedən azərbaycanlılar olmuşdu.

Göründüyü kimi, dini dözümlülük yaşam tərzimiz, tolerantlıq millətimizin xarakteri ilə sıx bağlıdır. BMT-nin İrqi ayrı seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 2005-ci il 66-cı sessiyasında Azərbaycan Respublikası ilə bağlı qəbul olunmuş yekun qeydində də göstərilir: "Dağlıq Qarabağ rayonunda münaqişənin neqativ nəticələrinə baxmayaraq, erməni mənşəli şəxslər Azərbaycanda ayrı-seçkiliyə məruz qalmırlar". Təsadüfi deyil ki, "Avansena" romanında "Bakıda yaşamaq bir xoşbəxtlikdir" yazmış məşhur yazıçı Leonid Zorin jurnalistə açıqlamasında demişdir: "Bakı məftunedici şəhərdir. Nəhəng şəhər sanki böyük bir evdir. O qədər adama doğmadır ki, hansı tərəfdə olursansa bu şəhər-evin hər yeri sənin özününküdür. Millətçilik - bu şəhərdə tanınmırdı. Bakıda həmişə ərklə deyilən "Milliyyətim-bakılı" anlayışı mövcud olub.”

Düzdür, ölkəmizin çoxəsrlik tarixi ərzində din və məzhəb zəminində münaqişə baş verməyib, lakin dinlərarası münasibətlərə gərginlik gətirilib, müstəqillik illərində ölkəmizdə onlarla terror aktı törədilmiş, iki mindən artıq günahsız adamlar həlak olmuşdur. Tədqiqatlar onu göstərir ki, bunların səbəbi heç də din deyil, siyasətdir. Qarabağ münaqişəsinin də heç bir dini və etnik səbəbi yoxdur. Bakıda Beynəlxalq Tolerantlıq gününə həsr edilmiş konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri A.Paşazadə Qarabağ probleminin din amili ilə bağlı olmasını söyləyən ermənilərin məkrli hərəkətlərinə cavab vermişdir. "Qarabağ münaqişəsinin dinlərarası konflikt kimi təqdim olunması cəhdləri qəti yolverilməzdir və bunu edənlər Yaradan qarşısında ən ağır günah işlətmiş olurlar". Ancaq dünyadakı erməni icması Azərbaycanı daim fərqli səpkidən təqdim etməyə çalışır. 28.09.2002-ci ildə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə Nikolay Qribkov - "Biz Yerevanda iki məscid gördük"- deyəndə Azərbaycan Prezidenti bildirmişdi: "Münaqişənin ilk dövründə onlar da dağıdılmışdı. Sonra onlar məscidləri iranlılara verdilər və indi deyirlər ki, bunlar Azərbaycan məscidi yox, İran məscididir. İranlılar da müəyyən şəraiti nəzərə alaraq, təbiidir ki, onları yenidən qurdular və bərpa etdilər. Bəs indi? Onlar bomboşdur, iranlılar isə oraya molla təyin ediblər. Molla məsciddə oturur, orada isə bir nəfər də müsəlman yoxdur ki, məscidə getsin. Başa düşürsünüzmü, necə fırıldaqdır. Belə misallardan çox çəkə bilərəm".

Sovetlər dönəmində Azərbaycanda 18 məscid vardısa, indi onların sayı 1834-dür, 5 pravoslav, 1 katolik, 4 gürcü-pravoslav kilsəsi, 6 sinaqoq, 7 yəhudi dini icması fəaliyyət göstərir. 576 icma dövlət qeydiyyatına alınıb. Son 8 ildə Azərbaycanda 117 məscid, 1 kilsə və 1 sinaqoq inşa olunub, onlarla məscid, 4 kilsə, 2 sinaqoq əsaslı təmir edilib. Avropada ən böyük sinaqoq məhz Bakıda yerləşir. Vaxtilə Z.Tağıyevin inşa etdiyi kilsəni iş adamı Aydın Qurbanov əsaslı təmir etmişdir. Bu hadisə dini dözümlülük, tolerantlıq, dinlərarası dialoq və əməkdaşlıq münasibətlərinin rəmzidir.

“İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda milli azlıqların mədəni irsinin inkişafı Azərbaycan Hökumətinin əsas fəaliyyət istiqamətlərindən biri kimi nəzərdə tutulub. 2001-ci ildə Böyük Britaniyanın Lordlar palatasında "Dünyəvi dövlətdə dinlərin birgəyaşayışı Azərbaycanın pozitiv təcrübəsi" adlı seminarın keçirilməsi göstərdi ki, ölkəmiz hələ onillik müstəqil inkişaf dövründə dini tolerantlıq və dözümlülük nümunəsi imicini qazanmışdır. Bakı 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olunmuşdu. Son illər Bakıda mədəniyyətlərarası və dinlərarası dialoqla bağlı beynəlxalq sammitlərin, forumların keçirilməsi ölkəmizdə dini və milli demokratiyanın tam bərqərar olduğunu deməyə əsas verir. Bu çox gözəl haldır ki, Azərbaycan islam dininə mənsub olsa da, məhz dinin ölkəmizdə hakim olmasına imkan verilməyib. Azərbaycanın dini nüfuzuna gəldikdə isə Qafqazda şeyxülislamlıq təsisatı 1823-cü ildən yaranıb və o vaxtdan etibarən Qafqazın bütün şeyxülislamları Azərbaycandandır. SSRİ dağıldıqdan sonra sovet məkanında mövcud olan bütün müsəlman dini təşkilatlar parçalanmış, ancaq Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin fəaliyyəti daha da genişlənmişdir. Dinlərarası sülhün və həmrəyliyin möhkəmlənməsinə sanballı töhfə verdiyinə görə Rus Pravoslav kilsəsinin I dərəcəli Şöhrət və Şərəf ordeni, "Müqəddəs Apostol Varfolomey" Qızıl Medalı ilə təltif edilməsi ölkəmizdə sağlam dini dəyərlərin mövcudluğunu göstərir. İSESKO tərəfindən 2018-ci il üçün "Naxçıvan İslam mədəniyyətinin paytaxtı" elan edilib. Gəncə və Şəki də "İslam mədəniyyətinin paytaxtları" layihəsində iştirak edəcək. Mübaliğəsiz, dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsidir, Odlar Yurdunun milli tolerantlığı, millətlərarası münasibətləri, dini dözümlülüyü layiqli olaraq dünya dövlətlərinin diqqət mərkəzindədir.

 

Cavid

Xalq Cəbhəsi.-2016.- 13 yanvar.- S.13.