20 Yanvar faciəsi:
zamandan ötə şəhidlik
Bu faciə daha çox
musiqidə ifadəsini tapıb
Azərbaycan tarixində ən dəhşətli faciələrdən
sayılan 20 Yanvar mövzusu ötən illərdə
ağlı kəsən hər bir kəsi dərindən
düşündürüb. Xalq daim yaşayır,
yaşayacaq. Fərd zamandan, gerçəklikdən
üstün olmalıdır ki, xalqı yaratmaq qüdrətinə
çatsın, faciəni aşa bilsin. O zaman biz
dünyanın indiki qarışıq əhvalını
aşıb özümüzü təsdiq edə bilərik. Fərdin faciəsi özünə yetə bilməməsindən,
özünü tapmamasından başlayır. Fərd özünü yaratmırsa, xalq da
yaranmır. Millətin zəif, ya
güclü olmasından asılı olmayaraq hər bir millətin
aqibətinə faciə gəlir. Heç
bir xalq faciədən sığortalanmayıb. O da olsun
ki, çağdaş dünyada faciənin çeşidləri
çoxdur.
20 Yanvar faciəsinə kimi imperiya Moskva ermənilərlə
birləşib Sumqayıt hadisələrini
yaratmışdı. SSRİ kimi böyük imperiyanın
çöküşü artıq içəridə
başlamışdı. Yenidənqurma
oyunu tüğyan edirdi. Ancaq təəssüf ki, bizi
gözləyən faciələrə hazır ola
bilmədik. Faciələrimiz sıralandı.
1990-cı
ilin 20 Yanvar faciəsi bir sıra cəhətləri üzə
çıxardı: ölkənin mərkəzinin
amansızcasına işğalı, suçsuz insanların
faciəvi aldanışı və qətli, imperiyanın əsl
üzünün görünməsi, xalqımızın
sarsılması, imperiyaçılığa qarşı
mübarizə... Əslində faciəmizdən
güc ala bilmədik. Bu səbəbdən
də hiddətimiz parçalandı, yeni faciələrlə
sonuclandı. 20 Yanvardan sonra baş verən
Xocalı faciəsi buna aydın misaldır.
Faciə maddi itkidən çox mənəvi itki
yaradır. Daha çox mənəvi boşluqdan yaranır faciə.
Millət gerçəklikdən üstün ola
bilmirsə, bu, mənəvi uçurumun dərinliyindən
yaranır. Faciə güclü millətə gəlsə
də, içində otura bilmir. Zəif
milləti isə içəridən dağıdır.
Milli faciə kimi yaddaşımızda dərin kök
salmış 20 Yanvar haqqında mahiyyət üstə
ardıcıl düşünmək gərəkdir. Tarixi faciələrimiz
sırasında Babəkin qətli ayrıca yer tutur. Yalnız Babəkin qətlindən sonra ruhumuz ərəbçiliyə
yenildi, milli özgürlüyümüz əlimizdən
alındı. Növbəti faciəmiz
Çaldırandır. 1514-cü ildə
Osmanlı hökmdarı Sultan Səlimlə Səfəvi Azərbaycan
hökmdarı Şah İsmayıl Xətayi Təbriz
yaxınlığındakı Çaldıran düzündə
üz-üzə gəldi. Əslində bu
savaşda qalib olmadı. “Türkmənçay”
faciəsi nəticəsində Azərbaycan ikiyə
parçalandı. Azərbaycan Xalq
Cümhuriyyətinin devirilməsi isə tarixi taleyimizdə
daha bir faciənin əsasını qoydu. 20-ci
yüzildə daha iki dəhşətli faciə
yaşadıq. Bunlardan biri 1990-cı ildə
baş vermiş 20 Yanvar faciəsidir ki, bu yazının
başlıca mövzusudur. Hələlik
sonuncu böyük faciəmiz isə 1992-ci ildə baş
vermiş Xocalı qırğınıdır.
SSRİ imperiyasının çöküşü zamanı
xalqımızın başına gələn faciələr
gözlənilən idi. Əgər xalq gözlənilməz məqamlara
hazır ola bilirsə, az itki verir. Yox, hazır olmursa, 20 Yanvar kimi böyük faciələr
yaranır. Düzdür, imperiya öz istəyilə
tarixdən silinmək istəmir, sonacan zorunu göstərməyə
çalışır. Deməli, biz gözlənilən
faciəvi məqamlardan mümkün qədər az itki ilə, mənəvi
sarsıntısız çıxa bilərdik.
Dünyanın siyasət halqası getdikcə
böyüyür, hər bir xalqın tarixi taleyində daha da
acılı-ağrılı izlər qoyur. Tarix boyu bir
olmamağımız üzündən torpaqlarımız
dünyanın böyük güclərinin əliylə
alınıb-satılıb. 20 Yanvar tarix
boyunca başımıza gələn faciələrin son
dönəmlərdə təkrarlanan ən üzdəki ifadəsidir.
Faciə insanı dağ da edə bilər,
dağıda da bilər. Faciədən, fəlakətdən
böyümək, güc almaq gərək.
Əslində faciəmizdən güc ala bilmədik. Bu üzdən
də hiddətimiz parçalandı. Hiddətimiz
naşı nikbinliklə birləşdi və faciə ilə
sonuclandı. Faciələr selində
adamların ehtirasları coşdu. Bəziləri
üçün xalqın azadlığı uğrunda
mübarizə hakimiyyət uğrunda mübarizə demək
oldu.
Faciə maddi itkidən çox, mənəvi itki
yaradır. Daha çox mənəvi boşluqdan yaranır faciə.
Millət gerçəklikdən üstün ola
bilməyəndə, mənəvi uçurum dərinləşəndə
faciə yaranır. Faciə güclü millətə
gəlsə də, içində oturuşa, onu dağıda
bilmir. Zəif millətisə içəridən
dağıdır, ürəyində yara olur.
Həmişə
düşünmüşəm: bu boyda faciələrdən
sonra bir xalq olaraq niyə yox olmadıq? Çünki
möhtəşəm fitrətimiz, ruhumuz bizi ölməyə
qoymadı. Xalqın bundan sonrakı
yaşamı, özünütəsdiqi yolunda da daim
özündən keçən fərdlər, yəni şəhidlər
olmalıdır.
20 Yanvar hadisələri zamanı ictimai dəfn
komissiyasının sədri olmuş professor Qüdrət
Əbdülsəlimzadə 20 Yanvarla bağlı ayrıca
kitab yazıb.
Onun fikrincə, tarixi "belə eləsəydik, elə
olmazdı" meyarlarıyla dəyərləndirmək
düzgün deyil: "Tarixdə hər hansı hadisə bir
dəfə olur. Ümumiyyətlə, faciənin özündə
də işıqlı cəhətlər var. O zaman Türkiyənin,
İranın, Amerikanın, İngiltərənin, Fransanın
özündə doğrudan da, bizə ağlayan yox idi. Ancaq ədalət üçün deməliyəm
ki, "Qardian", "Nyu-York Times" və
başqalarında 20 Yanvarla bağlı doğru yazılar dərc
olunmuşdu. Bu da yalnız xarici mətbuatın
müstəqiliyi ilə bağlı idi. Onlar
Moskvaya qarşı doğru ittihamlar yazmışdılar,
etirazlarını bildirmişdilər. Düzdür,
dünya bizə ağlamadı, ancaq aydın düşüncəlilər
öz fikirlərini dedilər. Məsələn,
Türkiyənin rəsmi hakimiyyəti hələ heç nə
deməmişdi, ancaq Məsud Yılmaz öz etirazını
bildirmişdi. "Nyu-York Times" qəzetindən
gələn müxbir mənə müraciət etdi ki, deyirlər,
burada fundamentalizm var, doğrudurmu? Mən də bircə
fakt dedim. Söylədim ki, fundamentalist olan bir
xalq rusu, ləzgini öz ölüləriylə birgə
basdıra bilərmi? Güney Amerikadan da
ispandilli bir jurnalist gəlmişdi. O deyirdi: "Bizə
Moskvada Azərbaycan haqqında ayrı məlumat vermişdilər.
Guya burada qırılanlar hamısı
narkomanlardır, siz yırtıcı millətsiniz. Mən hər şeyi öz gözlərimlə
gördüm. Sizin millət necə təmkinlə
bu hadisəni yaşaya bildi". Q.Əbdülsəlimzadə
bu hadisələr zamanı imperiyanın əlində alət
olan ermənilərin sabahına qəti şəkildə
inanmadığını deyir: "Kökü, torpağı
olmayan, onun-bunun əlinə baxan, diaspordan dilənən,
getdikcə azalan bir millətin bu gün tutduğu yol ona şərəf
gətirməyəcək. Belə bir xalqın heç vaxt gələcəyi
ola bilməz".
Şair Qəşəm
İlqar Ruhdaş deyir: "20 Yanvar hadisəsindən sonra
eyniadlı cəmiyyət, fond və qəzet yaradıldı. Onda mən "20 Yanvar" qəzetində baş
redaktorun birinci müavini vəzifəsində
çalışırdım. 20 Yanvar faciəsinə
aparan hadisələr vardı. Məsələn,
1986-cı ildə Filarmoniyada jurnalistlərin qurultayı
keçirilirdi. Moskvadan - Mərkəzi
Komitədən Mixaylov soyadlı bir nəfər orda iştirak
edirdi. Gəncədən gələn Nüşabə Məmmədova
adlı bir xanım dedi ki, gəncəlilər adından
jurnalistlər qurultayına təklif edirəm, Kirovabad adı
götürülsün, Gəncəmizin adı özünə
qayıtsın. Bunu deyəndə Azərbaycan KP MK-nın
birinci katibi Kamran Bağırov yerindən dik atıldı, əsəbi
şəkildə onun sözünü kəsdi ki, belə
şey ola bilməz. Heç Mixaylov bilmirdi
ki, söhbət nədən gedir...
1982-ci ildə Zori Balayanın "Ocaq" kitabı
çapdan çıxmışdı. Həmin o
kitaba bir neçə adamın sərt münasibətli
yazısı vardı. O cümlədən Eldar
Baxış da bir şeir yazmışdı. Onun
şeirini "Ədəbiyyat və İncəsənət"
qəzetində düz 1986-cı iləcən saxladılar.
Sonra öyrəndik ki, o şeirin getməməsi
ilə bağlı Mərkəzi Komitədən
tapşırıblarmış. 1990-cı
il yanvarın 13-dən 19-a qədər indiki Prezident
Aparatının qabağında mitinqdə olmuşam".
Yeri gəlmişkən, qeyd edək ki, xalqın
yaşamını özündə bütünlüklə
ifadə edən folklorumuzda faciəvilik mövzusu son dərəcə
nikbin əks olunub. Xüsusən faciəvilik mövzusunun
daha çox ifadə olunduğu bayatılarımızda bir
xalq olaraq zarımağımız yoxdur, əksinə, faciəviliyimizi
aşmaq qüdrətimiz, inamımız, inadımız var.
Faciəvilik dünyanın gedişatındadır, bəşərin,
xalqın mayasında deyil. Deməli, faciəvilikdən
bir xalq olaraq üstün olmaq imkanımız var və bu
imkanı gerçəkləşdirməliyik. Bir millət olaraq ömrümüzün müəyyən
məqamlarında özümüzdən ayrılsaq da, ruhumuz
bizi daim kökləyib, məhv olmağa qoymayıb. Bu mənada ümid səsi olan musiqi bizə daim faciələrimizdən
güc almaq dərsi öyrədir. Musiqi qədər
insanın ruhunu qanadlandıran, yaşadan möcüzə
yoxdur. Tərəddüdsüz demək
olar ki, 20 Yanvar Faciəsi daha çox musiqidə ifadəsini
tapıb.
Azərbaycan bəstəkarlarının çoxu 20
Yanvar mövzusunda əsərlər yaradıblar. Bu əsərlərin
nümayişi də uğurlu olub. Vasif Adıgözəlovun
"Qarabağ şikəstəsi" oratoriyası, Azər
Rzayevin "Bakı-90" simfoniyası, Məmməd Quliyevin
"Xor və orkestr üçün "Matəm
harayı" və başqa əsərlər bu
sıradandır. Bəstəkarlarımız həm
simfonik əsərlər, simfonik poemalar, vokal instrumental əsərlər,
kantatalar, həm də mahnılar, fortepiano üçün əsərlər
yazıblar. Cövdət Hacıyevin
"Şəhidlər simfoniyası" var. Habelə Oqtay
Kazımi da bu adda sinfoniya yazıb. Ramiz Mustafayevin "Bu
qan yerdə qalan deyil", Mobil Babayev kantata, Aydın Əzim Kərimoğlu
orkestr üçün "Qətl günü", Sərdar
Fərəcov simfonik poema, Sevda İbrahimova səs bariton və
orkestr üçün vokal simfonik "Vətən şəhidləri",
Arif Mirzəyev orqan üçün "Yanvar mərsiyələri"
yazdı. Eyni zamanda bəstəkar Faiq
Hağıyev "Şəhidlərdən şəhidlərə"
filminə musiqi yazıb. Professor Ramiz
Zöhrabovun fikrincə, Cavanşir Quliyevin xor
üçün "Şəhidlər"i gözəl
alınıb. 20 Yanvar faciəsi mövzu
kimi mahnı yaradıcılığına da təsir edib.
Emin Sabitoğlu Bəxtiyar Vahabzadənin sözlərinə
"Şəhidlər ağısı" yazdı. 1991-ci ildə Vasif Adıgözəlov Fikrət
Qocanın sözlərinə "Bir şərqi de"
yazıb. Faiq Sücəddinov fortepiano
üçün xüsusi bir əsər yaradıb. O, həm
də gözəl pianoçu kimi "Şəhidlər
Xiyabanı" adlı əsərdə bəstəkar
duyğularını ifadə edib. Ruhəngiz Qasımovanın
"Şəhid oğullara" mahnısı, Hacı Xanməmmədovun
Əzizə Cəfərzadənin sözlərinə
(bayatılarına) yazdığı "Əlimdə
sazım ağlar" adlı əsəri də yaddaqalan
nümunələrdəndir.
Uğur
Xalq Cəbhəsi.- 2016.- 20 yanvar.-
S.14.