“İslahatlar da dərinləşdirilməlidir”
Qüdrət
Həsənquliyev: “Elə addımlar atmaq lazımdır ki,
insanlar dəyişiklikləri həyatlarında hiss etsinlər.”
Bütöv
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət
vəkili Qüdrət Həsənquliyev müsahibəsini
oxucularımıza təqdim edirik
-Prezidentin
sonuncu müşavirəsini sonadək dinləmək
imkanınız oldumu?
-Mətbuata
verilən hissəsini dinləyə bildim.
-Sizcə
cəmiyyətin gözlədiyi çoxsaylı sualların
hamısına cavab verildimi?
-Hesab edirəm
ki, problemlər barədə ciddi açıqlamalar verildi. Amma cəmiyyət həm də həmin problemlər
üzrə konkret addımların atılmasını gözləyir.
Çox təəssüf ki, bu addımlar
yubanır. Söhbət ondan gedir ki, dövlət
satınalmalarında şəffaflığın təmin
olunması, tenderlərin şəffaf şəkildə həyata
keçirilməsi, idxal-ixrac əməliyyatlarında , vergi
ödəmələrində şəffaflığın təmin
olunması, şişirdilmiş dövlət aparatının
ixtisar edilməsi, bir sözlə, bu günə qədər
Azərbaycan müxalifətini narahat edən və hər zaman
müxtəlif səviyyələrdə dilə gətirdiyimiz
məsələlərin həllinin çatdığı barədə
artıq prezidentin özü tərəfindən həmin sahələr
üzrə islahatların aparılmasına dair göstərişlər
verildi. Amma dediyim kimi konkret addımların
atılması lazımdır. Özü də
bu addımları elə atmaq lazımdır ki, 21 dekabr
devalvasiyasından sonra acınacaqlı duruma
düşmüş insanlar dərhal dəyişiklikləri
görsünlər və həyatlarında hiss etsinlər.
-Belə
bir hikmətli xalq məsəlimiz var ki, ağıllı
çırmanınca dəli vurub çayı keçdi.
Hökumət 20 gündür vəziyyətdən necə
çıxmaqla bağlı baş sındırsa da
işbazlar bir göz qırpımında qərar qəbul edərək
qiymətləri ceyranın belinə qaldırdılar...
-Qiymətlərin
qaldırılmasıyla bağlı mən hər zaman fərqli
fikirdə və mövqedə olmuşam. Bu günlərdə
mən “Amerikada ən çox nifrət olunan adam”
başlıqlı bir yazı oxudum ki, bir sahibkar, virus əleyhinə
bir dərmanın satış lisenziyasını almış
1 dollarlıq dərmanın qiymətini qaldırıb 786
dollara təklif edir. Hətta prezidentliyə namizədlər
Donald Tramp və Hillari Klinton da, eyni zamanda dərman
satışı üzrə beynəlxalq təşkilatlar da həmin
sahibkara müraciət ediblər ki, belə bir şey olmaz və
qiymətləri ucuzlaşdırmaq lazımdır, Amma
hökumət ona qarşı heç bir cəza tədbiri
görə bilmir. Ona görə ki, həmin
sahibkar öz malını o qiymətə satır. Sadəcə olaraq əldə etdiyi külli
miqdardakı qazancından dövlət büdcəsinə
adekvat olaraq kifayət qədər çox vergi ödəyir.
Yoxsa sən sahibkara deyə bilmərsən
malını filan qiymətə satmalısan. Bu artıq bazar iqtisadıyyatı olmadı ki. Qiyməti bazar tənzimləməlidir. Burada dövlət sadəcə olaraq rəqabət
mühiti yaratmalıdır ki, bazarda qiymət qalxmasın.
Nəhayət, insanlarımız
anlamalıdırlar ki, bazar iqtiadiyyatı olan ölkələrdə
qiyməti dövlət tənzimləmir. Dövlət
sadəcə Tarif Şurasının əliylə
inhisarçı şirkətlərin qiymətlərini müəyyənləşdirir.
Amma qalan digər hallarda müdaxilə yolverilməzdir
və bazar iqtisadiyyatının təməl prinsiplərinin
pozulmasıdır. Yəni sahibkar çox
pul qazanırsa adekvat olaraq büdcəyə də çox pul
ödəməlidir. İndi süni qiymət
artımı hamımızın leksikonuna düşüb.
Gəlin görək süni qiymət
artımı ilə bağlı Cinayət Məcəlləsində
hansısa maddə nəzərdə tutulubmu? Belə bir
maddə yoxdur ki, prokurorluq orqanları gedib hansısa sahibkara
“sən qiyməti artırmısan” desin. Bu
artıq dövlət özbaşınalığı olacaq.
Yəni dövlət sahibkarı qorxudaraq onun fəaliyyətinə
qanunsuz müdaxilə etmiş olacaq.
-Siz
qanunsuz müdaxilə hesab edirsiniz, amma Baş Prokurorluqla
İqtisadiyyat və Sənaye Nazirliyi birgə
ildırımsürətli tədbirlər planı
hazırladılar da, məsuliyyətə cəlb etməyə
sahibkar da tapdılar bir göz qırpımında...
-Hansı
tədbirlər planından spöhbət gedə bilər ki? Cinayət Məcəlləsini açıb
qarşımıza qoyaq ki, o sahibkar hansı qanunu pozub? Mən məhsul istehsal etmişəm, ona qiymət
qoymuşam. Tutaq ki, mən bir qələm istehsal edib onu
10 min dollara təklif edirəm, kim mənə
deyə bilər ki, onu 1 manata satmalısan? Bunun
harası bazar iqtisadiyyatı oldu? Sən
maya dəyəri 1 manat olan məhsulu min manata satırsansa əldə
etdiyin 999 manatın vergisini verməlisən dövlətə.
Dövlət də əldə etdiyi o vəsaitdən lazım
bilsə həmin məhsulu alana əlavə
kompensasiya verə bilər ki, alıcıya dəstək
vermiş olsun. Təbii ki, sən saxta yollarla
malın maya dəyərini şişirdirsənsə və gəlirini
gizlədibsənsə, o zaman cəzalandırıla bilərsən.
-Qüdrət
bəy, bilirsiniz ki, sahibkarı cinayət məsuliyyətinə
cəlb etmək üçün prokurorluq orqanlarının əlində
bir düjün bəhanələr var. Yəni prokurorluq
hansısa sahibkarı gözaltı edibsə onun qanı
batdı, eşələyib bir bəhanə tapmaq onların əlində
su içmək kimi asan bir şeydir...
-Ölkədə
qanunların aliliyindən söhbət gedirsə heç bir
sahibkar qiymətləri aşağı salmağa məcbur
edilə bilməız. Yaxud heç xaricdən
mal gətirməsin, ölkə daxilində məhsul istehsal
etsin, ona zorla “filan qiymətə satmalısan” demək olmaz.
Tutaq ki, bir sahibkar pomidor əkib becərib.
Deyə bilmərsən ki, bu pomidoru iki manatdan
satmalısan. Mən pomidor istehsal etmişəm,
bunun kiloqramını min manata satıram, almır almasın,
malım qalıb xarab olacaq. Sadəcə
sahibkar vicdanla vergi ödəməlidir dövlətə.
Mən bayaq Amerikadan misal çəkdim.
Görürsünüz, buna görə Amerika dünyada
iş görmək üçün ən rahat ölkələrdən
biridir. Yəni sahibkarlıq mühiti, biznesin
inkişafı üçün ən əlverişli ölkə
hesab olunur. Ona görə də bu ölkəyə
külli miqdarda investisiya qoyurlar. Hamı
bilir ki, əgər pul yatıracaqsa, deməli pul qazanmaq
imkanı olacaq və vergiləri vaxtlı vaxtında ödəyəcəyi
təqdirdə dövlət bir dəfə də onu qiymətlə
bağlı narahat etməyəcək.
-Dərmanlardan
söz düşmüşkən, 3 gün öncə
keçmiş baş prokuror Əli Ömərov Moderator.az-a zəng
edərək həyəcanlı və səhiyyə nazirinə
qəzəbli şəkildə bildirdi ki, 10 manata
aldığı “Tripliksam” adlı təzyiq dərmanını
25 manata alıb və qiymət fərqindən şoka
düşüb. Dərmanların yeni qiymətləri
təkcə onu yox, məmləkətin hər bir sakinini
şoka salıb. Tarif Şurası bu milləti
niyə umsuq edərək hamını doladı?
-
Çalışmaq lazım idi ki, Azərbaycana dərmanı
çoxsaylı şirkətlər gətirsin. O halda dərmanın
qiyməti o qədər qalxa bilməz. Hal-hazırda
harda ki, rəqabət var, idxal-ixrac əməliyyatı ilə
məşğul olan sahibkarlar malın üzərində 3-5
faiz pul qazananda sevinirlər. Amma harda ki, rəqabət
yoxdur, bayaq dediyim kimi 1 dollarlıq dərmanı 786 dollara
satanlar tapılacaq. Dövlətin borcu rəqabət
mühiti yaratmaqdır. Bir də əgər
şirkətlər arasında qiymət sövdələşməsi
varsa bu da cinayət məsuliyyəti yaradır. Çünki qanunvericiliklə şirkətlərə
qiymətləri öz aralarında razılaşdırmaq
qadağan edilib. Yoxsa sovet planlı təsərrüfat
sistemində olduğu kimi məhsulu filan qiymətə
satmağı tələb etmək bazar iqtisadiyyatından
imtina etmək olardı. Nəzərə
almalıyıq ki, artıq biz bazar iqtisadiyyatına
keçmişik və konstitusiya ilə sahibkarla müvafiq təminatlar
verilib.
- Biz
kağız üzərində bazar iqtisadiyyatına
keçmişik. Reallıqda isə iki sistemin arasındakı
məngənədə can veririk...
-Bilirsiniz,
aydın məsələdir ki, hər şey mükəmməl
deyil, amma bizim Konstitusiyamız var hansı ki, sahibkarliq fəaliyyətinə
və hər kəsin əmlakı üzərində sərəncam
hüququna təminat verir. Mən hər zaman
söyləmişəm ki, bazar iqtisadiyyatında bu qədər
dövlət mülkiyyəti olmaz. Son
dövrlər Qazaxıstanda çoxlu dövlət müəssisəsi
özəlləşdirməyə çıxarılıb.
Bu məsələni dəfələrlə
qaldırmışam ki, dövlətin çiynindən
ağır yük kimi asılmış dövlət şirkətləri
təcili olaraq özəlləşdirməyə
çıxarılmalıdır. Dövlət
universitetlərini, səhmdar cəmiyyətlərini, səhiyyə
obyektlərini, müalicə diaqnostika mərkəzlərini,
idman olimpiya komplekslərini özəlləşdirməyə
çıxarmaq lazımdır. Təsəvvür edin
dövlət mülkiyyətində olan müəssiəyə
kimlərəsə rəhbər təyin olunub, həmin səlahiyyət
sahibləri obyektləri öz dədəsinin malı
kimi istifadə edir, amma ona qayğı göstərən,
qoruyub saxlayan yoxdur. Ona görə də həmin müəssiələri
dərhal özəlləşdirmək lazımdır ki, onu
alan adam göz bəbəyi kimi qorusun,həm
pul qazansın, həm də dövlətin vergisini versin. Hələ ki, bunlar dağlıb sıradan
çıxmayıb, onları dərhal özəlləşdirmək
lzımdır. Sizi əmin edirəm ki, bir
neçə ildən sonra hökumət o mərkəzləri
təmir etməyə vəsait tapmayacaq. Sonda
da dövlət məcbur olacaq ki, dağıdılmış
həmin obyektləri su qiymətinə satsınlar. Ona görə də nə qədər ki, həmin mərkəzlər
normal vəziyyətdə və avadanlıqlar işləkdir,
özəlləşdirməyə çıxarılmalıdır.
-
Hökumət o zaman xaricdən borc alacaq...
-Mən
keçən dəfəki müsahibəmdə də sizə
demişdim ki, indi daxili resurslar hesabına vəziyyətin dəyişməsi
çətin olacaq. Onun üçün də
Azərbaycan Beynəlxalq Valyuta Fondundan, Dünya Bankından vəsaitlər
cəlb etməlidir. Bu vəsaitləri də
cəlb etmək üçün ilk növbədə ABŞ
və Avropa Birliyi ilə münasibətlər yüksək səviyyəyə
qaldırılmalıdır ki, əlverişli şərtlərlə
kreditlər ala bilək. Obama prezident
İlham Əliyevi Vaşinqtona dəvət edib. Hesab edirəm ki, prezidentin səfərinə qədər
beynəlxalq təşkilatların siyasi məhbus hesab etdiyi
şəxslər istisnasız olaraq azad olunmalııdır.
Yəni dövlət maraqları tələb edən
yerdə hakimiyyət öz vətəndaşlarına güzəştə
getməyi bacarmalıdır. Onsuz da Leyla və
Arif Yunuslar azadlığa çıxdı, onların
azadlıqda olması dövlətə, cəmiyyətə və
ya hakimiyyətə hansı təhlükə yaradır?
O baxımdan digərləri azadlığa qovuşsa hansı
təhlükə yarada bilərlər? Ona
görə də düşünürəm ki, bu istiqamətdə
müəyyən addımlar atılmalıdır və paralel
olaraq ölkədə siyasi islahatlar da dərinləşdirilməlidir.
Xalq Cəbhəsi.-
2016.- 14 yanvar.- S.3.