“Azərbaycanlıların multikultural şüuraltısında İsa Məsihin peyğəmbər yeri o qədər məhrəmdir ki…”

 

Nəriman Qasımoğlu: “Bunun bir nümunəsini on yeddinci əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Rüknəddin Məsud Məsihinin ləqəbində də görürük”

 

 

…Nəriman Qasımoğlu əlavə edib ki, Nizami Gəncəvi Makedoniyalı İskəndərə həsr etdiyi “İskəndərnamə” poemasında yunan fatehi öz vətənində görmədiyi bir çox real hadisələrə həyatın möcüzələri kimi baxır. Əsərdə ən əhəmiyyətli mədəni hadisə İsgəndərin “başçısızlar” ölkəsinə gəlib çıxmasıdır: “O, buradakı insanların həyatı, düşüncəsi, bərabərliyə əsaslanan ictimai idarə üsulunu gördükdə heyrət edir. Nəhayət, İsgəndər şimal zülmətində dirilik suyunun olması xəbərini eşidir və oraya yol tapmaq istəyir, əbədi həyat axtarır. İsgəndər Xızır peyğəmbərlə zülmətə gedərkən yolu azır, Xızır isə əbədiyyət suyunu tapıb içir və bu haqda İsgəndərə xəbər verir. Beləliklə, İskəndər Yunanıstanda deyil, şərqə səyahətləri dövründə görüb öyrəndiyi şərq mədəniyyətləri, şərq elmi-fəlsəfi dünyagörüşü nəticəsində əqli təkamülün zirvəsi olan peyğəmbərlik məqamına yüksəlir. Bu cəhətdən “İskəndərnamə” Nizaminin bədii-fəlsəfi yaradıcılığında son kamil intibah əsəridir.

Nizami bu əsərini qələmə alarkən o dövrdə müxtəlif dillərdə olan qaynaqları oxumuş və tarixilik kontekstində təsvir etdiyi hadisələrin məzmununda öz ideallarını səsləndirmişdir. Nizaminin mütaliə dairəsi heyrət doğurur. Təkcə elə dini mətnlərin mütaliəsinə gəlincə, müəyyən edirsən ki, etiqadca müsəlman olan şeyx Nizami təkcə Quranda təktanrılığın müqəddəs qaynaqları kimi təqdim olunan Tövrat və İncili oxumayıb. Bu mənada oxuduqları sırasında kilsə tərəfindən rəsmən qəbul edilməyən erkən xristianlığın apokrifik mətnləri də yer alır. Əsərin girişində yazır:

Daxmada gecənin hörüklərindən,

Yeddi rəng ipəklər toxuyuram mən.

Bu lacivərd küpdən mən də İsatək

İplər çıxarıram hər an rəngbərəng.

İncilin əlimizdə olan 4 variantının heç birində İsa Məsihlə bağlı küpdən rəngli iplərin çıxarılması əhvalatına rast gəlinmir. Əhvalatın təsviri isə apokrifik İncil mətnində gedir”. Alimin fikrincə, o qəbildən olan dini qaynaqların birində ki, bu, rəsmi xristian dini dairələri tərəfindən etibarsız sayılır: “Əhvalat İsanın uşaqlıq çağına aiddir. Həmin o apokrifik mətndə qeyd olunur ki, İsa Salem adlı bir boyaqçının dükanına gəlir. Dükanda olan bütün parçaları götürüb içində tünd mavi boya mayesi olan küpün içinə atır ki, onları rəngləsin. Boyaqçı görəndə və düşünəndə ki, bu oğlan ona iş açıb, bütün parçalar bir rəngə boyanıb korlanıb, hirslənərək İsanı tənbeh edir. İsa isə sakit dayanır və arxayındır ki, küpün içindəki boya parçaların hər birini nəzərdə tutulduğu rəngə boyayacaq. Elə də olur. O parçaları bir-bir küpdən çıxaranda bunlar tünd mavi rəngini dəyişib möcüzəvi bir şəkildə boyaqçının nəzərdə tutduğu rəngləri alır.

Nizami isə bu əhvalata istinadla yaratdığı obrazlı ifadə ilə bildirir ki, ağır intellektual zəhmət bahasına seçdiyi sözlərin zəngin məna çalarları var.

Nizami İsa Məsihə sevgisini İskəndərnamənin birinci hissəsi “İqbalnamə”nin başlanğıcında ifadəyə qoyduğu kimi sonunda da bundan bir obraz kimi istifadə edir:

Dəryamdan iki dürr olubdur əyan,

Onlardır üzümü mənim ağardan:

Biri Məryəm kimi ismətli pəri,

Isanın nurilə parlar o biri.

Birinin çöhrəsi Aytək münəvvər,

Birinin ürəyi güntək nur çilər.

Müqbil, Iqbal adlı iki hindli qul

Göndərdim hüzura, olaydı məqbul

Gəldi hər ikisi şah xidmətinə,

Məsəldir, yaqutu saxlar xəzinə.

Qızını mehrlə köçürər ana,

Qardaş duvaq salar onun başına.

Hüzura göndərdim bu gəlini mən,

Qardaşı tutmuşdur onun əlindən.

Canımı yollayıb bir peşkəş kimi,

Qoşmuşam mən ona ciyərparəmi.

Əlbəttə, bu misralardakı obrazların anlaşılması indiki oxucular üçün çətin gələ bilər. Bu misralar əsərin ithaf edildiyi hökmdar Məlik İzzəddinə yazılan mədhiyyədə yer alır. Nizami İqbalnaməni dəyərləndirmək üçün ona göndərdiyini yazır. Burada Məryəm kimi ismətli gəlin xüsusiyyətini saxlayan əsərin özüdür ki, müəllifin canı da oradadır. Əsəri hökmdara aparan isə Nizaminin oğludur. Və Nizami öz oğlunun üzündə İsa nurundan pay olduğunu da fəxarətlə yazır”.

O, deytb ki, İsa Məsihi Azərbaycanlılara doğmalaşdıran digər bir qaynaq dahi şairimiz Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasıdır: “Əsərin əvvəllərində Qeysin doğulmasının təsviri var. Təsvir belə verilir ki, yoxdan pak bir oğlan uşağı dünyaya gəlir. Və bu uşağın həm kamil gözəlliyi var, idrakı körpəliyindən İsa kimi kamildir:

Əlqissə, ədəmdən oldu peyda

Bir tifli-müzəkkərü müzəkka.

Xurşid kimi kəmalə qabil,

İsa kimi tiflilikdə kamil.

Sonra təsvir belə davam edir ki, körpə doğulan andan öz halını anlayır. Gələck aqibətini elə o andan dərk edərək fəryad çəkir. Füzuli körpə Qeysi İsa Məsih kimi danışdırır və müəllifin bu ədəbi priyomu İsanın çağalıqdan dil açıb danışması möcüzəsilə assosiasiya yaradır. Körpə Qeysin dilindən səslənən sözlər İsa Məsihin xristian qaynaqlarında ifadə olunan missiyasına oxşar bir məzmunu obrazlı bir tərzdə ifadə edir. Xristian təliminə görə, Adəmin suç işlətməsilə bəşəriyyət əbədi bir günah içindədir. İnsanların günahlarının bağışlanması və onun adıyla saleh əməllərdə bulunaraq əbədi xilasa nail olmaları üçün İsa Məsih çarmıxa çəkilmişdir. Körpə Qeys hal diliylə belə deyir:

 

….Ey, cəfaçı dünya!

Bildim qəmini sənin ki, çoxdur,

Qəm çəkməyə bir hərif yoxdur.

Gəldim ki, olam qəmin hərifi,

Gəl, təcrübə eylə mən zəifi!

Hər qanda qəm ola, qılma ehmal,

Cəm’ eylə, dili-həzinimə sal!

Həm ver mənə qəm yemək kəmali,

Həm aləmi qəmdən eylə xali!

 

Beləcə Füzuli İsa Məsihin bütün insanlığın günahlarını öz üzərinə götürməsilə Qeysin dünyanın bütün qəmlərini öz üzərinə götürməsi arasında məhrəm bir parallel aparır. Maraqlı məqam ondadır ki, müsəlman etiqadlı Füzuli bu məqamda, müsəlman teologiyası baxımdan bilərəkdən yanlışlığa gedir, çünki İsa Məsihin çarmıxa çəkilməsi məsələsi Quran-da qəbul edilməyən bir aqibətdir. Poetik məramını xristian teologiyası prizmasından təqdim edən Füzulinin bu teoloji “yanlışlığı” oxucuya təlqin edilən multikulturalizm ovqatına gözəl bir naxış vurur”.

 

N.Qasımoğlu bildirib ki, Füzulinin qəzəllərində də İsa Məsihlə bağlı təşbehlər var: “Bunların biri onun “Ey mələksima ki, səndən özgə heyrandır sana” sözlərilə başlayan çox məşhur qəzəlindədir. Buradakı

“Aşiqə şövqünlə can vermək ikən müşkül deyil,

Çün Məsihi-vəqtsən, can vermək asandır sana”

sözlərində aşıqin öz məşuquna can verməsi, onun yola fəda olması ona görə asandır ki, aşiq də çarmıxa çəkilməklə Müqəddəs Tanrı Ata-ya qovuşan İsa kimi sevgili bir ovqat yaşantıları içindədir.

İsa Məsihin xatırladılmasına daha çox Nəsiminin şeirlərində rast gəlirik. Səbəb isə onun hürufilik əqidəsilə bağlıdır. Məsələ bundadır ki, Quran-da “Tanrının Məryəmə atdığı kəlmə” kimi tanıdılan İsa Məsihə İncildə də Tanrı sözü kimi tərif verilir. Nəsimi özünün haqq sözünü Tanrıdan gələn haqq kəlməsi kimi car çəkdiyindən İsanın biri digərinə uyğun bu islam və xristian teoloji təqdimatından yararlanaraq deyir:

Nəsiminin sözü gərçi dəmi-Isadır, ey münkir,

Sənə kar eyləməz niçün ki, yoxdur həqqə iqrarın.

Digər bir klassik Azərbaycan şairi, hökmdar, Səfəvilər dövlətinin ilk şahı Xətainin şeirlərində də İsa Məsihə müraciətlər var. Bunların birində şair deyir:

Ey Məsiha, bəndəni kuyində yad et bir nəfəs,

Bu Xətayinin yerin hicrində tîprağ etməgil.

Sevgili qadına “Məsiha” müraciətilə edilən xitab Tanrı-bəndə münasibətləri silsiləsindən, İsa Məsihin sevgi təlimi kontekstində dini anlamda bir assosiasiya da yaradır və Azərbaycanlı oxucuya İsanın mübarək və məhrəm bir obrazını sevdirə bilir”.

O, deyib ki, azərbaycanlıların multikultural şüuraltısında İsa Məsihin peyğəmbər yeri o qədər məhrəmdir ki, bunun bir nümunəsini on yeddinci əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Rüknəddin Məsud Məsihinin ləqəbində də görürük: “O, dövrünün tanınmış şairi olmaqla yanaşı, həm də istedadlı həkim imiş. Bizə gəlib çatan əsəri ana dilində yazdığı “Vərqa və Gülşa” poemasıdır. Araşdırmaçıların yazdığına görə, atası kimi bir müddət şah Abbasın sarayında həkimlik edən Məsihi sonra onun müşaviri olur. Şahla arası dəyəndən sonra Hindistana üz tutur və iyirmi il orada yaşayandan sonra vətəninə qayıdır. Məsihi o zamanın Hindistanında da müəyyən mənada gəlişməkdə olan multikultural bir ortamda fəaliyyət göstərirmiş və, tədqiqatçıların yazdığına görə, Hindistanda hakimiyyət sürən türk-moğol şahlarının ağıllı, mütərəqqi siyasətindən, bütün dinlərə eyni gözlə baxmasından razı qalıbmış. Bəziləri şairin “Məsihi” təxəllüsünü onun həkimlik fəaliyyətilə əlaqələndirirlər. O mənada ki, Rüknəddin bu adı İsa Məsihin xəstələri sağaltmasına işarə olaraq götürübmüş. Bununla belə, daha çox şair kimi tanınan bir azərbaycanlının Məsihi (bu söz xalq içində həm də xristian anlamında qavranılır) təxəllüsü hələ o zamanların Azərbaycan toplumlarında başqa dinlərə, xüsusən təktanrılıq dinlərinə doğma münasibətin təbii bir hal kimi geniş yayılmasından xəbər verir.

 

Əli

Xalq Cəbhəssi.- 2016.- 30 yanvar.- S.9.