“Azərbaycanda formalaşmış multikulturalizm dəyərlərinin dini müstəvidə əks-sədasının köklərini də araşdırmaq maraqlıdır”

 

Nəriman Qasımoğlu: “Bunları milli-mədəni irsimizin məşhur nümunələrində aydın görürük”

 

Azərbaycan çoxmillətli, qonaqpərvər bir diyardır. Burada tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər, çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, sıxılmadan yaşayıb, yaşayır və mədəniyyətlərini yaşadırlar. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində təhsil ala bilir, öz dini inanclarına uyğun ibadət edir, heç bir ögey münasibətlə üzləşmədən müxtəlif sahələrdə öz töhfələrini verirlər.

Dinşünas-alim Nəriman Qasımoğlu bildirib ki, polietnik və çoxkonfessiyalı Azərbaycanda formalaşmış multikulturalizm dəyərlərinin dini müstəvidə əks-sədasının köklərini də araşdırmaq xeyli maraqlıdır və bunları milli-mədəni irsimizin məşhur nümunələrində aydın görürük: “İlk olaraq azərbaycanlıların qəhrəmanlıq dastanları sırasında yer alan ən qədim yazılı abidəsi “Kitab-i Dədə Qorqud” obrazlarının həyatında multikulturalizm yaşantılarının necə yer aldığına diqqət edək. Və öncə onu vurğulayaq ki, dastandakı qəhrəmanların müsəlman dindarlığı mühafizəkarlıqdan xeyli uzaq bir məzmundadır. Azərbaycanlıların əcdadları ilk müsəlmanların bu cür təqdimatında hətta din xadimləri zümrəsi də yer almır. Qorqud qəhrəmanlarının tapındığı din falçı, pir, molla, imam dini deyil, sözün birbaşa mənasında Quran-da ifadəsini tapan xalis dindir, Tanrı dinidir. Oğuz türkünün Tanrıyla təması mistik aləmə qapılanların, məbədlərdə gün keçirənlərin, guşənişinlərin ibadətinə əks məzmundadır. Bu məzmun sırf həyati müstəvidə və təktanrılığın insan üçün nəzərdə tutulan təyinatına tamamilə uyğun gəlir ki, Tanrıdan qəbul görür. Bamsı Beyrək boyunda olduğu kimi: “Ol zamanda bəylərin alqışı alqış, qarğışı qarğış idi. Duaları müstəcəb olurdu”.

Kitabdakı boyların biri “Qanlı Qoca oğlu Qanturalı” boyudur. Burada əhvalat belə qurulur ki, gənc Qanturalı evlənmək üçün “kafir” qızının — sarı donlu Selcan xatunun, Trabzonun xristian başçısının qızını seçir. Oğuz bəyləri üçün bu dini mənsubiyyət heç bir mənada başqalıq ifadə etmir. Qanturalının gələcək həyat yoldaşında görmək istədiyi yalnız bu keyfiyyətlərdir: “Baba, mana bir qız alı ver kim, mən yerimdən turmadan ol turğac gərək! Mən qaraqoç atıma binmədən ol binmək gərək!…

Selcanla evlənməsinə qızın atasından icazə üçün Qanturalı ağır sınaqdan keçərək özü də təbii ki, bir igidlik nümunəsi sərgiləmli olur, bir buğa, ardınca da bir aslanla çarpışır. Sınağını qələbə ilə başa vurub Selcan xatunla öz yurduna yola düşür. Qızını müsəlman oğuz gəncinə verdiyindən peşmançılıq çəkən Trabzon təkuru onların ardınca qoşun göndərir. İki gəncin üstünə bu dəfə düşmən qismində qələn təkur döyüşçülərini Qanturalı ilə Selcan xatun – biri müsəlman, o biri xristian inanclısı olaraq birgə dəf edirlər”.

O, əlavə edib ki, dastan boyu Selcan xatuna dini baxımdan heç bir ögeylik sərgilənmir: “Əksinə, onun qəhrəmanlığının təsvirində şəxsinə məhrəm bir münasibət ifadə olunur. Selcan obrazı qadına ailə namusu, qəbilənin şərəfi, mənəvi-əxlaqi təmizlik və qəhrəmanlıq nümunəsi kimi baxılan oğuz qadınlarının mühitində tam doğmalaşmış birisidir ki, bu keyfiyyətlərin hamısını Azərbaycanlı oxucu onda görür. Və buna görə də bu xristian Selcan xatunu müsəlman oğuz qızlarından fərqləndirə bilmir. Məsələn, müsəlman oğuz qızı Banuçiçəkdən. “Baybörənin oğlu Bamsı Beyrək boyu”nda yer alan bu obraz da Selcan xatun əlamətində bir qızdır. Onunla nışanlanmış Bamsı Beyrək də öz atasına eyni xüsusiyyətlərə malik bir qızla evlənmək istədiyini bəyanlamışdı: “Baba, mana bir qız alı ver kim, mən yerimdən turmadan ol turğac gərək! Mən qaraqoç atıma binmədən ol binmək gərək!…Bu gəlinlərdən biri müsəlman oğuz qızı Banuçiçək, o birisi xristian qızı Selcan xatundur. Hər ikisi Azərbaycan oxucusu üçün eyni dərəcədə doğmalıqla dastanda tərənnüm edilir.

“Kitab-i Dədə Qorqud”da başqa bir qadın obrazı da var ki, o da dini mənsubiyyətcə xristiandır, ancaq oğuz qadınlarının içində deyil, düşmən tərəfdədir. “Baybörənin oğlu Bamsı Beyrək boyu”nda bu xristian qızı düşmən cəbhəsində olsa da Azərbaycanlı oxucunun rəğbətini qazanır. Bu, Bayburd hasarı bəyinin qızıdır. Beyrək onun atasının əsirliyində olarkən bu oğuz bəyinə aşiq olur. Dustaqxanada ona yaxınlaşıb deyir: “Əgər səni hasardan örkənlə aşağı sallasam, sağ-salamat ata-ananın yanına getsən, məni burda gəlib halallığa alarsanmı?” Beyrək bu xristian qızının şəxsiyyətini uca tutduğuna görə müqəddəs oğuz andı içir: “Oğuz yurduna salamat çatsam, gəlib səni halallığa almasam, qılıncımla doğranım! Oxuma sancılım! Yer kimi çatlayım, torpaq kimi sovrulum!”. Xristian qızının əsirlikdən azad etdiyi Beyrək öz nişanlısı Banuçiçəyə qovuşur və təbii ki, xristian qızı ilə evlənmək andına xilaf çıxır. “İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy”da Beyrəyin həlak olması bu andına xilaf çıxmağının nəticəsi kimi də aldğı cəza ilə bağlı bir assosiasiya yaradır”.

Onun sözlərinə görə, Qədim azərbaycanlıların cəmiyyətinə multikultural ovqat yaşantılarını gətirən obrazları dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıçılığında da mühüm yer tutur: “Çoxmədəniyyətliliyə yüksək dəyər verilməsi intibah şairi Nizami dühasının mahiyyətindədir. Etiqadca müsəlman olan, beş poemadan ibarət “Xəmsə”si ilə dünya şöhrətli şair bütün bu əsərlərinə Allaha münacatlarla başlayır, Məhəmməd peyğəmbərin tərifini verir və bütün bunlarla bərabər başqa dinlərə elə bir məhəbbət sərgiləyir ki, bunun təyinatı böyük mənada oxucuya çoxmədəniyyətlilik şüuruna sahiblənməyi bir dəyər kimi təlqin edir.

“Sirlər xəzinəsi” poemasında “Ədalətli və insaflı olmağa dair” söhbətdə şair hökmdarları nəzərdə tutaraq onlara ağıllı, tədbirli, ədalətli olmağın, xalqın gözündə ucalmağın yolunu dinlərdə ifadə olunan ilahi təlimatlara əməl etməkdə görür və deyir:

Dini sevib qorumaq sənin borcundur hər gün,

Bu yolda can qoyublar haqqsevərlər haqq üçün”.

Maraqlıdır ki, bu misraların ardınca şair peyğəmbərlər içində nümunə kimi İsa Məsihi xatırladır: “

Hər kəs ki, İsa kimi duyub, sevib insanı

İnsafı sayəsində tutub cümlə cahanı.

 

Poemada İsa Məsihin sevgi təliminin bir uzatısına həm də sevgili qadına münasibətin obrazlı ifadəsində rast gəlinir:

 

Mənim eşq bayrağım bənd olunca bir yerə,

Vəfa qoxusu gəldi başqa bir yandan yenə.

Açıq deyim: bir yarın rayihəsi, nəsimi

Mənə ürək, can verdi İsa nəfəsi kimi.

 

Son sətirdə İsa Məsih möcüzələrindən birinə — İsa nəfəsilə ölülərin dirilməsinə işarə kontekstində məşuqdan gələn sevgi impulslarının təsirilə aşiqin həyat qazanması obrazlı şəkildə vurğulanır.

 

Poemada təbiət təsvirlərinə aid belə sətirlər var:

 

İsa dilli, nisgilli ömrü bir günlük süsən

Sübhə müjdə verməkdə Musanın pak əlindən.

Burada bir günlük ömrü olan süsən çiçəyi çağa ikən dil açan İsa ilə müqayisə edilir. Bu çiçək həm də Tövratda və Quranda vəsfi keçən Musanın cibinə sallıb çıxarmağı ilə bəmbəyaz işıq saçan əli kimi nurludur, görünməyilə sübhün gəlişini müjdələyir.

Nizami öz poeziyasının multikultural təyinatına da işarə vuraraq yazır:

Hər hücrəyə köçürdüm şeiri, şeriyyəti mən,

Çıxartdım meyxanədən, ucaltdım sənəti mən.

Birdəfəlik tullayıb zünnar ilə xirqəni

Zahidlər, rahiblər də gəlib tapdılar məni.

Bu sətirlərdə Nizami öz poeziyasının dininindən asılı olamayaraq hamıya aid olduğunu vurğulayır və bildirir ki, onun yazıları təkcə xirqə geyinən müsəlman sufilər üçün deyil, bundan bellərinə qıldan toxunmuş kəmər – zünnar bağlayan məsihilər-xristianlar da faydalana bilərlər.

Yeri gəlmişkən, onu da qeyd edək ki, Nizaminin din dünyasında İsa Məsihə verilən yüksək dəyər Quran mətnilə də əlaqəli görünür və oxucuda multikulturallıq ovqatını yaradan İsa Məsih və başqa obrazlara müraciətlər Nizaminin müsəlman etiqadının bir hissəsi kimi müəyyənləşir. Quran ayələrində Adəmdən Xatəmə — sonuncu peyğəmbər Məhəmmədə qədər bütün Tanrı elçiləri, o cümlədən Nur, İbrahim, Musa, İsa və b. islam elçiləri, yəni Tanrıya təslimiyyətdə olmuş elçilər kimi təlqin edilir. Bu mənada ibrətamizdir ki, Nizami multikulturalizmi eyni zamanda bir dini etiqad ifadəsi kimi də səciyyələnə bilir”.

Alimin fikrincə, Nizaminin “Yeddi Gözəl” poemasında isə çoxmədəniyyətli mühitin həyati bir mənzərəsi ilə rastlaşırıq: “Müəllif yeddi iqlimdən olan fərqli inanc sahibləri qadın tiplərini – hind, rum, slavyan, Məqrib, Xarəzm, Çin, türk qadınlarını hökmdar Bəhramın ətrafında bir araya gətirir və bu qadınlar ona dünyanın müxtəlif bölgələrində baş vermiş əhvalatları nəql edirlər. Əsəri tədqiq edən müasir araşdırmaçılar burada orta çağ dünyasının kosmik modelinə diqqət çəkir, bu modeldə məkanın yeddi iqlimə bölündüyü, hər iqlim və hər iqlimdəki ölkənin göyün bir qatına uyğun sayıldığını, yeddi gözəlin də ayrı-ayrılıqda mənsub olduqları iqlimlərə uyğun simvollarlla bəzədilmiş saraylarda yerləşdirilməsini qeyd edərək maraqlı qənaətlərə gəlirlər. Qənaətlərdən biri budur ki, əsərin baş qəhrəmanı Bəhramın hər iqlimə aid bilinən ulduzun rəngində geyinərək həmin sarayları ziyarətini kosmik harmoniyaya qoşulmanın simvolu kimi qavramaq lazım gəlir. Əsərdə Bəhramın bir şəxsiyyət kimi kamilləşməsi prosesi də gedir. Və bu kamilləşmənin məhz multikultural mühitdən keçərək baş tutması oxucuda şüuraltı olaraq o fikri möhkəmləndirir ki, ümumın bəşərin real tərəqqisində multikulturalizmin alternativi yoxdur.

Ümumiyyətlə, dahi Nizaminin bədii təfəkkürü multikulturalizm impulsları ilə yüklü bir məzmunda olduğundandır ki, onun milyonlarla müsəlman oxucusu, öz dillərinə tərcümələrdə onun əsərlərini oxuyan xristianlar, yəhudilər, buddistlər və b. zaman-zaman bu ovqatı yaşamalı olurlar”.

 

Əli

Xalq Cəbhəsi.- 2016.- 29 yanvar.- S.9.