Mustafa Haqqi Türkəqul

 

Azərbaycan musiqisi

 

I yazı

 

Azərbaycan musiqisi o qədər dərin və zəngin mövzudur ki, bunu haqqı ilə anlatmaq üçün cildlərlə kitab yazmaq lazım gəlir. Biz burada məhdud konfrans saatımızda Azərbaycan musiqisinin ana xətlərini izah etməyə çalışacağıq. Müvəffəq olarıqsa, nə mutlu bizə! Babalarımız musiqi üçün ruhun qidası deyibər. İnsanların gündəlik həyatında havaya, suya, qidaya ehtiyacları olduğu kimi, ədəbiyyata, gözəl sənətlərə və musiqiyə də ehtiyacları var. Musiqi kədərin və düşüncənin tərcümanı olduğu qədər nəşənin və sevginin də tərcümanıdır. Pifaqora görə, musiqi bir-birinə bənzəməyən müxtəlif səslərdən meydana gələn bir konsertdir. Bir ingilis ata sözündə deyilir ki: “Musiqi hər günkü həyatın ağırlığını ruhdan silib aparır”. Məşhur yunan filosofu Əflatuna görə, idman bədən üçün nədirsə, musiqi də ruh üçün odur. Tanınmış maarifçilərdən Jan Jak Russo isə deyir ki: “Musiqi səsləri qulağa xoş gələcək bir şəkildə tərtib etmək sənətidir”. Dualizm məktəbinin banisi filosof Kant isə: “Musiqi səslər vasitəsiylə bir-birinin təqib edən gözəl hissləri ifadə etmək sənətidir”, – deyir. Azərbaycanın milliyyətçi şair və dramaturqu mərhum Cəfər Cabbarlı daha irəli gedərək, daima: “Ney çalınarkən, ölülərin dirilmədiklərinə təəccüb edirəm!..” – deyərdi. Bizcə, musiqinin ən gözəl tərifini Azərbaycan şairi Əliağa Vahid aşağıdakı şeirlə verib:

 

Musiqi məclisinin türfə əlamətləri var,

Qulaq as musiqiyə, gör nə hekayətləri var!..

Musiqisiz yaşayanlar olamaz tərbiyəli,

İncə sənətçilərin, gör, nə nəzakətləri var.

Musiqi ağladır həm, güldürür həm insanı:

Canlı bir cism kimi əqlü-fərasətləri var.

Qələm acizdir yaza musiqinin tarixini,

Çünki onda bəşərin zəhmət əlamətləri var.

 

Musiqinin mənşəyi, heç şübhəsiz ki, bəşər tarixi ilə başlar. İnsanlar vəhşi halda yaşarkən belə musiqiyə ehtiyac duyublar, ibtidai şəkildə də olsa, musiqiyə sahib olublar. İnsanlıq tarixində ilk musiqi əlamətləri müxtəlif tanrılara tapınmaq, niyaz və dua etməklə başlar. Bu dövrdəki musiqini iki qismə ayırmaq olar: Birincisi, tövr, yəni rəqs sənətidir ki, nəşənin ifadəsidir. İkincisi, səsli söz sənətidir ki, duadan doğub. Bəzən bu ikisi birləşərək bütün dinlərdə istifadə edilib. Dövrümüzə qədər gələn qədim əsərlər və arxeoloji araşdırmalar qədim yunanların, misirlilərin, şumerlərlə digər türklərin və çinlilərin yüksək musiqi kültürünə sahib olduqlarını göstərir. Rəvayətə görə, əski yunan qəhrəmanlarından Orfe öz rübabının nəğmələriylə yalnız insan və heyvanları deyil, ağacları, qayaları da vəcdə gətirirmiş. Orfedən min il əvvəl yaşamış olduğu təxmin edilən çinli bir musiqiçi deyib ki, mən kin alətini çaldığım vaxt heyvanlar mənim nəğmələrimdən bayılaraq ayaqlarıma qapanırlar. Yenə qədim yunan əfsanələrinə görə, ormanlar kraliçası Sirinks Pan adını daşıyan ilahinin tərkibindən qurtulmaq üçün su pərilərinə müraciət edib. Su pəriləri cadu edərək, onu qamışa çevirirlər. Rüzgarın nəfəsləri ona toxunduqca həzin-həzin ötməyə başlayır. Bunu duyan Pan qamışı qopararaq öz nəfəsilə ondan bir sıra ilahi nəğmələr çıxarmağa başlayır və beləcə ney meydana gəlir. Əski əsərlərdə yazıldığına görə, Süleyman peyğəmbərin məbədində tütək və s. musiqi alətləri çalan minlərcə rahib hazır olurmuş və mehrab önundə şərqi söyləyərək ibadət edərlərmiş.

Türk musiqisinin tarixi miladdan çox öncə başlayır. Miladdan bir neçə əsr öncə və yüzlərcə il sonra Sarı dənizdən Ağ dənizə qədər yayılan geniş ərazidə hökm sürmüş olan türk qövmləri yüksək bir musiqiyə sahib olublar. Bəzi Çin tarixçilərinin etiraf etdiklərinə görə, miladdan çox öncə türk qövmləri at üzərində çalınan əsgəri musiqiyə, müxtəlif musiqi alətlərinə, səyyar musiqişünaslara (qopuzçulara) malik olublar. Hətta Çin saraylarına belə türk musiqisini daxil ediblər. Professor Fuad Köprülü “Milli Tətəbbular” məcmuəsinin 4-cü sayında: “Türk musiqisinin ən əski şəklini baxşı-ozanların qopuzla çaldıqları dini, sehirbazanə nəğmələrdə aramaq lazım gəlir”, – deyir. Yenə profesor Fuad Köprülüyə görə, türklərdə ilk musiqi – şeir, musiqi və rəqsin birlikdə ifa¬sıyla tərənüm edilirdi. Lakin şeir ilə musiqi daha uzun zaman, hətta dövrümüzə qədər bərabər yaşamışlar, yəni ozan ilə qopuzçu bir-birini tamamlamışlar. Qədim türklərdə musiqi və oyun çox yayılmışdı. Çin müəlliflərindən Vang Yen Te əski bir türk qəbiləsi olan Turfanların səyahətə çıxdıqları zaman musiqi alətlərini yanlarında daşıyacaq qədər musiqiyə düşkün olduqlarını söyləyir. Professor Fuad Köprülünün yuxarıda adı keçən yazısında qeyd edildiyi görə, türklər arasında hələ islamiyyətdən çox əvvəl dini mahiyyətə malik musiqidən başqa, qüdsiyyət hissini buraxaraq, tamamən bədii bir mahiyyət almış başqa bir musiqi də mövcud imiş. Şairlər əllərində qopuzları topluluqları dolaşır, əski mənqibələr anladır və ya yeni hadisələrə yeni şərqilər qoşardılar. Əsrlər boyunca türk musiqisi Çin və Orta Asiya saraylarında hökm sürüb, türk və çinli musiqiçilər tərəfindən tərənnüm edilib. XI əsrə doğru türk təsirindən və beləliklə, türk musiqisinin təsirindən qurtulmuş kimi olan Çinə monqol istilaları ilə birlikdə türk musiqisi yenə daxil olub.

Bu dövrdə Kubilayların sarayındakı klassik türk musiqisi nəzəriyyəsini daha yaxşı bilirik. Belə ki, çinli tarixçilərin verdikləri qısa, bəzən yanlış məlumata qarşı, hicri IX əsrdə yaşamış və dövrünün ən böyük musiqi ustadı olan azərbaycanlı Əbdülqadir Marağalı, onun oğlu və nəvəsi tərəfindən yazılmış əsərlərdə bu dövrün musiqisinə dair çox qiymətli bilgilərlə qarşılaşırıq. Böyük ustad Əbdülqadir Marağalının yazdığı kimi, mədəniyyətin hər qolunda olduğu qədər musiqidə də türklərlə monqolların sənətləri arasında heç bir fərq yoxdur. Kubilay və xələfləri öz səltənətləri dövründə musiqi alətlərini və musiqişünasları topladıb təşkilatlandırmış və daim himayə ediblər. Fransız alimi Lois Lolay “Çin musiqisi” kitabında (s.58-59) eynilə belə deyir: “ Bu qətidir ki, Kubilay Çini fəth edərək, “Yuenlər” sülaləsini qurduğu vaxt oktavada yeddi not olan qammanı da Çinə götürüb. Bu qamma bizim major qammamızın o qədər eynisidir ki, Avropadan alındığını düşünənlər belə oldu...”

Yuxarıda göründüyü və Əbdülqadir Marağalının əsərlərindən anlaşıldığı kimi, türklər ta əski zamanlardan musiqi məktəbinə sahib olublar. Əbdülqadir Marağalının söylədiyinə görə, əski türklərin musiqi alətləri ilə ifa etdikləri musiqi tərənnümlərinə “kök”, səslə oxuduqlarına “iyir” (“əyir”) və “dule” deyərdilər. “Kök”lərin sayı ilin günlərinə uyğun 366 olub, hər gün xaqanın hüzurunda bu köklərdən biri çalınardı. Yalnız “kök”lərdən “Bisun kök” adı verilən doqquz dənəsinin hər gün tərənnüm ediməsi bir adət idi. “Bisun kök” adlanan doqquz “kök”ün adları bunlardır: “Ulağ kök”, “Arslan Cip”, “Pars”, “Kolado”, “Bisturgay”, “Cintay”, “Hinsay” və “Şındık”. Bu “kök”ləri, yəni bəstələri mətnlərdən ayrı görürük. Əski türklərdə və onları təqlid edən monqollarda 9 müqəddəs bir ədəd olaraq işlədilir ki, bu hal hətta osmanlı türklərində də özünü göstərib. Ziya Göyalp “Əski türklərdə ictimai həyat” adlı məqaləsində (“Milli Tətəbbölər” məcmuəsi, sayı 3) deyir ki: “Türklərdə millətə böyük xidmət edənlərə tarkanlıq rütbəsi verilirdi. Tarkanlar 9 cür xətanın cəzasından əfv edilirdilər. Tarkanların imtiyazı 9 nəsil övladına qədər davam edərdi. Xaqana verilən hədiyyənin sayı 9 olmalı idi və s.” Qısası , xaqanın sarayında və ya ordugahında hər gün 9 müqəddəs “kök” çalındığını və bu adətin türklərdən monqollara, onlardan da teymurilərə keçdiyini görürük. “Bisun kök”də olan 9 kökün mənşəyi və mənası haqqında dəqiq bir bilgi ilə rastlaşa bilmədik. Mehmet Ragib bəy “Anadolu türklərimiz və milli istiqbalımız” adlı əsərində bu 9 istilahın mənalarını Çin dilində 9 not adında aranmasının doğru olacağını irəli sürür. Diqqətə layiqdir ki, “kök” sözü bu gün Azərbaycan klassik musiqisində işlədilir və aşağı-yuxarı eyni mənanı ifadə edir. Azərbaycanda bir məqam çalınmazdan əvvəl çalğı aləti o məqama görə köklənir. Məsələn, “Çahargah” çalındıqdan sonra “Orta segah” çalmaq üçün musiqi alətini “Segah”a görə kökləmək lazımdır.

İslamiyyətin qəbulundan sonra türk musiqisi də müştərək islam mədəniyyətinin içərisinə girib, türk, ərəb və fars musiqisi bir-birinin təsirində qalaraq, qismən müştərək bir musiqi meydana gəlib. Bu dövrdə azəri türkləri ədəbiyyat, rəsm və sair sənət sahələrində olduğu kimi, musiqidə də islam dünyası, xüsusən ərəb və farsların təsirində qalıb. Azərbaycan musiqisi dildə, ədəbiyyatda, adət, ənənə və sairədə olduğu kimi, başqa türk qövmlərilə sıx bağlıdır. Bununla yanaşı mühit, iqlim, siyasi və coğrafi durumu ilə bağlı olaraq, Azərbaycan musiqisi özünəxas bir özəllik və oynaqlığa malikdir.

Azərbaycan musiqisini tarix, texnika, çalğı və söyləmə baxımından üç qismə ayırmaq olar:

1. Azərbaycan klassik musiqisi;

2. Xalq musiqisi;

3. Modern musiqi.

Klassik Azərbaycan musiqisi söylədikdə, heç şübhəsiz, muğamat və muğamatın rəngləri (yəni arası) anlaşılır. Azərbaycan klassik musiqisindəki muğamlardan bəzilərinin adlarının farsca olması bəzi adamlarda bunların farslardan alınması qənaətini doğura bilər. Lakin bir zamanlar farscanın Şərqi islam ölkələrində, o cümlədən, Azərbaycanda dəbdə olması səbəbilə ədəbiyyatda olduğu kimi musiqidə də farsca təbirlərə təsadüf edilir. Məsələn, Azərbaycanın böyük şairi Nizami Gəncəvi Azərbaycanda doğulub böyüməsinə, əsərlərində hər zaman türklüyünü büruzə verməsinə və bununla iftixar etməsinə baxmayaraq, bütün əsərlərini farsca yazıb. Yuxarıda qeyd etdiyimiz kimi, muğamat dediyimiz klassik musiqi türklərin, ərəblərin və farsların müştərək malı olmaqla yanaşı, Azərbaycan türkləri muğamatı inkişaf etdirib, gözəlləşdirib və buna bir çox yeni məqamlar əlavə ediblər. Məsələn, “Orta segah”, “Yetim Segah”, “Mirzə Hüseyn segahı”, “Qarabağ şikəstəsi”, “Azərbaycan şikəstəsi”, “Kərəmi”, “Koroğlu” və sairə muğamlar sırf Azərbaycana xas olan muğamlardır. Bundan başqa, məsələn, bu gün İranda çalınan “Çahargah”, “Rast” və s. muğamlar nə qədər sönük, bəsit və zəifdirsə, Azərbaycanda çalınan muğamlar o qədər oynaq, lirik və mürəkkəbdir. Eyni zamanda, muğamatın rəngləri (arası) Azərbaycanda çox zəngin və həqiqətən rənglidir. Azərbaycanda hər muğamın ifa edilməsi ayrı ayrılıqda bir aləmdir. Məsələn, “Bayatı-Şiraz”ı tam bir şəkildə ifa edə bilmək üçün iki saata qədər vaxt lazımdır. Başlanğıcda “Bayatı-Şiraz” mayasında bir gəzinti edilir, bundan sonra “Dügah” çalınaraq, “Aşiran”a keçilir. “Aşıran”ı “Nəva” təqib edir və əsl “Bayatı-Şiraz”a keçilir. Bundan sonra üsuluna görə parçalar başlayır, arada “rəng” deyilən ara nəğmələri çalınaraq, sonra bir təsnif, yəni şərqi oxunur. “Bayatı-Şiraz”dan sonra “Bayatı-kürd”ə, onun ardınca “Qatar”a, ondan sonra “Əzal”a gəlinir. Bu keçidlərin hər birində ayrıca rənglə təsnif çalınması şərtdir. Bundan sonra yenə “Bayatı-Şiraz” mayəsinə qayıdılaraq, muğama son verilir.

“Azərbaycan”(Ankara) dərgisinin 1953-cü il 5-ci (s.10-12), 6-cı (s.9-11), 7-ci (s.4-5), 8-ci (s.13-24), 9-cu (s.8-10) sayında dərc edilib.

 

Azərbaycan türkcəsinə uyğunlaşdıran:

Almaz Həsənqızı, filologiya üzrə elmlər doktoru

Xalq Cəbhəsi.- 2016.- 23 yanvar.- S.14.