II Şah Abbas:
dövrün ümumi dəyərləndirilməsi
Doğrudur, ədalət naminə etiraf etmək lazımdır ki, II Şah Abbas öz hakimiyyətinin son illərdə ermənilərlə katolik missionerlərinin formalaşmaqda olan siyasi və iqtisadi ittifaqına müəyyən zərbələr endirmişdi. Həmin tədbirlərin arasında ən diqqəti cəlb edəni heç şübhəsiz ki, bir qrup erməninin İsfahan şəhərindən, yəni ölkə paytaxtından köçürülməsi idi. Erməni salnaməçisi Arakel Davrijetsi “Tarixlər kitabı” adlı əsərində öz soydaşlarının köçürülməsini guya onların həddən ziyadə şərab içmələri və sərxoşluq etmələri ilə əlaqələndirir. Bu bəhanənin əsasız və gülməli olduğunu deməyə heç bir ehtiyac yoxdur, ən azından ona görə ki, II Şah Abbasın özü şərab həvəskarı kimi bütün ölkədə ad çıxarmışdı.
1655-56-cı illərdə həyata keçirilən bu köçürmə aksiyasının dəqiq siyasi səbəbləri haqqında nə erməni, nə də Səfəvi mənbələrində dəqiq məlumatlara rast gəlinmir. Lakin həmin dövrdə Səfəvi ərazisində geniş kök salmağa cəhd edən xristian missionerlərinin anti-islam fəaliyyətini və onlarla sıx əməkdaşlığa girişən ermənilərin həmişə daha zəngin bir ağaya satılmağa meylli olan xislətini nəzər alsaq, II Şah Abbasın köçürmə siyasəti haqqında müəyyən ehtimallar səsləndirmək mümkündür. Yerli əhali arasında katolikliyi təbliğ edən, xristian missioner təşkilatlarının vasitəsilə Qərbə casusluq edən ermənilərin cəzalandırılması, yəni ölkənin siyasi mərkəzindən uzaqlaşdırılması II Şah Abbasın dövlətin təhlükəsizliyi naminə atdığı qaçılmaz addımlardan biri idi. Lakin təəssüf ki, bu addımlar davamlı və qəti xarakter almadı və nəticədə sonradan nəzarətsiz qalan ermənilər həm Osmanlı dövlətinə qarşı Qərbin, həm də Azərbaycana qarşı Rusiyanın əlində oyuncağa çevrildilər. Əgər vaxtında sadalanan problemlərə qarşı qətiyyətli tədbirlər görülmüş olsaydı, hadisələrin sonrakı faciəli inkişafının da qarşısını almaq yəqin ki, mümkün olardı. Lakin tarixin ehtimal dolu ifadələri sevmədiyini nəzərə alsaq, əcdadlarımızı amansız tənqid atəşinə tutmaq əbəsdir. Sadəcə, tarixçilərimin dövlətçiliyimizin bu inkişaf mərhələsini dəqiqliklə öyrənməli və ondan çıxan ibrətli nəticələri həmvətənlərimizə çatdırmağa çalışmalıdırlar. Ən azından ona görə ki, indi də müstəqil Azərbaycanın ərazisində kifayət qədər missioner təşkilatı fəaliyyət göstərməkdədir. Bu mənada tarixin təcrübəsi ilə yaxından tanış olmaq fayda verərdi.
II Şah Abbas şəxsiyyəti haqqında bir erməninin etirafı
Bəzi erməni tarixçiləri II Şah Abbasın həyata keçirdiyi köçürmə faktına görə onun şəxsiyyətinə qara yaxmaqdan çəkinmirlər, lakin onlardan biri Zakari Kanakersi öz “Xronika”sında bütün neqativ təbliğata baxmayaraq II Şah Abbasın idarəçilik məharətini, dinindən və milli mənsubluğundan asılı olmayaraq bütün təbəələrinə qarşı göstərdiyi dözümlü münasibəti etiraf etməyə məcbur olur: “Abbas ağıllı və məlumatlı bir şəxs idi... O, xristianlara qayğı ilə yanaşır, onların təşkil etdikləri ziyafət və toylarda həvəslə iştirak edirdi. Abbas öz davranışlarında müsəlmanlarla xristianlar arasında ciddi fərq qoymurdu, ömrünün sonuna qədər ədalətli və qanunpərəst olaraq qalırdı”.
İstənilən halda belə bir etiraf bir erməninin dilindən çıxıbsa, demək, II Şah Abbasın şəxsiyyəti ətrafında hallanan qərəzli yanaşmaları dilə gətirməzdən öncə onları yaxşıca saf-çürük etmək zəruridir.
Eldar Əmirov
Siyasi elmlər üzrə fəlsəfə doktoru
Xalq
Cəbhəsi.- 2016.- 20 yanvar.- S.10