Azəraycanda tarixən
formalaşmış tolerantlıq multikulturalizm siyasətinin
aparılmasına şərait yaradır
Azərbaycan üçün multikulturalizmin əhəmiyyəti
həm daxili sabitlik və inkişaf, həm də geosiyasi vəziyyəti
nəzərə almaqla xarici əlaqələrdə
mühüm əhəmiyyət daşıyır. Bir vacib məqam
qeyd olunmalıdır ki, dövlətin multikultural siyasət
yürütməsi üçün bir sıra ilkin şərtlərə
malik olması lazımdır. Dövlətin
milli maraqlarına və milli təhlükəsizliyinə ziyan
verə biləcək mədəniyyət
daşıyıcılarının (əsasən radikal dini təbliğat)
qarşısını alacaq dövlət qurumlarının
effektiv fəaliyyətinin təmin olunması əsas şərtdir.
Bu mənada əsas yük Milli Təhlükəsizlik
Nazirliyi və Dini İşlər Üzrə Dövlət
Komitəsinin üzərinə düşür. Digər əsas şərt isə, cəmiyyətdə
dövlətin maraqlarına uyğun dəyərlərin təbliğ
olunması üçün QHT və mediya şəbəkəsinin
mövcudluğu və effektiv fəaliyyətinin təmin
olunması üçün lazımi maliyyə vəsaitidir.
Bu mənada dövlətin QHT sektoruna maliyyə
yardımı ayırması və müxtəlif formalarda
kütləvi informasiya vasitələrinə dəstək
göstərilməsi qeyd oluna bilər.
Azərbaycanda tarixən formalaşmış
tolerantlıq multikulturalizm siyasətinin aparılmasına
şərait yaradır. Hazırda Azərbaycanda etnik, yaxud dini zəmində
qruplararası münaqişə vəziyyəti mövcud
deyil. Lakin müstəqilliyin ilk illərində,
dövlətin zəif vaxtlarında Azərbaycan etnik zəmində
səparatçılıq meyilləri ilə
qarşılaşıb. Üstəlik,
İran, Səudiyyə Ərəbistanı və Türkiyə
ayrı-ayrılıqda Azərbaycana bir-birindən fərqli məzhəblərin
ixracını həyata keçiriblər. Bundan əlavə müxtəlif sosial statusa malik,
regional əlamətlər və dil
daşıyıcılığına görə fərqli
sosial qruplar mövcuddur.
Multikulturalizm
siyasəti yeritməklə Azərbaycan ilk növbədə
daxilində olan mədəniyyətlərin təbii yolla
inteqrasiyasına nail olacaq. Bu dövləti
ayrı-ayrı mədəniyyətlərarası ziddiyyətlərə
qarışmaqdan və bununla sosial sabitliyi daha da pisləşdirmək
riskindən qoruyacaq. Dövlət
gücünü daha çox əsas milli ideyanın
reallaşmasına – iqtisadi inkişaf və sosial rifahın
yüksəldilməsinə sərf edəcək.
Multikulturalizm Azərbaycanı kənar müdaxilə
risklərinin yaranması baxımından mühafizə edəcək. Xarici qüvvələrin
etnik və dini zəmində dövlətə təzyiq
imkanları zəifləyəcək və get-gedə tamamilə
tükənəcək. Məsələn
Rusiya rusdillilərin hüquqlarının pozulməsi, İran
müsəlmanların sıxışdırılması, ya
da yəhudilərlə əməkdaşlığı bəhanə
edərək Azərbaycana təzyiq göstərə bilməyəcəklər.
Avropa ilə inteqrasiya baxımından multikulturalizmin əhəmiyyəti
ondan ibarətdir ki, Azərbaycanın əhalisinin əksər
hissəsinin müsəlman olması səbəbiylə Qərb
ictimai şüurunda yarana biləcək antipatiya hisslərinin
qarşısı alınacaq. Azərbaycanın
Avropa üçün əhəmiyyəti həm də ona
görə artacaq ki, ölkəmiz Qərblə müsəlmanlar
arasın dialoq müstəvisi rolunda çıxış edə
biləcək.
Multikulturalizm siyasəti erməni və Azərbaycan
icmalarının Dağlıq Qarabağ münaqişəsinin
həllindən sonra bu ərazidə dinc yaşamaları
üçün zəmanət yaradır. Bu baxımdan
danışıqlar prosesində ermənilərin icmaların
birgə yaşama problemlərinin olması, yaxud Azərbaycan
dövlətinin mümkün təzyiq göstərməsi ilə
bağlı irəli sürməyə əsasları
qalmır.
Respublikamızın gündəlik həyatı sülh,
sabitlik və qarşılıqlı anlaşma ilə
yaşanan ölkələrdən biri olması belə mötəbər
tədbirlərin keçirilməsi üçün
böyük zəmin yaradıb, çünki bir sıra
ölkələrdə müşahidə edilən millətlərarası
və dini münaqişələrin artan gərginliyi fonunda Azərbaycan
öz sabitliyini qoruyub saxlayır. Bu gün Azərbaycan
tolerantlığı ilə dünyaya nümunədir. UNESCO tərəfindən qəbul edilən
“Tolerantlıq prinsipləri Bəyannaməsi”ndə qeyd edilir
ki, tolerantlıq dünya mədəniyyətinin zəngin
müxtəlifliyinə, özünüifadə formalarına
və insan fərdiliyinin təzahür üsullarına
hörmət edilməsini, onların qəbul olunmasını
və düzgün anlaşılmasını ifadə edir.
Ona bilik, açıqlıq, ünsiyyət və
fikir, vicdan, etiqad azadlığı imkan yaradır. Tolerantlıq müxtəliflikdə harmoniyadır.
O, təkcə mənəvi borc deyil, həm də siyasi və
hüquqi tələbatdır. Tolerantlıq
sülhün əldə olunmasına, müharibənin
sülh mədəniyyəti ilə əvəzlənməsinə
kömək edən məziyyətdir, güzəşt,
yumşaqlıq və ya görməməzlik deyildir,
insanın universal hüquqlarının, əsas
azadlıqlarının tanınması əsasında
formalaşan fəal münasibətdir. Tolerantlıq
insan hüquqlarının, plüralizmin, demokratiya və
hüquq qaydalarının təsdiq edilməsinə köməketmə
öhdəliyi olmaqla yanaşı, doqmatizmdən, həqiqətin
mütləqləşdirilməsindən imtina
olunmasını ifadə edən, insan hüquqlarına dair
beynəlxalq hüquqi aktlarda müəyyən olunmuş
normaları təsdiq edən anlayışdır.
Müstəqil Azərbaycanda etnik azlıqların
hüquqlarının müdafiəsi ölkənin siyasi
sabitliyinin təminatı və xarici siyasətin prioritet vəzifələrindəndir. Çoxmillətli
və çoxfunksiyalı respublika olan Azərbaycanın milli
siyasəti bütün etnik qruplar, o cümlədən, milli
azlıqlar üçün şəraitin təmin edilməsi
və yaradılmasıdır. Respublikada
multikulturalizm Azərbaycan dövlətinin milli-mənəvi,
ümumbəşəri, humanist dəyərlərə
söykənən davamlı və ardıcıl siyasi kursudur.
Multikulturalizm bir ideya və termin kimi ilk dəfə
Avropada yaransa da, Azərbaycan mühitində artıq cəmiyyətin
əxlaq kateqoriyasına çevrilib. Bakıda
“Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və
media” mövzusunda keçirilən konfransda qeyd olunmuşdur
ki, müasir dünya ictimaiyyətinin ən mütərəqqi
dəyərlərindən biri hesab olunan dini tolerantlıq
mühiti Azərbaycan cəmiyyətinin nümunəvi birgəyaşayış
normasına çevrilib. Ölkəmiz
bütün dinlərin, mədəniyyətlərin, fərqli
baxışların bir ailə kimi yaşadığı
tolerantlıq məkanıdır. Bu gün
dünyada çoxmədəniyyətli ölkə imici
qazanmış Azərbaycanda müxtəlif xalqlar arasında ənənəvi
dostluq və qardaşlıq münasibətlərinin,
tolerantlığın hökm sürməsi tarixi nailiyyətimizdir.
Tarixən tolerant ölkə olan Azərbaycanda
müsəlmanlarla yanaşı, katoliklər, provoslavlar, yəhudilər
və digər dinlərə etiqad edən insanlar da yaşayırlar.
Ölkəmizdə yaşayan müxtəlif xalqlara
öz milli-mənəvi dəyərlərini, dini
etiqadını, adət-ənənələrini qoruyub
saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək
üçün demokratik şəraitin təmin edilməsi Azərbaycanı
dünya ölkələri üçün tolerantlıq
örnəyinə çevirib. Qürurverici haldır
ki, bir sıra dövlətlər bizim təcrübəmizdən
yararlanmağa çalışırlar. İndi
dünyada multikulturalizm sahəsində ən optimal model kimi Azərbaycan
nümunəsi öyrənilir. Yeri gəlmişkən,
2013-cü ildə 70-dən çox ölkədən 800-ə
yaxın tanınmış elm, mədəniyyət xadiminin,
Nobel mükafatı laureatlarının
toplaşdığı III Bakı Beynəlxalq Humanitar
Forumunda qeyd olunub ki, bu sahədə məsələlərin
müzakirəsi üçün Bakıda mütəmadi
olaraq unikal tribuna, platforma imkanı yaradılır və
multikulturalizm nümunəsi olan Azərbaycan
ziyalılarının mülahizələri də
böyük marağa səbəb olub. Ümumiyyətlə,
ölkəmizdə keçirilmiş çoxsaylı beynəlxalq
tədbirlərdə dünyada milli və dini
tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin
təbliği, dini zəmində ekstremizmə və
ayrı-seçkiliyə qarşı birgə mübarizə
yollarının araşdırılması, fərqli dinlərin
və mədəniyyətlərin daşıyıcısı
olan insanlar arasında dialoq və qarşılıqlı
anlaşmanın bərqərar edilməsi və digər aktual
problemlər geniş müzakirə olunub. Bütün
bunların nəticəsi olaraq, Azərbaycan dövləti
ölkədəki dini ibadət azadlığından və
multikulturalist mühitindən sui-istifadə etməyə cəhd
edən müxtəlif təriqətlərin, missioner təşkilatların
antimilli fəaliyyətinə qarşı qəti və
barışmaz mövqe nümayiş etdirir. Qeyd edək
ki, IV Bakı Beynəlxalq Humanitar Forumunun
açılış mərasimində Prezident İlham
Əliyev Azərbaycanda multikulturalizmin inkişafını
yüksək qiymətləndirib: “Multikulturalizm Azərbaycanda
həyat tərzidir. Düzdür, bu termin nisbətən
yenidir. Ancaq əsrlər boyu Azərbaycanda
multimədəniyyətli cəmiyyətlər mövcud olub.
Xalqlar arasındakı dostluq və həmrəylik
bunun bariz nümunəsidir”.
Ölkəmizin multikulturalizm mərkəzinə
çevrilməsində Heydər Əliyev Fondunun yorulmaz fəaliyyəti
xüsusi qeyd olunmalıdır. Fond hər bir layihəsi
ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik
və dözümlülük kimi bəşəri dəyərlərin
bərqərar olmasına öz töhfəsini verməyə
çalışır. Uğurla həyata
keçirilən “Tolerantlığın ünvanı – Azərbaycan”
layihəsi çərçivəsində ölkədəki
məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa
işləri aparılır. Bakıda yəhudi
uşaqları üçün təhsil kompleksinin istifadəyə
verilməsi, Fransa regionlarında kilsələrin, müqəddəs
Roma katakombalarının bərpasında
iştirakımız, Həştərxanda Müqəddəs
Knyaz Vladimirə abidənin ucaldılması da məhz
ayrı-ayrı xalqların və konfessiyaların
qarşılıqlı hörmət və dostluq münasibətlərinin
genişləndirilməsinə xidmət edir.
Bu gün
bir sıra ölkələrdə dinlərarası münasibətlərdə
böhran yaşandığını qeyd edən Prezident
İlham Əliyev islamafobiya, ksenofobiya və antisemitizm meyillərinin
gücləndiyini də diqqətə çatdırıb və
“Multikulturalizm iflasa uğrayıb, multikulturalizm işləmir
və onun gələcəyi yoxdur” kimi fikirlər səsləndirənlərə
cavab olaraq, Azərbaycandan nümunə götürməyi
tövsiyə edib: “Gəlsinlər, Azərbaycana baxsınlar. Azərbaycanda multikulturalizm yaşayır, möhkəmlənir.
Heydər Məscidinin
açılışında mən, şeyx həzrətləri,
Aleksandr ata, Milix Yevdayev çıxış etmişik. Budur, bizim reallıqlarımız. Bu, bizim üçün adi qaydadır. Ancaq, eyni zamanda, bizim xristian, yəhudi
qardaşlarımızın orada çıxışı bir
mesaj, siqnal idi, həm Azərbaycan cəmiyyətinə, həm
bölgəyə, həm də dünyaya. Bax, belə olmalıdır. Budur
normal həyat tərzi, budur normal siyasət”.
Əli
Xalq Cəbhəsi.- 2016.- 26 yanvar.-
S.9.