Nizami rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər

 

Son zamanlar dünyada siyasi gərginlik, hərbi qarşıdurmalar və qütbləşmələr fonunda iqtisadi böhran getdikcə dərinləşir. Təbii ki, bu proseslər bölgəyə, o cümlədən Azərbaycana da təsirsiz ötüşmür. Dünyada neftin qiymətinin düşməsi və ABŞ dollarının qiymətinin qalxması Azərbaycan manatının 2 dəfə devalvasiyaya uğramasına səbəb olub. Bütün bu proseslər bir daha təsdiqləyir ki, ölkədə istehsal müəssisələrinin yaradılması vacib şərtdir və dövlət nə qədər çox məhsul istehsal edərsə, bir o qədər xarici mallara tələbat azalar və nəticədə ölkəyə idxal olunan çeşidli məhsulların həcmi də əvvəlki kimi olmaz. Bu da dünyada yaşanan iqtisadi böhranın ölkəyə təsirinin minimuma enməsi deməkdir.

Təbii ki, ölkədə bu istiqamətdə fəaliyyətlər göstərilir. Ötən il kənd təsərrüfatı ili elan edilmişdi və bu istiqamətdə müxtəlif layihələrə dövlət dəstəyi verildi, sahibkarlar güzəştli kreditlərlə təmin olundular.

Bununla yanaşı sənayenin də inkişafına diqqət ayrılır və bu proses daha da ciddi xarakter almalıdır. Müxtəlif bölgələrlə yanaşı Bakı rayonlarında da sənaye müəssisələri açılıb və fəaliyyət göstərir.

Bu baxımdan Nizami rayonu sosial-iqtisadi cəhətdən inkişaf edən rayonlar sırasında olduğunu söyləmək olar. Rayon ərazisində fəaliyyət göstərən sənaye müəssisələrində yüzlərlə rayon sakini çalışır.

 

Sənaye rayonu

 

Qeyd edək ki, rayonun sosial-iqtisadi mənzərəsi günbəgün yaxşılaşır, abadlıq-quruculuq işləri getdikcə vüsət alır. Nizami rayonu 1980-ci ilin noyabr ayında yaradılıb. Paytaxtın iri sənaye mərkəzlərindən olan Nizami rayonunun ərazisi 19,6 kvadratkilometr, əhalisi isə 191 min 830 nəfər təşkil edir. Rayonda 12 iri sənaye müəssisəsi, 2 tarixi abidə, 22 səhiyyə obyekti, 1 özəl ali məktəb və 2 kollec, 20 uşaq bağçası, 1 uşaq evi və 2 internat məktəbi, 22 orta məktəb, 3 lisey, 2 musiqi məktəbi, mərkəzi kitabxana və 6 kitabxana filialı, 2 istirahət parkı, 60-a yaxın ictimai-iaşə müəssisəsi, 8 kompleks idman qurğusi və 6 stadion yerləşir. Burada, həmçinin 2 bələdiyyə, 3 seçki dairəsi, çoxsaylı siyasi partiyaların mərkəzi qərargahları, ictimai təşkilat, birlik və dini icmalar fəaliyyət göstərir.

Ölkəmizin ən iri sənaye müəssisələrindən sayılan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun istehsalı olan müxtəlif neft məhsullarına, “NJT-2000” firmasının istehsal etdiyi plastik məmulatlara, “Kaspi Yıldız” MMC-nin buraxdığı yanğınsöndürmə avadanlığına istər daxili, istərsə də xarici bazarda tələbat getdikcə artır. Bundan əlavə, “Bakı Yağ Qida Sənaye”, “Zəhmət Ruzi”, “Bakı-Şərab 1”, “Evropean Tobacco Baku” açıq səhmdar cəmiyyətləri, “Ulduz” fabriki və “Veysəloğlu Yaylıcı Qardaşlar” MMC ölkəmizdə ərzaq bolluğunun təminatında yaxından iştirak etməklə yanaşı, xarici bazara da məhsul göndərirlər. Rayon ərazisində yaradılan istehsal və xidmət sahələri həm də çoxsaylı iş yerləri deməkdir. Məhz bunun nəticəsidir ki, son illər Nizami rayonunda məşğulluq strategiyası həyata keçirilir.

 

İnfrastruktur layihələri

 

Nizami rayonunda infrastruktur layihələrinin icrası da getdikcə sürətlənir. Elə rayonda yol-nəqliyyat infrastukturunun təkmilləşdirilməsi, müasir standartlara cavab verən körpü, yolötürücü və tunellərin, yeraltı və yerüstü piyada keçidlərinin inşası, tıxacların aradan qaldırılması məqsədilə yeraltı avtomobil dayanacaqlarının tikintisi, magistral küçə və prospektlərin əsaslı şəkildə yenidən qurulması burada quruculuq işlərinin miqyası barədə aydın təsəvvür yaradır. Son illər müxtəlif dövlət proqramlarında nəzərdə tutulmuş abadlıq-quruculuq işlərinin və infrastruktur layihələrinin uğurla reallaşdırılması rayonun simasını dəyişib. Belə ki, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki müxtəlif səviyyəli yol qovşağı, Babək prospektində, eləcə də Qara Qarayev prospekti ilə Naxçıvani küçəsinin kəsişməsindəki yeraltı piyada keçidləri, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi, Bakı Metropoliteninin əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş “Koroğlu” stansiyasının yaxınlığındakı park və digər istirahət mərkəzləri rayonun ümumi mənzərəsini xeyli yaxşılaşdırmaqla yanaşı, sakinlərin rahatlığının təminatı baxımından da mühüm əhəmiyyət kəsb edir.

Nizami rayonunda demək olar ki, hər il sosial iqtisadi inkişaf proqramları uğurla həyata keçirilir. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Gimnastika Kompleksinin, onun yanında məşq zalının və köməkçi qurğuların tikintisinin başa çatdırılıb, Milli Sağlamlıq Mərkəzinin tikintisinin davam etdirilib. Həmçinin rayonun daxili resursları hesabına Q.Qarayev prospekti və Ə.Vəliyev küçəsi əsaslı təmir edilərək abadlıq işləri görülüb, Heydər Əliyev prospektinin səki və yaşıllıq zonasının, Naxçıvanski küçəsində Heydər-bağı park-bulvarın yenidən qurulması davam etdirlib. Rayon ərazisində şəhər əhəmiyyətli infranstruktur layihələrə də məxsusi diqqət yetirilir. Xüsusən, yol infranstrukturunun yenidən qurulması sayəsində çox böyük işlər görülür. Rayonun bütün ərazilərində yol infranstrukturunun cari təmiri aparılır. Bakının digər rayonlarından fərqli olaraq Nizami rayonuda təmir olunun yollarda eyni zamanda komunikasiya xətlərinin çəkilişinə də diqqət yetirilir. Artıq rayon ərazisində qonşu rayonların da su təchizatını təmin edən borular tam dəyişdirilir, paralel olaraq rabitə və kanalzasiya sistemi bərpa edilir. Demək olar ki, rayonda içməli su problemi həllini tapıb, əksər ünvanlara 24 saat ərzində içməli suyun verilişi təmin edilib. Bakı şəhərinin problemi hesab olunan tıxacların aradan qaldırılması istiqamətində Nizami rayonunda əhəmiyyətli işlər görülüb və bu proses davam etdirilməkdədir.

 

Heydər Əliyef Fondu xeyli iş görüb

 

 

Heydər Əliyev Fondu da Nizami rayonunun sosial həyatına mühüm töhfələr verir. Təkcə onu demək kifayətdir ki, son illər fondun təşəbbüsü və maliyyə dəstəyi ilə rayonda valideyn himayəsindən məhrum olmuş qızlar üçün nəzərdə tutulmuş 50 mənzilli yaşayış binası, “Daun” və “Qayğı” reabilitasiya mərkəzləri, eləcə də 172 və 190 saylı körpələr evi-uşaq bağçaları yenidənqurmadan sonra istifadəyə verilib. Bütün bunlarla yanaşı, rayon sakinlərinin sosial-məişət qayğıları, əhalinin üzləşdiyi problemlərin həlli də xüsusi diqqət mərkəzində saxlanılır. Belə ki, son illər sakinlərin işıq, qaz, istilik və içməli su ilə təminatının yaxşılaşdırılması üçün mühüm işlər görülür, bütövlükdə kommunal sektorun işi günün tələbləri səviyyəsində yenidən qurulur. Bütün bunlar isə onu deməyə əsas verir ki, dövlət başçısının vətəndaşların üzləşdikləri sosial-məişət problemlərinin dərhal aradan qaldırılması ilə bağlı verdiyi konkret tapşırıqlar Nizami rayonunda da uğurla icra olunur. Son zamanlar rayonda əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı nəzərdə tutulmuş tədbirlər də ardıcıl şəkildə yerinə yetirilir.

 

Sağlamlıq və idman prioritet sahə kimi

 

Nizami rayonunda əhalinin sağlamlığı və idman sahələrinə də xüsusi əhəmiyyət verilir. Hazırda rayonda 6 stadion, 8 idman-sağlamlıq kompleksi, 13 ¹-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbi əhalinin, xüsusilə də gənclərin sağlam həyat tərzinin təminatına xidmət edir. Bununla yanaşı, rayon ərazisində AFFA tərəfindən tutumu 20000 nəfərlik stadionun tikintisi rayonda idmanın inkişafına verilən diqqətin birbaşa göstəricisidir. Yeri gəlmişkən qeyd edək ki, ölkəmizdə 1-ci Avropa Oynlarının yüksək səviyyədə keçirilməsinə Nizami rayonu da öz töhvəsini vermiş oldu. Milli Gimnastika Arenasının, Atletlər kəndinin bu rayonunun ərazisində yerləşdiyini, Bakı Olimpiya stadionun Sabunçu rayonu ilə Nizami rayonun sərhədində olduğunu nəzərə alsaq fəxarətlə deyə bilərik ki, Nizami rayonu infrastruktur layihələrin vaxtında və keyfiyyətlə başa çatdırılması, eləcə də təhlükəsizliyin təmin olunması kimi mühüm məsələlərdə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirə bildi. Əhalinin sağlamlıqının təmin olunması məsələsinə gəldikdə qeyd edilməlidir ki, rayonda “Sağlam Təhsil” layihəsi çərçivəsində şagirdlərin Azərbaycan Tibb Universitetinin əməkdaşları tərəfindən müayinədən keçməsi ənənəyə çevrilib. Rayonda fəaliyyət göstərən Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində daun sindromlu uşaqların müayinə və müalicəsi aparılır.

 

Aztəminatlı ailələrə dəstək verilirmi?

 

Nizami rayonunun sakinləri arasında da sosial problemlərdən əziyyət çəkən, aztəminatlı ailələrə rast gəlmək mümkündür. Sevindirici haldır ki, Nizami Rayon İcra hakimiyyəti belə insanları qayğı ilə əhatə olunmasında köməyini əsirgəmir. Müsahibim Gülnaz İsrafilova İcra hakimiyyəti tərəfindən hazırlanmış qovluğa diqqətimi çəkdi. Qovluqda belə ailələrin ünvanları, əlaqə nömrələri öz əksini tapmışdı. Gülnaz İsrafilovanın sözlərinə görə qayğıya ehtiyacı olan ailələrin problemlərinin həllində icra hakimiyyəti onlara köməklik göstərir. Belə ailələr vaxtaşırı ərzaq yardımları, bayram sovqatı ilə təmin edilirlər. Sakinlərlə söhbətim isə deyilənləri bir daha təsdiqlədi. Şəhid ailəsi Rahilə Hacıyeva, övlad himayəsində uzaq Bəstixanım Əzimova, İradə Rəhimova aparatda çalışanlardan razılıqla söhbət açdılar. Onlar bildirdilər ki, Rayon icra hakimiyyəti onların güzəranı, sosial problemləri ilə tez-tez maraqlanır, əllərindlən gələn köməyi əsirgəmirlər...

 

Əli İbrahimov

Xalq Cəbhəsi.- 2016.- 13 yanvar.- S.9.