Xınalıq və xınalıqlılar
Dünyanın müxtəlif ölkələrindən də bu kəndi görməyə gəlirlər
I yazı
Tez-tez bu kənd, əhalisi haqqında efirdə görür, eşidirik. Unikal təbiəti, insanlarının maraqlı həyat tərzi var. Nəinki Azərbaycanın müxtəlif bölgələrindən, hətta dünyanın müxtəlif ölkələrindən də bu kəndi görmək istəyənlərin sayı artır. Ancaq görəsən, dünyanın indiki qloballaşın (kürəsəlləşən) çağında xınalıqlılar üçün qədimdən gələn ulusallığı, yaşam tərzini, adət-ənənəsini qoruyub-saxlamaq çətin olmayacaq ki? Təbii, çətin olacaq, ancaq gedişat göstərir ki, xınalıqlıların özlərinə məxsus hansı mənəvi sərətləri varsa, onu qoruyub saxlamaq imkanları əvvəlkindən də çoxdur…
Xınalıq Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzidir. Xınalıq Qafqaz Albaniyasının qədim tayfalarından sayılır, xınalıqlıların tarixi və mərkəzi məskənidir. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda Xınalıq bələdiyyəsinin mərkəzidir. Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri olmaqla dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir.
Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə, Bakı şəhərindən isə 225 km məsafədədir. 8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Xınalıq kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilib. İnzibati-ərazi bölgüsünə görə SSRİ dövründə Qalayxudat kəndi ilə birlikdə Xınalıq kənd sovetliyinin tərkibində olan Xınalıq kəndi həmin kənd sovetliyinin mərkəzi olub.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq "Azərbaycan Respublikasının inzibati ərazi vahidində yaradılmış Seçki Dairələrinin Siyahısı"na əsasən Xınalıq bələdiyyəsi 52 saylı Quba seçki dairəsinin hüdudlarındadır. Xınalıq kənd orta məktəbinin binasında həmin dairənin 64 saylı seçki məntəqəsi yerləşir.
Xınalıq kəndində Quba rayon İcra Hakimiyyətinin Xınalıq inzibati ərazi vahidi üzrə nümayəndəliyi, Xudat Sərhəd Dəstəsinin "Xınalıq" sərhəd zastavası, poçt şöbəsi, Xınalıq dövlət tarix-mədəniyyət və etnoqrafiya qoruğunun müdiriyyəti, Mədəniyyət evi, orta ümumtəhsil məktəbi, şadlıq evi, mobil operatorlar stansiyaları var. Kənddə habelə Daxili İşlər Nazirliyinin Quba rayon polis şöbəsinin 25 nömrəli polis sahə məntəqəsi yerləşir. 2013-cü ildə kənd ərazisində Şahdağ milli parkının nəzarət-buraxılış məntəqəsi inşa edilib.
Xınalıq kəndinin əhalisinin 1800-dən çox olduğu bildirilir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıqdır. Xalq sənətkarlığı inkişaf edib. Son illərdə turizm inkişaf etməkdədir. Xınalığın köhnə məhəllələrində indiyə kimi 150-dən çox ev salamat qalıb. Kənd küçələrinin uzunluğu təxminən 5 kilometrdir. Xınalığın inkişafı onun tarixi hissəsindən kənara çıxıb. Xınalıq çayının kənarında yeni yaşayış massivi salınıb. Xınalığın yeni yaşayış massivindəki hazırda onlarla ailə yaşayır.
"Xınalıq" sözünün açımı haqqında qənaət maraqlıdır. Bildirilir ki, “Xınalıq” adının onun tarixi ilə əlaqəsi yoxdur. Kəndə Xınalıq adı onun qarşısında yerləşən dağın günəş çıxanda verdiyi rəngə uyğun olaraq verilib. “Xınalıq” adı təxminən XIX əsrin 50-60-cı illərindən sonra işlənməyə başlanıb. Tədqiqatçıların fikrincə, oykonim "xeni" sözündən və Azərbaycan dilində mənsubiyyət anlayışı bildirən "-lıq" şəkilçisindən düzəlib, "Xenidən olanlar, xenililər" mənasındadır. Qədim zamanlardan indiyə qədər Xınalıq kəndi və əhalisi özlərini "Kətiş xalqı" ("Kədid" və ya "kədtid"), öz kəndlərini isə "Kətiş" adlandırırlar. Bu da "kətidlərin yaşadığı yer” mənası verir. Bu sözlərin mənası "müqəddəs" deməkdir. Xınalıq barəsində tarixi tədqiqatlar çox azdır. Tarixçilərin ilkin araşdırmalarına görə, Xınalıq kəndi bizim eramızdan əvvəl salınıb.
Xınalıq orta əsr yaşayış yeri Qudyalçayın sol sahilində, dəniz səviyyəsindən 2300 metr hündürlükdə, Qızılqaya yastanının cənub-şərq yamacında, strateji baxımdan əlverişli məkanda salınıb, hazırda müasir kənd tikililəri ilə davam etdirilib. Qala divarlarının qalıqları Xınalığın şimal və şimal-qərb tərəfində dar bərzəxdə arxeoloqlar tərəfindən qeydə alınıb. Yaşayış yerinin cənub-şərq tərəfindən yerləşən giriş isə piramida biçimli qüllə ilə mühafizə olunurdu. Xınalığın orta əsrlərdə mahal mərkəzi olduğu ehtimal edilir.
İnanclarına gəlincə, xınalıqlılar inanırlar ki, Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi Ketş dağlarında yerləşirdi. Zəlzələ zamanı orada heç bir ev salamat qalmayıb. Əhalinin çox hissəsi həlak olub. Sağ qalanlar isə çayı keçərək kiçik bir təpəyə qalxıblar və beləliklə də Xınalıq yaranıb. Dəniz səviyyəsindən 2000 metrdən də artıq yüksəklikdə yerləşən kənd ərazisində rastlanan balıqqulağı və daşlaşmış balıq sümüklərini xınalıqlılar bu rəvayətin təsdiqi kimi göstərirlər...
Bəzi müəlliflərin fikrincə, eramızdan əvvəl I əsrdə bu ərazidə get tayfaları yaşayıb. Xınalıqlıların əcdadları barədə məlumatlara Strabon və Plininin əsərlərində rast gəlinir. Xınalıqlıların qədim yunan alimi Strabonun 17 cildlik "Coğrafiya" əsərində göstərdiyi, hərəsi öz dilində danışan 26 alban tayfasından biri olduğu güman edilir. Xınalıqlılar bunu Xınalıq kəndi ərazisində olan çoxsaylı alban qəbiristanlıqları və digər alban tayfalarının məlum olan dillərindən fərqli olan dili təsdiq etməsi ilə əsaslandırırlar.
Alban tarixçisi Musa Kalankatlının "Alban tarixi" əsərində Albaniyanın şimal-qərbində bir əyalət Xeni adlandırılır. Tədqiqatçıların fikrincə, Xınalıq kəndinin adı həmin əyalətin adını əks etdirir. Müxtəlif tarixi mənbələrə görə, Xınalıq erkən orta əsrlərdə mahal mərkəzi, kiçik şəhər olub. Bunu XIII əsr ərəb müəllifi Yaqut əl-Həməvi "Mücəm əl-buldan" adlı lüğətində Xınalığın Xazaran dağ keçidində kiçik şəhər olduğunu bildirən yazısı da sübut edir. Həmin "Coğrafiya" lüğətindən aydın olur ki, Xınalıq kəndi VII-X əsrlərdə mədəni mərkəz olub. Şeyx İbrahimin fərmanı ilə XIV əsrin sonu - XV əsrin əvvəllərində Xınalığın idarə olunması qaytaq usmisinin (hakiminin) oğlu Məhəmməd bəyə həvalə edilib.
Kəndə aid ən qədim tarixi faktlardan biri Nadir şah Əfşarın dövrünə aiddir. "Gülüstani-İrəm" əsərində Abbasqulu ağa Bakıxanovun yazdığına görə, Dağıstana yollanan Nadir Altıağac istiqamətindən Dərəkəndə gedir və Dağıstan sərdarına ərzaq toplamaq barədə göstəriş verir. O, buradan oğlu Rzaqulu mirzəni Şabran yolu ilə Dərbəndə göndərir. Qoşun hissələri üç yerə ayrılır və Nadirin özünün başçılıq etdiyi dəstə Buduq və Xınalığa gedir, buradakı qaçaqları cəzalandırır. Həmin ərazilərdə qətl-qarət törədən Nadir qayıdıb Qubanın Gilyar adlı yerində öz ordusuna yetişir. Quba xanlığı dövrünə aid XVIII yüzilliyin sənədlərində göstərilir ki, Xınalıq kəndi Xınalıq mahalının mərkəzi olub. Həmin dövrdə xanlıq 10 mahala bölünmüşdü və həmin mahallardan biri Xınalıq idi. Tarixi ədəbiyyatda olan bir məlumata görə, Xınalıq mahalının kənd icmaları nəinki xəzinəyə vergi və mükəlləfiyyətlərdən azad idilər, hətta xandan bəxşişlər alırdılar.
F.F.Simonoviçin yazdığına görə isə, Quba malikanəsi 8 mahala bölünmüşdü. Buduq və Xınalıq həmin mahallardan idilər və hər biri 9 kəndi birləşdirirdi. İki mahalın ərazisi birlikdə, coğrafi mövqeyinə görə Dağıstan adlanırdı. Həmin mahallar Qonaqkənd, Yerfi, Cimi,Xaltan, Utuq, Dərk, Söhüb, Buduq, Zeyid, Cek, Qrız və Xınalıq kəndlərini birləşdirirdi. Bu kəndlərdə 950-yə qədər təsərrüfat mövcud idi. P.Q.Butkov da Buduq və Xınalıq mahallarını birlikdə "Quba Dağıstanı" adlandırır və bildirir ki, Buduq mahalı 13 kəndi əhatə edir, həmin kəndlərdə 387 təsərrüfat var. Buduq həmin kəndlərin ən böyüyüdür. Xınalıq mahalında cəmi 4 kənd birləşmişdi. Bunlar Xınalıq (200 ev), Qrız (180 ev), Cek (130 ev) və Əlik (100 ev) kəndləri idi.
Qubanın ticarət mərkəzi kimi şöhrəti artana qədər, XIX əsrin əvvəllərində xınalıqlıların əsas əlaqəsi Qəbələ vasitəsi ilə olub. XIX əsrin 40-cı illərində Buduğun inzibati-ərazi baxımından mövqeyi daha da genişlənir və kənd Anaqdarin, Buduq və Xınalıq mahallarından təşkil olunmuş sahə mərkəzinə çevrilir. Buduq sahəsinə 34 kənd (Anaqdarin və Xınalıq mahallarının hər birində 9 kənd və Buduq mahalında 16 kənd) daxil idi. Uzun illər gediş-gəlişin çətin olduğu bu məkanda yaşayan xınalıqlıların müasir dövrümüzə qədər varlıqlarını qoruyub saõlamalarının əsas səbəbi, məhz başqa õalqlarla inteqrasiyada olmamalarıdır. Ancaq buna baõmayaraq, onlar heç də Azərbaycanda və dünyada cərəyan edən başlıca qlobal hadisələrdən kənarda qalmayıblar.
Xınalıqlılar da Birinci və İkinci dünya müharibələrində, habelə Qarabağ müharibəsində iştirak edib, müharibənin digər iştirakçıları kimi onlar da ağır itkilərə məruz qalıb, Vətənin azadlığı uğrunda canlarını fəda ediblər. Xüsusilə 1941-1945-ci illərdə baş vermiş Böyük Vətən Müharibəsi onların demoqrafik inkişafına ciddi təsir göstərib. Belə ki, əsasən Quba – Qusar – Şabran zonasında 1941-ci ilin oktyabrında təşkil edilmiş 223-cü diviziyanının tərkibində müharibəyə yollananların çoxu cəbhədən doğma yurdlarına dönməyiblər. Lakin onların müharibədə iştirakı barədə lazım olduğu qədər informasiya toplamaq çox çətindir. Bunun əsas səbəbi indiyə qədər bu sahədə heç bir fundamental tədqiqatın aparılmamasıdır.
1987-ci ildə Azərbaycan SSR hakimiyyət orqanlarının xüsusi qərarına əsasən Xınalıq kəndinin qəsəbəyə çevrilməsi məsələsi Sentrosoyuzlayihə İnstitutunun Bakı filialına həvalə olunub. Arxitektorlar Xınalıq qəsəbəsinin baş planını və layihəsini hazırlayıblar. Həmin baş plana əsasən qədim Xınalıq kəndi tarixi dövlət qoruğu kimi saxlanılmalı və kəndin cənub sahilində qəsəbə salınmalı idi. Azərbaycan SSR Nazirlər Soveti tərəfindən Xınalığın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına dair verilmiş xüsusi sərəncamda ayrı-ayrı nazirliklər, idarə və təşkilatların yerinə yetirəcəkləri vacib vəzifələr konkret göstərilmişdi. Ancaq Azərbaycan SSR Nazirlər Sovetinin 23 sentyabr 1987-ci il tarixli sərəncamı tam icra olunmayıb.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 14 yanvar.- S.12