Mədəni-mənəvi düşüncəmizin Eynəli bəy Sultanov zirvəsi

 

Milli-mədəni fikir tariximizdə mühüm yeri olan görkəmli ziyalı və publisist qələm sahibi Eynəli bəy Sultanovun yaradıcılığına bir sıra rakurslarda nəzər salınsa da, son dövrlərə qədər onun irsinin hərtərəfli və dərindən öyrənilmiş mənzərəsinin olmadığını qeyd etmək zəruridir. Tarixə, tarixi fikrə hörmətlə yanaşmaq həm də milli yaddaş məsələsidir. Eynəli bəy Sultanov da milli yaddaşımızda özünə abidə ucaltmış təfəkkür sahiblərindəndir. Onun digər istiqamətlərdə fəaliyyətini nəzərə almadan belə, yalnız publisistik yöndə çalışmalarına diqqət çəkdikdə bu işıqlı düşüncə daşıyıcısının ilk növbədə milli məfkurə yönümündəki işlərinin əhatəliliyi göz önündə canlanır. Milli mədəni- bədii publisistik düşüncəmizin az qala üç onilliyə (1892-1918) yaxın bir zaman kəsiyini əhatə edən və tariximizə dirçəliş dövrü kimi daxil olan bu illər özünəqədərki dövrdən sonra xalqımızın kamil mədəni epoxaya yüksəlməsində Eynəli bəy Sultanovun zəhməti özünəməxsus mənzərə yaratmaqda. Əlbəttə, son vaxtlarda E.Sultanovun mədəni-ədəbi və publisistik irsinə müraciət canlanmaq¬dadır. Burada ilk növbədə böyük ziyalının anadan olmasının 150 illik yubileyi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun verdiyi fərmanının da rolu nəzərəçarpandır. Elə bu fərmanın işığında və Milli Elmlər Akademiyasının vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akad. İsa Həbibbəylinin müqəddiməsi ilə Eynəli bəy Sultanovun həyat və yaradıcılığı, İzzət Maqsudov, İradə Əsədova və Elxan Məmmədovun tədqiqatları və monoqrafik araşdırmaları Azərbaycanın oxucu ictimaiyyətinə təqdim olunub. Yaxşı ki, E.Sultanovla bağlı adda-budda olsa da, müxtəlif illərdə alimlərimiz – Əli Sultanlı, Əziz Şərif, Əziz Mirəhmədov, İ.Həbibbəyli, Vilayət Quliyev, Xeyrulla Məmmədov, Əflatun Məmmədov, Abbas Hacıyev, Aida Feyzullayeva və başqa bu kimilər bəzi işlər həyata keçiriblər. Bununla belə, E.Sultanovun həyat və yaradıcılığına, onun yaradıcılığındakı folklor mənbələrinə müstəqillik dövründə daha davamlı müraciət özünü göstərib. Elə İ.Həbibbəylinin, İ.Əsədovanın, E.Məmmədovun və başqalarının bu dövrdən gördüyü işlər də bu kontekstdə daha dəyərlidir. Bu işlərə qədər XX əsrin 60-cı illərində İzzət Maqsudovun böyük publisistin həyat və yaradıcılığına həsr etdiyi namizədlik dissertasiyası da bu yöndə aparılan ardıcıl işlərin səmərə¬liliyinə xidmət etməkdədir. Akad İ.Həbibbəylinin redaktəsi altında E.Sulta¬novun yaradıcılıq taleyinə işıq salan kitab da qeyd etdiyimiz rakursdan maraqlı mənbələrdən hesab olunmaqdadır. Burada İsa Həbibbəyli oxuculara Eynəli bəy Sultanovun publisistik irsini daha tam və müfəssəl şəkildə təqdim edib. İsa Həbibbəylinin (“Ýéíàëû-áåê Ñóëòàíîâ. Ïóáëèöèñòèêà”. Áàêó, “Elm və təhsil”, 2016, 472 ñòð.) təqdim etdiyi bu kitab onun topladığı, tərtib etdiyi və müqəddimə müəllifliyi ilə ortaya çıxıb. Bəri başdan deyək ki, kitab formatına, kompozisiya və strukturuna, materialların seçilib yerləşdirilməsinə, məzmununa görə yetərincə səriştəli qələm sahibinin əlindən çıxdığını sübut etməkdədir. Nəşrin maraqlı cəhətlərindən biri budur ki, müəllif onu rusdilli oxuculara ünvanlayıb. Eynəli bəy Sultanovun publisistik irsi əsasən rus dilində olsa da, bu irsin bizim dövrümüzdə geniş rusdilli oxucu kütləsinə çatdırılması heç də asan məsələ deyil. Eyni zamanda nəzərə almalıyıq ki, XIX əsr və XX əsrin əvvəllərindən rus dilində çap olunmuş materialların indiki halda, bu gün yayılma imkanları da məhduddur, bu zaman E.Sultanovun publisistik irsinin rusdilli oxuculara çatdırılmasını kifayət qədər produktiv addım hesab etmək göz önündə dayanar.

“Eynəli bəy Sultanov. Publisistika” kitabı akad. İ.Həbibbəylinin E.Sultanov və onun yaradıcılığını lakonik şəkildə çevrələyən ön sözündən başlayır ki, burada alim böyük publisistin bütün irsinə eksklüziv münasibət sərgiləyir, onun haqqında mükəmməl fikir ortaya qoyduqdan sonra kompozisiya-struktur baxımından birinci bölmədə E.Sultanovun 1892-1918-ci illər ərzində dövrü mətbuatda işıq üzü görmüş məqalələri, ikinci bölmədə E.Sultanovun yazdığı və nəşri naməlum olan məqalələri yer almaqdadır. Həm birinci, həm də ikinci bölmədə yer almış məqalələrin mündəricəsi ilə tanış olduqda E.Sultanovun mədəniyyət, ədəbiyyat, tarix, dil, din, folklor, mifologiya, adət-ənənə, mərasim-ritual, ilahiyyat, coğrafiya, ictimai elmlər, siyasət, ideologiya və s. bağlı fundamental təsəvvürlərə malik olduğunu görmək mümkündür.

İ.Həbibbəylinin giriş məqaləsi ilə tanış olan oxucu E.Sultanovun hələ məktəb illərində aldığı təhsili, rus ədəbiyyatından yaxşı xəbərdarlığı, doğma ana dili və ədəbiyyatla yanaşı, fransız, latın, yunan dillərini yaxşı bilməsi, onun XIX əsrin 90-cı illərində “Ziyalı məclisi”, “Müsəlman Şiə Dram İncəsənəti Cəmiyyəti” kimi mədəni mərkəzlər yaratması, Naxçıvanda maarif işinin yayılması və genişləndirilməsi ilə yaxından məşğul olduğu haqda dolğun təsəvvürlər yaradır.

Müqəddimədə E.Sultanovun qeyd edilənlərlə yanaşı, Azərbaycan xalqının etnik və mədəni tarixini, Azərbaycan teatrının xüsusiyyətlərini dərindən bildiyin¬dən onun publisistik irsi səriştəliliyi və professionallığı ilə seçilməkdədir. E.Sultanov mükəmməl teatr tənqidçisi ixtisasına yiyələnməsə də, onun C.Məmmədquluzadənin “Ölülər”, N.Nərimanovun “Nadir-şah”, Ü.Hacıbəylinin “Arşın mal alan”, “Əsli və Kərəm”, Şekspirin “Otello”, Volterin “Sultan Osman” və s. dramlara ilə bağlı resenziyalarında bu əsərlərin dramatik, tarixi, faciəvi məqamlarının ortaya qoyulmasında aydın və səmərəli nəzər nöqtələri özünü büruzə verməkdədir.

Bütün bunlar E.Sultanovun dövrün tələblərindən çıxış edib milli mədəniyyətimizi necə inkişaf etdirməyə can atdığını, zamanın xalqımız qarşısında qoyduğu mühüm problemləri necə dərindən dərk etdiyini, azadlıq uğrunda aparılacaq mübarizənin siyasi, ideoloji, maarifçilik və mədəniyyət məsələlərində rolunu qiymətləndirməklə dini xürafata və siyasi geriliyə qarşı dayanmadan öz töhfələrini verdiyini təsdiqləməkdədir. E.Sultanov Azərbaycanda şiə və sünnü sektalarının yersiz münaqişələrini, müsəlmanlıqda cəhalətə səsləyən motivləri, Aşuranın mahiyyətini, tatar (türk) ziyalısının həmin dövrdəki vəziyyətini, türk-Qafqaz, türk-rus münasibətlərini ardıcıl, obyektiv praqmatik yöndən təhlil edən fikir adamlarındandır.

Son üç onilliyə yaxın bir müddət ərzində biz ermənilərin etnik kimliyini, milli-mənəvi keyfiyyətlərini nə qədər intensiv və ardıcıl müşahidə edib öyrənsək də, görünür, bu işin bir sıra tərəflərini hələ də yetərincə ortaya çıxara bilməmişik. Bunu ona görə qeyd edirik ki, E.Sultanov öz publisistik çıxışlarında hələ o vaxtlar ermənilərin iç üzünü yetərincə açmağa müvəffəq olub. Onun məqalələrində məsələyə xeyli yer ayrılsa da, biz E.Sultanovun iki “Ermənilər arasında xuliqanlıq” məqalələrinə nəzər salmaqla kifayətlənirik. Birinci məqalədə müəllif erməniləri ona görə xuliqan adlandırır ki, onların belə davranışı, sosial-dağıdıcı və əqli obeskurantizmin (inamı qırılmanın) ən aşağı həddi və elemantar insan səliqə-sahmanı anlayışından uzaq görünür. Elə buradaca nümunə olaraq Eçmiədzində yaşayan Sukias adlı bir arxiyepiskopla bağlı baş vermiş hadisəyə nəzər salaraq, onun ermənilərin çoxunun onun gəlmədiyini, qatı klerikal, retroqrad, cəhalətpərəst olduğundan, ictimai prinsiplərinə görə tamamilə rəğbət bəsləmədiklərini və Eçmiədzin monaxlarının intriqasında iştirak etdiyini söyləməklə, bir qrup şəxslərin 80 yaşlı bu arxiyepiskopa necə orijinal divan qurduqlarını təsvir edir. E.Sultanov göstərir ki, Eçmiədzin ətrafındakı monastrdan bir neçə yüz erməni yığılaraq bu qoca Sukiası ortaya qoyub onun üzünə, gözünə, ağzına tüpürüb, burunlarını silib üstünə atmaqla elə sözlərlə söymüşlər ki, onu az da olsa özünə hörmət edən insanın nə hərflə təsvir etməsi, nə də tələffüz etməsi mümkün deyil. Qoca isə öz yepiskop xaçı ilə insanların içində üz-gözünə tüpürülmüş, bulaşmış, təhqir olunmuş şəkildə getmişdir... (s.456).

E.Sultanov fikirlərinə davam edərək Qafqaz ingilislərinin, fransızlarının və isveçrəlilərinin də arximandrit Qarapetlə də eyni məhkəmə quracaqlarından danışarkən Qarapetin onun bundan xəbər tutduqda haradasa qaçıb gizləndiyini yazır (s.456). Zənn edirik ki, klassik erməni xisləti, erməni xarakteri, erməni “kimliyi” E.Sultanov tərəfindən uğurla göstərilmişdir. Ermənilərin mahiyyətini faş edən ikinci məqalədə də, demək olar ki, onların belə sifətinə obyektiv incəliklə yönəldilir və ermənilərin bütün hallarda yalançı, ikiüzlü, ən başlıcası prinsipsiz olduqları göz önünə gətirilir. Sadəcə olaraq birinci məqalədə baş qəhrəman kimi patriarx ormanları, arxiyepiskop Sukias və arximandrit Qarapet çıxış edirsə, burada qəhrəman rolunda jurnalist Atanasyan, pedaqoq Miralyan, Dövlət duma üzvü Ter-Avetikyan və hansısa bir Ditoq çıxış edir. Adlar, soyadlar müxtəlif olsa da, mövqe, fəndlər, yanaşmalar bir-birindən heç də ciddi şəkildə fərlənmir.

E.Sultanov Türkiyə erməniləri ilə bağlı (əslində Ermənistan yaratmağa hesablanmış) siyasəti də tənqid etməklə Türkiyədən olan “zavallı qardaşları” üçün yığılan pulla ermənilərin öz ciblərini doldurmaqla “Ermənistanın qurtuluşu uğrunda “mübarizə” aparanları biyabır edir və fikrinə belə bir nidayla davam edir: “Allaha şükür ki, indi Türkiyədə parlament var! Hər hansı dırnaqsız parlament!” (s.431). E.Sultanovun türklərin etnik kökləri, türk və Azərbaycan dilinin vəziyyəti, türk dillərinin ləhcələri, türk dilinin öz zənginliyi ilə Avropa dillərinə formaca yaxınlığı və s. məsələlərə obyektiv dəyəri, Azərbaycan balaları üçün çatışmayan dərsliklərin Türkiyə türkcəsindən çevrilib onların öhdəsinə verilməsi (s. 460) kimi məsələlərə münasibəti də həmin dövr üçün gərəkli hesab edilməkdədir.

Qeyd etdiyimiz məqamlar bir daha sübut edir ki, Eynəli bəy Sultanovun fəaliyyəti yetərincə coxcəhətli olmaqla mədəniyyətimizin, ictimai fikrimizin və ədəbi düşüncəmizin çeşidli spektrlərini əhatə edib. Belə böyük bir maarif xadimi və publisistin yaradıcı irsinin dərindən öyrənilməsi mədəni-ədəbi fikir tariximizin daha ətraflı təhlilinə bu gün də böyük ehtiyac duyulduğunu sübut etməkdədir. Bu baxımdan adını çəkdiyimiz kitabın dəyəri göz qabağındadır.

 

Nizami Tağısoy

Professor

 

Xalq Cəbhəsi.- 2017.- 1 aprel.- S.14.