Mədəniyyət hər bir xalqın milli kimliyidir”

 

Elşən Nəsibov: “Mədəniyyət xalqın məkanda tarixən yaratdığı dəyərlər məcmusundan ibarətdir”

 

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 10 yanvar toplantısında 2016-cı ildə Bakıda bir neçə mötəbər tədbirin, o cümlədən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçiriləcəyini bildirərək, 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Elşən Nəsibov bildirib ki, hər bir şəxs həm öz mədəniyyətinin, həm də dünya mədəniyyətinin təmsilçisidir. Bir dövlət ərazisində yaşayan çoxlu sayda xalqlar elə dünya mədəniyyətinin həmin dövlətdə kiçik bir mədəni modelini formalaşdırır. Multikulturalizm xalqlarda mədəni və dini tolerantlılığı yaradır: “Mədəniyyət bir obyekt olaraq insanların fəlsəfi düşüncə ifadəsidir və bu nöqteyi-nəzərdən, özündə kompleks xarakterli ümumiləşmiş ifadələri əks etdirir. Mədəniyyət konseptualdır, multikulturalizm də konseptual məzmunludur. Dərin mahiyyətə malikdir, insanların və xalqların özünüdərkini təcəssüm etdirir.

Multikulturalizmdə dünyanın dərk olunması əsas prinsip kimi qəbul olunur. Çoxmillətlilik və onun yaratdığı çoxmədəniyyətlilik özlüyündə dünyanın dərk olunmasını ehtiva edir. Bu baxımdan, mədəniyyət fərdin və kollektivin davranışlarından (davranışlar münasibət və əlaqə fonunda meydana gəlir, fərdin resurslara və digər fərdlərə olan əlaqə və münasibətlərini ifadə edir), davranışların yaratdığı adət qaydalarından və bunların da formalaşdırdığı xarakterdən meydana gəlir.

Xarakter fərdi və milli kimliyi müəyyən edir. Milli kimlik əsasən dil amilindən formalaşır. Eyni zamanda, mədəniyyətin (adət-ənənə, yaradıcılıq və quruculuq nümunələri) xarakterik xüsusiyyətləri burada önəmli rol oynayır. Xarakteri meydana gətirən kompleks elementlər fərdi və milli mədəniyyəti formalaşdırır”.

Onun sözlərinə görə, dil, ümumən, baza tanıtım rolunu oynayır. Sonra bu kompleksə fizioloji amillər (xalqın nümayəndələrinin fiziki quruluşu) da əlavə olunur: “Multikulturalizmdə isə çoxlu sayda mədəni və fiziki elementlər dünyanın rəngarəngləşməsini təmin edir. Bu qarışıqlıq hesabına isə milli mədəni elementlərin bir-birini radikal məzmunda üstələməsinin qarşısı alınmış olur. Mədəniyyət fərdə, xalqa, cəmiyyətə, dövlətə xas olan dəyərdir. Dəyərdir, o baxımdan ki, mədəniyyət yaradıcılıq, quruculuq nəticəsidir, yaradıcılıq və quruculuq formalarıdır. Mədəniyyət nümunələr (burada dövlətin özü, cəmiyyətin özü bir mədəniyyətdir - dövlət sistemi, o cümlədən hüquq və siyasət sistemi, subyektlərin təşkili bir mədəniyyət nümunəsidir, xalqın yaradıcılıq və quruculuq göstəricisidir. Xalqın siyasi məfkurəsidir. Xalqın formalaşaraq, millət kimi təşkilatlanması da ali siyasi mədəniyyətin tərkibini təşkil edir. Dövlətçilik mədəniyyəti özündə iqtisadi, mədəni, sosial və siyasi təşkilatçılıq qabiliyyətini əks etdirir. Mədəniyyət normaları-davranış qaydalarından, milli xarakterdən, milli və beynəlxalq davranışdan meydana gəlir) fonunda büruzə verən dəyərlərdən ibarətdir. Mədəniyyət də maddi və mənəvi ola bilir. Mənəvi dəyərlər, o cümlədən əxlaq qaydaları, mədəni davranış nümunələri (burada davranış qaydaları), xarakter özü elə mənəvi mədəniyyətin əsaslarını meydana gətirir. İctimai tərbiyə, siyasi əxlaq, milli adət-ənənələr özlüyündə mənəvi mədəniyyətin forma və məzmununu sübuta yetirir”.

O, hesab edir ki, maddi mədəniyyət nümunələrindən (burada quruculuq və yaradıcılıq nümunələri) istifadə qaydaları və maddi mədəni abidələrə, əşyalara olan münasibət məhz özlüyündə mənəvi mədəniyyət normalarını yaradır. Xalqın mədəniyyət tarixi və tarixi kimliyi maddi nümunələr əsasında sübuta yetirirlir. Bu baxımdan da bir xalq əgər öz yaradıcılığına hörmətlə yanaşırsa, onu qoruyursa, dəyər olaraq irsən ötürürsə, onda o xalq öz mədəniyyətinə hörmət edən mənəvi dəyər xalqıdır. Bu kriteriyalar da özlüyündə xalqın möhkəm iradəliliyini sübuta yetirir. Mədəni xalq tarixini, yaratdığı mədəniyyət nümunələrini qorumağı bacarmaq keyfiyyətlərinə malikdir.

Mədəniyyət yaradıcılıq və quruculuq nümunəsidir, bu nümunələrə nisbətdə davranış, əxlaq normasıdır. Buna görə də quruculuq və yaradıcılıqdan ibarət olan davranışlardan və nümunələrə qarşı olan hörmətdən ibarətdir”.

E.Nəsibov bildirib ki, mədəniyyət hər bir xalqın milli kimliyidir: “Milli kimliyinin irsən qoruyucusudur. Mədəniyyət xalqın məkanda tarixən yaratdığı dəyərlər məcmusundan ibarətdir. Mədəniyyət nizam və intizamdan ibarət davranış üsuludur. Mədəniyyət sosiallaşmanın, sosial strukturlaşmanın tərkibini təşkil edir. İnsanların sosial əlaqələr və münasibətlər forması məhz mədəniyyətin yaranmasının əsaslarını təşkil edir. Multikulturalizm isə beynəlxalq mədəniləşmə proseslərini təmin edir. Bu da özlüyündə beynəlxalq sosiallaşmanı meydana gətirir. Dövlətlərin çoxluq təşkil etdiyi müasir zamanda xalqlararası mədəniyyət əlaqələri də inkişaf etməkdədir. Bu gün mövcud olan əlaqələr (elektron əlaqələr) xalqlara məxsus olan mədəniyyətin qarşılıqlı olaraq, mübadiləsini sürətlə şərtləndirməkdədir. Digər tərəfdən, bir dövlət daxilində çoxlu sayda mədəniyyət nümunələrini özündə daşıyan subyektlər (xalqların nümayəndələri) mövcuddur. Mədəniyyət nümunələrinin obrazları həm birbaşa subyektlərarası (fərdlərarası) əlaqələr ilə, əyani şəkildə, həm də vasitəli qaydada vizual şəkildə transfer etməkdədir. Bu obrazlar keçidlər zamanı əks olunur”.

Onun fikrincə, multikulturalizmin formaları meydana gəlməkdədir: “Bir forma dövlətlər daxilində yaşayan xalqların yaratdığıdır. Əyani mübadilə formasıdır. Burada davranış qaydaları, adət-ənənələr keçidlər edir. Digər bir forma isə qiyabi tanışlıqla keçid formasıdır. Adət-ənənələr, musiqi, mədəniyyət vasitələr yolu ilə keçidlər edir.

Multikulturalizm (çoxmədəniyyətlilik) bir məkanda (burada bir cəmiyyət, bir dövlət) yaşayan çoxlu sayda xalqlardan ibarət olan mədəni müstəvidir.

Çünki mədəniyyətin əsas daşıyıcıları məhz fərdlər və xalqlardır. Multikulturalizm digər tərəfdən də bir vahid dünya çərçivəsində yaşayan çoxlu sayda xalqlardan ibarət olan mədəniyyət müstəvisidir. Mədəniyyət bütövlüyü bir dünyanı əhatə edir, eləcə də dünyanın tərkib hissələrindən ibarət olur. Multikulturalizm bir dövlət daxilində olur, eləcə də dünya xalqlarının birləşmiş mədəniyyətini əks etdirir.

Hər iki formanın insanlar üçün əhəmiyyəti olduqca çoxdur: Birincisi, ona görə ki, çoxlu sayda xalq - çoxlu sayda quruculuq və yaradıcılıq subyekti deməkdir. Çoxlu sayda xalqın mövcudluğu fərqli yaradıcılıq və quruculuq nümunələrinin inkişafından xəbər verir. Quruculuq və yaradıcılıq nümunələrinin çoxluğu cəmiyyətlərdə və dövlətlərdə dəyər zənginliyini meydana gətirir. İkincisi, multikulturalizm insanların zəngin davranış numunələrini formalaşdırır. Üçüncüsü, milli eqoizmin qarşısını alır və xalqların assosiativ inteqrasiyalarını meydana gətirir. Dörüdüncüsü, beynəlmiləlçiliyi və kosmopolitizmi yaradır, sosial holizmin yaranmasını zəruri edir.

Multikulturalizm məkanda (burada bir dövlətdə, bir cəmiyyətdə) mövcud olan dəyərləri çoxaldır. Bu dəyərlər yaradıcılıq və quruculuq elementlərini artırır. Multikulturalizm məkana xarici mədəni elementlərin axınını təmin edir. Bu axın sayəsində regional mədəni inteqrasiya formalaşır və mədəniyyət regionu meydana gəlir. Xaricdən transfer edən nümunələr hesabına məkanda sosial strukturlaşma güclənir. Sosial strukturlaşmanın güclənməsi hesabına isə elementlərin sayı artır və dinamiklik genişlənir. Bu proseslər sayəsində sistemdə mövcud olan mədəniyyət elementlərinin sayı çoxalır və dəyərlər artır. Dəyərlər sistemi zənginləşir. Multikulturalizm sayəsində dünyanın mədəniyyət potensialı bir məkana cəlb olunur. Multikulturalizm xalqın və dövlətin dünyəviliyini təmin edir və xalqın, millətin, dövlətin dünyada sürətlə tanıdılmasını həyata keçirir. Multikulturalizm dünyanın əksər xalqlarından ibarət olan bütövü yaradır və ümummədəniyyət müstəvisini meydana gətirir”.

E.Nəsibov deyir ki, multikulturalizm fərdin beynəlmiləlləşməsini təmin edir, xalqların mədəni bütövlüyünü meydana gətirir: “Burada milli mədəniyyətin inkişafını digər mədəni çalarlar hesabına təmin edir.

Multikulturalizm monoton dövlətlərin və cəmiyyətlərin yaranmasının qarşısını alır və kasıb mədəni regionların formalaşmasına mane olur. Bu baxımdan da regionlarda müharibələrin qarşısını alan faktorlar rolunda çıxış edir.

Multikulturalizm mədəniyyət sisteminin regional formasını yaradır və bu da özlüyündə regionun maddi-mənəvi resurslarından istifadədə yumşaq yanaşma metodlarının formalaşmasına gətirib çıxarır.

Multikulturalizm milli mədəniyyətin qarışıq mədəniyyətlər hesabına sürətlə tanıdılmasını təmin edən zəngin sistem rolunu oynayır.

Multikulturalizmin formalaşması sayəsində mədəni cəhətdən bir-birinə bağlantılar yaranır ki, bu da özlüyündə yaradıcılıq və quruculuq bütövlüyünün yaranmasını şərtləndirir.

Multikulturalizm millətlərin və onların nümayəndələrinin birliyini şərtləndirir və mədəni dəyərlərin transferini təşkil edir. Bu da milli mədəniyyətin məkanlar üzrə sürətlə yayılmasını şərtləndirir.

Multikulturalizm xalqın və dövlətin beynəlxalq təhlükəsizliyini təmin edir. Regional qarışıq mədəni elementlər bu elementlərə xas olan dövlətlərin gücünü artırır, əlaqələrini genişləndirir və sərhəd təhlükəsizliklərini təmin edir. Məsələn, bir dövlət ərazisində yaşayan digər xalqlar hesabına (qonşu xalqlar nəzərdə tutulur) həmin dövlətin beynəlxalq təhlükəsizliyi təmin olunur və iqtisadi əlaqələri də genişlənir.

Multikulturalizmin əhəmiyyəti həm də ondan ibarət olur ki, kiçik saylı xalqlar mədəni inteqrasiya şəraitində böyük xalqların mədəni elementlərindən faydalanmaq imkanları əldə edirlər.

Bu da özlüyündə kiçik xalqların ruhunu zənginləşdirir.

Multikulturalizm çoxlu sayda xalqların adət-ənənələrini, vərdişlərini ümumiləşdirir.

Bunun da sayəsində yaradıcılıq və quruculuğun genişlənməsi prosesləri baş verir. Multikulturalizm özünün müəyyən inkişaf mərhələsində siyasi inteqrasiyaya keçidlər edir…”.

 

Əli

Xalq Cəbhəsi.- 2016.- 28 yanvar.- S.9.