Seyid Əzim Şirvani haqqında bilmədiklərimiz
I yazı
Ötən əsrin 80-ci illərindən – aspiranturada təhsil
aldığım illərdən üzü bəri qədim
poeziya, muğam, aşıq, dini, pedaqoji mühit kimi
bütün Şərq dünyasında ad
çıxarmış, məşhur olmuş
Şamaxı-Şirvan bölgəsi ilə bağlı ciddi
araşdırmalar aparıram. Apardığım
araşdırmalar 50 kitab, onlarla məqalə, tezis və
oçerklərdə işıq üzü görüb.
Maraqlıdır ki, bu kitabların 30-dan
çoxu sırf Şamaxının tarixi, şair,
aşıq, xanəndə, alim, pedaqoq, bir sözlə, yetirmələrinin
ömür yoluna, yaradıcılıqlarına həsr olunub.
“Şamaxı alimləri, elm fədailəri”, “Aşıq Mirzə
Bilal”, “Şirvan xanəndələri”, “Mirzə Məhəmməd
Həsən Nalə”, “Şirvanlı Aşıq Şakir”, “Mən
Abbasam, Cəyirlidi məkanım”, “Şamaxı”, “Aşıq
Soltan ocağı”, “Şamaxı məktəbləri”, “Cəfərzadələr
ocağı – Əhməd Cəfərzadə”, “Böyük
pedaqoq – Mahmudbəyov”, “Ünsüzadə qardaşları”,
“Şirvanın 350 şairi”, “Şirvan folklor antologiyası”...
və s.
Neçə illərdir ki, böyük qəzəl
ustadı, M.Füzuli ədəbi məktəbinin qüdrətli
davamçısı S.Ə.Şirvaninin doğmaları barədə
ciddi tədqiqat aparıram. Düzdür, respublikamızın
görkəmli alimləri – F.Köçərli, F.Qasımzadə,
Ə.Şərif, Ə.Seyidzadə, K.Məmmədov,
K.Mirbağırov, Ə.Cəfərzadə, X.Məmmədov,
H.Səmədzadə, A.Bayramoğlu, Z.Əsgərli və b.
S.Ə.Şirvaninin həyat və
yaradıcılığı haqqında geniş və dəyərli
tədqiqatlar aparıblar. Amma onlar öz tədqiqatlarında
S.Ə.Şirvaninin ata-anası, ömür-gün
yoldaşı, oğul və qızlarının sadəcə
adlarını çəkib, onlardan, eləcə də
doğmalarından o qədər də geniş bəhs etməyiblər.
Mən isə uzun illərdir ki,
S.Ə.Şirvaninin doğmaları – oğul, qız, nəvə,
nəticə, kötücə, yadıca və
tullancıların izinə düşüb bu nəsli öyrənmək,
onlarla bağlı sənəd, şəkil, xatirə, məlumatlar
əldə etməklə məşğulam. Bu çətin
işi həyata keçirməkdən ötrü yüzlərlə
ixtiyar yaşlı şamaxılılar, Bakıda, eləcə
də bir çox regionlarda – Ağsu, Göyçay,
İsmayıllı, Gəncə, Hacıqabul, Lənkəran,
Sabirabad, Qobustan, Qubada yaşayan ixtiyar yaşlı həmyerlilərimiz
və S.Ə.Şirvaninin doğmaları ilə yanaşı
Orta Asiyada və İranda olan qohumları ilə dəfələrlə
görüşüb, şəkil, xatirə əldə
etmişəm... Vaxtilə xalq artisti A.Gəraybəyli,
prof. F.Qasımzadə, prof. X.Məmmədov, dos. M.Mustafayev, dos. M.Həyatzadə,
dos. M.Tahirli, prof. Ə.Cəfərzadə, eləcə də
Buzovna qəsəbəsinin bir çox qocaman sakinləri, eləcə
də şairin qohumları – M.Seyidzadə, Mir Mustafa, S.Seyidzadə,
Əhmədağa Məhəmməd oğlu, Aslan müəllim,
Şahin Kamil oğlu, Əminə xanım, Fəridə
Hüseynova və başqaları ilə geniş söhbətlər
etmiş, məlumatlar toplamışıq. Bu xeyirxah işin həyata
keçirilməsi, əldə edilməsində, müəmmalı
məlumatlara aydınlıq gətirlməsində
S.Ə.Şirvaninin qız nəticəsi, şair, fars dili mütəxəssisi Arif Səfanın
böyük yardımı olub.
Şair
baba nəsli barədə belə deyir: “Bu nəslin
Şamaxıda böyük hörmət və nüfuzu olub. Qədim Şamaxının 30 məhəlləsindən
ən qədimlərindən biri “İmamlı məhəlləsi”
adlandırılır. Həmin məhəllədə
XIII əsrdə tikilmiş qədim məscid 1918-ci ildə erməni
cəlladları tərəfindən əhali və məscidin
Axundu Cəfərqulu ilə birlikdə yandırılıb.
Bütün bu məlumatları sonralar mənə
nənə, xalamgil danışıblar. Son
vaxtlarda apardığım hesablamalar nəticəsində
müəyyən etmişəm ki, babam – S.Ə.Şirvaninin
bu günə kimi 300 nəfərə qədər nəvə-nəticəsi
olub. Daha dəqiq desək, mən Bakıya dönəndən
sonra – 60 il ərzində
doğmalarımızı (bildiklərimi) adbaad siyahı edə
bilmişəm. Adlı siyahı üç yüz nəfərdən
ibarətdir... Onu da deyim ki, bu işlə təkcə mən məşğul
olmuşam... Babam Seyid Əzim şairlik udumunu mənə
verib. Bu nəsildə babamdan sonra tək şair mən
olmuşam...”
Yuxarıda qeyd etdiyimiz kimi, ermənilər əhalini
diri-diri yandırıblar. Faciədən sonra
yandırılan insanların külü, sür-sümükləri
bir yerə toplanıb, dəfn edilib. Azərbaycan
Xalq Cümhuriyyəti zamanında həmin məzarın
üstünə sinə daşı xatirə qoyulub və sinə
daşının üstünə də AXC-nin gerbi həkk
edilib. Faciəyə şahid olan sinə daşı bu
gün də yaşayır...
Arif Səfanın dediyinə görə, ulu babaları
Seyid Məhəmməd təxminən, 1810-cu ildə
Şamaxı şəhərində doğulub. Seyid Məhəmməd
Şamaxının “İmamlı” məhəlləsindən
olan Məşədi Soltanın qızı – Gülsüm
xanımla ailə qurub. Onların bir
oğlu və bir qızları olub. Qızları
– Seyid Əminə 5-6 yaşında ölüb. Seyid Məhəmməd vəfat edəndə oğlu
Əzimin 7, özünün isə 40 yaşı olardı.
Seyid Əzimin ana babası Molla Hüseyn Molla
Mürsəl oğlunun Şamaxı-Dağıstan ərazilərində
xüsusi hörməti olub. Mənbələrdə
yazıldığı kimi, Seyid Məhəmməd rəhmətə
gedəndən sonra nəvəsi Əzimin təlim-tərbiyəsi
ilə ana babası Molla Hüseyn məşğul olub. Arif Səfanın dediyinə görə, ulu
babası Seyid Məhəmməd də atasının
yanında – “Şah Xəndan” qəbristanında dəfn olunub.
Seyid
Əzim Şirvani Seyid Məhəmməd oğlu Mir Cəfərzadə
Şirvani 1835-ci il iyul ayının 10-da
Şamaxı şəhərində Qalabazar məhəlləsində,
ruhani ailəsində anadan olub. Seyid Cəfər
oğlu Seyid Məhəmmədi İmamlı məhəlləsindən
olan dostu Molla Soltanın qızı Səkinə xanımla evləndirir.
1835-ci ildə onların bir oğul
övladları dünyaya gəlir. Seyid Məhəmməd
nəvəsinə öz babası Əzimin adını verir.
Bu barədə şairin nəticəsi Arif Səfa belə
deyir: “Biz Təbrizdə yaşayanda məktəbdə müəllimlərim
biləndə ki, mən Seyid Əzim Şirvaninin nəticəsiyəm,
mənə qayğı göstərirdilər. O zaman anam
tez-tez mənə deyərdi ki, başımızı ucaldasan.
Bir də anam həmişə deyərdi ki, bizdə
iki Əzim olub. Babam Seyid Cəfərin də
atasının adı Əzim olub. Seyid Məhəmməd
öz oğluna babası Seyid Əzimin adını qoyub.
Düzdür, S.Ə.Şirvanidən bəhs edən
müəlliflər bu faktı qeyd etməyiblər. Bunu bir xalam, bir də anam bilirdi. Mən
onlardan eşitmişəm. Mənim iki
Əzim adlı babam olub. Amma onu deyə bilmərəm
ki, ulu babam Əzim də şair olub, ya yox”....
Balaca Əzimin 7 yaşı olanda – 1842-ci ildə Seyid Məhəmməd
Seyid Cəfər oğlu vəfat edir. Deyilənlərə
görə, Şahxəndan qəbiristanlığında –
atasının qəbrinin yanında dəfn olunur. Daha
sonralar şair həmin illəri belə nəzmə çəkib:
Vəzi-həml
etdi çün məni madər,
Pədərim dari-xüldə etdi səfər.
Adımı
qoydular çü Seyid Əzim,
Düşdü bəhri-qəmə bu düri-yetim.
Haşiyə. Mən institutu bitirəndən sonra
Şamaxı və keçmiş şamaxılılarla
bağlı xeyli məlumat və bilgilər əldə
etmiş, öyrənmiş və xatirələr
toplamışam. Bunun bir səbəbi də
onda idi ki, 1972-83-ci illərdə maraqlandığımız məlumatlar
yazılı mənbələrdə o qədər də yox
idi.
Xalq
yazıçısı, professor, ustadım Əzizə Cəfərzadə
mənə belə məsləhət vermişdi:
“Yazdıqlarımın çoxu yaşlı
şamaxılılardan, yaddaşlarından əldə etdiklərimdir”.
Doğrudan da, o illərdə adlı-sanlı
şamaxılıların çoxsunun nəvə-nəticələri
sağ idi və Göyçay, Sabirabad, Ağsuda, Bakıda
yaşayırdılar. Eləcə də S.M.Qənizadə,
C.Cəbrayılbəyli, M.Mahmudbəyov, Ə.Əlizadə,
M.Ə.Sabir, M.Hadi, A.Gəraybəyli, S.Ə. Şirvani, Azad bəy,
M.Şirəliyev, M.Əliyev, N.Nəcəfov, M.Qəniyev və
başqalarının doğmaları...
Maraqlısı
bir də onda idi ki, professor Əzizə xanım o illərdə
onların çoxusu ilə əlaqə saxlayır və
ünsiyyətdə olurdu... Bir dəfə mən
Bakıya – Əzizə xanımgilə getməli oldum. Daha doğrusu, “Aləmdə səsim var mənim”
romanı ilə bağlı çap etdirdiyim yazımı ona
təqdim etdim. Xeyli söhbət etdik, məsləhətlər
aldım. Onun bir təklifi ürəyimdən oldu: “Sabah
bizə gəl, gedib S.Ə.Şirvaninin nəvəsinə
baş çəkərik, xatirələr əldə edərik”.
Səhəri gün günorta – saat 2 ərəfəsində
S.Ə.Şirvaninin nəvəsi Mir Məhəmməd
Şirvanigildə olduq. Ailə bizi yaxşı
qarşıladı. Daha doğrusu, Əzizə
xanıma hörmət və ehtiram aydınca hiss olunurdu.
Məhəmməd Şirvani qoca olsa da,
görünüşü, danışığı elə də
qoca hiss olunmurdu. Əzizə xanım bizi tanış
etdi. O, Türkmənistandan Bakıya dönəndən sonra
M.Ə.Sabir və babasının məzarlarını yad etmək
üçün Şamaxıya getməsi (onun babaları
haqqında məlumatı daha çox idi...), keçmiş
Şamaxıdan, dostlarından bəhs etdi. Bibilərinin
və onların uşaqlarından, qürbətdə
qalmalarından danışdı, kövrəldi də. Çox əfsuslar ki, həmin deyilənləri
yazıb saxlaya bilmədim. Deyilənlərdən
yadımda o qaldı ki, Əzizə xanımın
“Atasının, babalarının, nənələrinin qəbirlərini
tanıyırmı, ziyarət edirmi?” - sualına
kövrələ-kövrələ verdiyi belə cavab oldu:
– Əzizə xanım, bayaq dediyim kimi, Şamaxıya
yolum düşən zaman (qardaşımın işinin tələbini
bilirsən) Ağanın, eləcə də baba və nənələrimin
məzarını həmişə ziyarət edirəm,
qardaşımla (məzarlarını tanıyıram.) Allah qoysa, bu il
yayda Şamaxıya gedəcəm. Ağanın
məzarı məlumdur. O biri babalarımın məzarlarını
sənə göstərəcəm. Babam Cəfərin
məzarı elə Ağanın yanındadır. O biri
baba və nənələrimin qəbirləri bir qədər
yuxarıdadır. Onlar artıq batmaq üzrədir.
Bu məzarları bizə - övladlarına atam
30-cu illərdə Şamaxıya ziyarətə gedərkən
göstərib. Atamın məzarı isə
burda, Buzovnanın qədim qəbiristanlığındadır.
Bura yaxın olduğu üçün atamın
məzarını vaxtaşırı ziyarətə gedirik.
Çox sağ olsun buzovnalılar. S.Ə.Şirvani ilə bağlı çox tədbirlər
keçirirlər. O zaman bizi – nəvə-nəticələrindən,
şair və xanəndələrdən də dəvət
edirlər. Elə sizin özünüzü də...
Atam Buzovnada, anam isə Mərdəkan qəbiristanlığında dəfn olunub. Mən balalarıma vəsiyyət etmişəm ki, öləndə məni babalarımın yanında – Şamaxıda dəfn etsinlər. Ona görə ki, baba ocağımız Şamaxıdır. Hətta onu da vəsiyyət etmişəm ki, atam Mir Səfər Ağanın da cəsədini Buzovnadan götürüb atasının yanına – Şamaxıya aparsınlar. Ürəyimdən keçənlər başqa cürdür. Belə ki, o gün olsun, Seyidin qızlarının Asqabadda olan cəsədləri atalarının yanında cəmlənəydilər...”. Bu sözlərdən sonra nurani kişi, doğrudan da, hönkür-hönkür ağladı... Biz də kövrəldik – özü də möhkəmcə...
Haşiyə: Mən bilmirəm ki, həmin yayda Məhəmməd qardaşı Mir Mustafa və Əzizə xanımla Şamaxıya ziyarətə gəldilər, ya yox. Amma onu bilirəm ki, doğmaları Məhəmmədin vəsiyyətinə əməl olundu, Şamaxıda, “Şahxəndan” qəbristanlığına – S.Ə.Şirvaninin yanında dəfn etdilər...
Əhmədağa Məhəmməd oğlunun yaddaşından: Atam xəstə yatırdı. Bir gün məni yanına çağırdı.
Və kövrək səslə dedi:
- Əhmədağa, bala, sənə vəsiyyət edirəm, yaxşı dinlə. Biz Seyid Əzimin nəvə-nəticələri uzun illər yurdumuzdan ayrı düşmüşük. Neçə illərdi ki, doğma torpağa qovuşmuşuq. Sizinlə dəfələrlə Şamaxını ziyarətə getmişik. Bunları bilirsən. Ürəyimə damıb. Ömrümün sonu yaxınlaşıb. İstəyirəm ki, məni baba yurdumda – Şamaxıda dəfn edəsiniz... Atamın gözləri doldu, mən də ağladım...
Atam rəhmətə gedən zaman vacib iş
üçün Türkmənistana getdim. Orada teleqram aldım: “Atan vəfat
edib, tez gəl...” Dostlarımın köməyi və
yardımı ilə ancaq dəfnə gəlib
çatdım... Vəsiyyətinə əməl
edib atamı Şamaxıya apardıq. Şamaxı
rayonunun rəhbər işçilərinin köməyi ilə
“Şahxəndan” qəbristanlığında, babamın məzarına
yaxın yer verdilər, atamı orada dəfn etdik.
Seyid Məhəmməd vəfat edəndə qudası
Molla Hüseyn Dağıstanın Yaqsay kəndində fəaliyyət
göstərir, yaşayırdı. Odur ki, Molla Hüseyn, qızı Səkinə
xanım və nəvəsi Əzimi öz yanına aparır:
“Oğul övladı olmayan Molla Hüseyin bütün məhəbbətini
balaca qız nəvəsinə salıb və onun təlim-tərbiyəsi
ilə ciddi surətdə məşğul olub. Yaqsay
kəndi şairdən xoş xatirələr saxlayıb.
XIX əsrin 80-ci illərində babasının yurdunu ziyarət
edən S.Ə.Şirvani onu növrağı pozulmuş, pərişan
halda görüb dərindən kədərlənmişdi...
Seyfəddin Qəniyev
Professor
Xalq Cəbhəsi.- 2016.- 28 yanvar.-
S.14