Avarlar etnik kimliklərini günümüzədək qoruyub saxlayıblar

 

II yazı

 

Avarlar Azərbaycanda əsasən Balakən və Zaqatala rayonlarında yaşayırlar. Araşdırmaçı Məhəbbət Paşayevanın tədqiqatlarında bildirilir: “Tarixçi-professor Yaqub Mahmudov da müasir avarların qədim avar türklərinin varisləri olması ilə bağlı haqlı olaraq qeyd edir ki, Qafqaz avarlarını türk avarlardan, saxurları saklardan, balkarları bulqarlardan ayırmağa, bunların bir-birindən tamamilə fərqli etnoslar olduğunu təsdiq etməyə tələsməməliyik. Bu konsepsiya avarların etnik tarixinin daha dərindən və fərqli istiqamətdə tədqiq olunması zərurətini ortaya çıxarır. Belə baxış, eyni zamanda Azərbaycanın saxurlar, udilər, ingiloylar kimi digər etnik qruplarının da tarixinin daha fərqli istiqamətdə tədqiqinə yol açmış olur. Görünür, hun birliyinə daxil olan bulqar türkləri, macarlar kimi bir sıra türk tayfaları doğma Altay mühitindən ayrı düşdükdən sonra assimilyasiyaya uğrayaraq əvvəlki etnik mənsubiyyətlərini itirdikləri kimi, avarlar da Baş Qafqazın xarici aləmdən təcrid olunmuş mühitinə - iberqafqaz xalqlarının əhatəsinə düşərək assimilyasiyaya uğrayıblar. Məlumdur ki, V əsrdə Avropada Hun imperiyası dağıldıqdan sonra Mərkəzi Asiyadan Şərqi Avropaya tərəf hərəkət edən bir çox türk boyları 558-ci ildə qüdrətli türk dövlətini - Avar İttifaqını yaratmışdılar. Mənbələrin də yazdığı kimi, 568-ci ildə avarların hakimiyyəti Elbrusdan Volqayadək uzanırdı. Avar ittifaqının yaranması ilə avarların Qafqaza axını daha da güclənərək kütləvi hal almışdı. Qədim mənbələr də bir çox türk tayfalarının, o cümlədən avarların V-VI əsrlərdə Azərbaycan ərazisinə tez-tez yürüşlər edərək getdikcə daha böyük kütlələrlə Azərbaycana axışaraq burada məskunlaşdığını yazırdılar. Lakin VII əsrdən etibarən avarlar müxtəlif xalqlarla müharibələr apararaq tədricən zəifləməyə və qüdrətini itirməyə başladılar. Nəticədə bu dövlət 805-i ildə franklar tərəfindən dağıdıldıqdan sonra, görünür, avarların bir qismi Qafqazda həmişəlik məskunlaşdı.

XIX əsrdə Abbasqulu ağa Bakıxanov yazırdı ki, qüdrətli avar xalqının bir tayfası indi də Qafqaz dağlarında yaşayır və öz dilinə, adət-ənənəsinə, hökmdarına malikdir. Qafqaz avarlarının xanı Avar usmisi adlanırdı. Avarların Dağıstan ərazisində XII-XIX əsrlər boyu mövcud olan Avar xanlığını yaratdıqları məlumdur və 1803-cü ildə bu xanlıq Qafqazın bütün bölgələri kimi işğal edilərək Rusiyaya qatılmışdı. Görünür, Avar İttifaqının qüdrətinin azaldığı bu mərhələdə ayrı-ayrı tayfaların ondan ayrılması nəticəsində parçalanan avarlar tamamilə dağılaraq Qafqaz dağlıları arasında tədricən öz dillərini itiriblər. Antik mənbələrdə eranın ilk əsrlərindən hunların tərkibində avar, bulqar, xəzər, suvar, katak kimi bir çox türkmənşəli tayfaların Şimali Qafqazda məskun olması və həmçinin Qafqaz Albaniyası ərazisində yerləşməsi barədə məlumatlar var. Ümumiyyətlə, Qafqazda hun ittifaqına daxil olan avarların məskunlaşma tarixi ilə bağlı mənbələrdə verilən məlumatlara daha diqqətlə nəzər saldıqda aydın olur ki, avarların Qafqaza nə zaman gəldikləri barədə mənbələrdə dəqiq məlumat verilmir. Belə ki, mənbələrdə V əsrin sonu - VI əsrin əvvəllərində Dərbənd yaxınlığında 13 türkdilli tayfa, o cümlədən savirlər, avarlar ... və s. tayfaların yaşaması barədə məlumat verilsə də, avarların Qafqaz ərazisində nə zamandan bəri məskun olmaları barədə dəqiq söz deyilmir. Bunu nəzərə alsaq, hunlar kimi avarların da Qafqaz ərazisində məskunlaşma dövrünün daha erkən mərhələlərdən başladığını, eranın ilk əsrlərindən bəri Qafqazda yaşayan hunlarla bərabər bu bögədə tədricən məskunlaşmağa başladığını, bəlkə də bir qisminin daha erkən dövrlərdən bu əraziərdə yaşadığını ehtimal etmək olar. Maraqlıdır ki, hələ II əsrdə yunan müəllifi Bizanslı Stefan avarların adını çəkərək onların udilərlə qonşuluqda yaşadığını qeyd edirdi. Bu məlumat avarların Qafqazda daha erkən dövrdə də yaşaması ehtimalını gücləndirir. Görünür, onların Qafqazda məskunlaşması erkən dövrlərdən etibarən mərhələlərlə davam edib, orta əsrlərdə isə bu proses bir sıra tarixi hadisələrlə əlaqədar olaraq daha da güclənərək kütləvi hal alıb”.

Araşdırmadan məlum olur ki, avarların Azərbaycanın şimal-qərb bölgəsində məskunlaşması XV-XVI əsrlər boyu mərhələlərlə davam edib: “Məlumdur ki, avarlar döyüşkən tayfa olduğu üçün vaxtaşırı olaraq müxtəlif müharibələrə cəlb edilirdilər. Məsələn, hələ erkən orta əsrlərdə avarlar Qafqaz uğrunda gedən Bizans- İran müharibələrinə cəlb edilmişdilər. V-VI əsrlərdə olduğu kimi XV-XVI əsrlərdə də Azərbaycanın şimal-qərb bölgəsində gedən bir sıra hərbi əməliyyatlara cəlb edilən (məsələn, XV əsrdə kaxetiyalıların onları düşmən basqınlarından qorumaq üçün dəvəti, daha sonra XVI əsrdə (1616) Səfəvi hökmdarı hökmdarı I Şah Abbasın dəvəti) avarlar tədricən bölgədə kütləvi şəkildə məskunlaşmağa başlamışdılar. I Şah Abbasın Azərbaycanın şimal-qərb torpaqlarında apardığı mərkəzləşdirmə siyasəti nəticəsində isə avarlar bu ərazilərdə birdəfəlik məskunlaşmışdılar. Cənubi Dağıstan ərazisindən avarların və saxurların ümumiləşdirilmiş “ləzgi” adı ilə Şəki-Zaqatala bölgəsinə köçməsi barədə ilk dəfə XIX əsr rus müəllifi A.I.Fon-Plotto məlumat verib. O yazır ki, “ləzgilər dağlardan Car dairəsinə enərək ... Car əyalətində Car, Balakən, Tala, Muxax, Cınıx icmalarını təşkil etdilər. Tarixi ədəbiyyatda bu icmalar Car-Balakən icmaları adlanırdı. Baharlı da Azərbaycan avarlarının Avarıstandan gəldiyini (Dağıstan ərazisi) qeyd edərək onların XV əsrdən etibarən Azərbaycanda məskunlaşması barədə məlumat verir. XIX əsr rus müəlliflərinin verdiyi məlumata görə, Azərbaycanın şimal-qərb ərazilərində yerləşən “ləzgilər” (burada da “ləzgi” avar, saxur, rutulların ümumiləşdirilmiş adı kimi qeyd olunub) bir neçə ittifaq yaratdılar: Car_Balakən ittifaqı Car-Balakən müstəqil icmalarını özündə birləşdirirdi; Tala ittifaqı Tala, Muxax və Cınıx müstəqil icmalarından ibarət idi; İlisu ittifaqına İlisu sultanlığının tərkibində olan İlisu, Qaradolaq, Baş Suvagil və Saxur daxil idi. Bu ittifaq İlisu sultanı tərəfindən idarə olunurdu. XVII əsrin sonu üçün bu avar-saxur azad icmaları Car ittifaqına daxil idi. Yazılı mənbələrin araşdırılması ilə bərabər avar etnoniminin türk dilləri ilə izah olunması da bizə bu gün Şimali Qafqazda, həmçinin Azərbaycanın şimal-qərbində yaşayan avarların qədim türk tayfalarının, qüdrətli avarların varisləri olduğunu söyləməyə əsas verir. “Avar” sözü türk dillərindəki “avara”, və ya “ayara” sözündən olub “çılğın, dikbaş, döyüşkən, dalaşqan” və ya “dirənən, qarşı gələn” kimi izah edilir. Görünür, yuxarıda da qeyd etdiyimiz kimi, tarixin bütün mərhələlərində döyüşkən xalq kimi tanınan avarların tez-tez müharibələrə cəlb edilməsi də məhz bu xüsusiyyətləri ilə bağlı idi və xüsusiyyətlər onlara verilən etnik adda da öz adını tapmışdı.

Ümumiyyətlə, avarların dilində bir çox türkmənşəli kəlmələr, məsələn, “kibil”-qəbilə, nəsil, “raxat” - rahat, rəvan, “pax” - paxır, “koy” - qoyun kimi bir çox kəlmələr qorunub saxlanıb. Keçmişdə avarların Qanıq çayını da Raxat adlandırdıqları məlumdur. Yuxarıda da qeyd etdiyimiz kimi, qədim avarlar türk tayfalarının mühüm rol oynadığı böyük tayfa ittifaqı yaratmışdılar. Avarlar qərbə döğru hərəkət etdikləri zaman onlara müxtəlif tayfalar qoşulduqları üçün Avar tayfa ittifaqının etnik tərkibi müxtəlif olub.

Bölgədə yaşayan avarların başlanğıc, ulu əcdadla bağlı mifik rəvayətlərində də türk xalq inaclarının izləri özünü göstərir. Avarların geneologiyası ilə bağlı əfsanələrində də qədim türk inanclar sisteminin əsasını təşkil edən qurd mifinə rast gəlinir. Zaqatala rayonunun Car kəndinin avarları öz əcdadlarının qurddan (avarca batsa-kakov) törədiklərini söyləyirdilər. Həm yazılı abidələrdən, həm də dastanlardan məlumdur ki, türklər öz əcdadlarını qurda bağlayıblar və bu inam xüsusilə hunlar arasında geniş yayılmışdı. Türk tayfaları üçün hər zaman əcdad, xilaskar olan boz qurdun funksiyasını Hun dövləti dövründə məhz “ak Tuğan” ( qurd) yerinə yetirib. Türk xalqlarından buryatlar da qurdu müqəddəsləşdirərək onu göy-səma iti adlandırırdılar. Göründüyü kimi, qədim türk tayfalarında əcdad kimi çıxış edən qurd, qurd avar xalqının da geneoloji miflərində mühüm yer tutur. Bu da onların türk avarların nəslindən olduğunu bir daha göstərir. Hazırda Zaqatala rayonunun Paşan kəndində “Bats” (Qurd) və “Kaxov” (Ağ kişi) adlı iki toxum (nəsil) də mövcuddur. Göründüyü kimi, bu nəsil adları da qədim türk mifologiyasının izlərini daşıyır. Qeyd etmək lazımdır ki, həm türk, həm də Azərbaycan mifologiyasında qurdla yanaşı “Ağ oğlan”, “Ağ atlı oğlan” adlı mifik qəhrəman mövcud olub.

Məlumdur ki, qədim türk qəhrəmanlıq dastanları və nağıllarımızda “Ağ oğlan” obrazı həm də qurdun simvolu kimi çıxış edir. Kaxov ( kişi) nəslinin kökünün ağ hunlarla da əlaqəli olması ehtimalı da mümkündür. Məlumdur ki, hunların bir qismi hunlar adlanırdılar və “tile” adı ilə Qafqazda məskunlaşmışdılar. Ptolomey də Albaniyada Tilbida adlı yaşayış məntəqəsinin adını çəkir. Hazırda Zaqatala rayonundakı Tsilban, Balakən rayonundakı Tsolban-Çolban kimi avar kəndlərində də “tile” etnoniminin izləri öz əksini tapıb. Maraqlıdır ki, bu gün Dağıstan ərazisində də avarların kompakt yaşadığı bir bölgə məhz Tilyarat adlanır. Göründüyü kimi, həm yazılı mənbələr, həm də etnoqrafik məlumatlar müasir avarların türk xalqlarından ayrılıb Qafqaz dağlarının xarici aləmdən təcrid olunmuş mühitinə - iberoqafqaz xalqlarının əhatəsinə düşərək tədricən assimilyasiyaya uğrayaraq əvvəlki etnik mənsubiyyətlərini itirmiş türk avarların varisləri olduğunu söyləməyə əsas verir. Beləliklə, apardığımız araşdırmalar bu gün Azərbaycanın şimal-qərb bölgəsində, həmçinin Şimali Qafqazda yaşayan müasir avarların qədim hun və ağ hunlarla etnogenetik bağları olduğunu, eyni zamanda hun-türk tayfaları arasında mühüm yer olan qədim, qüdrətli avarların varisləri olması qənaətinə gəlməyə imkan verir”.

 

Uğur

Xalq Cəbhəsi.- 2016.- 23 yanvar.- S.13.