“Dədə Qorqud”da
dilimizin poetik zənginlikləri
Folklorumuzun, ana dilimizin qədim abidəsi olan “Dədə
Qorqud” dastanı elimizin mənəvi tarixini, adət-ənənələrini,
məişətini, psixologiyasını özündə əks
etdirən və qoruyub saxlayan abidədir. O, xalqımızın
yazılı ədəbiyyatına da bilavasitə təsir
göstərib, yazılı ədəbiyyatın obraz və
dil sistemində dərin iz buraxıb.
“Dədə
Qorqud” dastanı haqqında maraqlı tədqiqat aparmış
yazıçı Anar doğru olaraq qeyd edir: “Dədə
Qorqud” dünyası – bu gün yalnız qədim mətnlərdə,
yazılı mənbələrdə, milli mədəniyyət
yadigarlarında qalmış bir dünya deyil. O, yaşarı
bir dünyadır və Azərbaycanımızın müxtəlif
guşələrində “tərəkəmə”, “elat”,
“ayrım” köçəri məişətində Dədə
Qorqud ruhu, Dədə Qorqud ab-havası, Dədə Qorqud dili
bu gün də yaşamaqdadır. “Kitabi Dədə
Qorqud” bütünlüklə Azərbaycan xalqının,
dilimizin, torpağımızın abidəsidir”.
Həqiqətən də “Dədə Qorqud” kitabında
indi daha çox dialekt və şivələrdə qalan, yaxud
folklor və klassik ədəbiyyat mətnlərində həkk
olunmuş bir çox söz və ifadə var ki, bunlar
müasir poeziyada da işlənməkdədir. Həmin
sözlərin bəzilərində onların klassik və
müasir poeziyada işlənmə formasına və mənalarına
diqqəti cəlb etmək, zənnimizcə, zəruridir.
Məsələn, “Dədə Qorqud” dastanının dilində
“don”, “döşürmək”, “yağı”, “qarmalamaq”,
“axı”, “ismarlamaq”, “görk və s. söz və ifadələr,
müraciət formaları var ki, biz bu sözlərə klassik
poeziyamızın və Azərbaycan şeirinin poetik
lüğət tərkibində rast gəlirik. “Dədə
Qorqud”un dil materialı ilə bu
yaxınlıq milli poetik dilin təşəkkülündə,
onda canlı danışıq dil ünsürlərinin fəallanmasında
müsbət rol oynayıb.
“Dədə
Qorqud” dilində “don” sözünə tez-tez rast gəlmək
olur:
“Ağ donuma kir ələndi sənin üçün”.
“Atdan enib tacir donu geyindilər”.
“Paltar”,
“geyim” mənası ifadə edən “don” sözü
bayatılarımızda, aşıq poeziyasında, Vaqif poeziyasında işlənmiş və
müasir Azərbaycan dilinin dialektlərində də işlənməkdədir.
Don tikdik ağı bizdən,
Belinin bağı bizdən.
Qoymayın
yadellini,
Almağa bağı bizdən.
(Bayatı)
Al
yaşıl geyinib tirmə bağlarsız,
Nə girmisiz dondan-dona, kəkliklər.
(Xəstə
Qasım)
Meşədən
don biçdin bu türyan dağa –
Qoy sərin
meh əssin təbiətindən!
(M.Aslan)
Bu
şeirlərdə “don” sözü libas mənasının
poetik ifadəsinə xidmət edir. Aşıq
şeirində və sonrakı poeziyamızda bu sözün
saxlanılması “Dədə Qorqud” dilinin qədimliyi kimi izah
olunmalıdır.
“Kitabi-Dədə
Qorqud”un lüğət tərkibində
“döşürmək” sözü var.
Xətayinin
şeirində bu söz “döyşürmək”, Abbas
Tufarqanlıda isə “döşürmək” şəklindədir:
Hər
çiçək üstə qondu zənbur,
Döyşürməyə
çıxdı danəsin mur.
(Xətayi)
Adam var
dolanır səhranı, düzü,
Adam var döşürər gülü, nərgizi.
Adam var
geyməyə tapammaz bezi,
Adam var al geyər, şalı bəyənməz.
(A.Tufarqanlı)
Şəhriyarın “Behcətabad xatirələri” qəzəlində
və müasir Azərbaycan şairləri A.Sarıvəllinin,
M.Aslanın və b. şeirlərində də söz
“döşürmək” şəklindədir.
…Gözlər
asılı, yox nə qaraltı, nə də bir səs,
Batmış qulağım gör nə döşürməkdədi
darı.
(Şəhriyar)
Müasir Azərbaycan dilində ancaq dialektlərdə
qalan “döşürmək” sözünün kökü daha
qədimlə – “Dədə Qorqud”la bağlanır.
“Dədə Qorqud”la çoxəsrli şeirlərimizi
birləşdirən, mənəvi əlaqə və irsilik
körpüsü yaradan sözlər sırasında “yağı”
sözünü də qeyd etməliyik. Biz bu sözə “Dədə
Qorqud”un dilində rast gəlirik. Həm də söz öz əvvəlki mənasını
saxlayıb.
Müasir ədəbi dilimizdə “yağı”
sözü “düşmən” sözünün sinonimi kimi
işlənir.
“Dədə
Qorqud” dastanında da “yağı” düşmən mənası
ifadə edir:
Kimi
aydır:
-
Yağı tozudur.
Və
yaxud:
Qazan
aydır:
- Bu gələn,
bilmiş olun, yağıdır – dedi.
Sözün
“Dədə Qorqud”dakı mənası və fonetik quruluşu
“Koroğlu” dastanının şeirlərində də qorunub
saxlanılıb:
Ucalardan
uca dağı,
Hərgiz
gələ bilməz yağı,
Koroğlu
tək ər oylağı,
Nigar, Çənlibel budu, bu.
Düşmən mənasında işlənən
“yağı” sözü klassik və aşıq
poeziyamızda da çox işlənilib. Aşıq Ələsgərin
bir şeirində bu sözün incə poetik məna
çalarına rast gəlirik:
Saxla
dilin, özün üçün yağıdı,
Aşıq
Ələsgərin odlu çağıdı,
Bu misralarda dilin “özün üçün
yağıdı” mənası sözün konkret semantik mənasını
ifadə edir.
“Yağı” sözü müasir Azərbaycan
şeirinin dilində də işlənib. S.Rüstəm, M.Rahim və
R.Rzanın siyasi-publisist ruhlu şeirlərində çox təsadüf
edirik:
“Dədə
Qorqud”un dilində elə sözlər var
ki, nəinki şeir dilində, həm də Azərbaycan
dilinin ayrı-ayrı dialektlərində onların
yaşadığı və arabir canlı ədəbi dildə
funksional təsirini saxladığını görə bilərik.
Məsələn, “qarmalamaq” belə sözlərdən
biridir.
“Qamarlamaq”
(dialektlərdə bəzən belə də işlənir) və
ya “qarmalamaq” sözü “Azərbaycan dilinin izahlı
lüğəti”ndə “tez-tələsik tutub götürmək”,
“qapmaq”, “yapışmaq”, “tutmaq”, “qamarlamaq” kimi izah olunur.
“Dədə Qorqud” dastanının türk tədqiqatçısı
Orxan Şaiq Gökyay bu sözü “qaranlıqda o tərəf-bu
tərəfə hərəkət etmək” kimi izah edib. Lakin
sözün belə izahının onun “Dədə Qorqud” mətnindəki
mənası ilə heç bir uyarlığı yoxdur.
Çünki həmin sözün həm
dastanda, həm də müasir Azərbaycan dilində mənası
eynidir. Məsələnin bu cəhətinə diqqəti
cəlb edərək “Dədə Qorqud” dastanının tədqiqatçısı
akademik Həmid Araslı yazır: “Bu əsərin dili türk
dilində danışan bir sıra xalqlara yaxın olsa da,
öz lüğət tərkibi, frazeoloji ifadələr və
qrammatik quruluşu etibarilə digər türk dillərinin
hamısından daha çox Azərbaycan dililə
bağlıdır”.
“Dədə Qorqud”da işlənən “qarmalamaq”
sözü Azərbaycan dialektlərində işlənməklə
yanaşı ədəbi-bədii dildə də ara-sıra
işlənir.
Məlumdur ki, ədəbi prosesdə dialektdən istifadənin
uğurları ilə yanaşı itkiləri də ola bilər. Poeziyanın dil tərkibinin
xalq sözləri hesabına zənginləşdirilməsi, əlbəttə,
səmərəli və müsbət hadisədir. Ancaq bu halda yazıçı sözün
ümumxalq miqyasda başa düşülməsini də nəzərə
almalıdır. Bu baxımdan, “qamarlamaq”
sözünün poeziyamızın dilində işlənməsi
etiraz doğura bilməz, çünki poeziyaya folklordan daxil
olub:
Dərya
qamarladı, damladan umdu,
Ağzını ayırıb, gözünü yumdu.
Qızara-qızara
kürsüyə cumdu,
Qızara-qızara sustalan oldu.
(M.Aslan)
Yeri gəlmişkən
qeyd edək ki, “Dədə Qorqud”da işlənən “axı” ədatı
haqqında da Orxan Şaiq Gökyayın mülahizələri
düz¬gün hesab edilməyib. H.Araslı tərəfindən
bu mülahizələrin tədqiqini düzgün hesab etməliyik.
Türk şərqşünası “axı” ədatının
müasir Azərbaycan danışıq dilində çox
geniş işlənən mənalarını “axilik” kimi
başa düşüb və beləliklə, dastanı tamam
onun ideya məzmununda olmayan bir tarixi-ictimai hərəkatla – əxiliklə
bağlayıb. Dastanın sözlüyündə
müəllif bu ədatı “əliaçıq, comərd bir
kimsənin sevdiklərindən yaxını” mənasında
izah edib.
Həqiqətdə isə “Dədə Qorqud”da “axı” ədatı
təkrar-təkrar işlənib. Nümunələrə diqqət
yetirək:
Qara
qıyma gözlərini uyxu almış,
asğıl axı.
On ikicə
süküciyin öyrən olmuş
yığışır axı…
Tanrı
verən dadlı canın
seyrandaymış indi axı…
Öz
gövdəndə canın varsa, oğul ver,
xəbər mana.
Qara
başım qurban, oğul,
sana –
dedi.
“Dədə
Qorqud”un dilində işlənən bu ədat
aşıq şeirində, Azərbaycan şairlərinin əsərlərində
ən çox işlənən dil vahidlərindən biridir.
Məsələn, Aşıq Şəmşirin bir
qoşması tamam bu dil vahidi əsasında qurulub:
Ürək
deyir, bax gözələ,
Dizimdə gir yoxdu axı.
O
cavanlıq düşməz ələ,
Qoca, düşgün vaxtdı axı.
Şəmşir,
qadaq ver dilinə,
Hansı nər qatıb əlinə?
Ta
baxmıram qız-gəlinə,
Gözüm-könlüm toxdu axı.
Müasir əbədi dilimizdə “sifariş” sözü
işlənməkdədir. Ancaq dialektlərdə
bu sözün “ismarış”, “ismarınc”, “ismarlamaq” şəkli
vardır. “Anama ismarıc elədim”,
“Bacıma ismarladım”, “İsmarışnan hac qəbul
olunmaz” və s. Poetik dildə də bu sözə rast gəlirik.
Bir
söz ismarlamış bəlkə yar eli,
Nədən anlaşılmaz quşların dili.
(Əhməd
Cavad)
“Sifariş”
sözü ilə “ismarış”, “ismarınc” sözlərinin
fərqinə vardıqda, “ismarış”, “ismarınc”
sözünün tədricən “sifariş” şəklinə
düşdüyünü yəqin etmək olur. “Etmək” köməkçi feili “ismarış”
felini “sifariş etmək” şəklinə salıb. Halbuki, “ismarlamaq” daha yığcamdır.
Şifahi ədəbiyyatda, xüsusilə nağıl və
dastanlarda “ismarış”, “ismarlamaq” sözünə tez-tez
rast gəlirik.
Bu
sözün də kökünü aradıqda tədqiqat bizi
“Dədə Qorqud”a aparıb
çıxarır. Belə ki, “Dədə
Qorqud”un nəsr dilində “ismarlamaq” sözü var.
“…Oğlanı həkimlərə ismarlayıb Dirsə xandan
saxladılar”. Səciyyəvi haldır ki,
sözün dastandakı mənası eynilə qalıb.
Müasir ədəbi dilimizdə və dialektlərdə
işlənən “göynəmək”, “suç”, “yarımaq”,
“iraq”, “sapand”, “aydan arı” kimi sözlər və ifadələrə
də “Dədə Qorqud”un lüğət tərkibində
rast gəlirik. Bu sözlər xalq poeziyasında və klassik
poeziyamızda da dönə-dönə işlənib:
Səndən
xəbər alım, ay Dədə Qasım,
Kim xəta eylədi, qaldı üstə suç?
(Xəstə
Qasım)
Şəfaenin
olmaz o qədər suçu,
Əvvəldən axıra ayrıdır
köçü.
(M.P.Vaqif)
Yarımadıq
yar olalı,
Nə sən məndən, nə mən səndən.
(Aşıq Ələsgər)
Nə özün yarıdır, nə sevənləri,
Bir para adamı kərkəvəz eylər.
(M.P.Vaqif)
“Kitabi-Dədə
Qorqud”un dili canlı və əlvandır. Bu xüsusiyyəti yaradan amillərdən biri
dastanın dilində alqış, and, qarğış ifadə
edən ifadələrin işlənməsidir ki, müasir
poeziyamızda bunun saysız-hesabsız nümunələrinə
rast gəlmək mümkündür. “Dədə
Qorqud”da dilimizin poetik zənginliklərinin dərin və silinməz
izləri qalıb. Məsələn, “aydan
arı” ifadəsini götürək. Dastanda
arı təmiz, saf mənasındadır. İndi
də xalq arasında “aydan arı, sudan duru” ifadəsi var. Xalq
şairi B.Vahabzadə “Muğam” poemasında “Aydan arı, sudan
durum mənim. Ay yanıqlı şurum mənim” beytində
bu ifadəni təmizlik, paklıq mənasında işlədib.
Dilimizdə saflıq, təmizlik anlayışı ifadə edən
bu söz “Dədə Qorqud”un poetik
parçalarında “Aydan arı, gündən görklü”
şəklindədir:
Aydan
arı, gündən görklü qız qardaşın
Banıçiçəyi,
Bamsı
Beyrəyə diləməyə gəlmişəm – dedi.
Dastanın başqa bir yerində isə arı su ifadəsi
“təmiz, saf” mənasını ifadə edir. 60-cı illərdə
Azərbaycan poeziyasında yeni üslubi və forma meyillərinin
sürətlə inkişaf etməsi, realizmə və sadəliyə
meylin qüvvətlənməsi müasir şairləri “Dədə
Qorqud”a müraciət etməyə gətirib
çıxarıb. Belə bir müraciət
müasir poeziyamızın həm vəzn, həm də
obrazlı strukturunda özünü hiss etdirib.
Maarifə
Hacıyeva
Professor
525-ci qəzet.- 2016.- 30 yanvar.- S.14