Yurdum Azərbaycan odlar
diyarı…
Çağdaş
Güney Azərbaycan poeziyası: həyəcanlı, kədərli,
qəzəbli, fərəhli…
Güney Azərbaycanda yaradılan poeziya daim xalqın
sözün əsl mənasında mənəvi tələbatını
ödəməyə xidmət edib. Bütün Şərqdə
olduğu kimi təsəvvüf ədəbiyyatı burada da
mövcud olub. Yüzillər boyu Azərbaycan
şairlərinin, o cümlədən, Güney Azərbaycan sənətkarlarının
ictimai-siyasi və fəlsəfi görüşləri
onların ədəbi fəaliyyətinə istiqamət verib və
bu fəaliyyətin əsas mündəricəsini təyin
edib. Ədəbiyyat onlar üçün
qabaqcıl ideyalar uğrunda mübarizədə qüdrətli
bir silah olub. Onlar daim ədəbiyyatı
mücərrəd mövzulardan, qeyri-real surətlərdən
uzaqlaşdırmaq, həyata, varlığa real səhnələrlə
zənginləşdirmək uğrunda mübarizə
aparıblar, yəni, ədəbiyyatın cəmiyyətə,
xalqa xidmət etmək kimi öz əsas vəzifəsini yerinə
yetirmək üçün həyatın və
varlığın üzvü bir hissəsinə çevirmək
üçün çalışıblar. Bu sənətkarların əsərləri parlaq bir
güzgü kimi dövrünü, zəmanəsini bizə
göstərib, eyni zamanda bu günü yaxşı dərk etməyə,
gələcəyə baxmağa kömək edib. Bədii əsər məhz ona görə bədii əsərdir
ki, tarixin konkret dövrünü, orijinal simaya malik olan
insanlara bədii şəkildə, obrazlar vasitəsilə
göstərə bilsin. Sənəti,
idrakın başqa vasitələrindən ayıran da budur.
Tarix elmi bizə keçmiş hadisələrdən
və hazırki vəziyyətdən danışır, bədii
əsər isə bizim üçün insan həyatını
bədii lövhələrlə əks etdirir, eyni zamanda
gözümüzün önündə
ağrılı-acılı, sevincli-kədərli, ürəkağrıdıcı,
fərəhverici, ruhlandırıcı bədii mənzərələr
yaradır. Müasirlik ruhu isə həmişə
bədii əsər üçün olduqca vacib
sayılır. Bu, yalnız idraki cəhətdən
deyil, estetik cəhətdən də böyük əhəmiyyətə
malikdir. Bədii səviyyəsi yüksək
olan hər yeni əsər isə yenicə çiçək
açmış və ətri ətraf mühitə xoş
layihə kimi süzülən gül kimidir. Belə ki, bu rahiyəni hər kəs qoxlamaq istəyir.
Çağdaş Güney Azərbaycan şairlərini
oxuyuruq, həyəcanlanırıq, kədərlənirik,
sevinirik, qəzəblənirik, fərəhlənirik və zəmanə
barədə danışmaq istəyirik. Onların əksəriyyəti
öz əsərlərində dövrümüzün təlatümlü,
ictimai-siyasi hadisələrini, insanların mənəvi-əxlaqi
xüsusiyyətlərini elə canlı boyalarla əks etdirirlər
ki, bu, televiziya ekranlarındakı təsvirlərdən daha təsirli,
daha inandırıcı, daha real olur.
Bu şairlərin yaratdığı əsərlər vəzn,
rədif, qafiyə, təkrir, istixarə və başqa janr
formalarda klassiklərimizdən bəhrələnsə də,
fikir – fəlsəfi mündəricəsi və bədii estetik
keyfiyyətləri ilə təmamilə onlardan fərqlənir. Bu şairlərin
əsərləri bilavasitə min bir tellərlə yeni əsrin
psixoloji, fikri həyatı ilə, ideoloji meylləri,
siyasi-ictimai, mənəvi-əxlaqi xüsusiyyətləri və
tələbləri ilə bağlıdır. Müasir Güney Azərbaycan şairlərinin əsərlərindəki
xəlqilik bir-birini olduqca mükəmməl surətdə
tamamlayır. Yəni bu poeziyada elə bir
baxış yoxdur ki, Azərbaycan xalqının milli-mənəvi
dəyərlərinə, dilinə, mədəniyyətinə,
təbiətinə uyğun gəlməsin. Bu poeziyada hər şey xalqın zövqünə,
həyatına, arzularına uyğundur.
Nalə
çəkən, fəryad qoparan, qiyyə vuran, hayqıran bu
poeziyadakı xəlqilik, bu şeirlərin bütün ünsürlərinə,
dilinə, obrazlar silsiləsinə, təşbehlərinə,
təkrirlərinə, istiarələrinə, rədiflərinə,
qafiyələrinə, bir sözlə, bütün tellərinə
və ilmələrinə hopub...
Mən el
aşığıyam, el şairiyəm,
Adım
«Çayoğludur», əlimdə sazım.
Yurdum Azərbaycan
odlar diyarı,
Odur ki, odludur mənim avazım.
“Əlimdə
sazım” ifadəsi ötən əsrin poeziyasında, bir
çox şairlərin yaradıcılığında «mənim
şeirim», «mənim sözüm» frazeoloji birləşmələrinə
sinomin olaraq işlənib. Çayoğlunun
2001-ci ildə qələmə aldığı bu şeirdə
«əlimdə sazım» həm də həqiqi mənasında
işlənib. Çayoğlu (Bəhruz
Dövlətabadi) şair olmaqla yanaşı, həm də
musiqiçidir. Buna görə də onun
şeirləri musiqilidir, ahənglidir və nəğmə
üstündə köklənib. Bizdə
belə qənaət hissi olur ki, Çayoğlunun şeirləri
sanki öz çaldığı tarın, ümumiyyətlə,
xanəndələrin ifası, bəstəçilərin nəğmə
mətni üçün yazıb.
Çayoğlu ötən illərdə çap
etdirdiyi “Bayatı bayat olmaz” şeirlər kitabında ən
çox poetik növ kimi bayatıdan istifadə edib, kitabın
adını da «bayatı» ilə əlaqədar rəsmiləşdirib.
Ağzımı
tutsalar, incə sazımla,
Elimin dərdini söylərəm sənə.
Zəhmətlə
xalqımın istəklərini
Ağlayıban bəyan eylərəm sənə.
Çayoğlu ötən illərdə çap
etdirdiyi “Bayatı bayat olmaz” şeirlər kitabında ən
çox poetik növ kimi bayatıdan istifadə edib və
göründüyü kimi kitabın adını da bayatı
ilə əlaqədar rəsmiləşdirib.
Türkdilli xalqlarda bayatı şeir növü kimi
mürəkkəbdir. Azərbaycan ədəbiyyatında,
folklorunda bayatının misilsiz nümunələri
yaranıb. Türk xalqlarının
müştərək şeir növü olan bayatının
yaranma tarixi qədim dövrlərə gedib çıxır.
Bayatı bu xalqların tayfa, ulus halında
yaşadıqları dövrlərdə ağız ədəbiyyatı
nümunəsi olduğu üçün dilimizin bütün
şirinliyi, poetik imkanları, məna şirinliyi, poetik
imkanları, məna çalarlığı, bədii təfəkkürü,
xüsusiyyətlərini özündə əks etdirir.
Dörd misra, hər misrası yeddi bənddən ibarət
olması bu şeir növünün asanlıqla əzbərlənməsinə
zəmin yaradır. Bayatıların da bir çox folklor
nümunələri kimi müəllifi məlum deyil. Sevindirici haldır, müasir şairlərimiz də
bayatılar yaradır. Güney və Quzey
şeirlərinin yaradıcılıqlarında
bayatının gözəl nümunələrinə rast gəlirlər,
xüsusilə də Çayoğlunun poeziyasında. Çayoğlunun bayatıları mövzu etibarı
ilə müxtəlif məzmunlu, rəngarəngdir. Ümumiyyətlə, şairin öz kitabına
verdiyi ad («Bayatı bayat olmaz») özünü doğruldur.
Bəli, bayatı bizə ədəbi növ
kimi əbədidir, populyardır, müasirdir. Bayatı
bayat (Güney növlərində «Bayat» - V.Ə.) ola bilməz. Bayatı bizim
tariximiz, keçmişimiz, bugünümüzdür və
sabahımızdır. Xalqımız tarixən
dərdini də, bayatı ilə söyləyib, məhəbbətini
də, sevincini də. Çayoğlu da öz
sözünü, elinin dərdini bayatı ilə deyir:
Bayatı
qaynar çeşmə
Yel çalar, oynar çeşmə.
Zülümkarlar
əlindən,
Ürəyi deşmə-deşmə.
Bayatı
el qəmidir,
Sazların
dilqəmidir,
Hər kəlməsi
bir ümman,
Dərindir, sevməlidir.
Bayatı
şikəstədə,
Dərman olar xəstədə.
Dolanır
dildən dilə,
Oxur işçi işdə də.
Bayatı
şirin baldı,
Ormandı, uca dağdı.
Babalardan
tükənməz,
Qiymətli yadigardı.
Bayatı
gül sözüdür,
Zəmanənin
gözüdür,
Hər nə
demiş babalar,
Həqiqətin özüdür.
Bayatı
bayat olmaz,
Deməginən
qurtulmaz
Ana məhəbbətidir,
Heç zaman unudulmaz.
Bayatılarda olduğu kimi, Çayoğlunun da bu poetik
növdə yaratdığı nümunələrdə də
çağdaş həyatın kədəri, sevinci,
enişi, yoxuşu, sosial-siyasi, mədəni-əxlaqi hadisələrini
özündə təcəs¬süm etdirir. Çayoğlunun
bayatıları ilə yanaşı bir çox lirik şeirləri
də var və bu nümunələr bədii-poetik cəhətdən
diqqəti cəlb edir. Eləcə də
52 bənddən ibarət olan «Xatirələr dünyası»
poeması şairin yaradıcılığında xüsusi
yer tutur. Onun bu poeması ustad Şəhriyarın
«Heydərbabaya salam» ruhunda yazılıb. Ümumiyyətlə,
Şəhriyar poeziyası nümunələri
xalqımızın, eləcə də söz
adamlarının ruhuna elə hopub ki, hər kim
uşaqlıq xatirələrini, epistolyar yönümlü bədii
nümunələr yer verirsə, istər-istəməz «Heydərbaba»
təsirinə düşür. Yaranan əsərlərdə
hecanın ikilik ölçüsü ilə qələmə
alınır, deyim, mövzu, ifadələrdə Şəhriyar
ədəbi təsiri hiss olunur. Deyərdin
ki, Çayoğlu da Şəhriyar ədəbi məktəbinin
nümayəndəsidir.
Əzəl
gündən qəmi dərdə çatmışam,
Həsrət
ilən, qucaqlaşıb yatmışam,
Yuxu
içrə hər nə desən, tapmışam,
Səhər
durub axtarmışam yerimi,
Görmüşəm ki, yel aparıb belimi.
Böyüdükcə
ağır dərdlərə batdım,
Dağlar
bir ana tək məni bəslədi,
Duyğum itkin diləkləri səslədi.
«Bu misralar şairin uşaqlıq günlərinin
çox da şənliklər və
qayğısızlıqlar içində keçməzdiyini
göstərir, eyni halda xoş günlərin şirin xatirəsini
canlandırmağı, doğma yurdunun təbii mənzərələrini
göz önünə gətirdiyi də unutmur» (prof. H.Məmmədzadə).
Çayoğlunun
doğma Vətənin, onun təbiəti ilə
qırılmaz, möhkəm bir ünsiyyət var. «Quru
göl» şeirində orijinal, ürəkaçan, gözəl
peyzajlar yaratmağa nail olub.
Səba
mizrab olub düşüb canıma,
Nə qəşəng nəğmələr
dağıdır sinən.
Bağrında
öpüşür buludla günəş,
Səsindən qanıram dağlıdır sinən.
Çayoğlunun poeziyasında şovinizmə, milli mədəni
muxtariyyətdən məhrum olan xalqımıza qarşı
olan haqsızlığa, zülmə qarşı dərin nifrət,
etiraz hiss olunur. Yeniyetmələrin, məktəbyaşlı
uşaqların əziyyətindən qəddarcasına istifadə
edən sahibkarların cəmiyyətlərini ifşa etmək
üçün müasir xalçanı dilləndirir, onun
dili ilə bir çox kədərli, ürəkağrıdan
məktəbləri oxuculara söyləyir.
Niyə səf bağlayıb baxırsız mənə?
Qanların
rəngidir boyuyub səni
İncə
barmaqlarla məzlum balalar,
Gecələr yatmayıb toxuyub səni...
Vüqar Əhməd
Xalq Cəbhəsi.-
2016.- 27 yanvar.- S.14.