“Dədə Qorqud
kitabı” Azərbaycan dilindədir
Kitabın hansı dildə
yazılması mübahisə obyekti olaraq qalmaqdadır
Qorqudşünaslıqda
“Dədə Qorqud Kitabı”nın hansı
dildə yazılması mübahisə obyekti olaraq
qalmaqdadır. Elə buna görə də bu məsələ
ilə bağlı mövcud fikirləri saf-çürük
etmək, problemin həlli yollarını, onun görünən
və görünməyən tərəflərini müəyyənləşdirmək
zərurəti yaranır. İlk olaraq
qorqudşünaslıqdakı fikirlərə diqqət yetirək.
V.Bartold “Dastan”ın coğrafi
koordinatlarını məhz Qafqaz mühiti ilə əlaqələndirir
və belə qənaətə gəlir ki, Dədə Qorqud
adı ilə bağlı olan “Dastan”ın Qafqaz mühitindən
kənarda yaranması qeyri-mümkündür.
O.Gökyay “Kitab”ın dilindən bəhs edərkən əsası
olmayan, qeyri-dəqiq fikirlər irəli sürür: XIV əsrdə
Azərbaycan dili müstəqil bir dil kimi ortada yoxdur;
“Dastan”ın dili Azərbaycan və qədim Anadolu dillərinin
parçalanmadığı müştərək “səlcuq
dili” hesab olunmalıdır... Burada bir cəhəti də qeyd
etmək yerinə düşür: O.Ş.Gökyay
“Kitab”ın Azərbaycan dilində
yazıldığını tutarlı faktlarla arqumentləşdirən
türk alimlərinin mövqeyini də qəbul etmir. Bu hadisəyə
münasibət bildirən F.Zeynalov və S.Əlizadə
yazır: “O.Şaiq dastanların Azərbaycan dilində
yazıldığını iddia edən M.Ergini tənqid edir.
O, M.Erginin əlin qurusun, qulluq etmək, incimək, daşa
dönmək, əylənmək (durmaq), beşikkərtmə
və s. söz və ifadələri Azərbaycan dilinə aid
etməsinə etiraz edir. Bizcə, burada O.Şaiq haqlı
deyil...”;
Azərbaycan
qorqudşünaslığının təməlini qoyan
Əmin Abid “Əşirət dövründəki Azərbaycan
ədəbiyyatı haqqında vəsiqələr” adlı məqaləsində
“Dədə Qorqud” dastanını Azərbaycanda və
Şimali İranda yaşayan türklərin ədəbiyyatına
aid ən qədim vəsiqə adlandırır”;
B.Çobanzadə “Dədə Qorqud” dastanının tədqiqi
ilə məşğul olan ilk alimlərdən biri kimi dəyərləndirilir.
Burada A.Babayevin dəqiqləşdirdiyi iki faktı eynilə təqdim
edirik: “...Alimin Azərbaycan Milli Elmlər Akademiyasının
arxivində saxlanan şəxsi işindən öyrənirik
ki, alim 1933-cü ilə aid elmi-tədqiqat hesabatında
yazır: “Kitabi-Dədə Qorqud” dastanlarının dili”
adlı elmi-tədqiqat işini tamamlamışam”. Bu cür faktlar
onu deməyə əsas verir ki, Azərbaycan
qorqudşünaslığının əsası heç də
H.Araslı yox, Bəkir Çobanzadə, Əmin Abid kimi alimlər
tərəfindən qoyulub (hər iki alim repressiya qurbanı
olub – 1937-ci ildə öldürülüb); B.Çobanzadə
yazır: “Türk sistemli dillərdə bulunan epik mahiyyətli
və “Şahnamə” ilə, bizə görə, daha konkret və
sıx əlaqə saxlayan əsərlərdən də qədim
Azərbaycan türk dilində yazılmış olan “Dədə
Qorqud” kitabıdır. Əvvələn,
“Şahnamə” adının da göstərdiyi kimi, əsas
etibarilə İran şahlarının dastanı olduğu
halda, “Dədə Qorqud” oğuz xanlarının
dastanıdır”. B.Çobanzadə fikirlərini elə
dəqiq ifadə edib ki, əlavə izahlara ehtiyac qalmır:
“... qədim Azərbaycan türk dilində yazılmış
olan “Dədə Qorqud” kitabıdır”.
Ə.Dəmirçizadə
“Kitab”ın Azərbaycan dilində yazıldığını
bir neçə prizmadan təsdiqləyir: a) “Kitab”a türk
dastan yaradıcılığı kontekstində yanaşaraq
onun Azərbaycan türklərinə məxsus olduğunu əsaslandırır:
“Alpamış özbəklərin, “Alpamıs”
qazaxlarındır. İçərisində Alp-Bamsı, yəni
Bamsı Beyrəyə aid xüsusi boy olan “Kitabi-Dədə
Qorqud” dastanları isə azərbaycanlılarındır”;
b)“Dastan”ın yaranma, formalaşma tarixi ilə bağlı
maraqlı mülahizələr irəli sürür: “Buna
görə də biz deyə bilərik ki, “Dədə Qorqud”
dastanlarını IX-XII əsrlər arasında Azərbaycanda
ümumxalq Azərbaycan dilində azərbaycanlı dədələr,
ozanlar yaratmış və yaymışlar; çox güman
ki, təqribən bu dövrdə də həmin dastanlar
toplanıb yazıya köçürülüb “Kitabi-Dədə
Qorqud” düzəldilmişdir”; c)“Dastan”dakı qrammatik şəkilçilərə
istinad etməklə onun Azərbaycan dilində olduğunu
xüsusi olaraq vurğulayır: “-andə, -əndə (Hər
atanda on iki batman taş atardı). Bu şəkilçi
indi də Azərbaycan dilində canlıdır və digər
türk dillərindən Azərbaycan dilini fərqləndirici
bir əlamət kimi işlənməkdədir. Müəllifin hər üç tezisi bütün
parametrlərinə görə elmi və
inandırıcıdır.
M.Ergin “Kitab”ın dilindəki çoxsaylı antroponim və
toponimlərin Azərbaycanla bağlılığını
qeyd etməklə kifayətlənmir, eyni zamanda “Kitab”ın
leksikası, frazeologiyası, morfologiyası və sintaksisinin
daha çox Azərbaycan dili üçün səciyyəvi
olduğunu göstərir.
X.Koroğlu
“Oğuz qəhrəmanlıq eposu” əsərində “Dədə
Qorqud kitabı”nı təkcə Azərbaycan yox, həm də
türk, türkmən oğuznaməsi kimi səciyyələndirir
“Kitab”ın məhz Azərbaycan dilində
yazıldığı F.Zeynalov və S.Əlizadə tərəfindən
tutarlı faktlarla əsaslandırılıb. Burada yalnız
bir faktı xatırladırıq: “...Eyni sözü
“Sallaqxana” sözü haqqında da demək olar. O.Şaiq bu
sözün selx (ərəb) və xana (fars)
sözlərinin birləşməsindən ibarət
olduğunu, Azərbaycan dilinə qətiyyən aid
olmadığını söyləyir. Bizcə,
bu, Nəsimidə işlənən sallax (dəri soyan)
sözü ilə xana sözünün birləşməsindən
ibarətdir. Məsələn: Soyun, ey murdar sallaxlar Nəsiminin
tənini. Bu söz ancaq Azərbaycan dilində
“heyvan kəsilən yer” mənasında işlənir”.
Ş.Cəmşidov
“Kitab”ın dilindəki Bərdə, Gəncə, Əlincə
kimi toponimlərin müasir Azərbaycan toponimləri sistemində
eynilə işlənməsini göstərməklə
yanaşı, müasir Azərbaycan onomastikası
üçün səciyyəvi olan Alpan kəndi,
Bayındurlu kəndi, Dondarlı kəndi, Bayındır çayı,
Qazangöl düzü, Qaraçuq dağı və s. toponimlərin
“Kitab”ın dili ilə səsləşdiyini də əsaslandırmağa
çalışır. Ş.Cəmşidov “Kitab”ı
türkmən eposu hesab edən B.A.Karrıyevin əsərlərini
təhlil süzgəcindən keçirir, onun birtərəfli
mövqe tutduğunu faktlarla sübut edir: “B.A.Karrıyev
müxtəlif vaxtlarda yazdığı bu məqalələrdə
“Kitabi-Dədə Qorqud”u bütünlüklə türkmən
eposu elan edir və hətta Drezden nüsxəsinin guya türkməncə
yazılmış ilk orijinaldan “azərbaycancalaşdırılaraq
köçürülmüş nüsxə” kimi qələmə
verir... Əlbəttə, bu fikir tamamilə səhvdir.
Bütün ədəbi, etnik xüsusiyyətləri, dili,
hadisələrin coğrafi yeri və s. əlamətlərindən
aşkar göründüyü üzrə, “Kitabi-Dədə
Qorqud” tanıdığımız şəkildə, Azərbaycanda
formalaşıb qələmə alınıb...”
T.Hacıyev
“Kitab”ı Oğuzların tarixi coğrafiyası
koordinatları kontekstində izah etsə də, onu Azərbaycan
Oğuznaməsi hesab edir: “Şübhəsiz, dastan konkret zaman
kəsiyində yaranmadığı kimi, onu mütləq
coğrafi koordinata yerləşdirmək zorakılıq
sayılardı. Bu, oğuznamədir: oğuzlar tarixən müxtəlif
ərazilərdə dövlətlər yaratdığından
burada oğuzların tarixi coğrafiyasının izləri
görünməkdədir. Oğuzların tarixi
coğrafiyası, Sibiri çıxmaqla, təxminən
bugünkü türk dövlətlərini əhatə edir.
Həmin coğrafiyada çoxlu oğuznamələr
yaranıb. Əlimizdə olan əsər,
deyildiyi kimi, məhz Azərbaycan oğuznaməsidir”.
A.Axundov
“Kitabi-Dədə Qorqud” dastanını Azərbaycan
xalqının və onun dilinin abidəsi adlandırarkən
yazır: “Fonetik səviyyədə “Kitabi-Dədə Qorqud”da
bəzi səslərin, məsələn, b və m samitlərinin
söz başında (anlautda) müvazi işlənməsi
ümumdanışıq dilinin hələ tam
formalaşmadığını, yəni oğuz və
qıpçaq dilləri ünsürlərinin “mübarizəsinin”
hələ başa çatmadığını göstərir;
misallar: Xan qızı səbəbi nədir, degil maηa. “Hay Dirsə
xan, baηa qəzəb
etmə (yenə orada). Bu m//b müvaziliyinin ər-arvad
arasında özünü göstərməsi onlardan
birincisinin qıpçaq, ikincisinin isə oğuz
tayfalarına mənsubluğuna dəlalət edir və
dastanın qədimliyinə, oğuz və
qıpçaqların bir “dövlət daxilində”mi deyək,
hələ bərabər mövcud olduqları dövrünə
aid olmasını göstərir” . A.Axundova
görə, söz başında “m” samitinin işlənməsi
(maηa forması)
qıpçaq əsilli Dirsə xana, “b” samitinin işlənməsi
(baηa forması) isə
Dirsə xanın Oğuz əsilli xatununa aiddir. “Kitab”ın Drezden nüsxəsi, eləcə də
Zeynalov – Əlizadə nəşri (Bakı, 1988) müəllifin
fikir-lərinin düzgün olmadığını göstərir.
Belə ki, həm Dirsə xanın, həm də onun xatununun
dilində hər iki formanın işlənməsi
müşahidə olunur: Dirsə xanın dilində - “Bu qara
eyib baηa ya bəndəndür,
ya xatundandur”; “Xan qızı, səbəbi nədir, degil maηa!”; Dirsə
xanın xatununun dilində: “Hay Dirsə xan, baηa qəzəb etmə!”;
“Aslanla qaplana bir oğul yedirdiηsə, degil maηa!” Yeri gəlmişkən, “maηa” forması təkcə Dirsə
xan və onun xatununun dili deyil, ümumən “Kitab”ın dilində
üstün mövqedədir, “baηa” formasına isə az
rast gəlinir... Bu cəhət “mən” və “bən”
formalarında da özünü göstərir. Belə ki, “Kitab”ın dilində 403 dəfə mən,
54 dəfə bən forması işlənib.
“Kitab”ın
Azərbaycan dilində yazıldığını arqumentləşdirən
yuxarıdakı çoxsaylı faktların sırasına
aşağıdakıları da əlavə etmək lazım
gəlir: “Kitab”ın antroponimlər sisteminə daxil olub,
müasir Azərbaycan antroponimləri sistemində işlənməyən
adların bir hissəsi 1723-28-ci illərdə Osmanlı məmurları
tərəfindən tərtib edilmiş “Dəftəri-müfəssəli-əyaləti
Tiflis” adlı topluda eynilə işlənmişdir: Qorqud Mirzə
oğlu, Nəbi Dondar oğlu, Nəbi Xızır oğlu, Məhəmməd
Uruz oğlu, Bədirxan Qazan oğlu, Bamsı Çayam
oğlu, Pirməhəmməd Qaragünə oğlu və s.
(Tiflis əyalətinin müfəssəl dəftəri.
Borçalı və Qazax (1728-ci il).
Müasir Azərbaycan antroponimləri sistemində işlənməyən
Bamsı, Qazan, Qaragünə, Dondar, Uruz kimi şəxs
adlarının 1723-28-ci illərə aid sənədlərdə
işlənməsi “Kitabi-Dədə Qorqud” motivlərinin ən
azı XVIII əsrə qədər xalqımızın folklor
yaddaşında yaşamasından xəbər verir. Qeyd edək ki, bu cür
faktlara Türkiyə və Türkmənistan tarixində rast gəlinmir;
“Kitab”ın poetik strukturundakı “...Aydan arı, gündən
görkli qız qardaşıη Banıçiçəgi//Bamsı
Beyrəgə diləməgə gəlmişəm”
misraları ilə bitən sintaktik bütöv Oğuz elində
elçiliyin (qız istəmənin) poetik dillə ifadəsidir.Həmin
sintaktik bütöv müasir Azərbaycan etnoqrafiyasında
nisbətən dəyişikliyə uğramış şəkildə
mühafizə olunur: “...Gəlin aparmağa gəlmişik! Dirəyinizi
qoparmağa gəlmişik// Ürəyinizi qoparmağa gəlmişik”.
Forma və semantikasına görə “Kitab”la səsləşən
bu tip parçalara türk, türkmən və qaqauz ədəbiyyatında,
demək olar ki, rast gəlinmir. Göründüyü
kimi, bu faktlar “Kitab”ın məhz Azərbaycan dilində
yazıldığını müxtəlif bucaqlardan təsdiqləyir.
Əzizxan
Tanrıverdi,
filologiya üzrə
elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2016.- 16 yanvar.-
S.14