Xalq təbabəti: dünən və bu gün

 

İnsanlar xalq yaddaşından süzülüb gələn türkəçarəliyi yaşadıb qorumaqdadır

 

Xalq təbabəti ilə bağlı inancar sisteminin araşdırılması bütövlükdə Azərbaycan türklərinin xalq təbabəti sisteminin daha dərindən tədqiq edilməsi baxımından aktual elmi problemdir. Türk dünyasında, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Azərbaycanda bir vaxtlar geniş yayılan və günümüzədək davam edən türkəçarəlik, loğmanlıq, hanıxçılıq, sınıqçılıq, mamaçalıq (həbəçilik), hacamatçılıq və s. xalq müalicə metodlarının əsas nüvəsini təşkil edən inancların, əsatiri görüşlərdən qaynaqlanan ovsunların və çoxəsrlik təcrübə nəticəsində əldə edilən bilik və vərdişlərin tədqiqi ümumtürk xalq təbabəti sisteminin öyrənilməsi baxımından da böyük önəm daşıyır.

Türkəçarəliklə bağlı mifik təsəvvürlərin öz ifadəsini tapdığı magiya və ovsunlar sistemi istənilən etnosun bütövlükdə yaşam tərzinin, onun mentalitetinin ən əski kod və simvollarını təşkil edir ki, bu simvollarda ifadəsini tapan həmin genetik kodlar mürəkkəb inanc, davranış və biliklər sistemi əmələ gətirir. Bu biliklər sisteminin semantik qatlarının, dərin məna tutumunun tədqiqi onu ərsəyə gətirmiş ulu əcdadlarımızın etnopsixoloji, əxlaqi-mənəvi, mədəni və s. dəyərlərinin tədqiqat obyektinə çevrilməsi baxımından son dərəcə önəmli, vacib bir problem kimi ortaya çıxır.

Xalq təbabəti ümumilikdə xalqın məişətinin, onun gün¬dəlik həyatının ayrılmaz tərkib hissəsi olduğundan onun prak¬tiki əhəmiyyətinin araşdırılması, bütövlükdə müxtəlif ayinlərlə icra edilən bu son dərəcə mürəkkəb sistemin araşdırılması kimi də əhəmiyyətlidir.

Bəşəriyyət tarixində sosial yaşamın ilkin inkişaf mərhələlərinin məhsulu sayılan türkəçarəlik və onun hanıxçılıq, sınıqçılıq, həbəlik kimi tərkib hissələrinin sistemli şəkildə, digər türk və Şərq xalqlarının xalq təbabəti ilə müqayisəli şəkildə öyrənilməsi ondan sonra gələn və daha çox elmi-praktik əhəmiyyətə malik loğmanlıq sənətinin daha asan başa düşülməsi baxımından da xüsusi önəm kəsb edir. Daha qədim dövrlərdə formalaşan türkəçarəliyin, eləcə də İslamdan sonrakı dövrün məhsulu olan loğman sənətinin öyrənilməsində, şübhəsiz ki, folklor və etnoqrafiya təyinatlı elmi ekspedisiyalar zamanı toplanmış zəngin materialın rolu ölçüyəgəlməzdir. Orta əsr əlyazmalarında, eləcə də klassiklərimizin əsərlərində qorunub saxlanılmış tibbə aid informasiyanın rolu da əvəzsizdir.

Ortaq türk maddi və mənəvi dəyərlər sisteminin aparıcı tərkib hissəsi olan xalq təbabətinin əsasında duran müxtəlif elementlər, o cümlədən ayin və ovsunlar xalq təfəkkür tərzinin, türk mentalitetinin, xüsusən də, xalq biliklər sisteminin sonrakı inkişaf mərhələlərində müxtəlif folklor janrlarına, orta əsrlərdə ərsəyə gətirilmiş elmi traktatlara, eləcə də klassiklərimizin əsərlərinə səpələnmiş halda olduğu müşahidə edilir.

Xalq təbabəti xalqımızın mərasim folkloru və etnoqrafiyası ilə birbaşa bağlı olduğundan, onunla harmonik vəhdət təşkil etdiyindən, başqa sözlə, xalq təbabətinin bir sıra mərasimlərin, məsələn doğuşla bağlı mərasimin bir parçası olduğundan, onun araşdırılması, müəyyən mənada elə mərasim folklorunun və etnoqrafiyanın araşdırılaraq öyrənilməsi deməkdir. Belə ki, folklor mətnlərində etnoqrafik cizgi və istiqamətləri aşkarlamaq, folklorla etnoqrafiya arasındakı qarşılıqlı əlaqəni araşdırmaq baxımından xalq təbabəti əvəzsiz mənbə rolunda çıxış edə bilər və edir.

Müasir dövrdə elmin başqa sahələrində olduğu kimi tibb sahəsində də yüksək inkişaf müşahidə olunur. Buna baxmayaraq insanlar əsrlərin sınağından çıxmış, xalq yaddaşından süzülüb gələn xalq təbabətinə xüsusi önəm verməklə türkəçarəliyi yaşadıb qorumaqdadır.

Beləliklə, xalqın bütün yaşamı boyu onun fiziki və mənəvi sağlamlığının keşiyində duran türkəçarəlik tarixi missiyasını şərəflə yerinə yetirib, bu gün də bu vəzifəsini yerinə yetirməkdədir.

Müasir tibbin ortaya çıxması ilə bütün dünyada qismən də olsa geriləyən ənənəvi xalq həkimliyi uzun zaman diqqətdən kənarda qalıb, vaxtı keçmiş, qeyri-elmi metod kimi ciddiyə alınmayıb, əsasən kənd yerlərində, ucqar guşələrdə, xüsusən də tərəkəmələr arasında yaşamını sürdürərək, günümüzədək yetişə bilib. Yalnız son 50-60 ildə müasir tibbin bir çox xəstəliyi sağaltmaqda aciz qaldığı anlaşıldığında, ənənəvi xalq həkimliyi yenidən gündəmə gəlib, minillər ərzində təcrübədən keçirilən ənənəvi metodlara müraciət edilib. Bu gün dünyanın bir çox yerində olduğu kimi, ölkəmizdə də bir neçə ənənəvi tibb mərkəzi açılıb, bir çox xəstəliklərin müalicəsində müasir tibblə yanaşı xalq təbabətindən də geniş istifadə edilməyə başlanıb.

Xalqımız özünün çoxəsrlik tarixi ərzində yaratmış olduğu maddi və mənəvi mədəniyyət nümunələri, adət-ənənələri, mərasimlər, oyun və əyləncələr, ailə-məişət məsələlərində mütərəqqi vərdişlər və s. ilə yanaşı, həm də zəngin empirik bilik və bacarıqlar sisteminə əsaslanan xalq təbabəti, xalq müalicə üsulları və vasitələri düşünüb tapıb, onları sınaqdan keçirib təkmilləşdirə-təkmilləşdirə, zənginləşdirə-zənginləşdirə zəmanəmizə qədər gətirib çıxarıb.

Etnoqrafların fikrincə, xəstəliklərin baş verməsi, heyvan, bitki və mineral mənşəli maddələrin müalicəvi xüsusiyyətləri, həmçinin xəstəliklərin profilaktika və müalicəsində bir sıra praktik üsullar, gigiyenik vərdişlər haqqında xalq tərəfindən toplanmış empirik məlumatların cəmindən ibarət olan xalq təbabəti nəzəri şərtlərə əsaslanmadan aparılan müalicə vasitələrilə fərqlənib, xalqımızın adət-ənənələrində, məişətində, zərbi-məsəllərində, nağıllarında, dastanlarında, əfsanə və rəvayətlərində, eləcə də qiymətli əlyazmalarda və söz sərraflarının yaradıcılığında öz əksini tapıb.

Xalq təbabəti ilə məşğul olan həkimləri şərti olaraq, iki yerə ayırmaq mümkündür: Vergili türkəçarələr. Qədim tarixi olan xalq həkimləri və ya türkəçarələr vardır ki, bunlardan bir çoxunun sənəti vergi kimi aldıqlarına inanılır. Bu xalq həkimliyi və ya türkəçarəlik bir başqasına vərəsəlik və ya ustad-şagird yolu ilə ötürülmür. Buraya əsasən, hanıxçılıq, əbəçilik // həbəçilik (mamaçalıq), sınıqçılıq, çöpçülük və s. daxildir.

Təcrübə vasitəsilə öyrənən türkəçarələr – xalq loğmanları. Otlarla, müxtəlif sularla, zəli ilə, qan almaqla və ya başqa vasitələrlə müalicə edən türkəçarələr var ki, bunların sənəti baxmaqla, təcrübə ilə, vərəsəliklə özlərindən sonrakılara keçir. Burada ustad-şagird əlaqəsi də mühüm rol oynayır. Bu türkəçarələrə sınıqçılıq, göbəkçəkənlik, otlarla və ya başqa üsullarla müalicə edənlər, qan almaqla sağaldan həcəmətçilər və b. daxildir.

Ancaq bunların hər ikisini birləşdirən başlıca nöqtə bu türkəçarəliyin fiziki simptomları - əlamətləri olan hər hansı bir xəstəliyi, narahatlığı müalicə etmələridir. Xəstəliklərin özləri müxtəlif olduğu kimi, onların müalicə, sağaltma metodları da dəyişikdir. Təbii ki, oxşarlıq və fərqlilik, çoxnövlülük və çoxyönlülük türkəçarəliyin zənginliyindən xəbər verir. Xalq təbabətinin zənginliyinə və müalicə edənlərin qabiliyyət baxımından fərqliliyinə baxmayaraq bütün türkəçarələr güclərini, istedadlarını Allahdan aldıqlarına inanırlar. Ona görə də sağaltmağa başlamadan əvvəl dua oxuyur, “Əl məndən, ətək Allahdan”, “İş məndən, səbəb Allahdan” deyirlər. Türkəçarəlik bir inamdır. Belə olmasaydı, müasir tibbin aciz qaldığı və ya anlaya bilmədiyi (məsələn, çöpçülük, qorxunu götürmək kimi) bir çox xəstəlikləri heç bir tibbi təhsili olmayan sadə insanların sağaltması, müalicə etməsi mümkün olmazdı. Xalq da tarixin qaranlıq çağlarından başlayaraq bu gün elmin yüksək inkişaf və texnika əsri olmasın baxmayaraq hələ də türkəçarələrə inanmaz, onlara müraciət etməzdi.

Əldə olan təkzibedilməz faktlar qədim türklərin hələ e.ə. IV-III minilliklərdə dərman bitkilərindən istifadə etdikləri, ənənəvi xalq təbabətinin türklər arasında hələ o dövrlərdə üstün səviyyədə olduğunu və hətta mükəmməl reseptlər tərtib edildiyini söyləməyə əsas verir. Belə ki, İranın Konar Sandal ərazisində aparılmış qazıntılar zamanı bir neçə yazılı lövhə əldə edilib. Bu lövhələrin oxunması dünyada tanınmış elamşünas François Vallata tapşırılmışdı. O, eləcə də Pioter Stain Kler və Yakob Dahil kimi daha iki tanınmış elamşünas bu yazıların elamca olduqlarını ehtimal etsələr də, onları Elam dilinin köməyi ilə çözə bilməyiblər. Ona görə çözə bilməyiblər ki, qədim türk yazıları ilə tanış deyildilər.

Lövhədəki yazı işarələrini diqqətlə incələyən, əslən Güney Azərbaycandan olan türkoloq alim M.R.Yengi onların izini proto-Elam yazılarında deyil, qədim türk damğalarında və onlardan törəmiş Orxon-Yenisey abidələrində axtarmaq lazım olduğunu söyləyərək göstərib ki, bu lövhələrin araşdırılması əski türk əlifbasının təşəkkül və inkişaf tarixi ilə məşğul olan alimlərimizə çox yardımçı ola bilər. Əski türk əlifbasındakı işarələrin bəzilərini damğa formasında Son Eneolit və Erkən Tunc dövrünə aid qaya rəsmlərində, o cümlədən Qobustan və Gəmiqaya təsvirləri içərisində görmək mümkündür.

Sözügedən yazıları tapıldığı yerin adı ilə şərti olaraq “Ciroft yazısı” adlandıran alim mətnlərdəki işarələrin səslənişini Orxon-Yenisey əlifbasının işarələrinin köməyi ilə müəyyən etməyi bacarıb və onların qədim türk yazıları olduğunu ortaya qoya bilib. Nəticədə həmin yazılardan birinin qədim bir “resept” olduğu və onlarda aşağıdakıların yazıldığı üzə çıxıb:

“Sak-şak: Saq-saq; bilin, xəbəriniz olsun.

Maş : Baş, başçı. Qədim Şumer mətnlərində dövlət idarəçiliyində “Maş-maş” kahin-vəzir vəzifəsi anlamında işlənib.

İzçi: izi ; sahib, ağa, sərvər . Bu üzdən tanrıya da izi deyilir. Bu mətndə hökmran mənasında işlədilib. Burada “çi” sözdüzəldici şəkilçisidir.

Zakant Qan: Şəxs adı. Çox ehtimal ki, həmin vilayətin hakimi olub. Göründüyü kimi, sözün sonundakı “qan” kəlməsi “kan, xan” sözünü ifadə edir və türklərdə ən qədim titullardan sayılır. Elə həmin dövrlərə aid Elam şahlarından “Tiri Kan” şah adına da rast gəlirik.

Mad Mad: Bat-Bat , Bəng otu. (Dərman bitkisi)

Əm: Dərman, Əlac.

Kəmsiz: Ağrısız , dərdsiz . Kəm ; xəstəlik.

Əməq: Əlac etmək. Əm sözündən yaranan feil. Əmləmək; dərman etmək.

az: Sağalmaq. Yaxşılıq və uğurluluq əlaməti.

Zokan Zokan; Soğan-Soğan (soğanlar). Şumer dilində ismin cəm şəkli bu formada, yəni onun iki dəfə təkrar edilməsilə yaranırdı. Çağdaş Azərbaycan dilində də bu hal hələ qalmaqdadır. Məsələn: ev-ev gəzmək // evləri gəzmək (ev-ev // evlər); damcı-damcı göl olar // damcılardan göl olar (damcı-damcı // damcılar) və s.

 

 

Nübar Həkimova

bilologiya üzrə fəlsəfə doktoru

Xalq Cəbhəsi.- 2016.- 14 yanvar.- S.14