Kutadqu bilik”də dövlətçilik

 

Qədim türk dövlətçilik fikrinin geniş əks olunduğu yazılı abidələrdən biriYusif Xas Xacib BalasaqunlununKutadqu bilik” əsəridir. Kaşqarlı Mahmudun “Divan”ı ilə təxminən eyni vaxtda yazılmış “Kutadqu biliktürk xalqlarının ədəbiyyatında ilk poema kimi xüsusi bir ədəbi mövqeyə malikdir. Yusif Balasaqunlu bu əsəri on səkkiz ay müddətində yazaraq 1069-cu ildə doğma şəhəri olan Balasaqunda (Kuz-Orda) tamamlayıb. Əsər Qaraxani hökmdarlarından olan Tafqaç Buqra Qaraxan əbu Əli Həsən ibn Süleyman Arslan Qaraxana həsr edilibXaqan da bu əsəri yüksək qiymətləndirərək onun müəllifinə “xas hacib” fəxri adı verib.

Əsərin dilüslub baxımından Kaşqarlı “Divan”ı ilə səsləşdiyini, Firdovsinin “Şahnaməsi” kimi əruzun mütəqarib bəhrində yazıldığını qeyd edən Ə.Səfərli və X.Yusifov yazır: Kutadqu bilik” əxlaqi-didaktik əsərdir. Şair türk xalqlarının zəngin şifahi ədəbiyyatından, lətifə və məsəllərindən, rəvayət və dastanlarından istifadə etməklə öz əxlaqi-fəlsəfi mülahizələrini irəli sürüb, öz dövrü üçün ədəbi-tərbiyəvi əhəmiyyətə malik olan bir əsər yaradıb”. Əsər orta əsr ənənələrinə uyğun olaraq Allahın, peyğəmbərin və dörd xəlifənin tərifi ilə başlanır, dini-fəlsəfi baxışların ifadəsinə geniş yer verilir, Həsən Buğra xan tərif olunur. Münazirə şəklində qurulan poemada dörd personaj arasında söhbət gedir. Bunlardan xaqan Gündoğdı ədaləti, qanunu, onun vəziri Aytoldı səadəti, Aytoldının oğlu Ögdülmüş ağlı, zəkanı, qardaşı Odqurmuş isə taleyi, aqibəti təmsil edir”. Şair ağıla, zəkaya,elmə, biliyə, xeyir əməllərə çağırır. Əsərin məzmunundan aydın şəkildə görünür ki, “təsvir olunan ayrı-ayrı hekayə və rəvayətlərdə, personajların mübahisə və məktublaşmalarında şairin zəmanəsini düşündürən bir sıra ictimai-siyasi və əxlaqi məsələlərə toxunulur. Dövlət və hökmdar, hökmdarxalq, dövləti idarə etmək üsulları, dünya nemətləri və onlardan istifadə etmək yolları və s. məsələlər haqqında mütərəqqi fikirlər irəli sürülür. Şərab içmək, qumar oynamaq, tiryək çəkmək, yalan danışmaq, ikiüzlülük, inadkarlıq və lovğalıq kimi mənfi sifətlər pislənilir. Bunların əksinə olaraq düzlük, xeyirxahlıq, təmizlik, sədaqət, fədakarlıq, mərdlik, nəciblik və s. kimi gözəl xüsusiyyətlər yüksək tutulur. Hər bir insanda bu keyfiyyətlərin olması zəruri sayılır. Balasaqunlu Yusif dövlət işlərində çalışan bəy, vəzir, hacib, sərkərdə, xidmətçi və başqalarının vəzifələrini aydınlaşdırır, onlara yol göstərir, ibrətamiz hekayə və misallarla öz fikirlərini möhkəmləndirir. Şairə görə, hökmdar hər şeydən əvvəl xalqın rəğbətini qazanmalı, xalqın ürəyinə yol tapmalı, qaçaq-quldurlarla mübarizə aparmalı, məmurları öz ləyaqətinə görə mükafatlandırmalı, bilikli və mərifətli adamlara arxalanmalı, cahil və namərdlərdən isə uzaqlaşmalıdır”. Yusif Balasaqunlunun əsərində yaradılmış hökmdar surəti xalq yaradıcılığındakı dövlətçilik düşüncələrindən qaynaqlanır və bu kimi əsərlərdə artıq ədəbiyyata daxil olur. “Yusifin ədalətli hökmdar surəti olan Xaqanı kimi Nizaminin İsgəndərini də təxminən eyni məsələlər düşündürür. Hər iki hökmdar bütün həyatları boyu səadət, xoşbəxtlik haqqında düşünüb-danışır, həqiqət axtarırlar. Şər qüvvələrə qarşı çıxaraq cəmiyyətin işıqlı qüvvələrinə pərəstiş edir, həyatın əsil mənasını bilik əldə etməkdə görürlər. Xaqan kimi Bəhram da ölkəni yaxşı idarə etmək üçün yollar axtarır və bu işdə ağıllı. tədbirli adamlara ehtiyac duyur, onlarla hesablaşır”. Xalq yaradıcılığının və xalq müdrikliyinin zəngin örnəklərini özündə birləşdirən bu kitab qeyd olunduğu kimi, dörd əsas təməl üzərində qurulub. Bunlardanbirincisi ədalət, ikincisi dövlət, üçüncüsü ağıl, dördüncüsü isə qənaətdir. Müəllif bunların hərəsinə türkcə birər ad verib. Ədalətə Gündoğdu Elik (hökmdar – tərc.) adını verərək, onu padşah mərtəbəsində tutub. Dövlətə Aydoldu adını verib, vəzir məqamına qoyub. Ağılı Öydülmüş adlandırıb vəzirin oğlu və qənaətə Odqurmuş adını verib, vəzirin qardaşı hesab edib. Müəllif öz fikirlərini onlar arasında sual-cavab şəklində ifadə edib ki, oxuyanın könlü açılıb müəllifi xeyir-dua ilə yad etsin”.

Kitab müdrik kəlamlar toplusunu xatırladır. Burada çoxlu sayda atalar sözü işlədilib. Bununla müəllif xalqın dövlətçilik ənənəsinin təməlində dayanan mənəvi ehtiyatları bir daha səfərbər edib, onu hökmdarların istifadə etdiyi kitabında cəmləşdirib. Kitab dövlət, dövlət başçısı, məmurlar, xalqı idarə etməyin humanist prinsipləri necə olmalıdır sualına çox geniş dolğun şəkildə cavab verir. Burada dövlət başçısı bəydir. Bəy, başqa sözlə dövlət başçısı necə olmalıdır sualının cavabı belə verilir:

 

Bəy nəcabətli nəsildən olmalıdır,

Bəy igid, cəsur, qəhrəman, şirürəkli olmalıdır.

 

Atası bəydirsə, oğul bəy doğular,

O da ataları kimi bəy olar!

 

Bəy bilikli ağıllı olmalıdır,

Comərd xoşxasiyyət olmalıdır.

 

Bəylər biliklə xalqa baş oldular,

Ağılla elin işini gördülər.

 

Bəy adı bilik sözü ilə bağlıdır,

Biliyin lamı getsə bəy adı qalar”.

 

Kitabda dövlət başçısı olmağın zəruri xarakterik xüsusiyyətləri ilə yanaşı məqbul sayılmayan cəhətləri göstərilir:

 

Sərvəti əldə etmək üçün xalq varlı olmalıdır,

Xalqın varlı olması üçün yaxşı qanunlar lazımdır.

 

Bunlardan biri unudulsa, dördü puç olar,

Dördü unudulsa, bəylik puç olar.

Adı-sanı yayılsın deyə bəy

Bu beş şeydən uzaq olmalıdır.

 

Birinci - tələsmək, ikinci - xəsislik, üçüncü - qəzəb,

Bunlara heç vaxt məğlub olma, müqavimət göstər.

 

Bəyə əsla yaraşmayan dördüncü şey inaddır,

Yaramaz şeylərin beşincisi isə yalançılıqdır”.

 

Elin, yəni dövlətin əsasının möhkəmliyi üçün verilən nəsihətlərdə deyilir:

 

Elin dirəyi, təməli sağlamlığı,

Əsası kökü iki şeyə bağlıdır:

 

Bunlardan biri xalq üçün yaxşı qanun,

Digəri isə xidmətçilərə verilən gümüşdür.

 

Xalq qanun sayəsində sevinc içində yaşamalı,

Pulu görən xidmətçilərin üzü gülməlidir.

 

Bu ikisi bəydən razı qalsa,

Bəyin eli nizamlı olar, bəy rahat olar.

 

Əgər bəy xalqa qanun verməsə,

Xalqı qorumasa, xalqı talasalar,

O bəy xalqın içinə od atmış olar,

El dağılar, bəyliyin təməli yıxılar.

 

Hansı bəy əsgərlərin sevindirməsə,

Onda qılınclar qından çıxmaz”.

 

Qutadqu bilikəsərində xalq yaradıcılığından gələn xalqın dövlətçilik haqqında düşüncələrinin ən zəngin nümunəsini görürük. Kitabın əsas məqsədi qayəsi dövlətçilikr, məmur vətəndaş tərbiyəsidir. Əsər türk dövlətçiliyinin yüksək mənəvi-əxlaqi keyfiyyətlərini təbliğ edir.

 

Ağaverdi Xəlil

araşdırmaçı

Xalq Cəbhəsi.- 2016.- 22 yanvar.- S14.