Azərbaycan musiqisi
II yazı
Azərbaycan klassik musiqisini, yəni muğamları tam və qüsursuz olaraq tar və kamança ilə çalmaq mümkündür. Tar və kamança istər klassik, istərsə də xalq musiqisini ifa etmək üçün ən mükəmməl çalğı alətləridir. Bəziləri iddia edirlər ki, azərbaycanlılar çalğı alətlərini İrandan alıblar. Biz bu iddianı qəbul etməmələ yanaşı, bunu da deyə bilərik ki, bu alətləri, xüsusən tarı lap İrandan almış olsaydıq belə, bunlar İranda bəsit qaldığı halda, Azərbaycanda inkişaf etdirilib və mükəmməl bir çalğı aləti halına salınıb. Yox, əgər İran bizdən alıbsa, o halda haqqı ilə təqlid edə bilməyib və tamamlə bərbad bir hala salıb. Çünki Azərbaycanda tar 12-14 telli və müntəzəm pərdəli olduğu halda, İranda belə deyil.
Yuxarıda göründüyü kimi, qədim türklərdə topluluqlarda dolaşaraq mənqibələr söyləyən, yeni hadisələrə yeni şərqilər bəstələyən və xalq tərəfindən çox böyük rəğbət görən ozanlar vardı. Dövrümüzdə bu ozanların etdiklərinin eynisini həyata keçirən, ictimai və siyasi həyatda daha önəmli rolları olan aşıqları görürük. Zənnimcə, “ozan” kəlməsinin “aşığ”a dəyişməsi o qədər də uzaq tarixə təsadüf etmir. Bu fikrimizi qüvvətləndirmək üçün bu gün hələ də Gəncə şəhərində böyük bir məhəllənin “Ozanlar məhəlləsi” adını daşıdığını göstərə bilərik. Azərbaycan ölkəsi yaxın tarixində şeir sahəsində olduğu kimi, aşıq musiqisində də böyük nailiyyət qazanıb və qüvvətli aşıqlar yetişdirib ki, bunların başında, heç şübhəsiz, Aşıq Ələsgər gəlir. Aşıq musiqisilə yanaşı olaraq, Azərbaycanda xalq şərqiləri və oyun havaları inkişaf edib. Azəri türkləri, başqa millətlərdən tamamilə fərqli olaraq, özlərinə məxsus oyun havalarına malikdirlər. Azərbaycan oyun havalarının özəlliklərindən biri, demək olar ki, onların hamısında eyni zamanda şərqi söylənməsidir. Yəni oyun havalarının sözlü olmasıdır. Belə ki, Azərbaycan oyun havaları həm oyun havası olaraq çalınır, həm mahnı olaraq söylənilir. Hətta çox zaman hər ikisi bir arada icra olunur. Məsələn, “Uzundərə”, “İrəvanda xal qalmadı”, “Ay sallanıb gedən yar” və sairədə olduğu kimi. Bundan çıxaracağımız nəticə: Azərbaycan xalq mahnıları ilə oyun havalarının sıx surətdə bir-birinə bağlı olması və bir-birini tamamlamasıdır.
Azərbaycan oyun havalaranın özəlliklərindən biri də onların yaşa və cinsə görə dəyişməsidir. Məsələn, Azərbaycanda bir gənc “Uzundərə” havasını oynamaz. “Uzundərə”ni mütləq yaşlılar oynayarlar. Yaxud “Ceyrani”ni yaşlılar və kişilər deyil, yalnız gənc qadınlar oynayarlar. Və yaxud “Beşaçılan” və ya “Xançobanı”nı qadınlar və yaşlılar deyil, gənclər oynayarlar. Azərbaycan oyun havaları oynaq, axıcı və ritmikdir. Azərbaycan oyun havalarında rəqs edənlər ayaqlarına xüsusi diqqət edirlər.
Azərbaycan türküləri (el mahnıları) haqqında danışarkən, bu mahnıların yaradılması və inkişafında böyük xidməti olan xalq xanəndəsi Qaryağdıoğlu Cabbarı xatırlatmadan keçə bilməyəcəyik. Çox qiymətli bir sənətkar olan mərhum bir çox mahnılar bəstələyib, zamanla əskimiş, ölmüş türküləri də yenidən işləyib, gözəlləşdirib və Azərbaycan musiqisinə qazandırıb. Bunu xüsusilə qeyd etmək istərəm ki, Azərbaycan xalq mahnılarının hamısı Azərbaycan klassik musiqisi, yəni muğamlar üzərinə (köklər üzərinə) bəstələnib. Bunlardan bir çoxu muğamların icrası əsnasında “təsnif” adı ilə çalınır və ya oxunur. Müəyyən bir muğam üzərinə bəstələnmiş bir təsnif (şərqi) başqa bir muğamda çalınmaz və oxunmaz. Məsələn, “Kürdün gözəli” şərqisi “Dəşti” muğamı, yəni kökü üzərinə bəstələndiyindən “Mahur” muğamı arasında çalına bilməz. Və yaxud “Sona xanım” şərqisi “Mahur” kökündə olduğundan “Dəşti” muğamı arasına sığdırıla bilməz.
Təbriz musiqişünaslarından Hüseyn Üzzari Azərbaycan təsniflərinin seçilmiş parçalarından 110 dənəsini mətnlərilə birlikdə toplayaraq, “Azərbaycan türkü təsnifləri məcmuəsi” başlığı altında nəşr etdirib. Azərbaycan musiqisini tanıtma və yayma baxımından çox böyük qiymətə layiq olduğuna şübhə etmədiyimiz bu məcmuədə Hüseyn Üzzari təsniflərin adlarını və mətnlərini verməklə qalmayıb, eyni zamanda bütün təsnifləri köklərinə görə qruplaşdırıb. Bu baxımdan Üzzarinin əməyi təqdirəlayiqdir.
Azərbycan qadınlarının körpələrinə söylədikləri ninnilər, inək sağarkən heyvanın sakitliyi və bol süd verməsini təmin etmək məqsədilə söylədikləri nəğmələr, çobanların qoyunları toplamaq, yatırmaq və suya götürmək üçün neylərilə çaldıqları çox gözəl bayatılar, əkinçilərin cüt sürərkən söylədikləri türkülər də Azərbaycan xalq musiqisinə daxildir.
“Modern musiqi” təbirilə notlu şərqilər, opera, operetta, balet musiqisi, notlu xor, fantaziyalar, üvertüralar və s. nəzərdə tuturuq. Azərbaycan modern musiqisi tamamilə xalq və bilxassə klassik musiqi üzərində qurulub. Azərbaycan modern musiqisi yaşadığımız əsrin (Müəllif XX əsri nəzərdə tutur – A.H.) əvvəlində ölməz bəstəkar Üzeyir Hacıbəylinin mövzusunu Füzulidən aldığı “Leyli və Məcnun” operası və bunun ardınca “Arşın mal alan” operettası ilə başlayır. Üzeyir bəy əsərlərilə Azərbaycan və dolayısıyla Şərq musiqisində yeni bir dövr açmış oldu. Xüsusən “Leyli və Məcnun” operası şeir ustadı Füzuli, əvəzedilməz rəssam Mənsur və böyük bəstəkar Əbdülqadir Marağayinin dövründəki Azərbaycan incəsənətinin XX əsrdə yenidən yüksəklərə qalxması oldu. Əsasən mahur, şur və çahargah üzərində qurulmuş olan “Leyli və Məcnun” operasını Azərbaycan musiqisinin “Renesans dövrü” kimi vəsf etmək olar. Üzeyir bəy bu əsərilə, eyni zamanda Azərbaycan opera musiqisinin təməlini atmış oldu. Ondan sonra dəyərli sənətkar Müslüm Maqomayev “Şah İsmayıl” operası ilə Üzeyir bəyin açdığı yolda yürüdü və Azərbaycan opera musiqisində atdığı təməli daha da möhkəmləndirdi. Böyük sənətkar Müslüm Maqomayev “Şah İsmayıl” operası ilə haqqı olan böyük şöhrəti qazandı. Musiqi mütəxəssisləri “Şah İsmayıl”ı Azərbaycanın “Karmen”i adlandıraraq vəsf edirlər. Bütün Şərq və Balkan məmləkətlərində ilk dəfə olaraq, təxminən yarım əsr bundan öncə yazılıb müvəffəqiyyətlə oynanılan bu opera və operettalar heç şübhəsiz ki, Azərbaycan türklərinin yüksək musiqi kültürünə sahib olduqlarını göstərir. Eyni zamanda, bu opera və operettaların yazılması və oynanması Yaxın Şərq musiqi tarixində böyük və gerçək bir inqilab oldu. Üzeyir bəyin açdığı və Müslüm Maqomayevin davam etdirdiyi bu yolda bir çox istedadlı bəstəkarlar yetişdi və xeyli çox sayda opera, operetta, balet, musiqili komediya və sair musiqi əsərləri meydana gətirildi. Üzeyir Hacıbəyli “Leyli və Məcnun” opera və “Arşın mal alan” operet¬tasından başqa Azərbaycan musiqisinə bir sıra qiymətli əsərlər verib. Mərhumun yazdığı opera, operetta və s. musiqi əsərlərindən ən mühümləri bunlardır: “Mahur”, “Şur” və “Çahargah” muğamlarında yazılmış “Leyli və Məcnun”, “Segah” məqamında yazılmış “Koroğlu”, əsasən “Segah” muğamında yazılmş “Nizami”, “Fərhad və Şirin” operaları, “Arşın mal alan”, “Şah Abbas-Xurşidbanu”, “O olmasın, bu olsun”, “Əsli və Kərəm”, “Əlli yaşında cavan” (“Əlli yaşında cavan” əsərinin müəllifi Zülfüqar Hacıbəylidir – A.H.), “Orduxan-Muradxan” operettaları, “Birinci”, “İkinci”, “Üçüncü” simfoniya, fantaziya, üvertüralar, xeyli şərqilər, konsert parçaları və s.
Fitrətən sənətkar olan Hacıbəyli ailəsi Üzeyir bəydən başqa, bir çox dəyərli sənət adamları yetişdirmişdir. Bunlardan ən məşhurları: Zülfüqar Hacıbəyli, Niyazi Hacıbəyli, Çingiz Hacıbəyli və Soltan Hacıbəylidir. Üzeyir Hacıbəylinin 1922-ci ildə qurduğu, şəxsən rəhbərlik və müəllimlik etdiyi Bakı Konservatoriyası Azərbaycanın musiqi həyatında çox böyük bir rol oynayıb. Bugünkü Azərbaycanın tanınan bəstəkarları məhz bu musiqi ocağından çıxmış adamlardır. Bundan başqa, Üzeyir bəy Hacıbəyli Dövlət xoru və orkestrini qurub və özü idarə edib.
Bir zamanlar Azərbaycanda rus nökərliyi edən bəzi ünsürlər azərbaycanlıların milli geyimlərinə, milli ənənələrinə, musiqi alətlərinə, qısaca, milli olan hər şeylərinə qarşı hücuma keçmişdilər. Bu soysuzlar öz əməllərinə başqa sahələrdə qismən müvəffəq olsalar da, müsiqi istiqamətində əsla müvəffəq ola bilmədilər. Azərbaycan musiqisinə və musiqi alətlərinə hücum edənlər daim qarşılarında Üzeyir bəyi və onun yolu ilə yürüyən digər bəstəkarları gördülər. Üzeyir bəy və onun yolu ilə gedənlər bəstələdikləri bütün əsərlərdə Azərbaycan xalq musiqisinə, klassik musiqiyə və yerli musiqi alətlərinə geniş ölçüdə yer verdilər. Beləliklə, xalq musiqisini və klassik musiqini, eyni zamanda, yerli musiqi alətlərini qarşısıalınmaz ölümdən qurtardılar. Məsələn, “Koroğlu” operası, başlıca olaraq, “Çahargah” muğamında yazılmış və içərisinə bir çox xalq mahnıları və oyun havaları daxil edilərək, klassik musiqi ilə xalq musiqisinin modern opera musiqisi daxilində iştirakı təmin edilib. “Koroğlu” operasının üçüncü pərdəsində Koroğlunun aşıq qiyafətilə xan sarayında söylədiyi tipik aşıq mahnıları və dördüncü pərdədə Çənlibeldə Koroğlunun dəlilərinin oynadıqları oyun havaları və xor halında söylədikləri şərqilərin hər biri Azərbaycan xalq musiqisinin nümunələridir. Bundan başqa, “Nizami”, “Şah İsmayıl”, “Fərhad və Şirin”, “Arşın mal alan”, “Nərgiz” və sair opera və operettalar başdan sona qədər Azərbaycan klassik və xalq musiqisini ehtiva etməklə bərabər, bu əsərlərdə istifadə olunan musiqi alətləri də Azərbaycan xalq musiqi alətləri olan tar, kamança, ney, yastı balaban, zurna və sairədir.
Azərbaycan opera musiqisilə yanaşı və sıx surətdə bağlı olaraq, balet musiqisi də inkişaf etmişdir. Azəri türklərinin məşhur əfsanəvi dastanı olub, dəyərli şair Cəfər Cabbarlı tərəfindən axıcı bir şəkildə nəzmə çəkilən “Qız qalası” poemasına mərhum maarifçilərdən Bədəl bəyin oğlu Əfrasiyab Bədəlbəyli tərəfindən eyni ad altında balet musiqisi yazılıb. Bədəlbəylinin bu baleti, həqiqətən, yüksək bir sənət əsəridir. Hətta başqa millətlərin sənətini qiymətləndirərkən, çox xəsis və daim haqsız davranan rus musiqi tənqidçiləri belə “Qız qalası” baletini yüksək sənət əsəri olmasından sitayişlə bəhs edirlər.
Rus imperialistlərinin qaba ruslaşdırma siyasətlərinə rəğmən, Azərbaycan musiqisi türklük ruhunu qeyb etməyib, əksinə olaraq, getdikcə yabançı təsirlərdən qurtularaq milliləşib, gözəlləşib və xalq tərəfindən mənimsənilib. Rusların, ələlxüsus Azərbaycan türklərinə qarşı otuz iki ildən bəri tətbiq etdikləri kökünü kəsmə siyasəti nəticəsində Azərbaycan türkləri bir çox maddi və mənəvi zərərə uğrayıblar.
Rus imperialistləri Azərbaycan türklərinin malını, mülkünü, təbii sərvətlərini və müqəddəs istiqlallarını əllərindən alıblar. Ancaq Azərbaycan musiqisini heç bir zaman qəsb etməyə müvəffəq olmayıblar. Musiqisevər azərbaycanlılar, rus basqısına rəğmən, öz musiqilərini çox ciddi şəkildə mühafizə etmiş və imkan daxilində inkişafına nail olublar. Bu gün Azərbaycanın Dövlət Opera Teatrı, Musiqili Komediya Teatrı, Balet məktəbi, Filarmoniya, Dövlət Xoru, notlu və notsuz orkerstrlər, Dövlət Konservatoriyası və çox sayda musiqi məktəbləri fəaliyyətdədir.
“Azərbaycan”(Ankara) dərgisinin 1953-cü il 5-ci (s.10-12), 6-cı (s.9-11), 7-ci (s.4-5), 8-ci (s.13-24), 9-cu (s.8-10) sayında dərc edilib.
Azərbaycan
türkcəsinə uyğunlaşdıran:
Almaz Həsənqızı
filologiya üzrə elmlər doktoru
Xalq Cəbhəsi.- 2016.- 26 yanvar.-
S.14.